Ştefan Svayqın "Yad qadının məktubu"
novellası və bozumtul kədər
Avstriya
yazıçısı Ştefan Svayqın "Yad
qadının məktubu" novellasını birnəfəsə
oxudum. Ancaq qeyd edim ki, elə ilk sətirlərdən ruhuma bir
ağırlıq çökdü. Mən istəməsəm
də, hiss etdim ki, gözümdən bir damcı yaş
çoxdan sarı vərəqlərə öz kölgəsini
salıb.
Ştefan
Svayq 28 noyabr 1881-ci ildə Vyanada anadan olub. Atası Moriç
Svayq toxuculuq fabriki olan zəngin yəhudi, anası isə,
İda Svayq bank sahibi bir ailənin qızı idi. Ş.Svayq
erkən yaşlarından özünü daha çox estetik məsələlərə
həsr etməyə başlayır və ailə biznesində
iştirak etməkdən imtina edir. Esseləri Sionizmin rəhbəri
Teodor Herçlin redaktoru olduğu Yeni Azad Mətbuatda (Neue
Freie Presse) qəbul olunur, ancaq Svayq Herçlin yəhudi milliyyətçiliyi
hərəkatına qoşulmur. "Gümüş Tellər"
(Silberne Saiten) adlı ilk şeirlər toplusu 1901-ci ildə
işıq üzü görür. 1917-ci ildə müharibədə
olarkən müharibə əleyhinə yazdığı
"İrmiya" (Jeremiah) pyesi İsveçrədə təqdim
edilir, 1939-cu ildə isə Nyu-Yorkda səhnəyə qoyulur.
Ştefan
Svayq "Yad qadının məktubu" (Brief einer Unbekannten)
adlı novellasını 1920-ci illərin ilk yarısında qələmə
alıb. "Yad qadının məktubu" əsərindəki
qadını yalnız bir naməlum məktubun qadın qəhrəmanını
və yazarı kimi tanıyırıq. Qadının bir
ömür boyu sevdiyi adam üçün qələmə
aldığı bu məktubu "göndərənin"
adı yoxdur. Məktubun başında bir ünvan var: "Sənə,
məni heç tanımayan sənə".
Yazıçı
bu novella ilə insan psixologiyasını qeyri-adi bir səyahətə
vadar edir. Bu yeni səyahətin "mütləq məhəbbət"
anlayışına, bilinməyən sahillərə qədər
çatmaq məqsədi daşıyır!
"Yad
qadının məktubu" bir
yazıçı ilə
heç tanımadığı bir qadının əhvalatıdır.
Novella məşhur roman ustası R.-in ona gələn məktubları
yoxlaması ilə başlayır və bir qadının məktubu ilə
davam edir. Məktubunda qadın:
"Ey məni tanımayan və daima sevdiyim insan, sən"
deyə müraciət edir sevdiyinə…
Novellanı
Azərbaycan dilinə Həmid Arzulu tərcümə edib. Tərcümənin
mükəmməlliyinə
söz ola bilməz. Tərcümədə Ştefan
Svayq qələminin nəhəngliyi açıq-aydın
sezilir.
Məktubda
qadının 13 yaşından ona duyduğu saf məhəbbət,
16 yaşında ailəsi ilə başqa yerə köçməsi,
lakin bu məhəbbətsiz yaşaya bilmədiyi
üçün 18 yaşında yenidən Vyanaya
qayıtması, bir-biriləri ilə tanış olmaları təsvir
olunur. Məktubun
başlanğıcında qadın uşağının
ölümündən yazır. Sonra bu günə kimi
başına gələn bütün əhvalatı…
Fikrimcə,
əsərin iki kulminasiya nöqtəsi vardır… Bir ananın
uşağının ölümündən
danışması əsərdə o qədər kədərli,
o qədər həzin və gözəl təsvir edilib ki, həmin
sətirləri oxuyan insan özünü ələ ala bilmir,
toxdada bilmir. Qadının kədərində
böyük qurur və onur gizlənib…
Hər dəfəsində
onu görüb, həmişə onu ilk dəfədir kimi
görən bu adama hətta o acıqlanmır belə.
"Bütün
insanlar məni xatırlayır, əzizləyirdilər,
hamı mənə qarşı mehriban idi; sən, yalnız sən
məni unutmuşdun, yalnız sən, təkcə məni
xatırlamırdın!".
Sadəcə,
onun xoşbəxtliyi, onunla keçirdiyi xoşbəxt
anları, onun oğlu ilə özünü təsəlli
edir. Lakin uşağının ölümü ilə bacara
bilməyən qadın bütün içindəkiləri bir
kağıza yazıb həyatını məhv edən insana
göndərir.
Təktərəfli
bu eşq o qədər gözəl, o qədər
qarşılıq gözlənilmədən yaşanıb ki,
insanı qəhər boğur.
Qeyri-adi
sevgi hisslərinin tərənnümü kimi həmin novella
ruhumda yeni dad, düşüncələrimdə kədərli
bir iz buraxmağı bacardı.
Məktubdan
aydın olur ki, getdikcə qadının içindəki
uşaqsı eşq, qadınlığa, çarəsizlik
müqavimətə çevrilir. Vyanaya qayıtdıqda belə
o usanmadan hər gün eyni qapıda gözləyir. O, ondan
başqa bir şey düşünmür. Öz həyatını
ona adlayarkən, adamın həyatı dəyişməz
qalır.
Və
qadın böyüyür, böyüyür…
Böyüdükcə içindəki eşq və arzu,
sonsuz tutqu da böyüyür, şaxələnir,
budaqlanır. İndi o uşaq deyil, ecazkar aşiqdir, yetkin
qadındır və nəhayət ki, adamın diqqətinin
üzərində toplandığını düşünsə
də, reallıq başqadır. O, hər dəfə
adamın gözündə özünün onun tərəfindən
dəvət edilən digər qadınlardan fərqli
olmadığını bilsə də, adamın əlləridir
onun müqəddəsi, o, artıq illərdir arzusunda
olduğu nöqtəyə çatan qadındır. O həm
də qalibiyyət qazandığıni sandığı anda
uduzan qadındır. O anlıq xoşbəxtliklərində
iki ömür itirən qadındır…
Qadın
sadəcə bir şey arzulayır… xatırlanmaq!
Adam məktubu oxuduqda xatırlamağa
çalışsa da, sisli qaraltılar vardır
ovuclarında..
Novella
bitdiyində hər ad günündə gələn bəyaz
güllərdən məhrum boş güldan və adamın
boğucu tənhalığı, ən bozumtul, ən ürək
sıxan mənzərəsini yaratdı ruhumda…
Adama ikrah
hissi duymaq istədi cümlələrim… Ancaq qulağıma
sakitcə fısıldadı anidən yad qadın… Axı mənim
"İçimdə mənliyimin dərinliyində hələ
o uşaqlıq xəyalım yaşayır", bəlkə
bir gün o yalnızca bir saatlıq da olsa məni
çağırdı. "Və mən sadəcə bu
ehtimal üçün belə hər şeydən əl
çəkdim, sırf ilk çağırışında
yanında ola bilmək üçün"…
NARGİS
Ədəbiyyat qəzeti.- 2018.- 13
yanvar.- S.21.