Bir sualın dörd
səbəbi və kiçik rolları
böyük
şövqlə oynayanlar barədə xoş sözlər
Bugünkü Mili Dram Teatrı 1919-cu ildə dövlət statusu alıb və həmin vaxtdan keçən 99 ildə bu sənət
ocağında 99-dan çox-çox
qüdrətli səhnə
fədailəri fəaliyyət
göstəriblər. Bunların
arasında Abbasmirzə
Şərifzadə, Sidqi
Ruhulla, Mirzağa Əliyev, Ağasadıq Gəraybəyli, Rza Əfqanlı, Rza Təhmasib, Kazım Ziya, Mustafa Mərdanov, Möhsün Sənani, Mərziyə Davudova, Yeva Olenskaya, Sona Hacıyeva, Barat Şəkinskaya, Fatma Qədri, Hökümə
Qurbanova, Ələsgər
Ələkbərov, Məmmədəli
Vəlixanlı, Ağahüseyn
Cavadov, İsmayıl Osmanlı, Əjdər Sultanov, Ağadadaş Qurbanov, Əliağa Ağayev, Məmmədrza Şeyxzamanov, Nəcibə
Məlikova, Leyla Bədirbəyli, Məlik Dadaşov, Sofiya Bəsirzadə, Həsənağa
Salayev, Əli Zeynalov, Həsən Turabov, Şəfiqə Məmmədova, Səməndər
Rzayev, Yaşar Nuriyev... kimi möhtəşəm ustadlar
olublar. Onların yaradıcılıq salnaməsini bəzəyən
əsas rollar oynadıqları tamaşaların
qəhrəman və aparıcı obrazlarıdır.
Bununla belə, Akademik teatrda əsasən kiçik, epizodik rollarda sevilən və müəyyən mənada şöhrətin
parlaq töhfələrindən
paylarına az
düşən fədakarlar
da olub ki,
teatrı onlarsız təsəvvür etmək
mümkünsüzdür. Akademik teatrın
şöhrət çələngini
çiyinlərində ləyaqətlə
daşıyanlarla bir cərgədə sakitcə,
lakin şövq və məhəbbətlə,
coşqun ehtirasla addımlayanlar da kifayət qədər olub. Olub və onlarsız
teatr kasıblaşardı,
sönük görünərdi,
addımlarının qətiyyətləri
zəifləyərdi. Səhnə fəaliyyətləri
ehtirama layiq fədailərin az bir qismini
xataırladıram.
Murad Muradov, Mirmahmud Kazımovski, Məhəmmədhəsən
Atamalıbəyov, Cəlil Bağdadbəyov, Əhməd Qəmərli,
Əhməd Anatollu, Bağır Cabbarzadə, İbrahim Azəri,
Dadaş Şaraplı, Hacıməmməd Qafqazlı, Abbas
Rzayev, Sadıq Saleh, Cabbar Əliyev, Əzizə Məmmədova,
Panfiliya Tanailidi, Qəmər Topuriya, Nataliya Lizina, Atamoğlan
Rzayev, Fateh Fətullayev, Muxtar Avşarov, Əminə
Nağıyeva (Sultanova), Məhluqə Sadıqova, Məcid
Şamxalov, Musa Hacızadə, Hüseyn Rafi, Qafar Həqqi, Məmməd
Sadıqov, Sadıq Hüseynov, Kamil Qubuşov, Əli Qurbanov,
Əhməd Salahlı, Ətayə Əliyeva, Müxlis Cənizadə,
Hökümə Qasımova (İsmayılova), Mirvari Novruzova,
Nəcəf Həsənzadə, Fazil Salayev, Səadət
Zülfüqarova, Rəhilə Mirzəyeva, Şövkət
Rzayeva, Aqşin Vəlixanov, Bürcəli Əsgərov,
Sadıq İbrahimov, Elxan Ağahüseynoğlu...
Adlarını sadaladığım aktyorlar, az
da olsa, həmçinin irihəcmli obrazlar ifa ediblər, amma di
gəl ki, onların yaradıcılıqları əsasən
epizodik rollarla zəngindir, dəyərlidir.
Əlbəttə ki, XXI əsrdə
teatrın əsas ağırlığını cəsarətlə
çəkən aparıcı aktyorlara ehtiram və
inamım, məhəbbət və rəğbətim sonsuzdur. Onlar barədə
kifayət qədər yazılıb və vaxtaşırı
yazılacaq da. Çox-çox təəssüflər
ki, iddiaları ilə istedadlarının səviyyələri
üst-üstə düşənlərin sayı azdır... Bu yazımda onlar barədə söz demək istəmirəm
və yəqin ki, həmin mövzuya nə vaxtsa mütləq
qayıdacam. İndiki yazımın məqsədi
isə bambaşqadır.
Günü bu gün də Akademik teatrda biz teatrşünasların
tərif güzgüsündə dumanlı nəzərə
çarpan aktyor və aktrisalar var. Maraqlı burasıdır
ki, onların böyük əksəriyyəti əsassız
iddialardan uzaqdırlar, teatrın bəzi aparıcı sənətkarları
qədər ərköyün, "cığal" deyillər
və başlarını aşağı salıb arı
nizamı ilə öz işlərini görürlər. Hətta teatrdaxili etikaya, nizam-intizama istedadları ilə
öyünənlərin müəyyən qismindən daha
çox və daha vicdanla əməl edirlər.
Çox-çox təəssüflər ki, fəxri adlar,
müəyyən mükafatlar veriləndə də bu fədakarlar
daha az yada düşürlər. Onlara ögey münasibətlər get-gedə kirəcləşib
bərkidikcə zavallı görkəmləri güclənir
və nəticədə layiq olmadan bütün mərtəbələrə
kimlərinsə təkanı ilə qalxanlar həmın
aktyorlara yuxarıdan aşağı baxırlar. Mən indiki məqamda misal çəkib müqayisə
aparmaq fikrində deyiləm və onsuz da teatrda kimin
isdedadının, qabiliyyətinin, bacarığının
hansı səviyyədə, nəyə qadir olduğu
bütün truppaya məlumdur. Sadəcə
olaraq yeni ilin yeni qədəmlərində bütün
varlıqları ilə səhnəyə bağlanan,
kasıblıqla barışan, onlara bəslənən bəzi
soyuq münasibətlərə məhəl qoymadan səhnə
sənətinin böyüklüyünü, gözəlliyini
qəbul edib vicdanla çalışanlar haqqında ürək
sözlərimi teatrsevərlərlə bölüşmək
istəyirəm. Təbii ki, onların zəif,
diqqət çəkməyən, hətta uğursuz
rolları da olub. Lakin mən rəğbətim
olan bu aktyorların ancaq yaradıcılıq keyfiyyətlərindən
söz açmaq istəyirəm.
Əlvida Cəfərov 1970-ci ildən
səhnədədir. Səmimiyyəti, sadəliyi və
mehribanlığı ilə kollektivin rəğbətini
qazanıb. İfadə vasitələrində
yumşaqlıq, yapışıqlıq və ürəyəyatımlı
cazibədarlıq var. Sadədil, safqəlbli, sadəlövh,
dar dünyagörüşlü, ancaq xeyirxah qəlbli, həssas
duyğulu, mənən duyğusal obrazların ifasında daha
ifadəli oynayır. Səhnədə
heç vaxt "boş" qalmağı xoşlamır.
Sözü cüzi olan, ancaq səhnədə
çox qaldığı epizodlarda mütləq müəyyən
ştrixlərlə, hərəkət dinamikası ilə hadisələrin
ritm-dinamikasına daxil olmağı bacarır. Həkim ("Hələ "sevirəm" deməmişdilər",
Ramiz Novruz), Dilənçi ("Üç quruşluq
opera", Bertolt Brext və Kurt Vayl) səpkili rollarında səhnə
ilə tamaşaçı salonu arasındə həzin,
kövrək ünsiyyət yaradır.
Məzahir Cəlilov 1970-ci ildən səhnədədir. Dinamikliyi,
çevik səhnə hərəkətləri,
plastikasındakı ölçü həddini məharətlə
gözləyə bilməsi və tipik-xrakterik səciyyələrə
üstünlük verməsi ilə seçilir. Oqtay ("Oqtay Eloğlu", Cəfər
Cabbarlı), Ezop ("Ezop", Gilerma Fiqeyredo) kimi baş rollar
da ifa edib. Ancaq tipik-xarakterik personajların
ifasında xeyli uğur qazanıb. Yüksək
rəqqaslıq vərdişlərinə yiyələnməsi
ekssentrik oyun tələb edən personajların ifasında onun
dadına çatır. Səhnədə
artıq hərəkətlərə yol verməməyə
çalışır, plastikası
ölçü-biçilidir və buna görə də hətta
Avropa teatr poetikasına mənsub Roberto ("Silindir",
Eduardo de Filippo), Tirezi ("Şah Edip, yaxud alın
yazısı", Sofokl) səpkili rollarda da uğur
qazanır.
Tofiq Hüseynov
1971-ci ildən səhnədədir. Cazibəli, məlahətli
və dəqiq məna yükü olan şirin, dadlı,
baxımlı yumoru var. Qroteskli, ironik, satirik personajların
ifasında qaravəlli oyun estetikasından bacarıqla istifadə
edə bilir. Məsələn: Laz. ("Qanlı
Nigar", Sadıq Şendil), Bekar Ağabala ("Dirilən adam", Mir Cəlal), Əcəl.
("Alın yazısı", Tufan Minnullin). Məsxərə,
məzhəkə və hoqqa elementlərini obrazın ruhuna
uyğun tərzdə, koloritlə oynadığı surətin
hərəkət və duyğuları ilə həssaslıqla
uzalşdırır. Sözün məna
yükünü dəqiq tutur və onun mənasını hərəkət
vasitəsilə bir neçə planda koloritlə
canlandırır. Səs
çalarlarının çoxqatlı imkanlarından koloritli
cazibədarlıqla, personajın ovqatına uyğun tərzdə
istifadə etməyi xoşlayır.
Əli Nur
1972-ci ildən səhnədədir. Coşqun,
fasiləsiz püskürən daxili ehtirasa malikdir və hətta
bu ehtirasın həddi bəzən elə səviyyəyə
çatır ki, onun yüyənini idarə etməkdə
akyor özü çətinliyə qatlaşmaq
"zorunda" qalır. Səsinin istifadə
xüsusiyyətləri, duyğu və düşüncələrinin
səhnə təcəssümündəki estetik xüsusiyyətlər
baxımından romantik aktyor məktəbinin poetika səciyyələrinə
məxsusdur. Səsi, səhnə görkəmi,
daxili enerjisi Babək ("Dar ağacı", Bəxtiyar
Vahabzadə) tipli dramatik, romantik, psixoloji obrazların ruhuna daha
uyğun gəlir. Bununla belə,
tip-prsonajlarda koloritli yumordan məharətlə barınır.
Mehtər Kərəm ("Lənkəran
xanının vəziri", Mirzə Fətəli Axundzadə),
İstinyeli ("Qanlı Nigar", Sadıq Şendil)
rollarını xatırlamaq kifayətdir.
Pərviz Bağırov 1972-ci ildən
səhnədədir. Fədai aktyorlardan olan Sadıq Salehin
oğludur. Xarakterik və tipik rollar
oynamaqda məharətlidir. Qaynar daxili aləmi
və çevik plastikası var. Səhnədə səmimi, sərbəst,
qətiyyətli, diqqətli və cəsarətlidir. Elə bu yaradıcılıq qabiliyyətinə
görə istənilən aktyorla səhnədə
asanlıqla yaradıcı ünsiyyət yarada bilir. Oynadığı tamaşalarda onun üçün
janr, zaman və məkan "çərçivəsi"
yoxdur. Eyni ilham və bacarıqla tragikomediyada Məşədi
Oruc ("Ölülər", Cəlil Məmmədquluzadə),
faciədə Lennoks ("Maqbet", Vilyam Şekspir), psixoloji
dramda Minas ("Hələ "sevirəm" deməmişdilər...", Ramiz Novruz), qarışıq janrda Stalin
("Şekspir", Elçin), komediyada Vasenka
("Övlad", Aleksandr Vampilov) rollarını oynayıb.
Elxan Quliyev
1974-cü ildən səhnədədir. Oynadığı
tamaşalarda dinamikdir, yöndaşları ilə ünsiyyət
qurmaqda xüsusi səriştə qazanıb. Eyni səhnədə personajların çox
olduqları epizodlarda hadisələri diqqətlə izləyə
və hərəkət plastikası ilə bütün
iştirakçılarla müəyyən
ölçü-çərçivədə psixoloji-dramatik
münaisbət yarada bilir. Onun
üçün janr çətinliyi yoxdur və buna görə
də müxtəlif üslublu rejissorlarla
yaradıcılıq həvəsi ilə işləyir.
Obrazlar cəbbəxanasında dramatik Ergin (
"Özümüzü kəsən
qılınc", Bəxtiyar Vahabzadə), psixoloji Məmmədağa
( "Yayda qartopu oyunu", Vaqif Səmədoğlu), fəci
çalarlı Osvald ("Kral Lir", Vilyam Şekspir),
yumorlu-satirik Ağa Bəşir ( "Lənkəran
xanının vəziri", Mirzə Fətəli Axundzadə)
rolları var.
Mirzə Ağabəyli 1975-ci ildən
səhnədədir. Yumşaq baxışlarında, koloritli çöhrəsində
gizli, bir qədər "müəmmalı" sakitlik və
"qapalı" məlahət var. İllər uzunu
sınaqdan çıxarıb formalaşdırdığı
ifadə vasitələrinin mayasında, canında-cövhərində
milli xalq oyun-tamaşalarından şirələnən mənalı
kolorit şirinliyi qabarıqdır. Daxili ritmi ilə
hərəkət plastikasının vəhdətinə
heyranlıq doğuran ahəngdarlıq hakimdir. Laz ("Qanlı Nigar", Sadıq Şendil), Cənab
Əzrayıl ("Teleskop", Elçin), Molla Məsim
("Oliqarx", Əfqan) tipli rollarda epizoddan, psixoloji ovqatdan
asılı olaraq, mimika və gözlə oynayanda hərəkət
plastikasının cazibəsini unutmur, yumorunun
dadının-tamının şirinliyi daha da artır. Rollarında koloritli, yadda qalan cazibə var.
İradə Ağasıbəyli (Həsənova)
1977-ci ildən səhnədədir. Obrazın xarakterinin psixoloji əsaslarını
iradəyə söykənən mətinliklə səhnədə
həsaslıqla, məna və fikir yükündə,
rejissorun tamaşa üçün müəyyənləşdirdiyi
ideyaya, ali məqsədə uyğun tərzdə,
harmonik plastikada realizə edir. İroniyaya əsaslanan
satirik komediya rollarında enerjilidi və dinamik səhnə
davranışında mənalı çoşqunluq duyulur.
Səhnə hərəkətlərini çox
çətin məqamlarda da obrzın sözlərinin psixoloji
mahiyyətinə uyğun ritm ahəngində realizə etməkdə
təcrübəlidir. Kiçikhəcmli dramatik rollarda
da (məsələn: Ameliya. "Dişi
canavar", Fedriko Qarsia Lorka) dərin psixologizm elementlərinə
üstünlük verir, müəyyən faciə ahəngini
canlı təbiiliklə saxlayır.
Hicran Nəsirova
1979-cu ildən səhnədədir. Daxilən zəngindir
və bu ilahi vergiyə aktrisanın daxili varlığından
irəli gələn səmimiyyət, zərif lirizm,
dramatik-psixoloji kövrəklik hakimdir. İstedadını
tamaşanın janrına uyğun olaraq dramatizm, komediya, satira,
romantik faciə estetikasında tənzimləməkdə səriştəlidir.
Reqana səpkili ("Kral Lir", Vilyam
Şekspir) romantik faciə rollarında janrın estetik tələblərini
həssaslıqla gözləyir. Həmçinin mürəkkəb
psixoloji, ironik-satirik çalarla işlənmiş Qıssa
xanım ("Dirilən adam", Mir Cəlal), məzhəkə
estetikasındakı Xanpəri ("Müsyö Jordan və dərviş
Məstəli şah", Mirzə Fətəli Axundzadə)
kimi rollarda da təravətli görünür. Janrından
asılı olmayaraq, oynadığı tamaşalarda
obrazın psixoloji ruhunu dəqiq tutur.
Əjdər Həmidov 1979-cu ildən səhnədədir. Milli karnaval
estetikasının zərif xüsusiyyətlərinə malik
aktyordur. Daha çox oxucunun
xatırlaması üçün onun "Kişi
sözü" filmindəki Əhməd rolunu yada salmaq istərdim.
Sumqayıtda, eləcə də Akademik teatrda
irihəcmli rollar da oynayıb və onların əksəriyyəti
maraq doğurub, aktyora uğur gətirib. Lakin
koloritli tip-personajlarda, satirik çalarlı surətlərdə
ifası daha canlı və təravətlidir.
"Partlayan", çılğın yumorlu obrazların
ifasında (məsələn: Balarza. "Almaz",
Cəfər Cabbarlı; Vanya koxa. "Qarabağnamə",
İlyas Əfəndiyev) dinamik ritmə, karnaval estetikasına
üstünlük verdiyi kimi, Fərəc ("Boy
çiçəyi", İlyas Əfəndiyev) səpkili
personajları sırf lirik-psixoloji janr prinsipində oynayır.
Almaz Amanova 1987-ci ildən səhnədədir.
Sumqayıt teatrında xeyli baş rol oynayıb
və aktyorluq vərdişələrinə və peşəkarlıqda
formalaşdırdığı ifadə vasitələrinin
mahiyyətinə görə lirik-psixoloji janrlı
tamaşalarda daha çox uğur qazanır. Akademik teatrda rol üçün "mübarizə"
aparmağa cəhd eləmir, çünki daxilən
reallıqla teatr etikası çərçivəsində
davranmağı üstün tutur, özünün sənətkar
qüruruna güvənci çoxdur. Çağdaş
dövrümüzün obrazlarını ifa edəndə
onlara müxtəlif rakurslardan və psixoloji əsaslarla
yanaşmağı, dərin psixoloji qatlara enməyi
xoşlayır. Nəzakət ("Boy
çiçəyi", İlyas Əfəndiyev) səpkili
lirik-psixoloji, Arikiya ("Fedra", Jan Rasin) kimi fəci-dramatik
rollarda ifasının səmimiyyəti və zərifliyi
güclüdür.
Sevinc Əliyeva
1989-cu ildən səhnədədir. Tamaşanın
janrından asılı olmayaraq, səhnədə civə kimi
çevikdir və bunun kökündə yaradıcılıq
cəhdlərinin enerjisi durur. Dinamik, dəyişkən,
dalğavari, ziqzaqlı, düzxətli ritmdə davranmaqda
formalaşmış müəyyən ifadəli vərdişlərə
malikdir. Kövrək lirizmdən dramatik
psixologizmə, səmimi yumordan ironik satiraya asanlıqla və
dəqiq ifadə vasitələrinin tələb etdiyi psixoloji
dürüstlüklə keçir. Səhnənin
istənilən nöqtəsində sözlərini aydın
ifadə edə və yöndaşları ilə hadisənin
mahiyyətinə uyğun, obrazın psixoloji ovqatı ilə
uzlaşan ünsiyyət qura bilir. Çılğın
daxili ritmə malik enerjili yumoristik-satirik personajların ifasinda
(məsələn: Ceyran. "Vəsiyyətnamə",
Hüseynbala Mirələmov) səhnədə çox sərbəstdir.
Rövşən Kərimduxt 1996-cı ildən
səhnədədir. Cazibəli, məlahətli, tamaşaçıda elə
səhnəyə ayaq basdığı ilk andan maraq və rəğbət
oyadan səhnə görkəmində peşəkarlığa
əsaslanan cazibədarlıq var. Aktyor sənətində
başqalaşma bacarığı deyilən bir anlam var və
bu reallığa məharətlə nail ola
bilməsi Rövşəndə fitrətdəndir. Onun istedadının ləzzəti, bənzərsizliyi
də, məncə, ilk növbədə elə bundadır.
"Xəsis" boyalarla işlənmiş koloritli yumoristik
rollarda (məsələn: Əlvan, "Varlı
qadın", Əli Əmirli) heyranedicidir və onları
füsunkar, cazibəli, məzəli məzhəkə
personajı kimi təqdim edir. Eyni zamanda güclü
dramatik-psixoloji obrazların (məsələn: Qildenstern. "Hamlet", Uilyam Şekspir) ifasında əlvan
ifadə palitrasına malik olduğunu bacarıqla göstərir.
Aslan Şirin
(Şirinov) 1998-ci ildən səhnədədir. Xalq
oyun-tamaşa vərdişlərini mənimsəyib, qaravəlli
estetikasında rol oynamağı bacarır. Milli meydan teatrı poetikasına əsaslanan hərəkət
monoloquna və hərəkət dialoquna üstünlük
verməklə sözün deyə bilmədiyi fikirləri
tamaşaçılara çatdırır. Daxili ritmi ilə hərəkət monoloqları
arasındakı ifadəli harmoniya Oğul ("Mənim ərim
dəlidir", Elçin), Heydər ("Lənkəran
xanının vəziri", Mirzə Fətəli Axundzadə),
Səkinənin əri ("Bu dünyanın adamları",
Hidayət), Ozrik ("Hamlet", Vilyam Şekspir) rollarında
daha əlvan və maraqlı, daha cazibəli və mənalı
görünür. Aktyorun
işgüzarlığında, səhnə etikası prinsiplərinə
münasibətində sənətinə məhəbbət və
ehtiram var.
* * *
Gənclik
yaş həddini aşmaqda olan Şəhla
Əliqızının, Elnar Qarayevin, Rəşad Bəxtiyarovun,
Elçin Əfəndinin istedadlarına güvənirəm və
arzu edirəm ki, rejissorlar onlara rol tapşırmaqda daha cəsarətli
və qətiyyətli olsunlar. Laləzar Mustafayevanı, Sənubər
İsgəndərlini, Mehriban Xanlarovanı, Mətanət
Atakişiyevanı, Füzuli Hüseynovu, Elşən Rüstəmovu
yeni tamaşalarda az görməyim məni təəccübləndirir
və bunun səbəbini tapa bilmirəm.
Milli
Dram Teatrında aparıcı
sənətkarlar var; ikinci dərəcəli rolları ifa edən
təcrübəli aktyorlar az deyil;
sözü yığcam, hərəkəti çox olan
personajlarda oynamağı bacaranlar kifayət qədərdir. Səriştəli, təcrübəli
rejissorlarımızdan da gileylənməyə o qədər əsas
yoxdur.
Yaxşı, sual olunur: Bəs onda teatrda hadisəyə çevrilən
tamaşa nə üçün nadir hallarda yaranır?
Mənim zənnimcə, bunun 4 əsas
səbəbi var.
Birinci və əsas səbəb: Aktyorların təkəbbürlərı
öz bacarıqlarını tədricən istedada çevirməkdə,
ilbəil zəhmətə qatlaşıb istedadlarını
formalaşdıraraq kamillik səviyyəsinə çatmaqda
onlara ciddi mane olur.
İkinci
zərərli səbəb:
Rejissorlar truppanın gücünə,
bacarığına əsaslanmaq, yaradıcılıq
imkanlarından çıxış etmək əvəzinə,
şəxsi bioqrafiyalarını dünya klassiklərinin və
məhşur dramaturqların əsərlərinin
siyahısı hesabına zahirən "əlvanlaşdırmağa"
aludə olurlar.
Üçüncü nigarançılıq
doğuran səbəb:
Teatr bütöv orqanizm kimi çağdaş dramaturqlarla
mövzu axtarışları istiqamətində səmərəli
cəsarətlə işləməkdə axsayır. Daha dəqiq desəm, buna məqsədyönlü,
fundamental şəkildə cəhd göstərmir. Halbuki, müxtəlif illərdə kollektivə bədii
rəhbərlik etmiş Aleksandr Tuqanov (1924 - 1936-cı illər.
Qısa fasilə ilə), Ədil İsgəndərov
(1937 - 1960-cı illər), Tofiq Kazımov (1964 - 1980-ci illər)
bu istiqamətdə möhtəşəm ənənə
yaradıblar. Nədənsə son 25 ildə
bu ənənəni ləyaqətlə davam etdirməkdə
obyektivlik prinsipləri xeyli zəifləyib.
Dördüncü səbəbi isə
belə xarakterizə edərdim: Rejissor və
aktyorlar qarşılıqlı ehtirama, inama əsaslanmaqda, zəhmətli
axtaraışlar zəminində işləmək vərdişlərinin
çətinliklərinə qatlaşmaqda "tənbəllik"
(bəlkə də prinsipsizlik) göstərirlər.
Bütün qiymətli daş-qaşlar
kimi səhnə incisi də yalnız və
yalnız cilalandıqca pardaqlaşır, gözəlləşir,
qiyməti artır, zinətə çevrilir. Hər bir
tamaşanın inci təsiri bağışlaması
üçün isə bütün truppanın,
yaradıcı heyətin hər bir üzvü ziyanlı
iddialardan yaxa qurtarmağı, qarşılıqlı
yaradıcılıq ehtiramına səmimiyyətlə, inamla
nail olmağı və səhnə müqəddəsliyini
şəxsi təkəbbürdən qat-qat uca tutmağı
bacarmalıdır. Fikrimcə, bunun üçün
Akademik teatrda geniş imkanlar və qüdrətli sənətkarlar
var...
Lazımdır ki, papağımızı
elə səhnədəcə
qabağımıza qoyub fikirləşə bilək. Fikirləşib
müəyyən yaradıcılıq qənaətinə gələ
bilək. Qənaətə gəlibən də onu səhnədə
möhtəşəm füsunkarlıqla reallaşdıra bilək...
Əminəm ki, həyatımıza
yenicə daxil olan yeni ildə kollektivin
üzvləri bir-birini dedi-qodu ilə "dalamaqdan" uzaq
olaçaq, yaradıcılıq eşqi daim nur saçacaq... İnşallah...
İlham Rəhimli
Ədəbiyyat qəzeti.- 2018.- 13
yanvar.- S.12-13.