Anarla üz-üzə”

 

Yanvarın 9-da Akademik Zərifə Əliyeva adına Liseydə Xalq yazıçısı Anarın 80 illik yubileyinə həsr olunmuşAnarla üz-üzəadlı görüş keçirilib. Tədbirdə liseyin müəllim-şagird heyəti, Təhsil nazirliyinin nümayəndəli, media mənsubları iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan liseyin direktoru Mehriban Vəliyeva öncə şagirdlərin uğurlarından, burda keçirilən tədbirlərdən, görüşlərdən danışıb: “Biz şagirdlərimizin hərtərəfli inkişaf etməsini, biliklərə dərindən yiyələnməsini istəyirik. Çağdaş zamanda savadlanmağın, dünyagörüşünü artırmağın yolları çoxdur. Amma bizə belə gəlir ki, Xalq yazıçısı Anar kimi görkəmli şəxsiyyətlərimizi təkcə onların kitablarından yox, həm onlarla üz-üzə, bax belə görüşlərdə öyrənməliyik. Həmçinin xoşbəxtik ki, bu il Anar müəllimin ilidir, 80 yaşı tamam olur elə yubiley tədbirlərinə bizim lisey start verir”.

Mehriban Vəliyeva sonra Xalq yazıçısı Anarın yaradıcılığına aid fikirlərini tədbir iştirakçıları ilə bölüşüb:

Əməkdar artist, liseyin dram dərnəyinin rəhbəri Bəhruz Vaqifoğlunun Anarın müxtəlif hekayələri əsasında hazırladığı kiçik tamaşa böyük maraqla qarşılanıb.

Liseyin Azərbaycan dili ədəbiyyat müəllimi Günel Bağırovanın Anarın yaradıcılığından bəhrələnərək qələmə aldığıMən kiməm?” adlı mətn liseyin şagirdinin hazırladığı video-çarx tədbir iştirakçılarına təqdim olunub.

Xalq yazıçısı Anar liseyin rəhbərliyinə, müəllim şagird heyətinə minnətdarlığını bildirib: “Bilirsiz, əslində çox yerlərə dəvət edirlər, görüşlərdə oluruq. Amma səmimi deyim, uzun illərdir ki, bu qədər təsirləndiyim, təəccübləndiyim olmamışdı. Liseyin şagirdləri hekayələrimin qəhrəmanlarını professionallara xas şəkildə təqdim etdilər. Həmçinin mənim dilimdən yazılmış mətn, hazırlanan video da çox təsirlidir. Eyni zamanda tədbirdən əvvəl direktor Mehriban xanım liseyin uğrularından, keçirilən tədbirlərdən, şagirdlərin imtahanlarda göstərdiyi nəticələrdən danışdı. Bütün bunlar bizi çox qürurlandırır. Əslində elə arzuladığımız da budur. Yeni gələn nəslin milli-mənəvi dəyərlərimizə, sənətə, sözə, ədəbiyyata bağlı böyüməsini istəyirik. Əlbəttə tədbirimiz davam edir. Amma mən elə indidən bu tədbirin təşkilatçılarına öz təşəkkürlərimi çatdırıram”.

Sonra yazıçı şagirdlərin müəllimlərin suallarını cavablandırıb. Anarın müxtəlif əsərləri ətrafında müzakirələrlə tədbir davam edib.

Sonra Azərbaycan Yazıçılar Birliyi ilə Zərifə Əliyeva adına Lisey arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Müqaviləyə əsasən, birlikdə seminarların, təlimlərin və bədii tədbirlərin keçirilməsi, şagirdlərin ümumrespublika və beynəlxalq yarışlara hazırlıqlarına köməklik göstərilməsi, birlikdə müsabiqə, sərgilərin təşkil edilməsi, muzeylərə ekskursiyalarıntəşkili nəzərdə tutulub.

Sonda Anar liseyin müəllim və şagird kollektivi ilə xatirə şəkili çəkdirib, kitablarını imzalayıb.

 

Xeyransa

 

Ədəbiyyat qəzeti.- 2018.- 13 yanvar.- S.15.