Məni axtaranda
tapmağa nə var...
Elə başlığa çıxardığım
misra da onundur - dilindən Əhməd
Cavadın "Ölmə, qardaş, ölmə, düşmən
çoxalır" sözləri düşməyən,
adı və fəaliyyəti ilə Şəmkir mahalına
şöhrət gətirən, Azərbaycan
Yazıçılar Birliyinin üzvü, "Qızıl
sünbül" mükafatı laureatı, əməkdar mədəniyyət
işçisi, anadan olmasının 70 illiyi tamam olan sevimli
şairimiz Məzahir Hüseynzadənin... Ömrünün əlli
ilə yaxınını yaradıcı bir ziyalı kimi
yaşayan şairin sözdən başqa daldalanacağı
olmayıb:
Ruzigar
başıma qar ələyib, qar,
Dözümdən yapışıb sal dayanmışam.
Məni
axtaranda tapmağa nə var,
Dərdimin dalında daldalanmışam.
Bir şairi axtarmağın ən yaxşı yeri onun
sözləridir, şeirləridir. Məzahir Hüseynzadənin daldalanacaq yeri olan dərdi
elə şeirlərinin də söykənəcək yeridir.
Dərdimin dalında daldalanmışam, - deyən
şair elə şeirlərimin misralarındayam, - demək istəyir.
İllərdir ki, Azərbaycan oxucusu Məzahir
Hüseynzadəni misralarında boy göstərən
görür.
Qəribədir, son otuz ildə Azərbaycan
poeziyasında ata həsrəti, ata nisgili ilə bağlı
iki xüsusilə şairin şeirlərini içimi sökə-sökə
oxumuşam - rəhmətlik Davud Nəsibin və Məzahir
Hüseynzadənin. Ağrımı tanışdır, bilmirəm?
Amma bildiyim odur ki, hər iki şairin şeirlərində
ağrını çatdırmağın özündə
bir fərqlilik var. İstər-istəməz bu nisgili bundan
gözəl ifadə etmək olmaz, - deyə
düşünürsən:
Kövrək
xasiyyəti pilədən-pilə,
Can qurban edərdi adamdan ötrü.
Sən demə adamlar bir yana, hələ,
Ölüm də ölürmüş
atamdan ötrü.
Burda bir məqamı xatırlamaq yerinə düşər. Xalq şairi Bəxtiyar
Vahabzadə 1997-ci ildə xəstəxanada müalicə
olunarkən ulu öndər Heydər Əliyev ona baş
çəkir. Bəxtiyar müəllim son
vaxtlar mətbuatda uğurlu ədəbiyyat nümunələrinin
çap olunmasından danışır. Bəxtiyar
müəllim bildirir ki, cənab Prezident, indi
cavanlarımız yetişir. Bizə bənzəməyən,
yaxın gəlməyən, təzə bir yolla gedən cavan
şairlərimiz yetişir. Dünən "Ehtiyac",
("Ata şapalağı") adlı şeiri oxudum, o, nə
gözəl yazır. Atası rəhmətə gedib, şair
deyir ki, mənim ata şapalağına ehtiyacım var. Deyir
ki, qalx, mənə bir şapalaq vur, mən bu dünyanı dərk
edə bilmirəm, bəlkə sənin şapalağın məni
ayıltdı, bu dünyanı dərk edə bildim. Bizim ata nəsihətinə,
ata öyüdünə ehtiyacımız var. Onun qolundan tutub irəli aparmaq lazımdır. Bəxtiyar
müəllimin haqqında danışdığı
"Ehtiyac" ("Ata şapalağı") adlı
şeirin müəllifi Məzahir Hüseynzadə idi.
Zaman-zaman dilimizin, mədəni tariximizin unutdurulması, yaddan
çıxarılması məqsədli xarakter
daşıyıb. Bu baxımdan yaradıcı adamın
missiyası daha fərqlidir. Nə yaxşı ki, həyatı
və fəaliyyəti ilə mədəni tariximizdəki
haqsızlıqlara, bir vətəndaş olaraq, biganə
qalmayan Məzahir Hüseynzadə kimiləri hələ də
var. Belələrini öz böyük missiyasından
yayındırmaq, yardımçı meydanlara
çağırmaq uduzmaq qədər ağırdı. Bəlkə də dünyanın mizanı onu
durultmağa çalışanların sayəsində hələ
tam pozulmayıb. Məzahir Hüseynzadənin şeirlərində vətən
eşqi, torpaq yanğısı qırmızı xətt kimi
keçir.
Əsgərəm,
vuqarla sənə deyim ki,
Bu torpaq məni də bir oğul sayıb.
Çiynimdə şax duran paqon deyil ki,
Vətən əllərini çiynimə
qoyub.
- deyən Məzahir Hüseynzadənin
yaşantıları ilə yaradıcılığı tam
bir vəhdət təşkil edir. Müsahibələrinin
birində Məzahir müəllim deyir: "Əhməd
Cavadın da, Hüseyn Cavidin də, Salman Mümtazın da,
Müşfiqin də, Vəli Xuluflunun və 37-nin məngənəsində
varlığı çarmıxa çəkilən bir
çox başqa sənətkarların da təkcə yaradıcılığı
deyil, mənəviyyatı və yaşantısı bizim
üçün məktəbdir. Ancaq təəssüf
ki, bizdə itkilərimizə biganəlik olur. Və nəticədə
Məhəmmədl Hadi kimi neçə-neçə dahimizin
yaşadığı kimi görünməsinə nail ola bilməmişik. Çoxlarının
irsini it-bata salmışıq. Bu gün
torpaqlarımızı itirib unutqanlığa qapılan kimi
yadıma Əhməd Cavadın "Ölmə, qardaş,
ölmə, düşmən çoxalır" misrası
düşür. Az qala,
çığıra-çığıra bütün millətə
"Unutqan olmayaq, düşmən baş qaldırır"
demək istəyirəm".
M.Hüseynzadə həm də Şəmkir rayonunda fəaliyyət göstərən
"Şəmkir inciləri" ədəbi məclisinin
yaradıcısı olub. "Şəmkir inciləri" şəmkirli
yazarların həyatında, sözün həqiqi mənasında,
bir mərhələ olub. Məzahir
Hüseynzadə gəncləri o mərhələdən
qayğıyla, məsuliyyətlə adladıb desəm,
yanılmaram. "Şəmkir inciləri" ədəbi məclisində
poetik sözün işığına neçə-neçə
qələm əhli yığışmışdı.
Şəmkirin inciləri sırasında bu gün imzası
ölkə oxucularına yaxşı tanış olan Rəşid
Vəliyev, Malik Həmid, Elbariz Məmmədli, Sahib Aslanzadə,
Kifayət Dadaşova, Həsrət Kərimov, İlham
Zamanoğlu, Vahid Məmmədov, Qayıb İsmayılov, Abbas
Məmmədov, Dilarə Musayeva, Şəhla Nağıyeva,
Sahib Mehdiyev, Adil Sadıqov, Şahəddin Əsədov,
Müzadil Aqil, İlham Qaracəmirli, Qabil Yusifoğlu, Səbuhi
Abbasov və digərləri var idi.
Sadə və şərəfli bir ömürlüyü var şairin. 18 fevral 1948-ci
ildə Şəmkir rayonunda anadan olub. 1971-ci
ildə Gəncə Pedaqoji İnstitutunun tarix fakültəsini
bitirib.
"Bu sevda ilə"
adlı ilk şeirlər kitabı 1978-ci
ildə "Gənclik" nəşriyyatı tərəfindən
nəşr olunub. Sonralar "Uğuruma anam çıxıb",
"Şeytan qız", "Ehtiyac", "Səni sevən
tapılar", "Qızıl
qan", "Ayrı nəyim var?", "18000
sözün kitabı", "7777" və "Adını sən de" adlı kitabları işıq üzü görüb. 1991-ci ildə kənd mövzüsunda
yazdığı şeirlərə görə
"Qızıl sünbül" mükuafatına layiq
görülüb. 1978-ci ildə gənc
şairlərin respublika toplantsının, 1981-ci ildə gənc
şairlərin ümumittifaq müşavirəsinin
iştirakçısı olub. 1987-ci ilə
Azərbaycan Yazıçılar Birliyinin üzvü, əməkdar
mədəniyyət işçisidir. Şeirləri
Sankt-Peterburqda çıxan "Neva" jurnalında, Donbasda
nəşr olunan "Qardaşlıq bulağı"
almanaxında, Gürcüstanın ədəbi dərgilərində
dərc olunub. O, 1991-ci ildə çap olunan
"Şeytan qız" kitabının qonorarını Milli
Müdafiə Fonduna köçürüb.
1971-77-ci illərdə orta məktəbdə müəllim,
1977-80-ci illərdə məktəb direktoru, 1980-90-cı illərdə
Şəmkir rayon Təhsil şöbəsində inspektor,
1992-93-cü illərdə Şəmkir rayon İcra Hakimiyyəti
başçısının müavini, sonralar rayon Təhsil
şöbəsi HİK-in sədri
vəzifələrində çalışıb.
... Beləcə...
Ürəyində vətən, torpaq eşqi, dilində
poeziya, başının üstündə Allah sevgisi onu ömrün 70-nə
çatdırdı. Düz 35 il əvvəl
başladı Məzahir Hüseynzadə ilə sözlü ünsiyyətiniz
və hələ də yol gedir.
Vasif SÜLEYMAN
Ədəbiyyat qəzeti.- 2018.- 13 yanvar.-
S.11.