Ney
Kinossenari
Boş
şəhər küçəsi...
Alatoranlıq...
Qara kəlağayılı
qarı zivədən
qara rəngli paltarlar asır.
Qarı
əyilib dəmir ləyəndən qara köynəklə bərabər
günəşi də
götürür...
Qarı zivədəki paltarları
əliylə bir kənara çəkib günəşi əvvəlcə
zivədən asır. Sonra nə düşünürsə,
paltar tutacaqlarından
asılmış günəşi
zivədən açıb
göydən asır...
Göydən paltar tutacaqlarıyla
asılmış günəş...
Titr... "Günəş"...
Ağ-qara kadrlar... Günəşli bir gündür... İri şüşəli vitrin önündə dayanıb ney çalan oğlan... O, neyi şüşə arxasından görünən maneken qız üçün çalır. Maneken qızın üzündə heç bir ifadə yoxdur. Adi vitrin manekenidir. Yol ilə keçənlər neyin yanıqlı naləsinə ayaq saxlayırlar. Bəziləri ney çalan oğlanın asfalt örtük üstündəki papağına pul da atırlar. Bəziləri də qulaqlarını tutub vitrinin önündən sürətlə keçirlər. Neyin səsinə uşaqlar da toplaşıb. Onlar üçün daha çox daldada durub uzaqdan ney çalanı izləyən polisin işə qarışacağı an maraqlıdır. Hələ ki, neyin mehri polisi də susdurub...
Qəfil ney çalan
oğlan çalğısını
saxlayıb maraqla göyə boylanır. Sanki oğlan orda kiminsə olduğunu bilir. Göydən aşağı bir
dəstə gül atılır. Sonra kimsə aramla ney səsinə
əl çalır...
Ney çalan oğlan dodaqlarını neydən
ayırıb...
Oğlan:
"Gün üçün
iyirmi dörd saat çox azdır. Gözünü yumub-açırsan, gecə düşür."
Titr... "Günəş tez batır..."
Gecə. Boş,
kimsəsiz şəhər
küçələri ilə
qaçan ney
çalan...
O, vitrinin
önünə çatıb
dayanır.
Maneken qız ifadəsiz
baxışlarla bir nöqtəyə baxır.
Ney çalan oğlan nədənsə əsəbidir...
Ney çalan oğlan: "Kim deyib sənə? Yalandı... Səndən savayı heç kəsim yoxdur. Sadəcə, səhər yuxudan pis oyanmışdım. Ürəyim əsirdi. Bura necə gələydim? Üzünə necə baxaydım? Halım yox idi. Bura bax... sən heç biçənək görmüsən? Bax, içim elə uralanmışdı... Boş idim... Başa düşmürəm e, sənə nə olub? Yaxşı, bağışla məni... Vallah, içimdən səs gəlmirdi. Gəlsəydim, sənin də qanını qaraldacaqdım. Yaxşı, sənin üçün səhəri geri qaytarıram."
Ney çalan oğlan kürkünün cibindən neyi çıxarıb çalmağa başlayır...
Boş, kimsəsiz küçənin işıqları bir-bir yanır...
Yaxınlıqdakı evlərin də işıqları get-gedə yanmağa başlayır...
Get-gedə küçədəki
adamların sayı da artır... Və gecənin içində qəfil səhər açılır.
Titr yazı... "Səs
günəş kimidir..."
Dizi üstünə qoyduğu
taxtaya mıx çalan ney
çalan... O, çəkici
əlinə vura-vura çərpələng düzəldir.
Ney çalanın əlləri
qanayıb...
Ney çalan çərpələngin
ipini manekenin qoluna bağlayır...
Oğlan çərpələng əlində
dükanın içindən
eşiyə çıxır.
Oğlan çərpələngi əlindən
göyə buraxır.
Göydə süzən çərpələngi
görən maneken qızın üzündə
gülüş var...
Oğlan
dükana girib maneken qızın əyninə qırmızı
paltar geyindirir...
Maneken qız utanıb başını aşağı
salır...
Gecə...
Boş küçə
ilə velosipedlə şütüyən ney çalan. O, üç-dörd dəfə
vitrinin önündən
keçib gedir. Sonra yenə geri qayıdır. Maneken
qızın üzündə
bir təlaş var. Nəhayət, ney
çalan oğlan velosipedini vitrinin önündə əyləyir.
Ney çalan oğlan: "Mən də təkəm. Tök bu daşı ətəyindən. Onsuz da hamımız oyuncağıq... İnanmırsan mənə? Düz sözümdür, vallah. Ancaq səndən ötrü yaşayıram... Sənə köklənmişəm... Gedək sənə günəşi göstərim... Gəl gedək də... Burda nə qədər yaşayacaqsan? Gördüklərin yalandır axı... Mən səni başqa bir günəşin altında yaşadacam. İnanmırsan mənə?.."
Polis maşınının həyəcanlı səsi eşidilir.
Titr... "Başqa bir günəş varmı?"
Qaranlıq... İzdihamlı meydanda
insanların arasıyla
harasa qaçan ney çalan...
Titr... "Vərdişi az bilmə... Babaların ləpirlərini basa-basa təkrar bir ömür yaşamadıqmı?"
Gecə. Ney çalan əlindəki iri daşla vitrin şüşələrini sındırır. O, qırılmış şüşə qırıntılarının arasından dükana girir. Maneken qızı qucağına götürüb eşiyə çıxır. Ney çalan maneken qızı velosipedinin arxa oturacağına oturdur. Onlar şəhərdən çıxırlar....
Titr..."Sevgi
xilasdırmı?"
Boş səhnə... Ney çalan oğlan maneken qızla rəqs edir... Maneken qızın boynundan və əllərindən qırılmış kəndirlər sallanır. Oğlan bu kəsilmiş kəndirlərdən birini dartır... Qəfil səhnənin işıqları yanır...
Kadrda ney çalan oğlanla maneken qız şüşəsi qırıq vitrində dayanıblar. Artıq ney çalan oğlanın da üzündə heç bir ifadə yoxdur... Şüşə qırıqları arasında qırılmış ney də görünür.
Titr... "Haqq
gedilən yoldadır..."
Polislər vitrinin önündə dayanıblar... Polis maşınlarının həyəcanlı sirenaları eşidilir. Şüşə kəsikləri arasından işıq gah ney çalan oğlanın, gah da maneken qızın üzünə düşür. Onların üzündə heç bir ifadə yoxdur; ikisi də donuq üzlüdür. Polislərin dəvət etdiyi süpürgəçi şüşə kəsikləri ilə birlikdə ney qırıqlarını da süpürüb zibil qutusuna atır...
Titr... "Başqa
günəş yoxdur."
Vitrinin qırıq şüşələri arxasından ney çalan oğlanla maneken qız görünür. Onlar iri şar kimi üflənmiş saxta günəşi əllərində tutublar. Hər ikisi boynundan vitrinin kənarlarına bərkidlimiş qalın kəndirlərlə asılıb. Qəfil üflənmiş günəş göyə doğru uçmaq istəyir. Ney çalan oğlanla maneken qız günəşi yuxarı qalxmağa qoymurlar. Onların ağırlığı və vitrinə bağlı olmaları saxta günəşi aşağı endirir. Göydən aşağı minlərlə ip, kəndir asılıb. Kəndirlərlə yuxarı dırmanmağa çalışan minlərlə insana doğru göydən aşağı bircə əl uzanıb... Və o əldə "ney" görünür...
Titr... "Növbə kimindir?"
Orxan Fikrətoğlu
Ədəbiyyat qəzeti.- 2018.- 20
yanvar.- S.15.