Sevgili üçün
zaman
İndi
tez-tez dinlədiyim rok musiqisi kimi keçdi həyat.
Eləcə
yanımdan keçdi yəqin ki.
Məni
tanımadan, məni sevməyə macal tapmadan, məni dəyərləndirməyə
gücü olmadan keçdi bəlkə də.
Haylı-küylü
bir romantika - tam bir türk roku.
Hərdən
mənə elə gəldi ki, var-gücümlə
qaçıram, saçlarım qəfildən gözümə-üzümə
toxunsa, kəsəcək qədər sürətlidir
qaçışım, hərdən də eləcə yerlərə
çöküb saçlarımla torpağı
çırpır, dağıdır, ağrıdıram,
sonra sürünüb sadəcə üzü göylərə
çevrilmək, qollarımı yana açıb da gözlərini
yummaq, yağışları, yağışları,
yalnız yağışları qəbul etmək qədər
oldu dadı-tamı dünyanın.
Və hər
səhər Günəşi salamlamaq və hər axşam
ürəkdolusu sevgi yollamaq onunla dünyanın o
tayındakı adamlar üçün...
Amma
zaman...
Zaman - biz
onu hiss elədiyimiz anlarda hakimdir sadəcə.
Onu
duymadığımız vaxtlarda acizdi, ömrümüzdən,
ruhumuzdan, hətta bədənimizdən qoparıb da
aparmağa gücü yoxdu.
Zamanın
necə keçdiyini bilməyənlər ona qalib gələnlərdi,
inanıram.
Qaliblər
- sevməyi bacaranlardır.
Yalnız
aşiq olan insan hiss etməz zamanı. Çünki nə
keçmişi olacaq aşiqin, nə gələcəyi, eləcə
aşiqliyinin mövcud olduğu tək bircə anın
içərisinə hopub qalacaq ruhu. Ta ki, aşiqliyi keçənə
qədər.
Eşq
zamanın nəhayətsizliyi qoynunda yeganə qəfəsdir
ki, aşiq onun içərisində kainatın ən
böyük azadəliyini yaşayır.
Və ədəbiyyat…
Ədəbiyyat
da eşqdir, yazarın mübtəla olduğu,
varlığından heç cür qopara bilmədiyi, qoynundan
heç cür qopa bilmədiyi söz qəfəsidir. O qədər
azadəlik var ki içində…və o qədər
dustağıq ki yazıb-yaratdığımız sözlərə…
Mən
zamanı ən çox ya ad günümdə, ya da Yeni il ərəfəsində
hiss edirəm.
Hər
iki ərəfədə ötən bir il ərzində etdiklərim
və etmədiklərim üçün özümə
hesabat verirəm. Bir də növbəti bir il
üçün arzularımı, planlarımı
götür-qoy edirəm. Mütləq tam yeni bir dəftərlə
başlayıram yeni ilə.
Kitab
şkafımdakı kitablarla yanaşı, hər ilə aid
qeyd dəftərlərim də var. Hərdən vərəqləyib
nə vaxtsa yazdığım, sonra unutduğum, lakin artıq
yaşadığım hansısa istəyimin qeydini görəndə
gülümsəyirəm, "yazıya pozu yoxdursa, qalan həyatımı
da beləcə qeydlərlə nizamlaya bilərəm bəlkə"
- deyə düşünürəm.
Mənim
üçün ədəbiyyat da elə bu cür qeyd dəftərlərindən
başlayıb, məktəbli dövründəki ilk gündəliklərimdən.
O gündəlikləri yazmağa məni vadar edən
üç gözəl əsər vardı. Salam Qədirzadənin
"46 bənövşə"si, Rəşad Nuri Güntəkinin
"Çalıquşu"su, bir də Conatan Sviftin
"Qulliverin səyahəti" əsəri.
Həmkarlarımı
izlədikdə kimin uşaq vaxtı gündəliklər
yazdığını hiss edə bilirəm. Kimin də
heç vaxt özünə aid bir gizli dünyasının
olmadığı yazılarından görünür. Zaman qəfəsə
salınmış və "Mopassanın "Eybəcərlər
anası"nın övladları kimi əzilmiş-sıxılmış
halda olur ədəbiyyatlarında. Axı öz dünyası
olmayanlar başqalarının dünyalarından sadəcə
qısa reportajlar üçün müvəqqəti ezamiyyət
dövrləri yaşayanlar olurlar, nə olsun ki, onlar daha
çox əmin olurlar yazıçı olduqlarına.
Ahh,
sevgili sözlər…
Sevgili
yazı!
Sənə
nə qədər zaman ayıra bildim ötən il mən, sənə
nə qədər zaman ayıra biləcəyəm Yeni il ərzində,
kim bilir…
Səni
neçə əsər boyunda yarada biləcəyəm
görəsən, neçə kitab sayında böyüdə
biləcəyəm, neçə oxucu ilə qovuşdura biləcəyəm?
O qədər
həyəcanlıyam ki!
Mən səni
nə qədər sevirəmmiş, gözəl yazı, mən
səndə nə qədər azadam, mən sənə nə
qədər dustaq… Zamanı hiss etmirəm, inan.
Məni tək
qoyma, nolar!
Cavi DAN
Ədəbiyyat qəzeti.- 2018.- 13
yanvar.- S.10.