İnsan mənzərələri
Nazim Hikmət
Pirayə xanıma
Əvvəli ötən
sayımızda
Günlərin
bir günü
hindli əsgərlərlə
dost
oldu Kərim.
Bunlar -
qəribə
işdir -
türkcə
bilməyən
və
qara
saqqalları,
qara
gözləri,
əllərinin üstü qəhvəyi,
içi ağ,
məftil
hasarların üstündən
Kərimə
qutularda
biskivit
atan
əmilərdi, dayılardı...
Bu əmilərin,
dayıların
yepyekə bir anbarları vardı.
Kərim
bu
anbarda oynayırdı hər gün.
Yan-yana
düzülmüş
noxud
çuvalları,
paxla, quru
üzüm kisələri -
təəccüblü şeydir -
hamısı qatırları yemləmək üçün,
bir də
yeşiklər
vardı,
silahlarla
dolu.
Bir
gün
dayısı
Kərimə dedi:
- Anbardan
silah
oğurlayıb gətir,
gavurlarla
döyüşən
zeybəklərə
göndərəcəyəm.
Anbardan
silah
oğurladı
Kərim,
bir dəfə,
beş dəfə,
on
dəfə!
Aldatdı
hindli dostlarını,
zeybəkləri
həddindən
ziyadə sevdiyi üçün.
Amma
çox
çəkmədi ki,
qara
saqqallı
əmilər,
dayılar
çıxıb getdilər,
Kərim
stansiyaya qədər
ötürdü
onları.
Ertəsi
gün
zeybəklər
Lefka körpüsünü
keçib,
Əskişəhərə
girəndə,
dayısı
tanış
etdi onu
yenilməz
döyüşçülərlə...
Və
budur,
o
gündən bu günə
Kərim
bir qəhrəmanlıq
türküsüdür,
dildə-ağızda.
Zeybəklər
onu
Əskişəhərdən
alıb,
"Qocaeli
dəstəsinə" -
paşanın
yanına apardılar.
Çatıqqaşlı,
üzügülməz
bir
paşaydı bu.
Kərim
çox
tez öyrəndi
ata minməyi,
meşədə gizlənməyi
və
bu fərasəti
ilə
ölümə
neçə
kərə
bir
güllə mənzili
yaxınlaşaraq,
düşmənin içindən xəbər gətirməyi.
Ad-sanlı
bir komutan
kimi
ona
hörmət etdi zeybəklər.
Və
bir fidan
kimi düz,
bir fidan
kimi cəsur,
bir fidan
kimi gələcəyi olan
bir
uşağın
sevinclə
oynadığı
bu dəhşətli
oyun
sürdü
hicri tarixi ilə
min
üç yüz otuz yeddinci
ilə qədər...
Qocaeli
meşəsinin ağacları
sıx
və
hündürdür.
Nə qədər
baxsan da,
göy
üzünü görməzsən.
Sakit bir gecə idi.
Narın
yağış yağmışdı
bir
az əvvəl,
ancaq
islanmamışdı
yerə
tökülmüş yarpaqlar.
Qaranlıqda
xəzəli
xışıldada-xışıldada
irəliləyirdi
Kərimin atı.
Solda,
təpənin
ətəyində
tonqal
yanırdı,
yəqin,
"təknəçilər"
-
gavur
partizanları
qalamışdılar.
Budaqlardan
damcılar
düşürdü
Kərimin
üzünə.
At
get-gedə
daha qatı
bir qaranlığa
qərq
olurdu.
Kərim
İpsiz Rəcəbin
yanından
qayıdırdı.
Məktub
aparıb,
məktub
gətirirdi
zeybəklərə.
Birdən-birə
dayandı at,
daş
bir heykəl kimi -
yəqin,
"təknəçi"lərin
tonqalını
görmüşdü,
sonra
qəfildən
şahə qalxdı,
özünü itirdi Kərim,
yüyəni buraxdı,
qucaqladı atın boynunu -
dəli
kimi götürüldü heyvan.
Ağacların
budaqları
qamçılayırdı
üz-gözünü
Kərimin,
palıdları
və
şamları ilə meşə
qapqara
bir külək kimi
keçirdi
iki yandan...
Kim bilir,
neçə
saat ötdü belə,
meşə qurtardı birdən-birə.
Hər yan aydınlıq idi.
Təbii ki, Ay doğmuşdu.
Və
Kərim
eyni
sürətlə getdiyi yerdə
Armaşanın
altında,
Beşdəyirmanlara
çataçatda
at
yıxıldı birdən-birə,
Kərim
özünü
saxlaya bilməyib,
yumalandı yerə...
Dərhal da qalxdı.
Və
ağlına gələn
ilk şey
saatına
baxmaq oldu,
qırılmışdı şüşəsi.
Yenə ata mindi.
Heyvan
axsayırdı bir az.
Kərimin
də
sol
qulağı
qanamışdı...
Yavaş-yavaş yola düzəldilər.
Sapanca
ilə
Arifiyyə
arasındakı
Kirəzçiyə gəldilər.
Kərim atı saxladı.
Bir az çətin nəfəs alırdı.
Səhəri
gün,
axşam Keyvəyə
gəldi,
beli
elə
ağrıyırdı ki,
enə
bilmədi atdan,
endirdilər...
Kərimi
içinə
saman döşənmiş
bir
arabaya mindirib,
Adabazarına apardılar.
Sonra
bəlkə
on,
bəlkə
on beş
araba dəyişdilər,
sonra
nəfəs
daralması,
sonra
Yaxşıxan,
Konya,
Şilə nahiyəsi
-
burda
şikəst
hərbiçilər üçün
taxma
qol,
ayaq
düzəldirdilər -
və
nəhayət,
Xətcəxan kəndindən
sınıqçı
Vəli Usta...
Hələ
də
yuxularında
görür
onu
Kərim:
uzaq
yoldan gələn,
üzü çiçəkdən
çopur-çopur
olmuş
bir adam
qatırdan enər-enməz
əyilir
üstünə...
Usta Vəli
ovdu
Kərimi
özündən
gedənə qədər,
sonra
təpitmə
qoydu
qaməti
budaq kimi sınmış
uşağın bədəninə.
İyirmi
gün keçdi aradan,
sonra
bir
ikindi vaxtı
Kərimi
təpitmənin içindən çıxardılar,
beli əyilmiş
halda...
Kərimin
İstiqlal medalı ola bilərdi,
olmadı.
Kərim
beliəyri
olmaya bilərdi,
amma
oldu.
Və
indi, 1941-ci ildə
vaqonun pəncərəsindən
girərkən
bahar
Kərim
düşünür:
"Bəlkə
bir ay keçməz,
həbsxana dəftərinə
düşər
adım... "
Çünki
illərdir
teleqram
işçisidi Kərim
və
günlərin
bir günü
yüz
səksən lirə mənimsədi
dövlətdən.
Baxmayaraq
ki,
altı
il
bundan
əvvəl
can
üstə olan
bir
dostuna
versə
də o pulu,
həbsxanada yatacaq...
Dərincəyə
yaxınlaşır
qatar.
Bəsri,
Kərimə baxır
və
yekə burnunun
altında
qırpıq
bığı ilə gülümsəyərək,
"Qozbel fələk! - deyə
düşünür.
Kim bilir,
necə
mərdimazar imiş ki,
Allah bu hala salıb."
Əyribel
Kərim
baxır
Bəsriyə və düşünür:
"Nə
gülərüz adamdı,
bəlkə də,
çox cəza
verməz mənə,
belə
bir hakimin
önünə
çıxsam."
Açıldı kupenin qapısı.
Girdi
içəri Nuri Öztürk -
qocalar
evinin mühasibi.
Durduğu
yerdən
səsləndi çölə:
- Burada
boş yer var.
Pəncərəsi də örtülü deyil.
Gəlin, bəyim.
Hər
halda,
kupedəkilər
də
təmiz
adamlardır.
Universitet
tələbəsinin
səsi
gəldi dəhlizdən:
- Siz əyləşin,
mən bir azdan
gələrəm.
Nuri
Öztürk
Kərimə baxdı.
Kərim
anladı
bu baxışların
mənasını
-
çəkilib,
pəncərənin
sol tərəfində
yer elədi.
Kərim
illərdi
alışmışdı
insanlarla
təmasda
macəra axtarmağa,
yəni,
məsələn,
hər
istənəni verməyə
və
qarşı tərəfdən
heç
nə istəməməyə...
Dövlət
pulunu
mənimsədiyi
gündən bəri
dəhşətlə böyüyürdü
ağzının
içində
bir
küfr,
elə
bir küfr ki,
heç
zaman söylənilməmiş
və
söylənilməyəcək...
Dəhliz.
Dustaq
Süleyman
çıxdı
dəhlizə
dustaq
Məlahətlə bərabər.
Məlahət qarabənizdi.
Boynu
quş
boynu kimi
uzun
və nazlıdı.
Dodaqları
alqırmızı
və
boyasızdı.
Fəqət
ayaqları
çox iridi
və əlləri
kişi əllərinə
bənzəyir.
Universitet
tələbəsi
yol
verdi,
gülümsəyərək -
hər
halda, Məlahətə...
Məlahət keçdi.
Süleyman
gənc tələbəylə
danışdı,
bir
az üstüörtülü,
bir az kobud!
-
Xanımı kiməsə oxşatdınız?
- Yox...
Amma...
Sizdən
bir şey soracaqdım...
Yoldaşlarımızdan
biri,
Xəlil bəy,
mühərrir Xəlil bəy deyilmi?
- Bəli,
odur,
nə
olub ki...
Xəlil bəyi tanıyırsınız?
- Hə...
Yazılarından
və şəkillərindən...
Özüylə
söhbət
edə bilsəydim...
Süleyman
düşündü:
"Görəsən, polisdi?
Çox
hiyləgərdi,
həm
də şorgözdü...
Bəlkə?"
Sonra
birdən-birə
qərar verdi:
"Polis
də deyil...
hiyləgər
də deyil...
şorgözlüyü
də yoxdur...
Sadəcə,
şöhrətli
adamlar
maraqlısıdı..."
Sakitcə
dedi:
- Olar.
Bir azdan buyurun.
Amma
içəri girəndə,
unutmayın ki,
salam
verdikdən sonra
dərhal
çavuşun yanına çöküb,
hamıya
siqaret təklif
etməlisiniz.
Bu
çox mühümdür,
unutmayın!
Kəndli
jandarma
kəndliyə zülm edər,
onu
biclikdə suçlayar,
şəhərlidən isə,
olsa-olsa,
şübhələnər...
Məlahət qayıtdı.
Universitet
tələbəsindən
ayrıldı Süleyman,
Qartallı
Kazımla
bir-birinə
baxdılar.
Dayandı
qatar.
Dərincə stansiyası.
Gənc
bir zabit
düşdü
ikinci
vaqondan.
Bu vaxt
bir hamilə
qadın mindi
üçüncü
vaqona.
Sonra fit səsi
gəldi.
Hərəkət
etdi qatar.
510 nömrəli ümumi vaqon.
Dəhliz.
Bir adam
birinci pəncərədən
ətrafı
seyr edir -
durmadan
gəlib,
durmadan
keçir
yol
üstündəki hər şey...
Pəncərədən
ətrafı
seyr edən
adam düşünür:
"Bizim
kənddəki qovaqlardan
teleqraf
dirəyi
çıxarmı, görəsən?"
Amma
İstanbulda
tramvay dirəkləri
dəmirdəndi.
Dünyanı
nə qədər
gəzsən də
İstanbul
kimi
şəhərə
rast gəlməzsən...
İyirmi
beş istədi,
otuz
verdik,
başa
düşdümü, görəsən?
İpək
köynək geyinmişdi
dilini yediyim,
qismət
olaydı,
bir
dəfə də gedəydik...
Atlıya
bax, atlıya,
maşallah, gözəl atdı.
Birgünlük
yolu
beş
saatda
gedə
bilərmi, görəsən?
At qatara çatmaz.
Qatarla
avtomobil
bəhsə
girsə,
hansı ötər?
Doktor bəy
yenə
işə saldı avtomobili.
Doktor
olduğuna görə
sürməsinə
izn vermişlər.
Doktor bəy
bizim kəndə
gəlsə,
Molla Təhsin
kənddən
çıxarmı, görəsən?
Nə
sürətlə
gəlib
keçir
yolun
qırağındakılar...
Bizim kənddəki
qovaqlardan
teleqraf
dirəyi
çıxarmı,
görəsən?
Doktor bəyin
anası -
böyük
xanım
sarayın bağçasında
gəzir
bu saatlarda.
Əkdiyi
balqabaqları
şaxta
vurarmı, görəsən?
Səndən
razıyam, dedi,
doktor
bəy mənə,
qayıdanda gəl,
işə götürərəm yenə.
Əcəba, götürərmi, görəsən?
Gün
keçə, sabah ola,
insan
sabahını
bilə bilərmi,
görəsən?
Ora bax,
ora!
Nə qədər
qoyun-quzu var!
Keçi
də xeylidir!
İtə
bax, itə,
lap
canavara oxşayır,
gör
necə soxulur adama?
Bir ikən,
iki oldular...
İtilin
burdan!
O yana,
bu yana
baxdı,
sanki
daş axtarırdı.
Özünü yığışdırdı,
güldü.
Gülərkən bürüşdü sifəti.
Qaranlıq
ağzına
işıq
salırmış kimi
parladı
seyrək, bəyaz dişləri...
Bu adam xəstədi,
amma,
di gəl ki,
xəbərsizdi
mübtəla
olduğu mərəzdən...
Baxır
gülümsəyərək,
masmavi
göydə
rahat-rahat,
tənbəl-tənbəl
uçan quşa...
Bir
doktorun
bağçasında
muzdurluq etmək
anlada
bilməz çankırılı Durmuşa
İstanbulda
xəstəliyə
tutulduğunu,
otuz
quruşa...
Ardı
var...
Hazırladı: Dilsuz
Ədəbiyyat qəzeti.- 2018.- 20
yanvar.- S.16-17.