SALAM
Ey yalın
ancaq yanlış bir addım atmayan ayaqlar,
salam...
Salam,
ey qabar tökən,
amma heç vaxt çörəyə
çatmayan əllər...
Ey ikiqat olub da
bir hüzurda əyilməyən bellər,
salam...
Halımıza ağlamayan gözlər,
sizi də salamlayıram...
KÖK
Bir dağ zirvəsinə işləyən köküm
həm də yerin təkinə gedir...
çoxdu köklərim-
arzu-bir kök,
ümid biri,
sevgi digəri...
kökümüz su içir
ən gur alovdan,
ən iti yanan oddan da...
evimin divar daşına,
qapımın dəmir
cəftəsinə,
hətta
pəncərədən içəri
süzülən gün
şüasına
işləyən köküm...
saçaq-saçaq köklərim-
bir palıd kökü,
bir zanbaq kökü,
bir sünbül kökü...
ayı, ulduzları, günəşi göydə
saxlayan köklər var yəqin...
isti bir salama uzanan əlim,
əyilən başım,
haqq deyə çarpan ürəyim-
bunlar da köküm...
atəşdə bir köküm, suda bir köküm,
atəş də bir köküm, su da bir
köküm...
torpağa kök atmaq deyirəm ha,
elə bu torpaq ana köküm-
kökümdən kök ayrılır,
gövdə ayrılır,
budaq ayrılır...
insan
özü özünün
köküdü həm
də
və görürəm...
yazı masam-
mən ona da kök atmışam...
NEMƏT...
Bir addım atırsan ha,
nemətdi,
nemətdi hər dəfə
nəfəs alıb-verməyin
də...
Sağına kölgə, soluna
gün düşür-
nemət,
min-min güldən qismətinə
bir gül düşür-
lap çox nemət...
Nemət
bil xoş qılığını, təbəssümünü,
dilləndirirsən bir qəlbin sarı simini-
nemət...
Süfrəndə quru çörək,
yavanlığı bir
baş soğan,
gedirsən, gedirsən
dönmürsən doğru
bildiyin yoldan...
Şirin-şirin gülümsəmən, salamın,
haqqa əbədi inamın-
nemət...
Nə aparsan, nə gətirsən,
bax, bu dünyada nə qoyub, nə götürsən,
nemət...
Gecə
nemət,
gündüz nemət,
bir ovuc su - bir ovuc
okean,
bir ovuc dəniz, nemət
və şeir ən əziz nemət!..
KÖHNƏ BAYATI
Köhnə bayatıdı nə
desəm sənə,
Köhnə bayatıdı ən
təzələr də...
Köhnə bayatıdı bu
şeir, qardaş,
Köhnə bayatıdı bu
nəğmələr də...
Yeni bir səs, nəfəs...
köhnə bayatı...
Həmişə çətindi təzəni
görmək...
Axı,
nə zamandan hünər sayılıb
Ağla
qaradakı təzadı
görmək...
Köhnə bayatıdı de, göyə
səslən,
Köhnə bayatıdı de, yerə
səslən...
Səsin
çatmayacaq öz qulağına,
Min kərə haraylan, min kərə səslən...
Ən
alt qata enib lap üstə çıxmaq,
Min ilin sözü də... köhnə ki olmaz...
Köhnə bayatıdı deyib
durursan;
Şeirin
təzəsi, köhnəsi
olmaz...
***
...Hər kəs
mütləq ömründə
bir dəfə
"evrika!"qışqırır
bir Bisütun çapır ocağı
üçün
ürəyindən od götürür
dərinlərə baş vurub incilər tapır
ancaq üzünə
həmişə örtülü
qalır
arxasında o adamın
özü olan bir qapı...
KÖLGƏ
...Bax, gün işığı
da
sanıram kölgədi
üstümüzdə,
yaxından-uzaqdan
bir dua, bir xoş söz
də...
kölgə...
bir tikə çörəyin... kölgəsinə
heç qaçdınmı
sən,
bir qurtum suyun... kölgəsinə
uçdunmu...
mən
bilsən, nə qədər çox-
bir yarpağın kölgəsini istəyirəm.
kölgə torpağın
üstünə düşür,
mən üstümdə
bu torpağın
kölgəsini istəyirəm...
yer altında kökün də kölgəsi var,
yer üstə ağacın,otun üstünə
düşər...
***
…ağacdakı yarpağın
yerə düşən
yarpağa dediyini eşitdim:
-bax,sən artıq
xoşbəxtliyə qovuşdun...
NECƏ OLUR...
Hərdən
boş-boşuna
xəyallar quranda da
dizimə, qoluma güc yığılır...
Necə
olur,
çiynimə heç
yük almadan
cavabdehliyini daşıyıram
ağır bir yükün...
Bir atəşböcəyinin
mənə verdiyi işıq ümidindən
güc aldığım
var...
Əyilib
yerdən götürdüyüm
bir ovuc torpaq
bir ovuc gücdü-
çoxdan çox...
Necə
olur,
bir çaya
baxa-baxa
ürəyimə sanki güc axır,
üstümə düşüb
bədənimdə gücə
çevrilir
gün işığı
və bütün bunların içində
gücsüzlüyüm-
bu, necə olur...
ÇÖRƏK KƏS…
…Təndirdən evəcən
bir damcı yolda
analarımız hər gördüyünə-
uşağa, böyüyə
ürəkdən bir
"çörək kəs"
deyərdi:
ay qonşu, çörək
kəs,
ay filankəs, ay bəhmənkəs
çörək kəs…
süfrələrin bərəkəti,
ağzımızın ləzzəti
də ondandı yəqin;
görünür, tabağın
dolu olmasından öncə
dolu olması gərək qəlbin…
…"çörək kəs"…göz gülər,
üzdə sevinc işarardı.
o bir kəlmədə
bir dünya məhəbbət vardı;
təndirin həniriynən
hənirlənən,
təzə çörəyin
ətriylə
ətirlənən o sözlər,
sözlər…
Çörək kəs, necə
bir sevgi,
Çörək kəs, necə
bir sayğı,
Çörək kəs, yəni
toxluq olsun,
yəni olmasın bir-birindən küsənlər,
bir-birinin çörəyini
kəsənlər…
Biləsuvar
Şakir XANHÜSEYNLİ
Ədəbiyyat qəzeti.- 2018.-
20 yanvar.- S.30.