Tarixin elmi və bədii
dərki
Xalqın
minillik maddi və mənəvi örnəkləri zəminində
özünün elm və həyat dərslərini müasirlərimizin,
gələcək nəsillərin milli sərvətinə
çevirən akademik, yazıçı Teymur Əmiraslan
oğlu Bünyadov ömrünün 90-cı zirvəsini
müdrik həyat fəlsəfəsi, həsəd aparılan
yaddaşı, qıvraq yerişi, aydın zəkası,
elmi-ictimai həyatda etiraf olunmuş ağsaqqal statusu ilə
qarşılayır. Onun özünün, eləcə də
təmsil etdiyi alimlər nəslinin Z.Bünyadov,
İ.Əliyev, C.Quliyev, A.Nadirov, M.Cəfər, O.Əfəndiyev,
M.Nemətova, Z.Quluzadə, Ə.Mirəhmədov, K.Talıbzadə
və Y.Qarayev kimi nümayəndələri ilə yeddicildlik
"Azərbaycan tarixi", iki cildi nəşr edilmiş
"Azərbaycan fəlsəfə tarixi", dörd cildi
çapdan çıxmış "Azərbaycan ədəbiyyatı
tarixi" kimi fundamental əsərlərin, o cümlədən
çoxsaylı monoqrafiyaların nəşri prosesindəki
elmi əməkdaşlığımın mənə təlqin
etdiyi qənaətin doğruluğuna şübhə etmirəm
ki, bu gün Azərbaycan humanitar elminin hansı səviyyədə
mövcudluğundan asılı olmayaraq, onun
çağdaş varlığı göstərilən
adların elmilik və alimlik əxlaqının ehtiva etdiyi dərslərin
gözə görünməyən inersiya ilə davamı
kimi ortadadır. Teymur müəllim bu şəxsiyyətlərin
bəzilərini öz müəllimi, digərlərini həmkarı-dostu
kimi yüksək dəyərləndirir. Yetmiş ilə
yaxın bir dövrdə humanitar fikrimizin fədakar təmsilçisi,
Azərbaycan üçün yeni olan bir sahənin - etnoqrafiya
elminin əsasını qoyanlardan biri kimi Teymur Bünyadov bu
gün də yazı masasının arxasında, sanballı
elmi məclislərin, ictimai tədbirlərin xitabət
kürsüsündədir. Ona bu təpəri
qızıl medalla bitirdiyi orta məktəb, Bakı Dövlət
Universitetinin tarix fakültəsi, həmçinin SSRİ Elmlər
Akademiyasının Maddi Mədəniyyət İnstitutunun
aspiranturasında Lenin mükafatı laureatı Y.Krupnovun rəhbərliyi
ilə aldığı aspirantura təhsili verib.
Heç şübhəsiz, ötən əsrin 50-70-ci illərində
yuxarıda xatırlatdığım nəslin bərqərar
etdiyi elmi ədalət prinsiplərinə, həqiqi alim
meyarlarına söykənən qaynar elmi mühitin də rolu az olmayıb.
Teymur müəllim böyük bir zaman kəsiyində
tarixin şahidi, onun təmsilçisi, eyni zamanda elmi və bədii
istedadı ilə onu yaradanlardandır. Onun Azərbaycanın
Qədim və Orta əsrlər dövrünə dair etnoqrafik
araşdırmaları burada məskunlaşan xalqın milli
kimliyini ehtiva edən amillərin elmi təsdiqinə xidmət
edir. "Azərbaycan arxeoloji oçerkləri"
əsəri bu sahədəki bilgilərin əyaniləşdiyi
ilk tədqiqatlardan biri idi. Teymur müəllimin
rəhbərliyi və müəllifliyi ilə elmi ictimaiyyətə
təqdim edilmiş üç cildlik" Azərbaycan
etnoqrafiyası" əsəri bu sahədə aparılan
yarıməsrlik tədqiqatların yekunu, istedadlı müəlliflərin
uzun illər apardıqları araşdırmaların bəhrəsidir.
Teymur müəllim elmi araşdırmalarında
xalqın maddi və mənəvi yaddaş
daşıyıcısı olan hər bir predmeti, yaşam vərdişlərini
təcəssüm etdirən ayinləri, adət-ənənələri,
qəsrlərdə, qalalarda daşlaşan rəmzlərin,
simvolların mahiyyətini xalqın keçdiyi tarixin zənginliyinin,
qədimliyinin təsdiqi kimi öyrənir. O, arxeoloji
tapıntının nümunələrinə xalqın mənəvi
təkamülünün tarixi mətni kimi şərh və məna
verir. Arxeologiya-etnoqrafiya sahəsindəki bilgiləri
ilə poetik dəyərləndirmə, qavrayış
istedadı ona oxucu ilə anlaşıqlı ünsiyyət
tapmaqda yardımçı olur. "Əsrlərdən
gələn səslər" kitabının az
bir zamanda populyarlıq qazanmasının bir səbəbi bu
idisə, digər səbəbi Teymur müəllimin Azərbaycan
Dövlət Televizisiyasında iki ildən artıq bir müddətdə
apardığı verilişlərin bəhrəsi idi. Alimin bu səpkidə apardığı tədqiqatlar
arxeoloji, tekstoloji, poetik qatları özündə birləşdirir.
Tarixi faktlarla yanaşı folklor nümunələrindən
başlayaraq Nizami, Nəsimi, S.Urməvi, Ə.Maraği və
M.Nəvvab irsi, dastan yaradıcılığı, son iki əsrin
görkəmli sənət adamları, milli poeziyamızın əsas
qollarından olan aşıq şeiri Teymur müəllimin
böyük ehtiram və fəxarətlə əsaslandığı
mənəvi sərvətlərdir.
"Əsrlərdən gələn səslər"
musiqişünaslıq, saz havaları, muğam tarixi və
ifaçılığı, rəqs mədəniyyətimizin
keçmişinə səriştəli tarixi-bədii
ekskursdur. Simli, nəfəsli və zərb musiqi alətlərinin
formalaşması, bu sahədə xidmətləri olan şəxsiyyətlərin
fəaliyyəti əsərdə mötəbər mənbələrin
əsasında öyrənilir.
Kitabda elmi mənbələrlə yanaşı müəllifin
bədii fikir tariximizlə mükəmməl
tanışlığı, müşahidələri öz
professionallığı ilə seçilir,
çağdaş günlərimizdə də təcrübi əhəmiyyətini
saxlayır. Teymur müəllim Şərq intibahının
nümunəsi olan Nizami Gəncəvi poeziyasını həm
də musiqişünaslıq faktı kimi dəyərləndirir.
"Nizami Gəncəvi öz dövründə
yüzə qədər mahnıların və səkkizə qədər
muğamların oxunduğunu xəbər verir. Həmin mahnıları müğənnilərin
xüsusi ustalıqla çalıb-oxuduqlarını və
insanların onlardan hər cür zövq aldıqlarını
göstərir".
Bu əsər
Teymur Bünyadovu folklorçu-ədəbiyyatşünas kimi
də tanıtdı, az öyrənilmiş
saz havalarına, onun bitib-tükənməyən estetik tutumuna
qayıdış üçün yeni təkan oldu. Dastan yaradıcılığına verilən
elmi-publisistik şərhlərdə Teymur müəllim
aşıq sənətini milli həyat yaşamlarının
təcəssüm tapdığı mənbə hesab etməkdə
haqlıdır.
"Əsrlərdən gələn səslər"
kitabının böyük bir bölümü aşıq
poeziyasına həsr olunub. Mövzu Teymur müəllimin
qan yaddaşıdır. Böyük
vurğunluqla Qurbanidən Aşıq Hüseyn Şəmkirliyə
qədər əzəmətli inkişaf yolu keçmiş
aşıq poeziyasının poetik incəliklərinin təhlili
müəllifin poeziyanı duymaq, dəyərləndirmək səriştəsini
üzə çıxarır, aşıq şeirinin bədii
sistemində elat həyatının, dünya duyumunun yerini
müəyyən edərkən onun etnoqraf kimi təcrübəsi
yardımçı olur.
Akademik Teymur Bünyadov yazıçılıq,
şairlik iddiasında olmasa da, o, sözün həqiqi mənasında
şairdir, yazıçıdır, publisistdir. Professional
tarixçilər bədii yaradıcılıq sahəsinə
müxtəlif yöndə gəlirlər. Bəziləri tarixi romana, digərləri tarixi drama
və ya bədii publisistikaya müraciət edirlər. Tarixi bilgiləri bədii sözün mühakiməsinə
verir, onun populyarlaşmasına səy edirlər. Buna bəzən
nail olur, bəzən də tarixi-xronoloji sadalamadan uzağa
getmirlər. Tarixçi-etnoqraf kimi Teymur müəllim
obrazlı düşüncə sahibidir. Bu
onun bütün tədqiqatlarının ifadə sistemində,
elmi üslubunda duyulur. Obrazlı
düşünüb-daşınmaq onun həyat tərzidir,
ünsiyyət vərdişidir.
Teymur müəllim bədii sözü ömrün
ahıl çağlarında "imtahana çəkir". Bunun fərdi psixoloji köklərini
özü daha sərrast ifadə edir: "20 Yanvar dəhşətindən
sonra yaman günə düşdüm, sındım,
sarsıldım. Çarəsiz, kimsəsiz, dəli-divanələr
tək öz-özümlə danışdım".
Taleyin qismətinə bir bax! Uşaqlığı,
gəncliyi həyatın ona səxavətlə bəxş
etdiyi ağrı-acılarla dolu olan bu şəxsiyyətin
doğum günü - 20 Yanvar xalqımızın tarixinə
böyük bir faciə kimi gəldi. Lakin
onun milli kimlik, milli müstəqillik tarixinə yeni səhifələr
yazdı.
Təbiəti etibarilə lirik bir ovqat sahibi olan Teymur
müəllimin "Göz yaşları" romanı kimi digər
povest, hekayə və oçerkləri də poetik bir kökdə
qələmə alınmışdır. "Göz
yaşları" romanını ötən il
diqqətlə oxudum. Özü də uzun
müddətə. Məni heyrətləndirən
müəllifin yaddaşına həkk olunmuş
saysız-hesabsız, mənaca bir-birindən zəngin, dərin
əxlaqi-fəlsəfi tutumlu deyimlər, atalar sözləri,
məsəllər oldu. Deyirlər uşaq
yaddaşı güclü olur və doğrudan da belədir.
Əsərin qəhrəmanı, şübhəsiz,
müəllifdir. Bu fonda XX əsrin ən dramatik insan taleləri ilə
qarşılaşır, fərdin faciəsini milli faciə
kimi qəbul edirsən. Bu əsərə xatirə, avtobioqrafik roman da demək
olar, bir ömrün yaddaş kitabı da. Burada
yaddaşa həkk olunan ağrı-əzabların sonu
görünmür. Bu əsər Teymur
müəllimin XX əsr haqqında tarixi-bədii salnaməsidir.
Tarixi yaradanın öz həyat tarixçəsidir.
Minlərlə soydaşımızın tale
yazısıdır. Ona görə də dəyərlidir,
yaşayandır.
Teymur müəllim xeyli müddətdir ki, bayatı
janrında şeirlər yazır. Haqlı olaraq
bayatını, "millətimizin cahana bəxş etdiyi
şah əsər" hesab edir.
60-cı illərdə milli tarixi keçmişə qayıdış
bütün humanitar təfəkkürdə özünə
yer tapdı. Milli poetik formalar, o cümlədən dördlük
forması bayatı ədəbi prosesdə öz
sözünü deməyə başladı. Kərkük xoyratlarının xalq şairi R.Rza və
professor Qəzənfər Paşayev tərəfindən ədəbi
prosesə gəlişi ilə bu janrın yeni imkanları
üzə çıxdı. Qəlbən
şair-etnoqraf kimi Teymur müəllimin silsilə
bayatılarının nəşri də gözlənilən
idi. Bu janra onun bağlılığı
uşaqlıq və gənclik yaddaşının alt
qatlarından gəlirdi. "Anam
dünyasını tez dəyişdiyindən
uşaqlığımda ana laylasına, ana nəvazişinə
həsrət qalmışam. Acı taleyimlə
barışmışam, laylamı da özüm
çalmışam, bayatımı da özüm oxumuşam.
... Gəlin anam Fatma xanım heç yaşı otuza
çatmamış dünyadan köçdü. Qəlbi qəmli, gözü nəmli yetimlik həyatını
yaşadım".
Ağı
de,
Bacım, ağla, ağı de.
Anasız
yetim qaldıq,
Anamıza ağı de.
Bürünmüşəm,
Sazaxdı, bürünmüşəm.
Yorğanım,
yastığım qar,
Kəfənə bürünmüşəm.
Son otuz-qırx ilin çoxsaylı poetik imzaları
içində Teymur müəllim özünü bir şair
kimi də təsdiq etdi. Üçcildlik bayatılar silsiləsini
nəşr etdirdi. Bu bayatılar təkcə
müəllifin ağrılı-acılı, uşaqlıq
dünyası ilə məhdudlaşmır. Hərçənd ki, iztirab, sarsıntı olmayan
yerdə səmimi poetik intonasiya da olmur. Bayatı
silsilələri düşünülmüş bir formada təqdim
olunur. Əlifba sırasına uyğun, bir
də məzmunla bağlı bölmələrə
ayrılır.
Teymur müəllim bayatılarında xalqın uzaq və
yaxın bədii tarixini yaradır. Qürur duyduğumuz
xanım-xatın qadınlar, xalq qəhrəmanları, vətən
həsrəti, qəriblik duyğuları bu şeirlərin
ruhuna çökür. Azərbaycanın
tarixi coğrafiyası poetik coğrafiyaya dönür. Müəllif el-obası, doğma yurdu Qazaxı
hansı məhəbbətlə tərənnüm edirsə,
mənim Laçınımın niskilini də böyük
ağrı ilə qələmə alır.
Apar məni,
Tez qaytar, apar məni.
Qazaxım
- yurdum, yuvam,
Yuvama apar məni.
Elim yox,
Laçın
yoxdu, elim yox,
Hamı
elli-obalı,
Bədbəxt mənəm, elim yox.
Teymur müəllimin bayatı
yaradıcılığı xüsusi bir söhbətin
mövzusudur.
Ancaq bir neçə məqamın üstündən
keçmək günah olardı. Yuxarıda
dediyimiz kimi, Teymur müəllim "anadangəlmə"
şairdir. Lakin bayatı formasında isə
orijinal olmaq hər kəsə qismət olmur. Çünki bu sahədə elə mükəmməl
ənənələr var ki, hər yazar onun
qarşısında duruş tuta bilmir. Bu
forma Teymur müəllimi bir şair kimi sınaqdan
alnıaçıq çıxartdı.
Ağlatmısan,
Dağ
çəkib ağlatmısan,
Sən məni salıb oda.
Anamı ağlatmısan.
Dəmirçilər,
Dəmir
el Dəmirçilər,
Yağı
düşmən başına
Od ələr,
dəmir çilər.
Poetik obrazların, cinasların gözlənilməzliyi,
hamımızın işlətdiyi "anamı
ağlatmısan" ifadəsinin poetik formanın ruhuna
uğurlu qovuşuğu bədii təəssüratı birə-beş
artırır, sanki bu deyimin elə bu bayatı
üçün yarandığını
düşünürsən.
Teymur
müəllim iki il öncə "Dedim
ki, yadigar qalsın" kitabını mənə hədiyyə
etdi. Bu kitab 90 il ömür
sürmüş müdrik bir alimin, şairin, Azər Turanın
sözləri ilə desək, "varlıq haqqında
metafizikasıdır". Bu deyimlər bir dəfə
oxunmaq üçün də deyil. Əxlaqi-fəlsəfi
düşüncələri əks etdirən deyimlər,
aforizmlərdir. Böyük həyat təcrübəsinə
sahib ağsaqqalın
deyimləri bizə örnəkdir, yaşam dərsləridir.
Akademik
Teymur Bünyadova şan-şöhrət gətirən onun
ölkəmizdə və xaricdə dərc olunan 35 monoqrafiya və
kitabı, 800 məqaləsi ilə yanaşı, həm də
bədii yaradıcılığı, geniş ictimai və
pedaqoji fəaliyyətidir. T.Bünyadov uzun illər AMEA-nın
Humanitar və ictimai elmlər bölməsinin akademik-katibinin
müavini olmuş, 1995-ci ildə I çağırış
Azərbaycan Respublikası Milli Məclisinin deputatı
seçilmiş, həmin müddətdə Milli Məclisin
Elm və Təhsil məsələləri daimi
komissiyasının sədri olmuşdur.Onun rəhbərliyi ilə
on nəfər elmlər doktoru, 35-dən çox aspirant fəlsəfə
doktoru adı almışdır. O, bir sıra sanballı elmi nəşrlərin
redaksiya heyətinin üzvü, ixtisası üzrə
müdafiə şurasının sədridir. Teymur
müəllim tükənməz bir enerji ilə taleyini
bağladığı Akademiyada şöbə müdiri kimi
fəaliyyətini davam etdirir.
Akademik, əməkdar
elm xadimi, "Şöhrət" ordenli, A.Bakıxanov
adına mükafatın ilk laureatı Teymur Bünyadov Azərbaycan
Ağsaqqallar Şurasının sədr müavini, Qafqaz
Müsəlmanları idarəsi nəzdində
yaradılmış Elmi-Dini Şuranın üzvü kimi Azərbaycan
dövlətçiliyinin, milli elmi tərəqqinin
sabahı naminə bu gün də fədakarlıqla
çalışır. Əziz, müdrik
ağsaqqal dostumuzu yüz illiyinin zirvəsində görmək
arzusu ilə.
Şirindil Alışanlı
filologiya elmləri doktoru, professor
Ədəbiyyat qəzeti.- 2018.- 13 yanvar.- S.18.