İnsan mənzərələri

 

Pirayə xanıma

 

Əvvəli ötən sayımızda

 

Yarımca

                        gilasın ən bol

                                       olduğu yerdir.

Burada

        ucsuz-bucaqsız

                   meyvə bağları var,

budaqlar bəhərlə doludur.

Yarımca bağlarında günəş -

doğuş və bərəkət rəngindədir,

Yarımca bağlarında günəş

sevinc və ümidlə süslənmiş

bir inqilab türküsüdür -

çağladıqca çağlayar,

çağladıqca çağlayar...

Xəlil örtdü kitabını,

hovxurub sildi

           gözlüyünün şüşəsini,

baxdı bağlara

və dedi:

- Sən də eləsənmi, Süleyman,

bilmirəm,

məsələn,

gəmi ilə Boğazdan keçib,

Qəndilliyə dönərkən,

            qarşında birdən-birə

                         görmək İstanbulu

və yaxud

Qalamış kəndinin

      ulduz və su səsi ilə dolu

                         pırıl-pırıl gecəsi...

Yaxud

    Topqapı ətrafındakı düzlərin

                göz oxşayan gündüzü...

Yaxud

          tramvayda gördüyün

                        xoş bir qadın üzü,

hətta Sivasda,

həbsxanada, dəmir qutuda

yetişdirdiyin sarı sardunya,

bir sözlə,

       təbiətin hər hansı

                  bir gözəlliyi

                           çıxsa qarşıma,

mən

     bir daha inanıram ki,

 

bugünkü insan həyatı

                            dəyişməlidir

və mütləq dəyişəcəkdir...

 

Yarımcadan tərpəndi qatar.

510 nömrəli xüsusi vaqon.

Üçüncü kupe.

Bəsri Şənər -

yaşıla çalan

                iri sürməli gözlər,

büzüşmüş zeytun rəngində dəri,

ağız kiçik,

burun iri,

Hicri tarixi ilə

min üç yüz on üçüncü ildə

anadan oldu

                 Florina şəhərində,

babası

          mal-mülk sahibi,

atası orman məmuru,

həm də hafiz idi -

             Quranı əzbər bilirdi.

Bəsri Rüştiyyəyə qədər oxudu.

Fəqət

      oxuduqlarından ağlında

                    tək bir marş qaldı:

"Taci-hürriyyətlə doğdun

          bir günəş şəklində sən..."

Florina stansiyasında

                  padşahı qarşılayıb,

incə səslərilə

                 oxudular bu marşı

və Sultan Rəşid

hələ də

        rəngli bir oyuncaq kimi

qalıb xatirində Bəsrinin -

bəzənmiş bir stansiyada

                            görür onu,

xoşsifət bir qocadır,

əyri,

     gödək qıçlarından

                     düşən şalvarı,

qırmızı fəsi

           və pambıq kimi

                        saqqalı vardı.

Bəsri

     Balkan müharibəsində

                          mühacir oldu.

Edremitə köçüb getdi.

Atası öldü.

Anası

     boynundakı qızılları satıb,

uzun kirpikli dəvələr

                          aldı Bəsriyə.

"Hekayəti-kəsikbaşda"

                          belə yazılıb:

dəvə  məlaikə

və cənnət qapısının gözətçisidir,

yunu mübarəkdir

və dərdə dərmandır.

Bu yunun üstündə

                   kim yatsa,

                          şeytani olmaz.

Bəsri

    dəvələrlə zeytun daşıdı

            on doqquz yaşına qədər.

Dağlarda

             qaçaqlara rast gəldi,

hər dəfə də

çörək və qatıq verdi,

                    qurtardı canını.

Bir gün

        bir karvansarada

                     qumar oynadı,

satdı uzun kirpikli dəvələrini,

sonra

        düz üç ay çölə çıxmadı

İzmirin

   Kəməraltı kazinolarından...

Hicri tarixi ilə

min üç yüz otuz ikinci ildə

Bəsrini əsgər apardılar.

Çanaqqala, Soğanlıdərə.

Bəsri

      bir gecə yarısı

                 girdi səngərə.

Başladı bombardman.

Göydə

      ulduzdan çox

                mərmi yanırdı.

Üzüqoylu uzandı yerə.

Yumdu gözlərini...

            Bəsri

     gözlərini açanda

             dan yeri sökülürdü,

səngərdə

               bir o qalmışdı diri

  parça-parça olmuş

    insan bədəni görməmişdi

                      bu vaxta qədər...

Bəsri - qorxu kimi hiyləgər,

Bəsri - qorxu kimi cəsur...

Bəsri

      qorxudan güc alıb,

                    qaçdı cəbhədən.

Boynunda mauzer,

                     yüyürdü Bəsri,

önündə

qorxu kimi uzun,

    qorxu kimi əmin bir yol -

Tekirdağ,

Silivri...

Dəmirçi dükanlarında

            körüklərin altında

                                   yatdı,

sonra maşınlarda gecələdi,

sonra

       bir axşam

                     namaz vaxtı

İstanbula gəldi.

Sonra

         eşq yuvası - Fateh!

Atdı bir anbara

        mauzeri ilə patrondaşını

və sabahı,

       günəşli bir çərşənbə günü

on bir məcidiyyə verib,

              mülki geyim aldı

                         Yenicamidən.

Qorxu -

insanın ən böyük axmaqlığı...

Tez-tez

         yerini dəyişirdi

                                 Bəsri -

elə

     zənn edirdi ki,

               bir yerdə çox qalarsa,

qəfildən

     əsnəsindən tutub qaldırarlar

günün günorta çağı.

Gecələr

          yenə Fateh,

                    yenə eşq yuvası -

yanğın yeri!

Bu yanğın yerində -

zirzəmidə

bir yanılı şam,

         kağuz-kuğuz,

                        möhür

və beş adam gördü Bəsri.

Kim nə deyir-desin,

       qorxu şübhədən güclüdür -

işləməyə razılıq verdi -

   altı ay

          məşhur bir karvansaranın

keşikçi otağında

məzuniyyət, rüsxət kağızları

  biri iyirmi beş quruşa

qırmızı hərb medalları satdı.

Qorxu - ağıldır

   bu qorxu-ağıl

Bəsriyə Bəsrinin adına

ordudan təxris kağızı

                   yazdırdı bir gün!

Əlvida, İstanbul şəhəri,

mərhaba

     Ağhisarın Söyüdlər kəndi.

Söyüdlər kəndində, əlbəttə,

     bir Həsən olmamış olmazdı,

Bu Həsənin

                bir də bir anası vardı

   Bəsri

                  cəbhədəki Həsəndən

                         salam gətirdiyi zaman -

üstəlik, tütünün də alaq vaxtıdısa -

Həsənin

       qaraqaşlı,

                            fəqət bir gözü kor

                                   dul anası,

əlbəttə,

         onu evinə qonaq apardı.

Və nə qədər

          yorğun olsalar da

                                  dul qadınlar

arzulayarlar

                              göbəkləri üstündə

kişiylə keçən

                        gecələrin yorğunluğunu.

   bir gözü kor olmaq

                     yetməz söndürməyə

                                           bu ehtirası…

Bəsri

tütün tarlalarına

və qorxulara

                        alışa bilməsə də,

alışdı

        qaraqaşlı,

                                bir gözü kor

                                           sevgilisinə

yaşadı Söyüdlər kəndində

                        sülh elan olunana qədər.

   bu xoş xəbəri

                                   aldığın gün

düşünmədi ki, ağladaram

                                   bir dul qadının

biri açıq,

                        biri yumulu gözlərini…

Aparıb bazarda satdı

özünün qorxu-ürküsünü

və sevgilisinin

                   taxta təkərli arabası ilə

                                   öküzlərini -

əlvida,

     mənim qaraqaşlı dul yarım,

əlvida,

                        Söyüdlər kəndi!

Bu,

    Bəsrinin dediyi

                              neçənci "Əlvida" idi?

Canlandı köhnə xatirələr…

İzmir…

Yunanlar

                        girmişdilər şəhərə,

buna baxmayaraq,

məhmədcik

                   dağlarda hələ də döyüşürdü.

Bəsri

       Kəməraltıda

                        yeyib qurtarandan sonar

                                                           pullarını

"Əlvida,

         xoşça qal,

                  İzmir - gavur şəhəri" -

dedi.

Bəsri

     Qanlıboğazda

                      Çərkəz Ədhəmə qoşuldu,

gecələr

                        kəndlərə

                                   basqınlar etdi,

nə qədər

      adam asdılar

              çinar ağaclarından, -

qızıl pula

                        suyulan Bəsri

bu yolla doldurdu ciblərini

   bir qaranlıq gecədə,

                                   yağış yağanda

"Əlvida,

       Çərkəz Ədhəm ," - dedi.

Kirimişcə çıxdı aradan.

Sonra Uludağ...

Sonra Bursa...

Bursa

                  düşmən əlində

                                        olsa da,

hələ işə yarayırdı.

İşğalçılar

tiryəkxana

                və qumarxana

                                 açmağa

                                      icazə verirdilər.

İnsanlar

nə qədər çox əzilsələr,

nə qədər çox

ümidlərini itirsələr,

tiryəkə

bir o qədər aludə,

qumara

         bir o qədər aşiq

                   olurlar...

Bəsri

     bir qəhvəxana,

          yəni, tiryəkxana

                          və qumarxana açdı.

Evləndi,

bir oğlu oldu,

sonra arvadını boşadı.

Bursa

       düşmən işğalından

                              azad edildiyi gün

Bəsri

    müftə tiryək payladı

                        düz iyirmi dörd saat,

qələbə naminə

   oğlunu bağrına basıb

                        ağladı sevindiyindən.

İndi

    oğlu on doqquz yaşındadı

İzmirdə -

                 sənət məktəbində oxuyur.

Bəsrinin

            Bursada iki evi,

Ədrəmitdə də

                                bir zeytun bağı var.

Qəhvəxanası,

                      hələ işləsə də, bağlanacaq,

çünki

      Bəsrinin

                             yenə üç saata

                                   endi yuxusu...

 Üstəlik,

                        anlaşılmaz

                                   bir təlaş da

                                   sarıb qəlbini -

qorxur,

                        öz oğlundan qorxur,

                                   durduğu yerdə...

 

Burnunu çəkdi Bəsri,

baxdı pəncərədən çölə.

Birdən-birə ürəyini sıxdı

sürətlə

                        arxada qalan

                                   dirəklər,

çünki

                        sevmirdi artıq

                        bir-birinin ardınca

sürətlə gəlib keçən şeyləri...

Vaqonda

                        Bəsri ilə üzbəüz

                                   bapbalaca,

qozbel bir qadın oturmuşdu.

Fəqət

     bu bapbalaca qadın

                               cəsarətlə yaşıyırdı

kürəyindəki yükü

   çox incə biləklərinin

                                   ucunda

çox iri

   sümüklü əlləri vardı,

lacivərd şalvarında

apaydın görünürdü

                        sivri dizlərinin yeri...

Üzündə

                   sanki yaşlı

                              bir qız ədası vardı:

            məhsun,

         sevimli,

                  narın -

"Fədakar övlad" romanında

                            yazıldığı kimi,

xəstə,

    qoca atasına

               baxmaq üçün

                          ərə getməmişdi...

   iri, ağır

          göz qapaqlarının

                                   altında

ağıllı uşaq gözləri vardı.

Bu cür gözlərdə

                   yamanlıq olmur.

Fəqət

         bu qalın dodaqlar

dəhşətli bir küfrü

                       gizləyə bilər,

elə bir küfrü ki,

           dilə gəlməyib

                   və gəlməyəcək...

Adabazarlıydı əyribel Kərim.

Müharibədə ölən atası

                           dülgər idi.

Müharibə deyincə,

                    Kərimin ağlına

ağappaq bir yastıqda

      qapqara saqqallı bir ölü üzü,

Fəxri bəyin tarlasında

                 kartof yığmaq,

                              qaz otarmaq,

məktəb kitabları

   bir də

         saçları altun kimi sarı,

amma

     alnı qırışlar içində

                          anası gəlir.

Hicri tarixi ilə

min üç yüz otuz beşinci ildə

            Kərim Əskişəhərə getdi,

məktəbə,

      xalalarının

             və dayısının yanına.

Dayısı dəmiryolunda

                         maşinist idi.

Düşmən əlindəydi Əskişəhər.

Kərim on dörd yaşındaydı

  beli əyilməmişdi hələ,

fidan kimi idi - dümdüz...

Çox diribaş,

                 açıqgöz uşaq idi -

dünya işlərinə

                 maraq göstərirdi.

Dayısı

         işə getdiyi günlərdə

Kərimə

         çörək vermirdi

                         xalaları -

uzunboylu,

       uzunsaçlı,

              günü keçmiş

                             iki qarı...

 

Ardı var...

 

Nazim HİKMƏT

 

Hazırladı:

DİLSUZ

 

Ədəbiyyat qəzeti.- 2018.- 13 yanvar.- S.16-17.