Yaşamaq, yəni...
Abel Korzeniovskinin "Death"
kompozisiyasının sədaları altında…
"Beynimdəki təhlükəsizlik siqnalizasiyasını kim söndürə bilər, bilmirəm, amma bu bir az da davam etsə, Tanrının təcili çıxış qapısından getməli olacam. Çıxış? Əslində, qaçış... Məncə, insan ona görə alidir ki, Tanrı ona hər zaman seçim haqqı verib. Sevmədiyin insanla yaşama, sevmədiyin işi görmə, sevmədiyin dünyada qalma... Əgər istəyirsənsə, davam et və bu məzhəkəni sona qədər izlə, amma istəmirsənsə, istənilən vaxt tamaşanı tərk edə bilərsən. Heç kəs səni qalmağa məcbur edə bilməz..."
09.01.2017
Yaxşı bir məsəl var: Söz vaxtına çəkər. Bu fikirləri tam da ötən ilin yanvarında yazmışdım. Eşidəndə ki, bir insan daha Tanrının təcili hadisələr üçün nəzərdə tutulmuş "çıxış qapısı"ndan "qaçıb" bu sətirləri xatırladım. Açdım, oxudum... Və düşündüm:
Bəli, nə vaxtsa mən də bunu etmək - qaçmaq, qurtulmaq, bütün bu mənasızlıqlardan uzaqlaşmaq istəyirdim. Gecə-gündüz intihar barədə düşünürdüm. Həm də dayanmadan, fasiləsiz və amansızcasına...Yaxınlarıma məktublar yazır, sonra "cırıb tullayırdım poçt qutusuna". Sevdiyim musiqiləri "son dəfə" dinləyirdim, valideynlərimə zəng edib səslərinə qulaq asırdım. Bu və bunun kimi bir çox şey... Yəni, intihar halını da, duyğusunu da, həyatdan vazkeçmə arzusunun necə yaranmasını da az da olsa duyuram, anlayıram, bilirəm. Məhz buna görə bu yazını yazmağa qərar verdim və istəyirəm ki, məndən daha çox düşüncəmi, duyğularımı dəyişməyə kömək edən insanlar danışsın...
Nədənsə yalnış olaraq, intihar olaylarını ən çox ədəbiyyat və ədəbiyyat adamlarıyla bağlayırlar. Hardasa haqq da vermək olar, ədəbiyyat aləmində dünyanı öz iradəsiylə tərk edənlər çox olub... Lakin mən bu fikirlə tam razılaşmıram. Məncə, əslində, peşəsindən asılı olmayaraq, içində "düşüncə" rüşeymi olan hər kəs ömründə bircə dəfə də olsa intihar barədə düşünür... Mütləq düşünür...
***
Məşhur iranlı kinorejissor Abbas Kiyarüstəminin "Albalı tamı" filminin qəhrəmanı deyir ki, insanların intihar etməyə tam haqqı çatır: "İntihar etmək günahdır. Amma insan xoşbəxt olmayanda ətrafındakı insanları incidir. Kimisə incitmək də günahdır. Buna görə də intihar etmək olar".
Bu qəhrəman intihar etməkdə ona kömək edəcək bir insan axtarır. Nəhayət, bir kişiylə razılaşır və qərarlaşdırırlar ki, həmin kişi sübh tezdən qəhrəmanın intihar üçün qazdığı çuxurun yanına gələcək və onu səsləyəcək. Əgər ölməyibsə, ona çuxurdan çıxmağa kömək edəcək, yox əgər ölübsə, onda üzərini torpaqla örtəcək. Belə də razılaşırlar. Lakin intihar etmək istəyən adam geri qayıdır və o kişiyə yenidən bərk-bərk tapşırır: "Sabah dediyim yerə gələndə və məni çağıranda sizə səs verməsəm, mənim üzərimə bir daş atın, yox-yox, iki daş atın. Ola bilsin ki, mən yuxuya getmiş olaram və sizi eşitmərəm". Yəni, insan ömründə bircə dəfə də olsa intihar barədə düşünə bilər. Lakin o, "yaşamaq" barəsində daim düşünür...
***
Ayfər Tunç bir hekayəsində deyir ki:
"Ruh daim başına qara işıqdan halqa taxıb
göyə ucalmaq istəyir. Vücud isə
dünyalıdır: Yeyir, içir, yaşayır".
İnsanı daim getməyə, göylərə ucalmağa
vadar edən ruhdur. Təəccüblü deyil, "hər
şey özünə qayıtdığı kimi", ruh da gəldiyi məkana dönmək
istəyir. Həmin an
insan anlayır ki, onun sahib olduğu ruhla mövcud məkan
bir-birini tamamlamır. Və beləcə o, bədəni
aldadır. Özü yüksəklərə ucalır,
vücudu isə torpağın altına göndərir. Hələ
bu azmış kimi nə vaxtsa yenidən başqa bir vücudda
dünyaya qayıdır. Növbəti dəfə onu
"aldatmağa"...
***
Kimse
duymadan ölmeliyim
Ağzımın
kenarında bir parça
kan
bulunmalı.
Beni
tanımayanlar
"Mutlak
birini seviyordu" demeliler.
Tanıyanlarsa,
"Zavallı, demeli,
Çok
sefalet çekti…"
Fakat
hakik? sebep bunlardan
hiçbiri
olmamalı.
Orhan Veli
İntihar
halı və ya səbəbi barədə, adətən, elə
eynilə bu şeirdəki kimi çoxlu mülahizələr
olur. Kimiləri bunu maddi sıxıntıyla, kimiləri sevgiylə,
kimiləri də digər mənəvi, ruhi məsələlərlə
əlaqələndirirlər. İranın sevilən
yazıçısı Mustafa Məstur söhbətimiz
zamanı insanların intihar halı barədə maraqlı
fikirlər səsləndirmişdi: "Biz bilmirik ki, insanlar
niyə özlərini öldürürlər.
İnsanların özünü öldürməsinə səbəb
kimi çoxlu mülahizələr səslənir: Eşqdə
bəxti gətirməmək, kasıb olmaq. Lakin bu, əsaslı
sübut deyil. Çünki çoxları məhəbbətdə
uğur qazana bilmirlər, eləcə də çoxları
ağır həyat şəraitində yaşayırlar. Buna
görə də biz heç vaxt həqiqi səbəbi
başa düşə bilmərik. Daniyal Nazinin ("Mən sərçə
deyiləm" romanının qəhrəmanı -S.C.)
kitabın əvvəlində bir sözü var: "Oyunun
qaydalarını dəyişə bilmirsənsə,
ağzını yum və oyuna davam et". Daniyal özü
bu sözə əməl etmir və oyunun qaydalarını dəyişmək
istəyir. Onu narahat edən sualların cavabını tapmaq
istəyir. O suallara ki, onların əslində, heç
cavabı yoxdur. Buna görə də özünü
öldürür. Üzdə olan səbəb budur."
Demək
ki, cavabı olmayan suallar və ya "anlaşılmaz
ümidsizlik...".
***
Konfutsi
deyir ki, insan həm də özü
özünün yaradıcısıdır. Əgər
o, yalnız başqasının yaratdığıdırsa,
demək ki, günahsızdır.
Biz çox vaxt Tanrının yazdığı
yazıdan gileylənib, şikayət edirik. Başımıza
gələn pis olaylarda taleyi, alın yazısını
günahkar çıxarırıq. İranlı şair Gərus
Əbdülməlikiyanın şeirindən bir hissədə
bu giley açıq-aşkar hiss olunur:
Ümumiyyətlə,
Bu filmi
geri fırlat,
Vitrindəki
xəz palto
Uzaq səhralarda
qaçan
Bəbirə
çevrilənə qədər,
əsalarımız
piyada
meşələrə
dönənə qədər,
quşlar
isə yenə torpağa,
torpağa...
Yox, lap
dala qayıt.
Qoy Allah
Bir də
yusun əllərini,
Güzgüyə
baxsın,
Bəlkə,
O
başqa bir qərar verəcək...
Amma məncə,
yaşadığımız hər hadisədə azca da olsa
bizim özümüzün və
ətrafımızdakı insanların da payı var. Tanrı
suçsuzdur. Günahkar isə şübhəsiz ki,
insandır. Konfutsi deyir ki, ömrün hər fəslinin meyvəsindən
dadmadan sağlam böyümək olmaz. Məsələn, 15
yaşında oxumaq həvəsi olmalıdır insanda, 30
yaşında isə müstəqillik. Təəssüf ki, bəzi
gənclərimiz hər yaşın meyvəsindən dada
bilmirlər. Ona görə ki, onların dadmalı olduqları
"təam"lar ya yaşlarından əvvəl, ya da sonra
qarşılarına çıxır. Əqli və mənəvi cəhətdən
düzgün "qidalana" bilməyən insan isə təbii
ki, düzgün qərar verməkdə də çətinlik
çəkir. Həyatda hər
kəsin öz yolu olur. Təkcə insanların yox, elə
çayın da, daşın da, quşun da. Məsələn,
ağacın getdiyi yol onun boyudur. Buna görə də toxum nə
qədər sağlam, torpaq nə qədər münbit, ona
edilən qulluq nə qədər düzgün olsa, ağac bir
o qədər hündürə boy atdığı kimi,
torpağın dərininə də möhkəm kök salar və
onu yerindən tərpətmək, sarsıtmaq asan-asan
mümkün olmaz...
***
Mən
istəmirəm ki, Azərbaycan gənci intiharla gündəmə
gəlsin. Heç kim istəmir. Amma çoxları da
yalnız təəssüflənməklə kifayətlənir,
bu məsələnin səbəbini və ya
qarşısının alınması hallarını
araşdırmaq istəmir. Lakin bu, çox ciddiyyət tələb
edən bir məsələdir. Paulo Koelyonun məşhur
"Kimyagər" əsərində belə bir hissə var:
"Bir adam nə vaxtsa hər şeyi atıb zümrüd
toplamağa yollanmışdı. O, beş il çayın
sahilində çalışdı və heç olmasa bircə
dənə zümrüd tapmaq üçün 9 999 999 daş
parçaladı. Və ümidsizliyə düşüb
öz arzusundan imtina etdi, amma onun cəmisi bircə daşı
qalmışdı - bunu da parçalasaydı, öz
zümrüdünü tapacaqdı". Mən istəmirəm
ki, gənclərimiz bütün daşların altına
baxmadan, öz xəzinələrini həmin daşların
altında tapmadan başdaşlarına çevrilsinlər. Bəlkə
Məlik Cahan (və onun kimi digər gənclər) da
ümidsizliyə qapılmasa, özündə güc toplayıb
yoluna davam etsəydi (edə bilsəydi), öz
"zümrüd"ünü tapacaqdı. Lakin bu barədə
danışmaq üçün artıq gecdir. Amma əminəm
ki, cəmiyyətimizdə belə gənclər yenə var.
Odur ki, mən hər kəsi birliyə, həmin insanlara dəstək
olmağa səsləyirəm. İstəyirəm ki, Azərbaycan
gəncləri özlərinin nə qədər güclü
olduqlarını anlasınlar, "Nobel" alsınlar, elmi araşdırmalar
aparsınlar, dünyanın yönünü dəyişən
kəşflər etsinlər, Marsa, Aya getsinlər... Yalnız
bütün bunlardan sonra, yəni bütün
"daş"ların altına baxdıqdan sonra həyatın
mənasızlığı gerçəyinə varıb (əgər)
intihar etsinlər ki, onlara haqq verməyə səbəb
tapım. Qısacası, istəyirəm
ki:
Gənclər
ölməsinlər
"Şəkər
də yeyə bilsinlər..."
Cahanxanım Seyidzadə
Ədəbiyyat qəzeti.- 2018.- 13
yanvar.- S.19.