Rəqəmlərin yerdəyişməsi
- "1984"
Bizim nəslin bəxti onda gətirdi ki, sovet senzurasının sərhədindən keçməyən bütün qadağan olunmuş əsərləri oxuya bildik. Yeni nəsil Soljenitsının sovet rejiminə qəbir qazan "Qulaq Arxipelaq"ını da, Boris Pasternakın Rusiya inqilabından bəhs edən "Doktor Jivaqo"sunu da, Nabokovun "Lolita"sını da, Volterin hələ sağlığında başına bəla açmış "Kandid"ini də, Henri Millerin azad insan münasibətlərindən bəhs edən realist romanlarını da, Dovlatovun sosializmə ironiya ilə yazılmış əsərlərini də oxumaq imkanı qazandı. Adlarını sadaladığım müəlliflər və əsərlər keçmiş SSRİ məkanında birmənalı şəkildə qadağan olunmuşdu. Az sayda qələm adamı bu əsərlərdən bəzilərinin "samizdat" nəşrlərini oxumaq imkanı qazanmışdı. Rəsmi ideologiyanın dəmir qapıları mühacir ədəbiyyatının üzünə bağlı idi.
Antiutopik janrın ən mükəmməl nümunələrini yaratmış Corc Oruellin məşhur "Heyvanıstan" və "1984" əsərləri də qadağan olunmuş əsərlər sırasındaydı. Vəzifəsinin içində itib-batmış senzorlar bu əsərlərlə bağlı hansısa bir cümləni belə mətbuata yaxın buraxmırdılar. Bu, insanın öz mahiyyətindən uzaq düşdüyü bir dövr idi, sosialist ölkələrində zombiləşmə mutant insan tipləri yetişdirmişdi. İnsan deyilən varlıq yox idi, o, çoxdan yerinə yetirdiyi funksiyaya çevrilmişdi. Sosializm maşını onu həzm-rabedən keçirmişdi. Hətta insanların ruhunu da işğal etmişdilər. Onlar sadəcə, nəhəng bir mexanizmin vintciyinə çevrilmişdilər. İnsanı vacib dəyərlərdən məhrum edib məzmunsuzlaşdıran, təkfunksiyalı məxluqa çevirən hakim ideologiya öz yazıçılarına "Gənc qvardiya" kimi əsərlər yazdırırdı. Yazıçılar ideologiyanın mirzələrinə çevrilmişdilər, etiraz edənləri ən yaxşı halda Sibir gözləyirdi. İdeoloji təzyiqə müqavimət göstərənlər məhv olmamaq üçün çıxış yolunu mühacirətdə görürdü. Oruell də məhz həmin sistemin bədii obrazını yaratmışdı.
"Heyvanıstan" haqqında ötən il ayrıca bir yazı yazmışdım. Oruelli dünya ədəbi arenasında daha çox məşhurlaşdıran "1984" romanı isə o qədər çoxşaxəli, çoxqatlı bir əsərdir ki, bu mətnə müxtəlif rakurslardan yanaşmaq tələb olunur və bir yazıda bütün bu mətləbləri ehtiva etmək mümkünsüzdür. Əsərin tərcüməçisi Vilayət Quliyev kitaba o qədər geniş, müfəssəl bir ön söz yazıb ki, bu yazıdan sonra nəsə yazmaq çox çətindi. Mən olsa-olsa, yalnız təəssürat xarakterli yazı yaza bilərəm. Uzun illərdən bəri yazı sənətilə məşğul olan bir adam kimi romanın mütaliəsi zamanı keçirdiyim hissləri yazmağa ehtiyac hiss etdim.
Corc Oruell yaradıcılığa başladığı ilk dövrdən imperializmin, müstəmləkəçiliyin əleyhinə olub. Yaradıcılığının ilkin dövrlərində yazdığı "Birma günləri" romanında ingilis müstəmləkəçilərinin qaradərililərə qarşı qeyri-insani münasibətini realist üslubda qələmə alıb. Əsərdə Hindistanın ingilis müstəmləkəsi olduğu dövr Oruellə xas olan soyuq tərzdə təsvir olunub. "1984"ə gedən yol "Birma günləri"ndən başlayır. Yazıçının ictimai-ədəbi platforması bu əsərdən başlayaraq formalaşmağa doğru gedir. İngilislərin Hindistanın ucqar əyalətində məktəblər, xəstəxanalar açmasını onlar inkişaf, tərəqqi kimi qəbul edir və bunu əsas gətirərək müstəmləkəçiliyə haqq qazandırırlar. Qaradərili doktor Verasvami ilə ingilis Flori arasındakı dialoq bu mövzuda davam etdirilir. Mədəniyyəti tərəqqi kimi qəbul edən korazehin doktor düşünmür ki, bu mədəniyyət köləlik bahasına verilir. Bu məkrli metod eynilə sovetlərin öz istilasına bəraətini xatırladır. Ümumiyyətlə, bütün müstəmləkəçi dövlətlər eyni xətti yürüdür. Assimilyasiya siyasəti elm, təhsil, mədəniyyətlə ört-basdır edilir. Oruell bu məkrli siyasətin üzərindən sənətkarcasına pərdəni qaldırır və müstəmləkəçiləri ifşa edir. Yazıçı bu əsərdə bir növ, açıq kartlarla oynayır.
"Birma günləri" romanı 1934-cü ildə ABŞ-da, bir il sonra isə İngiltərədə çap olunur. Amma müstəmləkəçilik dönəmi sona yetincəyə qədər Hindistan və Birmada satılması qadağan olundu. Kitabı oxuyanlar belə məhkəməyə cəlb edildi. Amerika yazıçısı Cek Londonun "Dəmir daban"ı da imperializm əleyhinə yazılmışdı. Ondan da əvvəl digər Amerika yazıçısı Harriyet Biçer Stou qaradərililərin ağalar tərəfindən amansızcasına istismar olunmasını özünün məşhur "Tom dayının daxması" romanında əks etdirmişdi. Bu əsər qul sahibləri tərəfindən böyük narazılıqla qarşılanmışdı və sonralar zəncilərin öz hüquqlarına qovuşmasında bu əsərin müstəsna rolu oldu. Corc Oruell də sələfləri kimi ictimai platformadan çıxış edirdi. O, ötən əsrin 30-cu illərindən ömrünün sonuna qədər ictimai-siyasi, toplumsal yazılar yazdı. Onun ardıcıl ictimai fəaliyyətinin yekunu "1984" romanı idi. Özü əsərin adıyla bağlı belə izahat vermişdi: "1948-ci ildə romanı bitirdiyim üçün 1948-in son rəqəmlərinin yerlərini dəyişdirməyə qərar verdim".
"1984"ü bəşəriyyətin
imperializm fəsli
adlandırmaq olar. Bəşər tarixinin, sivilizasiyasının
keçdiyi yol həm də əcaib eksperimentlərlə zəngindir,
bu eksperimentlərin ən ağlasığmazı, ən iyrənci
sovet imperiyasının payına düşdü. Bütün
ideoloji doktrinalar insanlığın mənəvi cəhətdən
axtalanmasına xidmət edirdi. Kommunizmin bünövrəsi
milyonlarla günahsız insan sümüklərilə bərkidilirdi.
Sovet insanı isə dahi rəhbərin portreti önündə
"xoşbəxtlik və səadət" himnini oxuyurdu.
Oruellin romanında
sovet imperiyasının
və Stalin rejiminin inzibati amirlik sistemi ifşa olunub. Həqiqət Nazirliyinin əməkdaşı
Uinston bütün həqiqətləri təhrif etməklə,
keçmişi saxtalaşdırmaqla, keçmişə aid
bütün sənədlərin yandırılmasıyla məşğuldur.
O, Fikir Polisinin dəhşətli xofu altında yaşayır.
Böyük qardaşın qanunlarıyla idarə olunan
Okeaniyada başqa cür düşünmək olmaz, sən hətta
hisslərini də zorlamalısan, əks halda sənin beynin
yırtıcı siçovullara yem olacaq. Teleekran adamların
hər hərəkətini izləyir. Fikir cinayətləri
insanların düşüncəsini gecə-gündüz
zorlamaqla məşğuldur. Evdə körpə qız
doğma atasını yuxuda Böyük qardaşı
söydüyünə görə Fikir polisinə təslim
edir. Bu cəmiyyətdə hər kəsin dostu yox, yalnız
yoldaşı ola bilər. İnsanlar bir-birinə yalnız
"yoldaş" deyə müraciət edir. Tədricən
fikrin sərhədləri daralır. Partiya ədəbiyyatı
da dəyişmək gücündədir, hədəfdə
"azadlıq" məfhumunu ləğv edib
düşüncələrdən silmək var.
Oruellin əsərini
oxuduqca insan havalanmaq həddinə
çatır, kəsif, boğucu hava sanki səhifələrdən
adamın sifətinə vurur. Murdarlığı,
çirkabı, üfunəti bundan daha artıq dərəcədə
təsvir etmək qeyri-mümkündür.
Ər və arvad gecə yatağa
girirlər ki, uşaq əmələ gətirsinlər,
qadın ərinə deyir ki, "bu, bizim partiya
qarşısında borcumuzdur". Ər-arvad sanki yataqda da plan verirlər.
Partiya insanların yataq otağına qədər soxula bilib, hətta
onların cinsi ehtiraslarını belə yönləndirmək
iqtidarındadır.
Uinston onunla eyni nazirlikdə
çalışan Culiyaya vurulur, bu sevgi onun həyatını
dəyişsə də, həyatını xilas edə bilmir. Böyük qardaşın
baxışlarından heç nə yayınmır. Onlar
qısa müddət xoşbəxt olmağa macal tapırlar. Hər
ikisi çox amansızlıqla cəzalanır. Onlara heç
yalan və həqiqətin nisbətini müəyyən etməyə
belə imkan vermirlər. Səbəbsiz günah hissindən əziyyət
çəkən bu aşiqlər amansız işgəncələrə
məruz qalırlar. Vilayət Quliyev yazır ki, bu əsər
həm də dünyanın ən kədərli məhəbbət
romanlarından biri sayıla bilər.
"1984"
romanı indiyə qədər dünyanın 70-dən çox
dilinə tərcümə olunub və yazıldığı
dövrdən 70 ilə yaxın vaxt keçməsinə
baxmayaraq əsərə maraq bu gün də azalmır, yəqin
ki, bundan sonra da azalmayacaq. Oruellin yazdıqları indiki rahat
dünyanın insanlarına ağlasığmaz
görünür, halbuki əsərdə təsvir olunan hadisələr
ötən əsrin sonunda canını
tapşırmış idbar rejimin törətdiyi cinayətləri
əks etdirir. O rejimin həm fiziki, həm də mənəvi
cəhətdən şikəst etdiyi insanların az qismi indi də
yaşayır. Onlar da nə vaxtsa dünyadan köçəcək,
amma "1984" tarixə şahidlik edəcək, bəşər
tarixinin ən ləkəli, insanlığa utanc gətirən
səhifəsi kimi qalacaq. Diktaturalar üçün bu əsər
həmişə təhlükə mənbəyi olacaq.
C.Oruell
son gücünü toplayıb
bu əsəri yazdı və bir il sonra
dünyasını dəyişdi. O, sanki bütün həyatı
boyu bu əsəri yazmaq üçün
yaşamışdı, onun bu dünyadakı yeganə
missiyası diktatorların insanlığın məhvinə
yönəlmiş xəbis niyyətlərini tarixin
yaddaşına köçürmək idi. O, gəldi,
dünyanın bütün diktatorlarının qəbrini
qazdı, işini bitirdi
və getdi.
Kənan Hacı
Ədəbiyyat qəzeti.- 2018.- 13
yanvar.- S.31.