Əbdürrəhim bəyin "qəstin"ləri
Professor Kamran Məmmədovun unudulmaz xatirəsinə
Əbdürrəhim bəy Haqverdiyev 1906-cı
ilin noyabr ayında "Molla Nəsrəddin"in sorağı
ilə Rusiyadan Tiflisə gəlir. Əbdürrəhim bəy xatirələrində
yazır ki, "bir qədər mehmanxanada rahat olduqdan sonra birbaş "Molla Nəsrəddin" idarəsinə
getdim".
Əbdürrəhim bəy "Odissey kompleksinə" malik yazıçıdır. Odissey kimi, yerdəyişmə onun taleyinə yazılmışdı. Mehmanxana
da evdir, amma müvəqqəti evdir, "özgə dünya"nın bir hissəsidir. Əbdürrəhim
bəyin qəhrəmanları
da sanki evdə yox, mehmanxanada rahatlıq tapırlar. Bəlkə ona görə də mehmanxanalarda qalmağı sevirdi…
Əbdürrəhim bəy "Ağa Məhəmməd Şah Qacar"ı yazanda İranda, bir müddət mehmanxanada da qalmalı olur.
1919-cu ildə Müsavat hökuməti göndərişi
ilə Dağıstana
gələndə öncə
mehmanxanaya gedir…
Şuşa onun yaddaşında
"uca dağ başında" böyük
bir mehmanxanaya dönmüşdü. Mehmanxana
metaforası bəlkə
bu uşaqlığının
travması ilə bağlıydı: anası
atasının ölümündən
sonra başqa ərə gedir. Balaca Əbdürrəhimə
əmisigildə göz
verib, işıq vermirlər. Biçarə
uşaq əzablara dözməyib anasının
yanına qayıdır…
Onun bioqrafiyası "mehmanxana
mətni"ndən ibarətdir.
Onun bədii süjetlərinin
əsas xronotopunu da mehmanxana təşkil
edir, süjetlərdə
mənayaradıcı məkandır.
Mehmanxana yeganə yerdir ki, qəhrəman
öz mehmanxana sərgüzəştlərinin tarixini, keçən günləri ardıcıllıqla
danışa bilir. Qəza ispalkomunun maarif şöbəsinin zavxozu Süleyman Qurbanov" üç min
manat cibimə pul qoyub Tiflisə
varid olub birbaş "Oriyant" mehmanxanasına getməsini
xatırlayır. ("Keçmiş
günlər"). Bütün
yollar onun "marallar"ını mehmanxanaya
aparır. Ona görə də "bir baş" zərfini çox işlədir.
Şeyx
Şabanın, Mirzə
Səfərin, qoca tarzənin evində həmişə bir fanilik, müvəqqətilik
rüzgarı dolaşır.
"Röya" hekayəsində
"Dərbənd" mehmanxanası
qoca acar Süleyman əfəndinin
mənzili olur.
Dramlarında hadisələr otaqlarda
cərəyan edir. Bu otaqlar sanki mehmanxana
nömrələridir. Ağa
Məhəmməd şah
Qacar Şuşada xan evində qalır və bura da onun son mənzili olur…
Onun personajları hansı şəhərə gedirlərsə,
öncə mehmanxananın
yerini soruşurlar. Mozalan bəyin səyahətinin əsas
"marşurutu" mehmanxanalardan
keçir. Onun Gəncə səyahəti
"Tehran" mehmanxanasından başlayır.
"Müsəlman qəstinləri"
əyalət şəhərlərinin
ayrılmaz hissəsidir,
vizit kartıdır. Şəhərlə tanışlıq
mehmanxanadan başlayır:
"Çox gözəl
müsəlman qəsdin"ləri
var. "İstanbul", "Tehran",
"Parij" yaxşı
əla nömrələr,
əla xörəklər,
çox rahat olarsınız" ("Mozalan
bəyin səyahətnaməsi").
"Əla nömrələr",
"göyçək nömrələr"
bu mehmanxanaların reklam epitetləridir.
Gəncədə mehmanxana biznesi ilə məşğul olan Seyid Bala
onunla öyünür
ki, onun mehmanxanasında, "nömrələrdə
qumar oynanmır, cavanlar yığılıb
kef eləmirlər. Təmizcə,
pakizə müsəlman
nömrələri saxlayıram,
müsəlman aşpazı
saxlayıram, gözəl
plov, dovğa, dolma, küftə bişirir ki, ölü yesə dirilər". "Müsəlman
qəstinləri" əla
xörəkləri ilə
tanınırsa, "Rusiya
nömrələrinin samovarına
söz ola bilməz".
Qəhrəmanlarının canındakı macəra-sərgüzəşt instinkti, cismani ehtirasları, erotik xülyaları yalnız "yad məkanlarda" - mehmanxana
nömrələrində gerçəkləşə
bilir. Mehmanxana kələkbazlıq və
gopçuluq üçün
ən əlverişli
məkandır.
Tiflis
"qəstin"ləri zəngin,
varlı bəylərin
eyş-işrət yeridir.
"Dördü bir yerdə olanda Tiflis qəstinlərində sürdükləri
kefdən bir-birinə
söyləyənlər" ("Xortdanın cəhənnəm
məktubları").
İranlı Mərdudqulu xanın
Tiflisdə bir nömrədə başı
bir xanımla kefə necə qarışırsa, gecə
var-yoxunu oğurlayırlar,
bircə papağına
toxunmurlar.
Keçmiş günlərin nostaljisi
onların yaddaşını
rahat buraxmır. "Budur, neçə ildir ha çalışıram
ki, heç olmasa, gedim gendən
də olsa o kef çəkdiyim mehmanxanalara
tamaşa eləyim".
Ən maraqlı hadisələr mehmanxana tarixçələridir: "Axşam
saat səkkizdə, gecə paltomun boynunu yuxarı qovzayıb, papağımı
gözlərimin üstünə
basıb birbaş
"Qryaznaya nömrəyə"
rəvan oldum. Qapıçıdan soruşdum:
"Filankəs mənzildədirmi?"
Dedi: "Buyurun, mənzildədir" və
cavab vermədən ikiqat baş əyib, iki barmağı ilə boynunun ardını qaşıdı. Boynun ardını qaşımaq
bir zəbani-haldır.
Bunun mənası budur ki, "buraya gəlib-gedəndə
kasıb-kusubu unutma".
Yazıçı əyalət həyatının
absurdluğunu və məntiqsizliyini təsvir edərkən sarkazmından
qalmır. Qərvənddəki
mehmanxananın qəribəliyi
ondadır ki, nömrələrin yolu yoxdur. Səbəbini belə izah edirlər: "Burada oğru-əyri çox olduğundan müştəriləri
nərdivanla çıxardıb
sonra nərdivanı götürürük". Bu mehmanxananın
bir pəncərəsi
də süşəsizdir.
Səbəbi də budur ki, pəncərə
olanda ditdili və milçək çıxmağa yol tapmır.
Rusiya mehmanxanalarının vəziyyəti
ürəkaçan deyil,
"rütubət qoxusu
nömrələrin zinətidir…"
Əbdürrəhimbəyin rus mehmanxanalarının bir xoşagəlməz detalını da qeyd edir: "Rusiya nömrələrində
həşaratül-ərzdən hər nə istəsən tapılar: birə, taxtabiti, siçan, tarakan deyilən bir növ dozanqurdu ki, adına bizim kəndlərdə
"qara fatma" deyirlər…"
Bu təsvir Qoqolun "Ölü canlar"ında
bir bənzətməni
xatırlatdı: "Qara
gavalı kimi görünən tarakanlar".
"Mehmanxana" obrazı Ə.Haqverdiyevdə (M.Cəlildə
də!) xalqın, toplumun metaforasıdır. Yadınızdadırsa,
Mirzə Cəlilin
"Nigarançılıq" hekayəsi belə başlayır: "Tiflisdə
"İslamiyyə" mehmanxanasının
üçüncü nömrəsinə
iki nəfər müsafir düşmüşdü,
ikisi də naxçıvanlı idi…
Həmin
gün mehmanxanaya bir nəfər də gəldi düşdü, bu da şirvanlı Məşədi Məmmədbağır
idi ki, özgə
nömrələrdə yer
olmadığından qabaqkı
məşədilərin razılığı
ilə həmin üçüncü nömrəyə
bir kravat qoydurdu, bunlara yoldaş oldu".
Əbdürrəhim bəydə isə "İnsafiyyə"
mehmanxanasının sahibi
altı nəfər iranlını bir nömrədə yerləşdirir
("Həmşəri pasportu").
Göründüyü kimi,
metafora hekayəni pritçaya çevirmək
gücündədir…
Rüstəm Kamal
Ədəbiyyat qəzeti.-
2018.- 13 yanvar.-S.30.