Azərbaycan ədəbiyyatında erkən
realizm dövrü
Dövrləşmə konsepsiyası
və inkişaf mərhələləri
Azərbaycan
ədəbiyyatının çoxəsrlik tarixi
inkişafında XVII-XVIII əsrlər ədəbiyyatı fərqli
bir mövqeyə malikdir. Bu dövrdə Azərbaycan ədəbiyyatında
klassik poetik ənənələrdən tədricən
ayrılma prosesi getmiş, Orta əsrlər romantik
poeziyasından həyatiliyə doğru qəti addımlar
atılmış, didaktik ədəbiyyatın meydanı
genişlənmişdir. XVIII əsrdə ilk dəfə olaraq
Azərbaycan realizminin başlanğıc mərhələsi
olan erkən realizm meydana çıxmışdır.
Bütün bunlara görə XVII-XVIII əsrlər Azərbaycan
ədəbiyyatı heç də indiyə qədərki tədqiqatlarda
yazıldığı kimi XIII-XVIII əsrlərə aid edilən
Orta əsrlər dövrünün tərkib hissəsi
olmayıb, milli ədəbiyyat tarixinin dövrləşdirilməsində
xüsusi mərhələdir.
Azərbaycan
tarixinin bu mərhələsinin ictimai-siyasi hadisələri ədəbiyyatın
məcrasını dəyişməkdə mühm rol
oynamışdır. Belə ki, Azərbaycanın ictimai-siyasi
həyatında XVII-XVIII əsrlərdə ciddi dəyişikliklər
baş vermişdir. Ölkə ərazilərinin Osmanlı
dövlətindən Səfəvi hakimiyyətinə
qaytarılması uğrunda aparılan mübarizənin Cəlalilər
hərəkatı adlanan ümumxalq hərəkatına
çevrilməsi ictimai mühitdə ölkənin müqəddəratı
ilə bağlı məsələləri ön mövqeyə
çəkmiş, vətənpərvərlik və
azadlıq ideyalarını qüvvətləndirmişdir.
"İstanbuldan İrəvana, Bağdaddan Dəmirqapı Dərbəndədək"
("Azərbaycan tarixi", 7 cilddə, III cild, Bakı,
"Elm", 1999, səh.248) olan torpaqları əhatə edən
və xalq içərisindən çıxmış vətənpərvər
qəhrəmanın adı ilə Koroğlu hərəkatına
çevrilən bu mübarizə hadisələrin və
proseslərin gerçək bir mövqedən qiymətləndirilməsini
tələb edirdi. İctimai-siyasi həyatda baş verən bu
dəyişiklik ədəbiyyatın da hədəflərinin,
təsvir və tərənnüm üsullarının yeniləşməsinə
öz təsirini göstərmişdir. Azərbaycan ədəbiyyatında
XVII əsrdən etibarən tədricən romantik tərənnümdən
həyatiliyə, gerçəkliyə doğru yeni bir proses
başlanmışdır. Eyni zamanda, XVIII əsrdə Səfəvi
dövlətinin tənəzzülü, Xəzərboyu ərazilərin
çar Rusiyası tərəfindən işğal edilməsi və nəhayət,
Nadir şahın qətli ilə Azərbaycanda yaranmış
mürəkkəb ictimai-siyasi şərait də ictimai fikrə,
ədəbi-mədəni proseslərə öz təsirini
göstərmişdir. Azərbaycanda xanlıqlar formatında
"kiçik padşahlıqların" yaranması ölkənin
parçalanmsına gətirib çıxarsa da, həm də
müstəqil dövlətçilik şüurunun
formalaşmasında mühüm amilə çevrilmişdir.
Bu dövrdən başlayaraq Azərbaycanda elm, maarif, ədəbiyyat
və incəsənətdə xəlqiləşmə meyilləri
qüvvətlənmişdir. Beləliklə, Azərbaycan ədəbiyyatı
XVII əsrdən etibarən yeni mərhələyə daxil
olmuşdur.
Azərbaycan
ədəbiyyatında yeni mərhələnin
formalaşmasının ictimai-siyasi reallıqlarla
yanaşı, ədəbi-mədəni proseslərdən
doğan səbəbləri də var idi. İlk növbədə
onu qeyd etmək lazımdır ki, bu vaxta qədərki klassik
poeziyada mövcud olan nəsihətçilik meyilləri XVII əsrdə
inkişaf edərək müsbət mənada didaktik ədəbiyyatın
yaranmasına səbəb olmuşdur. Bu isə öz növbəsində
ədəbiyyatın, xüsusən də poeziyanın romantik
ucalıqdan həyata, cəmiyyətə və insana doğru
inkişafında yeni istiqamətin başlanması demək
idi. XVII əsrdə klassik lirika ənənəsi içərisində
həyati-didaktik meylin daha da qüvvətlənməsi
aşkar müşahidə olunur ki, bu da bir az sonra meydana
çıxmış Azərbaycan realizminin ilkin
addımlarının atılması üçün
münbit zəmin hazırlayır. Məhəmməd
Əmaninin yaradıcılığındakı
didaktikaçılıq, Sadiq bəy Əfşarın
şeirlərindəki xalq ruhu bu vaxta qədər məhəbbət
notları üstündə köklənmiş ədəbiyyatda
artıq ab-havanın dəyişilməkdə olduğunu əks
etdirir. Fədai Təbrizinin "Bəxtiyarnamə"
poemasının başdan-başa əxlaqi-didaktik məsələlərə
həsr olunması ədəbiyyatda mühüm hadisə idi.
Qövsi Təbrizi də klassik lirika janrlarında həyati-didaktik
şeirlər yaratmağın nümunəsini göstərmişdir.
Onun lirikasında zamanın ictimai-siyasi və nəsihətamiz-didaktik
baxışları öz əksini tapmışdır. Fədainin
aşağıdakı zərbi-məsəl kimi səslənən
misraları dövrün nəsihətamiz poeziyasının əsas
ruhunu ifadə edir:
Gər
istərsən sənə etməyə nöqsan,
Cahanda
heç kəsə söyləmə böhtan.
Demə
böhtan və töhmət bigünahə,
Düşər
hər kimsə öz qazdığı çahə.
XVII-XVIII əsrlər
Azərbaycan poeziyasındakı açıq tənqid ruhu ədəbiyyatda
klassik "Şikayətnamə" ənənəsinin nəinki
davam etməkdə, hətta dərinləşməkdə
olduğunu göstərirdi. Bu mərhələdə hətta
konkret tənqid hədəflərinə malik olan əsərlərin
yazılması ədəbiyyatda romantik üslubun tədricən
zəifləməsini, realist meyilin güclənməkdə
olduğunu nümayiş etdirir. Məsələn, ədəbiyyat
tarixindən məlumdur ki, Tərzi Əfşar II Şah
Abbasın vəziri Nəvvab Sultana göndərdiyi bir məsnəvidə
vəqf idarəsi məmurlarını rüşvətxorluqda
təqsirləndirir, təqaüdçülərin isə əzab-əziyyət
çəkdiyini göstərir. Yaxud, Məsihinin "Vərqa
və Gülşa" poemasında təsvir olunan mürəkkəb
və gərgin həyati hadisələri romantik üslubda tərənnüm
etmək çətin idi. Arif Şirvaninin dövrün hakim
sinfini təmsil edənləri həcvlə tənqid etməsi
artıq realizmin ədəbiyyatın qapısını
döyməkdə olmasından xəbər verirdi. Qövsi Təbrizinin
şeirlərində də həyat hadisələrinə
münasibətdə gerçəkliyə meyil və tənqid
notları müşahidə olunmaqdadır. Şair hətta
yaşadığı dövrdə ana dilinin
sıxışdırılmasına qarşı etiraz ifadə
edən ciddi şeirlər yazmışdır. Şakir
Şirvaninin "Əhvali-Şirvan" tarixi mənzuməsində
şairin ürəkdən bağlı olduğu Şirvan
elinin timsalında ölkədəki çətin və
mürəkkəb vəziyyət realist boyalarla əks
etdirilmişdir. Məchur Şirvaninin "Qisseyi-Şirzad"
poemasında da tarixi mövzu əsasında şairin
yaşadığı dövrün reallıqlarına obyektiv
münasibət ifadə olunmuşdur. Ədəbiyyatda Azərbaycan
realizminin rüşeymləri olan bu əsərlər nəinki
gerçək həyat lövhələrini, hətta real
tarixi hadisələri və siyasi prosesləri əks etdirirdi.
Ona görə də XVII-XVIII əsrlərdə
yaşayıb-yaradan şairlərin "həqiqətpərəst
bir vətəndaş kimi çıxış edərək
yaşadıqları dövrün ictimai mahiyyətini
açmaları və ədalətsizliklərə tənqidi
münasibət bəsləmələri haqlı olaraq bu dövr Azərbaycan
ədəbiyyatının xarakterik xüsusiyyətlərindən
biri hesab olunur.
Azərbaycan
ədəbiyyatında XVII əsrdən epik növdə
yazılan əsərlərə marağın qüvvətlənməsi
romantik lirikanın tədricən öz yerini poemalara verməsinin
əlaməti idi. Bu dövrdə demək olar ki, ədəbiyyatda
poema, yaxud mənzum hekayət yazmayan sənətkar göstərmək
çətindir. Fədai Təbrizinin "Bəxtiyarnamə",
Məsihinin "Vərqa və Gülşa", Sadiq bəy
Əfşarın "Şöhrətli Abbasın qələbə
kitabı", Kövsəri Həmədaninin "Fərhad və
Şirin" və sair poemalarda ibrətamiz əhvalatların,
bəzən isə tarixi hadisələrin qələmə
alınması poeziyada romantika ilə realist meyillərin
mübarizəsində həyati reallıqların təqdim
olunmasına üstünlük verildiyini nəzərə
çarpdırır. Orta əsrlər Azərbaycan epik ədəbiyyatından
fərqli olaraq, erkən yeni dövrdə yaranmış
poemalarda lirika deyil, ictimai hadisə, süjet xəttinin
inkişafı, obrazların təkamülü əsas yer
tutur. Mövzu baxımından da dəyişən poemalar əsasən
epik-didaktik janrda yaranmışdır. Bu isə XVII-XVIII əsrlər
Azərbaycan ədəbiyyatında gedən xəlqiləşmə
proseslərinin təzahürləri idi.
Bundan
başqa, həmin dövrdə poeziyada xalq ədəbiyyatına
və canlı danışıq dilinə doğru ciddi
dönüş müşahidə olunur. Sarı Aşıq,
Abbas Tufarqanlı, Xəstə Qasım kimi ustad
aşıqların yaşayıb-yaratması ədəbiyyatda
milli bədii təfəkkürü daha da qüvvətləndirmişdir.
"Koroğlu" qəhrəmanlıq dastanının
yaranması və geniş yayılması xalq ədəbiyyatı
ənənələrinə marağı
artırmışdır. XVII əsrdə "Şah
İsmayıl", xüsusən, "Aşıq Qərib"
dastanlarının yaranması, XVIII əsrdə "Əsli və
Kərəm" dastanının formalaşması ilə
yazılı ədəbiyyatda xalq həyatına və milli
oyanışa doğru ciddi dönüşə təkan
vermişdir. Xalq-aşıq ədəbiyyatı ənənəsinin
genişlənməsi yazılı ədəbiyyatda da bu
üslubun təzahürünü qaçılmaz etmişdir.
Saib Təbrizinin
(1601-1676) Azərbaycan ədəbiyyatına gətirdiyi
"Hind səpkisi" xarakterinə görə xalq həyatına
meyilli poeziyanın inkişafına təkan vermişdir.
Şairin qəzəl janrında yazdığı şeirlərindəki
aforizmlər kimi səslənən hikmətamiz fikirlər
romantik poeziyanın ahəngini dəyişmişdir. Onun formaca
klassik üslubda yazılmış lirikasında həyatiliklə
romantika və didaktika bir-birini tamamlayır. "Hind səpkisi"nin
gündəmə gətirdiyi həyatilik və didaktika saray ədəbiyyatının
mövqeyini zəiflətmiş, romantik-didaktik ədəbiyyata
marağı qüvvətləndirmişdir. Saib Təbrizinin
poeziyası məhəbbət lirikası ilə realist şeir
arasında yaranan aşiqanə-didaktik şeirin klassik nümunəsidir:
Olmadı
xurşiddən dağlarda rəngin daşlar,
Gördülər
ləli-ləbin, qan tərlədilər daşlar.
Çün
dökəndə el dedim tərk etməsin
yoldaşlığı,
Çox
qara oldu günüm, yad oldular qardaşlar.
Yol əgər
həqdir, çəkər yolsuzdan axır intiqam,
Yola
tapşır, çıxdılar yoldan əgər
yoldaşlar.
Mehriban
olmaz nəsimi-sübhdən hərgiz sana,
Şəmtək
ta tökmədən Saib, gözündən yaşlar.
XVII-XVIII əsrlərdə
Azərbaycan bədii nəsri ədəbiyyatın ayrıca
bir istiqamətinə çevrilmişdir. Bu mərhələdə
AMEA-nın müxbir üzvü Əliyar Səfərlinin
yazdığı kimi, "bədii nəsr klassik poemaların
"dibaçə" hissəsindən ayrılaraq müstəqil
inkişaf yoluna qədəm qoyur, yeni vüsət qazanaraq ədəbi-bədii
cəhətdən də, dil-üslubca da, məfkurəcə
də kamilləşir". Mənzum hekayənin müstəqil
janra çevrildiyi həmin dövrdə, eyni zamanda, nəsrlə
yazılmış hekayə janrı da
formalaşmışdır. Vəli Ərəşinin
"Düzd və qazi" hekayəsi Azərbaycan ədəbiyyatında
bu janrın ilk nümunəsi kimi meydana
çıxmışdır. Poeziyadakı "Hind səpkisi"nin
dalğasında hind folkloru əsasında yaranmış
"Tutinamə"nin azərbaycanlı müəllif
Möhsün Nəsiri tərəfindən Azərbaycan
variantının yaradılması bədii nəsrin
inkişafında mühüm addım idi. Nəzm hissələri
olsa da nəsrin üstünlük təşkil etdiyi
"Şəhriyar" dastanı nəsr sahəsində
proseslərin genişlənməsinin məntiqi yekunu olan əhəmiyyətli
ədəbi hadisə idi.
Göründüyü
kimi, XVII əsr Azərbaycan ədəbiyyatı klassik romantik
poeziyadan erkən realizmə keçid dövrüdür. Bu
dövrün poeziyası romantik lirikadan gerçəkliyin bədii
ifadəsinə doğru baş vermiş ilkin böyük
dönüşdür, yeni ədəbi istiqamətin
başlanğıcıdır. Geniş mənada həmin mərhələdə
yaranan ədəbiyyat XVIII əsr
Azərbaycan realist şeirinin proloqudur. Özünəməxsus
xüsusiyyətlərə malik olan XVII əsr Azərbaycan ədəbiyyatı
XVIII əsrin erkən realizminə hazırlıq
dövrüdür. Azərbaycan ədəbiyyatı XVII əsrin
"keçid dövrü" ədəbiyyatı vasitəsilə
realist mərhələyə qədəm qoymuşdur. Beləliklə,
XVII əsr Azərbaycan ədəbiyyatı Məhəmməd
Füzuli ilə Molla Pənah Vaqif arasında mühüm bir ədəbi
körpü funksiyasını yerinə yetirmişdir.
XVII-XVIII əsrlər
Azərbaycan ədəbiyyatı bir yerdə erkən yeni
dövr ədəbiyyatı mərhələsini
formalaşdırmışdır. Ədəbiyyatşünaslıqda
bu tarixi mərhələdə ədəbiyyatın xarakterinə
uyğun olaraq real həyat hadisələrinin, insanın zahiri
və mənəvi gözəlliyinin tərənnüm edilməsinə
üstünlük verildiyi üçün bir müddət həmin
dövrün ədəbiyyatı təsviri realizm kimi səciyyələndirilmişdir.
Lakin görkəmli ədəbiyyatşünas Yaşar Qarayev
haqlı olaraq təsviri realizm anlayışının XVIII əsrin
Azərbaycan ədəbiyyatının reallıqlarını
tam ifadə etmədiyini qeyd edərək yazmışdır:
"Vaqifin adı və üslubu ilə bağlı məktəbə
aid edilən "təsviri realizm" istilahı, şübhəsiz,
şərti ifadədir. Əslində "realizm", hər
şeydən əvvəl, təsvirçilikdən uzaqlıq
deməkdir. İlkin realizmə "təsiri olmayan"
sonrakı dövrün realizmi ilə müqayisədə
verilmiş bu ad həmin realizm tipinin mahiyyətini ifadə edə
bilmir".
Bu - Azərbaycan
ədəbiyyatında realizmin başlanğıc mərhələsi
idi. Doğrudur, əsasən romantik istiqamətdə
inkişaf etsə də, klassik Azərbaycan poeziyasında da
bütün dövrlərdə realist meyillər olmuşdur.
Nizami Gəncəvi əməkçi kərpickəsən
kişinin obrazını yaradarkən, Əfzələddin
Xaqaninin "Mədain xərabələri" əsərində
dövrün ictimai ziddiyyətləri diqqət mərkəzinə
çəkilərkən romantik idealla yanaşı, realist
cizgilər də nəzərə
çarpdırılmışdır. Yaxud da Məhəmməd
Füzulinin "Şikayətnamə"si adından da
göründüyü kimi, hadisə və şəxsiyyətlərə
real, gerçək münasibəti ifadə edirdi. Tərəddüd
etmədən "Şikayətnamə"ni Azərbaycan ədəbiyyatında
romantik-realist nəsrin ilk mükəmməl nümunəsi
hesab etmək olar. Bundan başqa, artıq XVII əsrdən
etibarən Azərbaycan ədəbiyyatında daha çox nəzərə
çarpan didaktika da romantika içərisində realist
baxışların ifadəsinə doğru meyili gücləndirmişdir.
Qeyd olunduğu kimi, Saib Təbrizinin Azərbaycan poeziyasında
yaratdığı "Hind səpkisi" klassik romantik
lirikadan fərqli olaraq, həm də təbii həyat nəfəsi
olan meyilləri də ifadə edirdi. Bu mənada XVII əsr Azərbaycan
poeziyası milli ədəbiyyatın erkən realizm
dövrünün hazırlıq mərhələsidir.
Xüsusən, folklor üslubunda ədəbiyyatın yeni
inkişaf dövrünə qədəm qoyması,
aşıq ədəbiyyatının qüvvətlənməsi
özü ilə birlikdə ədəbiyyatda milli ruhu, ana
dilinin geniş imkanlarını, xalq həyatının təsviri
və tərənnümünü də nəzərəçarpacaq
səviyyədə poeziyaya gətirmişdi. Bunlar bir az sonra
meydana çıxacaq Molla Pənah Vaqifin poeziyasında öz əksini
tapmış təbii insan həyatının və real təbiət
təsvirlərinin ilkin məşqləri idi. Ona görə də
XVIII əsr Azərbaycan realizmi həqiqətən də təsviri
realizm olmayıb, həyat həqiqətlərini görünən
tərəfləri, zahiri əlamətləri ilə
yanaşı, daxili mahiyyəti, bəzən isə hətta
ziddiyyətləri ilə birlikdə əks etdirməyə səy
göstərən erkən realist ədəbiyyat nümunəsi
idi. Molla Pənah Vaqifin "Kür qırağı"
şeiri uzun əsrlər ərzində romantik səviyyədə
vəsf edilmiş Azərbaycan təbiətinin yazılı ədəbiyyatdakı
ilk realist təqdimatıdır. Şeirdə "əcəb
seyrəngahı" olan Kür qırağının
bütün real təbii gözəllikləri ilə bərabər,
həm də "yaşılbaş sonası"
olmamasına təəssüf hissləri də səsləndirilir.
"Bayram oldu" şeirindəki "Bizim evdə dolu
çuval da yoxdur" misrasında səslənən giley
xarakterli tənqid əslində ədəbiyyatın gerçək
həyata, realizmə dönüşünün əhval-ruhiyyəsinin
ifadəsi idi. Ona görə də XVIII əsrin realizmi təsviri
realizm yox, realizmin ərəfəsinin, başlanğıc
dövrünün ovqatını yaşayan və əks etdirən
erkən realizm idi. Molla Pənah Vaqifin realizmi Azərbaycan ədəbiyyatında
realizm ədəbi cərəyanının müqəddiməsidir.
Erkən
realizm dövrünün ədəbiyyatında sənətkarın
giley-güzarını deyil, ictimai
narazılığını ifadə edən "Görmədim"
motivi meydana çıxmışdır. Klassik poeziyadakı
"cəfa gördüm", "mübtəla
gördüm" kimi tənqidi notlar XVIII əsrdə daha da
inkişaf edərək ittiham xarakterli "Görmədim"
şeirləri səviyyəsinə
çatdırılmışdır. Nişat Şirvaninin
(1690-1740) mürəbbisindən gətirilən parçada Azərbaycan
poeziyasının "Görmədim"lərinin
özünəməxsusu ruhu diqqəti cəlb edir:
Hər təbibə
söylədim dərdim, dəvasın görmədim,
Möhnətü
dərdü qəmim heç intəhasın görmədim.
Bu
cahanın bir həqiqi aşinasın görmədim,
Hər
kimin çəkdim cəfasın, bir vəfasın görmədim.
Bəxt
isə dönmüş, əgər iqbal isə olmuş yaman,
Möhnətü
qəm çəkmək ilən öldüm axır mən,
aman,
Övmü,
qardaşı, rəfiqi bir-bir etdim imtahan,
Hər
kimin çəkdim cəfasın, bir vəfasın görmədim.
Təqdim
olunan şeir Molla Pənah Vaqifin "Görmədim"
müxəmməsinin bir bədii müqəddiməsidir.
Vaqifin məşhur "Görmədim"
müxəmməsi ideya-bədii xüsusiyyətlərinə
görə Azərbaycan realizminin möhkəm təməllərindən
və mükəmməl örnəklərindən biridir.
"Görmədim" şeiri Azərbaycan ədəbiyyatında
erkən realizmin kulminasiya nöqtəsidir. Həyatın
ağırlıqlarını, dövrün böyük
çətinliklərini və ictimai ziddiyyətlərini
bütün reallıqları ilə, ümumiləşmiş
şəkildə sərrast ifadə edən "Görmədim"
şeirində milli realist ədəbi düşüncənin
əsas xüsusiyyətləri və bütün enerjisi bədii
şəkildə özünün real əksini
tapmışdır. Molla Pənah Vaqifin
yaradıcılığı və xüsusən də
"Görmədim" şeiri Azərbaycan ədəbiyyatında
realizm epoxasının artıq dönməz xarakter
aldığını təsdiq edən poetik bəyanatdır.
Dərin ictimai məzmunu və orijinal təsvir vasitələri
ilə "Görmədim" şeirini Azərbaycan
realizminin erkən dövrünün proqramı adlandırmaq
olar:
Mən
cahan mülkündə, mütləq,
doğru halət
görmədim,
Hər nə
gördüm, əyri gördüm,
özgə babət
görmədim.
Aşinalar
ixtilatında sədaqət görmədim,
Biətü
iqrarü imanü dəyanət görmədim,
Bivəfadan
lacərəm təhsili-hacət görmədim.
...Kizbü
böhtandan səvayı
bir hekayət
görmədim.
Bulmadım
bir dost ki, ondan
bir ədavət
görmədim.
Hiç
kəsdə həqqə layiq bir ibadət görmədim.
Qədrü
qiymət istəyib, qeyr əz xəsarət görmədim.
İşlənən
işlərdə ehkamü ləyaqət görmədim.
Molla Pənah
Vaqif Azərbaycan ədəbi-ictimai fikrində Məhəmməd
Füzulidən sonrakı, Mirzə Fətli Axundovdan əvvəlki
böyük ədəbiyyatın fərqli zirvəsidir. Molla Pənah
Vaqifin "Görmədim" müxəmməsi
"Koroğlu" dastanı ilə "Molla Nəsrəddin"
ədəbiyyatı arasında möhtəşəm
körpüdür.
Molla Vəli
Vidadinin yaradıcılığındakı "Müsibətnamə"
ruhu erkən yeni dövr Azərbaycan ədəbiyyatının
daha ağrılı çalarlarını, fərqli
nüanslarını özündə ifadə edir. Molla Vəli
Vidadi "Söz ki çoxdur, yeri yoxdur deməyə" bəyanatı
ilə bir qədər ehtiyatlı mövqedən
çıxış etsə də, yaşadığı
dövrün "sultan-xanına" etibar etməyən,
"külli-Qarabağın ab-həyatı"nı
bayatı kimi xalq ruhunda əks etdirən, "haqqın kəraməti"
olan realist şeirin əsas yaradıcılarından biridir.
XVIII əsr Azərbaycan realist şeirinin qoşa qanadları
olan Molla Pənah Vaqifin və Molla Vəli Vidadinin
"Durnalar" şeirlərində həm təbiət hadisəsinin
reallıqları, həm də cəmiyyətdə
müşahidə olunan gərginlik notları eyni poetik oktavada
öz əksini tapmışdır. "Durnalar" şeiri
mahiyyət etibarilə realizmi Azərbaycan ədəbiyyatına
gətirən durna qatarı idi:
... Asta
qanad çalın, qafil telləri,
Heyifdir,
salarsız düzə, durnalar.
Beləliklə,
XVIII əsrdə artıq Azərbaycan poeziyasında real olaraq
insan və cəmiyyət məsələləri ədəbiyyatın
"gündəliyində" ciddi yer tutmuşdur. Bu dövrdə
xalq-aşıq şeiri formaları klassik lirika
janrlarını üstələmişdir. Daha doğrusu, Molla
Pənah Vaqifin yaradıcılığında xalq şeiri ilə
yazılı poeziya arasındakı fərq aradan
qalxmışdır. XVIII əsr Azərbaycan şeirində
heca vəznində yazılmış ədəbiyyat əruz vəznli
poeziyanı arxada qoymuşdur. Bu, Azərbaycan poeziyasında əruz
epoxasının süqutu dövrü idi. Məhz bu mərhələdən
sonra Azərbaycan poeziyasında heca vəznli şeir dönməz
xarakter almış, yüksələn xətlə inkişaf
etmişdir. Molla Pənah Vaqif Azərbaycan şeirini klassik
Şərq mühiti çərçivəsindən
çıxarıb modern ədəbiyyat müstəvisinə
çıxarmışdır.
XVIII əsrdə
artıq Azərbaycan ədəbiyyatının janr mənzərəsi
də dəyişmişdir. Klassik Azərbaycan ədəbiyyatındakı
qəzəl və qəsidəni yeni epoxada qoşma və gəraylı
əvəz etmişdir. Bu mərhələdə canlı xalq
dilində və folklor üslubunda yaranan ədəbiyyat əsasında
Azərbaycan ədəbi dili formalaşmışdır.
Haqlı olaraq Molla Pənah Vaqif Azərbaycan ədəbi
dilinin banisi hesab olunur: "Molla Pənah Vaqif ədəbi-bədii
təfəkkürün (və ədəbi-bədii dilin) milli
əsasda inkişafını mütləqləşdirirdi, -
onun xidməti nəticəsində folklor üslubu klassik
üslubun nüfuzunu sındırıb, aparıcı
mövqeyə çıxdı; bundan sonra ədəbi-bədii
təfəkkürün (və ədəbi-bədii dilin)
perspektivlərini bir qayda olaraq folklor üslubu müəyyən
etdi... Nəticədə folklor üslubu ədəbi-bədii
dili bütövlükdə təmsil etmək iddiasına malik
olur". (Nizami Cəfərov).
XVIII əsr
Azərbaycan şeirinin, xüsusən də Molla Pənah
Vaqifin tərənnüm etdiyi el gözəlləri klassik
poeziyadakı Leylilərin və Şirinlərin deyil,
"Kitabi-Dədə Qorqud" dastanlarındakı Burla
Xatunların, Banu Çiçəklərin yeni tarixi şəraitdəki
davamçıları idilər. Xalq həyatının
bütün ruhunu ifadə edən bu real qadın obrazları
özlərinin zahiri cizgiləri və mənəvi zənginlikləri
etibarilə el gözəlləri səviyyəsində
ümumiləşirlər. Çox vaxt ümumiləşmiş
şəkildə "gəlin", yaxud "şamama"
adlandırdıqları bu gözəldə Azərbaycan
qızlarının fərqli bədii obrazı
canlandırılmışdır: maral baxışlı,
saçları bənövşə, "yasəmən
qoxulu", "sözləri qənd, ağızları
piyala", "yaşılbaş sona", ən
başlıcası isə: "həyası üzündə,
əqli başında"; "Vilayət içində həm
adlı-sanlı". Bunlar kassik poeziyada olmayıb, ilk dəfə
erkən yeni dövr Azərbaycan şeirində işlədilən
orijinal bədii təsvir vasitələri idi.
Bütövlükdə
XVIII əsrdə ədəbiyyat formaca da, məzmun etibarilə
də dəyişmişdir. Bu yeniləşmə Azərbaycan
ədəbiyyatında erkən realizmin özünəməxsus
ideya-estetik xüsusiyyətlərinin meydana çıxması
ilə nəticələnmişdir. Haqlı olaraq "realistik
təfəkkürün oyanması, həyat hadisələrinə,
insana münasibətdə realist dünyabaxışın
üstün gəlməsi faktı" (Araz Dadaşzadə)
XVIII əsr Azərbaycan lirikasının əlamətdar cəhəti
hesab olunur. Şeirdə dünyəvilik və həyatilik,
dildə sadəlik və təbillik, mövzudakı
dövrandan narazılıq və taledən şikayət,
didaktik-hikmətamiz baxışların ifadəsi, nikbinlik və
kədər erkən Azərbaycan realizminin əsas səciyyəvi
xüsusiyyətləri kimi çıxış edir.
Ümumiyyətlə,
XVII-XVIII əsrlər Azərbaycan ədəbiyyatı
çoxəsrlik milli ədəbi gedişatın tarixində
xüsusi mərhələdir. Vaxtilə akademik Həmid
Araslının XVII-XVIII əsrlər Azərbaycan ədəbiyyatına
həsr olunmuş ayrıca dərslik yazıb nəşr
etdirməsi, müxbir üzv Əliyar Səfərlinin
"XVII-XVIII əsrlər Azərbaycan epik şeiri"
mövzusunda doktorluq dissertasiyası müdafiə etməsi bu
tarixi mərhələnin milli ədəbiyyatın
inkişafındakı xüsusi rolunun və mühüm
yerinin elmi fikirdə etiraf olunmasının real göstəriciləridir.
Erkən Azərbaycan realizmi ədəbiyyatımızda realist
ədəbi cərəyanın başlanğıc
dövrü, yaxud start mərhələsidir. Bu, Azərbaycan
realizminin təməlini, bünövrəsini təşkil edən
yeni tipli ədəbiyyatdır. Erkən realizm mərhələsi
realist ədəbiyyatın davamlı olması
üçün mühüm zəruri şərtləri
hazırlamışdır. Molla Pənah Vaqifin "Bayram
oldu" şeirində həyati çətinliklərlə
birlikdə "kamal da yoxdur" kimi dərin təəssüf
və narahatlıq hissləri ifadə edən misraları həm
də davam etməkdə olan yeni Zamanın ağıla, elmə,
tərəqqiyə, maarifçiliyə olan dərin
ehtiyacının ifadəsi idi. Bu, cəmiyyətdə və ədəbiyyatda
meydana çıxacaq yeni tarixi mərhələnin - XIX əsr
Azərbaycan maarifçi realizminin təməllərini
hazırlayan erkən realizm ədəbiyyatıdır. Erkən
realizm - Azərbaycan ədəbiyyatında sonrakı yeni
dövrün, maarifçi realizm mərhələsinin hərəkətverici
qüvvəsidir.
2017
İsa Həbibbəyli
Ədəbiyyat qəzeti.- 2018.- 13
yanvar.- S.22-23.