Aramızda
danışan
Hekayə
Gözlərim yaşıldı. Belə deyirsən, sonra
xeyli susursan...
"Yox"
- deyirəm, - sənin gözlərin mavidi... Baxdıqca
işığa görə dəyişir. Gah mavi olur,
gah yaşıl...
Bunu kim söyləyir ikimizin arasında? Bir az sən, bir az mən ola bilərmi? İkimizin səsidimi bu? Sənin, ya da mənim
olmayan bir səsmi?.. Nə
tez? Aramızdakı boşluğu dolduran,
yoxluqları var edən bir şey var. Düşüncələr
səssizcə axıb gedir, səndən mənə, məndən
sənə. Səssizcə və sözsüz... Bu eşq bir düşüncənin körpəsidir,
təsdiqin, ya da inkarın deyil. Bu üzdən
sözləşməyə ehtiyacımız yoxdu. Bəlkə, bunu mən deyirəm. Yaxud sən... aramızda bir başqasının
danışması dilin ortadan yox olmasıdırmı? Yoxsa üçüncü bir dildimi bizi sorğu-sual
edən? Hər nəsə... baxdıqca dəyişir,
dalğalanır...
Mən elə hey mavi görürəm. "Dənizə
həsrətindəndir" - deyir. Kim?
O
üçüncü dil var ha, o... Daha
doğrusu, olmalıdı. Elə
sanıram. Başqa bir ehtimal da var; mən
bəzən özümdən gizlin də danışa bilirəm.
Danışa bilirəm dediyimə baxma, bunu bilərəkdən,
istəyərəkdən eləmirəm, danışıram
sadəcə... Bir dəqiqə, aləm bir-birinə
qarışdı. Bilərək, istəyərək eləmədiyim
şey necə mənim işim ola bilər
ki? Yəni mən o işi edən adam ola
bilmərəm. Haydı, özgəsi deyiləm... Bilmədən və istəmədən
danışıram mən. Amma mütləq
özümdən gizlin. "Sayıqlayır"
- deyəcəksiniz. Bundan daha uyğun ad
tapa bilmədim.
Bütün
bunlar yuxu ola bilər. Dahası da var... Kəndin ortasında unudulmuş, bəlkə də,
bu üzdən sökülməmiş evlərin arasında
itib-batmış torpaq bir evdə yuxudan oyanıram. Görülən deyil, bəlkə də, qurulan bir
yuxudu bu. Evin torpaq döşəməsi həmişəki
kimi nəmlidi. Hardasa sabaha qədər
siqaret dumanı altında kitab oxuyuram. Bəzən
hava qaralmamış baytarlıq, aqronomluq, ədəbiyyat,
mühəndislik, tibb fakültəsindən dostlarım gəlir.
Hamısının gələcəyə baxan
gözlərində dərin bir qaranlıq var. Kimi tərk
edilmiş, kimi aldadılmış, kimi unudulmuş... elə
hiss olunur ən azından. Hərəsinin
də bir hekayəsi var. Ümidsiz adamlar içində səni
sevməyi öyrənirəm, anlayacaqsan. Sonra
bəlkə, bu tərk edilmişliyin,
aldadılmışlığın, unudulmuşluğun bir
sonu olaraq gələcəyə qaranlıq baxan gözlərimizlə
ölkənin gələcəyini aydınlaşdırmağa
çalışırıq. Hər
şey kəsif siqaret dumanı altında yuxu kimi axıb
keçir.
-Yoxsa hər
şey gerçəkdən yuxudu? Zaman belə bir şey
olmalıdı; gerçəyi yuxunun sifətinə yaxan bir
şey... Buna ehtiyacım var; bütün
bunların gerçəkdən bir yuxu olduğuna inanmağa məcburam.
Sənə belə bir yuxunun, gerçəkdən
yuxu olan bir yuxunun içindən çıxaraq gəlməliyəm.
Çünki gerçək, yavaşıdan,
dayandıran bir şeydi.
Orda, akasiyaların altındakı ağır, kobud piknik
masalarından birində oturarkən başımızın
üstündən quşlar uçurdumu? Hər şey
o qədər köhnədi, o qədər tükənib ki,
başqa bir şey tapa bilmirəm. Quşlar
kimi, bir tüfəng səsiylə silkinib oyanan quşlar kimi,
qanadlarını qorxuyla çırpıb tüklərini
tökən quşlar kimi oyanıram bəzən
keçmişin röyasından. Fəqət
orda olduğum zaman da elə bir yuxudan qəfildən
oyanırdım.
Daha
doğrusu, sənə, üzünün atəş kimi yanan
yerlərinə, gözlərinin dəniz kimi sərinlədən
maviliyinə, sonra dodaqlarına, kirpiklərinə, masada rahatlıq tapmayan quşlar kimi - hə,
quşlar, bizim eşqimizin xatirəsi quşlar, köçərkən
ya da uçarkən, vurularkən ya da... Çırpınan
barmaqlarına... Boynunda gümüş bir
quş qanadı, rəngli yazı və qədəri
çağıran. Oracıqda yazılan bir şey
vardı; bəlkə də, bir şeir, ya da hökmə dair
deyil, bir şeyi, bir qədəri, bir eşqi yaşamağa
aid...
Gün eləcə başlayırdı. Saçların
sovrulduqca bir təbəssüm gəlib qonurdu dodaqlarına.
Masmavi baxırdım göy üzünə və
sürəkli vurulan, təkrar-təkrar vurulmağı
yaşayan bir quş kimi aşiq olurdum sənə.
Belə
bir etirafdı tarixə və sonsuzluğa qarşı...
Qalxıb ovcumun içində bir göyərçinin
istiliyiylə dolaşdım şəhər-şəhər. İllərcə... Dönüb, dönüb sənə gəldim.
Ağır, taxta qapılarının
önündə bir dolça su istədim.
- Küpdən
bir dolça su verən yoxdumu? - deyə
inlədim.
Sənin qapın çölə
açılırdı, sonsuz bir çölə. Qum-qum
çoxalan bir eşqlə gəldim qapına. Sarı qum dənələrinin günəşdə
necə yandığını seyr etdik birlikdə. Sən
daima bir çaşqın təbəssümlə baxdın
çölə, mən həmişə gözlərimi
qıyaraq acıyla, atəşə dəyən
baxışlarımın yanğısını xəfiflətmək
üçün ağlayaraq... Çöldə
yazılı olanı oxumaq üçün qədər aləminəmi
sahib olmaq gərəkdi? Mənə bir
şey söyləyəcəksənmi? Yüyürsəm
çölə doğru, çölün qəlbinə
doğru, bədənim, dodaqlarım, baxışlarım
qumların rəngini alana qədər...
Sonra orda, gündən yanmış bir ağacın
kölgəsinə sığınan pişiklərə
baxıb səndən bir şeylər umaraq yaşadım illərcə. Bir
tovuzquşu gəlib qanadlarını açdı
üstümə. Bir şeir kimi, bir
şeirin mənası kimi, göyün atlasına
sığınmaq istədim. Bir qoxu olmaq
istədim. Nazilə-nazilə qeyb olan bir qoxu...
Yoxluğa nə qədər yaxınlaşa bilərəmsə,
o qədər yaxınlaşmaq və tam orada var olmaq istədim.
Gözlərimin içinə baxıb gülümsədin. Gülümsəmənin
mənası sonsuzluğun boşluğunu doldurdu.
Mənim
kəşf etdiyim boşluğu... Sonra oturdum sənin
kölgəndə. Əriyərək, torpağa
sızaraq bir damla su kimi... Çölə atsaydın məni…
o sapsarı yanan çölə, gözlərində sərinliyi
tapan çölə...
Bəlkə, ən çoxu bir saniyə yaşaya bilərdim. Varlığımı
bir su damlası olaraq bir saniyə duya bilərdim. Sonra dağılan, sovrulan bir buxar olardım, bəlkə.
Bir buxar olaraq varlığımı hiss edə bilərdinmi?
Beləcə qadınlar gəlib fəzada durardılar.
Sonra mən qəfildən qalxdım və heç bir
şey demədən uzaqlaşdım oradan. Gözlərinin
baxdığı yerdə bir dəqiqə belə dura bilməzdim,
buna gücüm çatmazdı. Amma sən
bilmirdin, heç bir şey bilmirdin. Getdim və
hər şeydən uzaqlaşdım. Getdim
və sonsuz bir meydanda, kainatın xırman yeri kimi
açdığı bir yerdə durdum. Sonra
göyə baxdım. Gecəydi, ulduzlar
fırlanırdı başımın üstündə.
Onlara uydum və səhərəcən
fırlanıb durdum. Başı kəsilən
bir quş kimi fırlandım. Vurulmuş
kimi döndüm. Bəlkə, orada,
ulduzların iplik-iplik dünyaya endiyi yerdə öldüm.
Dönərək öldüm, ölərək
döndüm.
Geri döndüm və sənin gəldiyini
gördüm.
Ayaqlarımı sürüyərək
yüyürdüm. Adətim belədi.
Sağ tərəfimdə uzun, qarasaçlı,
badamgözlü bir qız vardı. Adını
xatırlayıram. Heç bir şey demədən,
çəkinmədən gəlib qoluma girmişdi. Badamgözlü, uzun saçlıydı. Məndə qalan fotoqrafın solmayan
qırıntılarıydı bunlar. Bir də
gülümsəməsi... qulağıma
pıçıldadığı cümlələrdən
çox bədənimə hopan qoxusunu xatırlayıram indi nədənsə.
Sonra getdik və sənin varlığını
arxamızda buraxdıq. Bunu məndən
çox, o istəmişdi sanki. Badam
gözlüydü...
O isə
sənin geridə buraxılmaq istəmədiyini bilə
bilmirdi. O boş evinin qonşuluğuna birlikdə getdik. O mənimi,
yoxsa mənmi onu dəvət etdim, bilmirəm. Çay
içdik, hə, xatırlayıram, çay içdik. Buğlanan bir samovardan çay dəmlədim ona.
Evin arxasındakı kiçik bağçada
şaftalılar çiçək açmışdı.
Öpüşdük də. O öpdü
deyəsən, təklifsizcə. Amma ikimiz də
bunun eşq olmadığını bilirdik. Oturduq, saçlarını sevdik. Bir çay kimi axdıqca çoxalırdı.
Sevdik və işıqlı bir tərəfi olduğunu
fərq etdik. Bunun sənə xəyanət
demək olduğunu bilmirdim.Sözləşməmişdik.
Aramızda səssiz, sözsüz gedib-gələn
sözlərə rəğmən məni sevib sevmədiyini
bilmirdim. Daha doğrusu, bilirdim, amma bunun
söylənmiş, sözə tökülmüş bir elm qədər
dəyəri yoxdu. Əslində, onu aşarkən belə...
İllər sonra həyatın o yolları təkbaşına
qaçmaq kimi bir şey olduğunu qavradım. İndi bir lalənin
boynuna söykənən bir şairin ürəyində
saxlayıram səni. Əslində, sənə
anlatmadım - torpaq damların kölgələrində bir
köhnə pencəyin altında yatdım aylarca. Ətəkləri küləkdən fır-fır
fırlanan qadınlar gəlib keçdilər, dönüb
baxdılar üzlərini bürüşdürərək.
Yaxşıca torpağa sığındım, ərimək,
bir damla su olaraq hopmaq istədim. Orada
özümü sınadım. Orada səni
və sənə olan eşqimi sınadım. Gedərkən sənə vida etmədiyimi söyləyəcəyin
günləri gözlədim. O isə... Sonra
o gəldi və əsasıyla böyrümə toxundu. Əyilib saçlarımı oxşadı, bir
şey, su kimi, atəş kimi dirildən və öldürən
bir şey pıçıldadı. Bu sirri kim söyləmişdi ona? Bunu
necə etmişdi? Suyu və odu, ölümü və
yaşamağı bir kəlmədə
görüşdürməyin sirrini kim niyə
vermişdi ona. Qalxdım və yağışa
tutdum başımı. Küləyi bir
köynək kimi geyinmək istədim. Bəlkə, bir
at kimi küləyə minmək... Sonra
dağlara doğru sovurdum özümü. Çobanlar
bir türkü kimi söylədilər gecələrdə məni...
Həyətin döşəmə daşlarını
yuyan bir yağış yağır əsrlərin o
üzündən. Saçaqların altında qumruların səssizliyilə
köhnə bir günü yaşayırıq. Sanki kainat yenidən, bambaşqa bir şəkildə
yaradılacaq bir azdan. O ana, o yaradılışa
şahidlik etmək üçün ölə bilərəm.
Bir quş gəlib çiynimə qonsa, bir quşun
qanadları dəysə üzümə... Dizlərimin
üstündə neçə il gözləyə
bilərəm o anı? Neçə il
daşları qocaldaraq, aşındıraraq bir zikrə dura
bilərəmmi? Bir qapı açılarmı
boşluqdan? Yoxsa bir qaranlığın
içinəmi atılaram sonsuza qədər? Üzümə bir ovuc su səpən
tapılarmı? Bir ağacın səbrini, bir
çiçəyin, toxumun səbrini kim
verər mənə?
Gün gecəyə yetincə qapıları aralayıb
yol verdilər.
Kim olduqlarını bilmirəm. Getdikcə zərifləşən bir bazarı gəzdim
başdan-başa. Əfsanələrdən
çıxıb gəlmiş adamlarla danışdım.
Sarısı tündləşən daş
divarlarla yaşlandım. Bir dəniz şəhərinə
gedəcəyimi orada bir taxta ayaqqabı təmir edən pinəçi
söylədi mənə. Əvvəlcə
qorxulu mənalar verdim dediklərinə. Amma
get-gedə söz mənə çatdı. Hər şey gözlərinə dəlalət
edirdi, hər şey gözlərindən xəbər verirdi.
Yenə də ayrılığın
yükünü təkbaşına daşımağa
gücüm yox idi. Heybəmə duz
doldurdum. Çöllərdə
dolaşdım. Çılpaq ayaqlarım
yandıqca gözlərinin dənizini andım. Heybəmdəki duz əridikcə canımı
yandırdı. Əllərini düşündüm,
quşları və akasiyaları... Bahar gəldi,
bir ətir yayıldı.
Orada, bir evin içində qabaq-qənşər oturanda
səssizliyimin bir ayrılıq məqamına gəldiyini
bilirdim. Getmə deyə bilmədin. Bəlkə,
barmaqlarınla birlikdə ürəyin də
çırpındı quş kimi, amma deyəmmədin.
Gözlədim və heç bir şey söyləmədən
getdim. Düzü, səssizcə
vidalaşdım. Çılpaq
ayaqlarınla eşqi necə rəqsə
çağırdığını bir kərə daha
xatırladım və getdim. Heç bir
şeyə inanmadan yaşamağı seçən mən
deyildim. Sonra gedib hər şeyi qaranlıq
bir gecədə dənizə danışdım.
Oaranı məkan seçdim, minarələrin kölgəsində
oturdum, zeytun ağaclarının səsini dinlədim,
qağayılar çığıra-çığıra
fırlanıb durdu başımın üstündə, ən
incə çiçəklərin açmasını izlədim...
Sonra orada, o şəhərdə səni axtara-axtara
ölümlə görüşdüm. Bir narahat
otaqda səhərə qədər tərpənən pərdələrə
baxa-baxa ölümü tapdım. Ölüm
bir sağanaq yağışı kimi səsiylə hopdu evin
içinə. Bir quş gəlib pəncərəyə
qonsun deyə havayı gözlədim. Deyərkən
gəlib mənə adını sordu. Gözlərini
anlatdım. Bir daha soruşdu, üzündə
yanan atəşdən bəhs etdim. Sonra rəqsinin necə
uzanıb getdiyini... "Şeir yazmalıydın" - dedi,
yazdığımı bilirmiş kimi. "Amma mən şair
deyiləm" - dedim yazdığımı bilməsin deyə.
Bunun nə qədər qorxulu bir iş olduğunu anlatdım və
özümü tanıtdım. Sözün əsiri
olmağın Tanrı sınağı olduğunu və
bacarığın insana, insan qaldıqca uzaq durduğunu dedim.
O mənə bunu ancaq insan olaraq edə biləcəyimi
söylədi. Halbuki, heç bir şey etmək
istəmirdim. Məğlubiyyətin
acısını, məsuliyyətini yaşamaq istəmirdim.
Hətta məğlubiyyətin keyfini kimsənin
pozmasına izn vermədən ölmək istəyirdim. Gəldi və işıqlı saçlarını
sərdi yastığıma. Məni orada
da tapdı. Orada, sənin əsla
tapmadığın, aramadığın yerdə. O zaman
əslində kimin getdiyini, getmənin əsl kimə aid
olduğunu anladım. "Dənizin bazarları
olmalıdı" - dedi, sahildə gəzərkən.
Axşamdı və mən yenə də sənin
gözlərinə aid bir şeylər axtarıram
baxdığım hər yerdə.
Bir hekayənin yenidən yazılmasıdırmı qədər?
Durub baxıram boşluğa. Keçmişlərdə, çox keçmişlərdə bir kölgə məni çağırır. Saçları uzandıqca üzür gecəyə. Axıb gedir bir çay kimi. Gözlərinin dənizinə çökən qaranlığın səbəbini düşünür.
Motosikletimdən danışıram ona, eşidirmi, dinləyirmi
bilmədən. İydə ağaclarının rəngini,
baharda açan bapbalaca, sapsarı çiçəklərini
anladıram. "Mən sənə
aşiqdim" - deyirəm, gülümsəyir. Dizlərinə mərcanlar tökülür. Fəqət çoxdan ölümlə
görüşdürüb boynunu. Saçlarını
aralayıb göstərir. Bir
bıçaq sürətlə keçib gedir təkrar-təkrar.
Eşqin hər yaranı
sağaldacağını söyləyir. "Eşqin
özüdür ən sağalmaz yara" - deyirəm. Öldüyümü bilir o zaman. Bir kərə, daha və yepyeni bir bilgi kimi bilir.
Halbuki... Hər şeyi söyləmək üçün o qədər
gecikdik ki...
Xırman
yerində fırlanıb dursaq ulduzlara uyaraq... Buraxsan
çılpaq ayaqlarınla salonlarda qaçmağı...
Buraxsan o rəqsi... Fəqət o qədər gecikdik ki...
Artıq yaşamağa belə gücümüz yoxdu...
Gücümüz, ya da niyyətimiz... Səsini
yenidən yaradarmı Tanrı? Bunu bilə bilmirəm...
Sonra bir kərə
başlayıram özümdən gizlin danışmağa...
Gecəylə barış, ey ruhum. Gecədə
gecənin gizlətdiyindən daha çox şey gizlənir.
Fəqət axtarılmaz, axtarılsa da,
tapılmaz. Gecəylə barış və
gözlə. Səssizliyi gözlədiyin kimi....
Ölümü gözlədiyin kimi... Ölümü
gözləyən hər kəsi və hər şeyi
salamlayaraq... Sonra vaxtı salamla... Səssizcə
gələni səssizcə qarşıla. O, qədər
kimi gəlir və oturur. O zaman yazı bir qədərə
dönür. Hər şeydən azad bir qələm
olaraq yaz o zaman. Yalnızca eşqi anlat.
Yalnızca eşqi, sevgilidən belə təmizlənmiş
eşqi... O, səni ondan təmizləmək üçün
vardır. Sonra səni o türbənin
içindən keçirəni düşün. Sonra sənə
dağların arxasından səslənəni... Sənə xəbər
yetirəni... ağaclara pıçıldamağı,
bağışlayanı... Öz
torpağını özü örtəni... öz bədənini
qüsl edəni.... atəşlə qüsl edəni, suyla
qüsl edəni. Şərabla...
İkimizin arasında danışan eşqiydimi?
Azərbaycan
türkcəsinə uyğunlaşdırdı:
Təranə
Vahid
Bəxtiyar Aslan
Ədəbiyyat qəzeti.- 2018.- 13
yanvar.- S.28.