Anama bir müjdə verə bilmədim

 

Anamın arzusu gözündə qaldı,

Dağlar həsrətini duydumu görən?

Bu da bir tərəfdən dağdı dağlara.

Nə yağış ələndi, nə qar çiləndi,

Qəm-qüssə, dərd-kədər yağdı dağlara,

Anama bir müjdə verə bilmədim.

 

Deyirdi,- dağlardan xəbər gəldimi?

Gələndən-gedəndən soraqlayırdı.

Qoynuna qoyduğu pul kisəsində

Bir xışma muştuluq pul saxlayırdı.

Anama bir müjdə verə bilmədim.

 

Nələr uydurmadım, nələr demədim,

Birtəhər ovudub, başını qatdım.

Sözümdən, misramdan bir heykəl yonub

Anamdan ölümsüz heykəl yaratdım.

Anama bir müjdə verə bilmədim.

 

Haraya yollandım, haraya getdim,

Namərdlər, nadanlar çıxdı qarşıma.

Sərgərdan elədi bu fələk məni,

Dərdi yağış kimi tökdü başıma.

Bu dərdə sinəmi gərə bilmədim,

Anama bir müjdə verə bilmədim.

 

Əlim boşa çıxdı, hara əl atdım,

Yarıyan olmadı bir işə məndən.

Anam gözlərini yoluma dikdi,

Xoş xəbər gözlədi həmişə məndən,

Anama bir müjdə verə bilmədim.

 

Belə düyün olmaz, belə dağ olmaz,

Dünya özü boyda qəmdi-kədərdi.

Anamın laylası düşüb könlümə,

Qəlbimdə yaşayır bir ana dərdi.

Anam bircə məndən xəbər gözlədi,

Anama bir müjdə verə bilmədim.

 

Hələ xəyalımda nurlu cöhrəsi,

Haqsızlıq önündə hələ donuram.

Evimdə bir dərdli ana ruhu var,

Adına sözümlə heykəl yonuram!

 

Ömürlük yandırıb-yaxacaq məni,

Dünyada dərd varmı bu dərddən betər.

Mən hardan biləydim bir ana dərdi

Köksümün içindən göyərər, bitər.

 

Hər axşam, hər səhər ağladı getdi,

Getdi, sinəmizi dağladı, getdi.

Yalvarıb-yaxarıb dedim ağlama,

Könlünü sevincdən hörə bilmədim.

Anam bir xoş xəbər istədi məndən,

Anama bir müjdə verə bilmədim.

 

Yuva həsrətindən, yurd həsrətindən,

Səbri tükənmişdi yol gözləməkdən.

Bəlkə haqsızlıqdan doymuşdu anam?

Muştuluq pulunu son nəfəsində

Hamımızdan gizlin, hər kəsdən xəlvət

Masanın üstünə qoymuşdu anam.

Anama bir müjdə verə bilmədim.

 

Dağların dərdinə dözmədi anam

 

Görəsən hayandan əsdi bu külək,

Ayrıldı dağ adlı səltənətindən.

Əridi günbəgün, yumağa döndü,

Əridi dağlara məhəbbətindən.

 

Dağların dərdinə dözə bilmədi,

Özüylə apardı dağlar dərdini,

Qürbətdə bir şair göz yaşı tökər,

Ağlar gizli-gizli, ağlar dərdini.

 

Ta tabım qalmayıb, anasızlığa,

Anasız səbr edib, dözmək çətindir.

Qəhər boğa-boğa, dərd boğa-boğa

Anasız yaşamaq, gəzmək çətindir.

 

Ağlıma gəlməzdi ana yoxluğu,

Üzümü Allaha tutub deyərdim,-

Başından bircə tük əskik olmasın.

Məndə dözümə bax, ürəyə bir bax,

İndi saxlayıram anamın yasın.

 

Həmişə oğluna inanan anam,

Daha oğlundan da üz döndərmişdi.

"Məni ovutmasın yalanlarıyla",

Gileyli-güzarlı söz göndərmişdi.

 

Başını əymişdi günahkar kimi,

Elində sevinclə gəzə bilmədi.

Çox-çox itkilərə tablaşan anam,

Yurdun itkisinə dözə bilmədi.

 

Hələ tilsimi açılmır nədən,

Bəlkələr ruhumu sındıracaqdı.

Onu bilirəm ki, bu həsrət, bu dərd

Məni qəbirəcən yandıracaqdı.

 

Taqətim yoxdu danışam, dinəm,

Qovruldum içimdə, yandım, sızladım.

Ana həsrətindən alışdı sinəm

Bu axşam yaman anasızladım.

 

Ağlaya-ağlaya qaldım bu  axşam,

Allah qismətini sərt verdi ona.

Sınağa çəkdimi öz bəndəsini?

Dərdindən   ağır dərd verdi ona.

 

Haqsızlıq başımın üstünü aldı,

Bu qərib könlümü taladı,  sökdü.

Kirpik düzəldənlər, qaş düzəldənlər

Vurub bu dünyanın gözünü tökdü.

 

İndi

 

Qədir-qiymətini bilmədik sənin,

İnlədin yağılar ayağı altda.

Havayı ötüşdü ömrüm dünyada,

Təskinlik tapmadım  bu kainatda.

 

Bağışla, ləngidim, bir az gecikdim,

Durub harayına gəlmədim sənin.

Sənsiz yaşamağın mənası yoxmuş,

Qədir-qiymətini bilmədim sənin.

 

Arzum boşa keçdi, sındı qanadım,

Quş olub qoynuna uçub gəlmədim.

Mən sənə ana yurd demişdim axı,

Balan tək qoynuna qaçıb gəlmədim!

 

Ayrıla bilmirəm xatirələrdən,

Uzun xəyallara dalıram indi.

Quru təsəllimi quru şəkildən,

Ötən nağıllardan alıram indi.

 

Nəsib NƏBİOĞLU

 

Ədəbiyyat qəzeti.- 2018.- 20 yanvar.- S.27.