Əlimərdan "mərdliyi"

 

Hekayə

 

Əvvəl-əvvəl Dədə Qorqudlar özləri, sonra da adqoydu ənənələri ölüb-itəndən sonra həmin vəzifə ellərdə, uluslarda ata-anaların üzərinə düşmüşdü. Onlar da yeni doğulan balalara arzu və diləklərindən adlar doğurmağa başlayırdı. Balasını şir kimi görmək istəyənlər Aslan, Şiraslan, aydan ov arzulayanlar Ayxan, Qəmər, igid böyütmək istəynlər Mərdan, Qorxmaz kimi adlar seçirdi.

Sovetlərin yavaş-yavaş çöldə-yamacda ayağına yer elədiyi zamanlar hər yerində MTS-lər (maşın, traktor stansiyaları) yaranmağa başladı. Və həmin MTS-lərin maşınları, traktorları obaların, oymaqların çöllərində kişnəməyə, böyürməyə başladı.

Gec də olsa həmin təzə idarədən Ceyrançölün də bəxtinə düşdü. Və Şuranın sınaqdan çıxmış adamlarından İmran Mirzə oğlunun əlinə həmin maşınların, traktorların yüyənini etibar etdilər. Bax, həmin zamanlar, həmin dəmir köhlənlərin yalmanına qaldırmaq üçün kadr hazırlığı lazım gəldi. Və bu da sınaqdan çıxıb da MTS-in başına gətirilmiş İmran müəllimə tapşırıldı. O zamanlar Ceyrançöldə belə işçilər hazırlayan sənət məktəbi olmadığından İmran Mirzəli oğlu Ceyrançölün kəndindən-kəsəyindən üç namizəd tapıb təcili Gəncəyə göndərməli oldu. Bunu da üç gün vaxt verib siyasi işlər üzrə müavininə tapşırdı (kəndlərin yetim-yesirini yaxşı tanıdığından namizədləri o seçməli idi, aralarına qolçomaq balaları düşməməli idi. Düz üç gündən sonra həmin ayıq-sayıq adam da namizədlərin adlarını müdirinin qabağına qoydu. O da oxuyanda nəyə görəsə qımışası oldu:

- Gözümmü yaxşı görmür, ya traktorist olacaqların birinin adı Balaxanımdı?

- Düz görürsən, Çaylıdakı kişi kimi bir şeydi, hələ adının qabağında at da kişnəyir.

- Bu at nə deməkdi, ciddi dövlət tədbirimizdə.

- Adına At Balaxanım deyirlər. Dədəsini ayrım meşəsində qaçaqlar öldürüb. Neçə dəfə qoşalülə götürüb, üstlərinə gedib. Həm də birinci traktorist qadın Ceyrançöldən çıxacaq.

- Eləmi, onda At Balaxanım qarışıq üç köhləni üzü Gəncəyə sarı qamçıla.

...Həmin üç köhlən - Çaylıdan At Balaxanım, Fərəhlidən Ayxan, Salahlıdan Əlimərdan Gəncə peşə məktəbini uğurla başa vurub qayıtdı. Traktorların yalmanına yatıb onları böyürtməyə, Ceyrançöl çöllərinin olan-qalan cüyürlərini hürkütməyə başladılar. Onlar komandanları İmran Mirzəli oğlunun şəxsən göstərişiylə Ceyrançöl kolxozlarının əkinlik yerlərini kotanın ağzına verirdilər.

Oxuduqları müddətdə cavanların ikisinin də qollu-budaqlı Balaxanıma gözü düşmüşdü. Hələliksə əllərindən onu sevda dolu baxışlarla marıtlamaqdan bəri bir şey gəlmirdi.

Düzdü, əvvəl-əvvəl Balaxanım üstə cilov gəmirib qılınc-qalxana çıxmışdılar. Köpləri yatandan sonra razılığa gəlmişdilər: Qız kimi bəyənsə, o minib səyirdəcək.

Hələliksə cəsarət tapıb qızın ağzını araya bilmirdilər. Xəlvətə salıb qızın arxasınca giley-güzarlarını edirdilər.

- Bu qız da elə bil Kar qaya kimi şeydi. Nə gözümün sevdasını görür, nə ürəyimin döyüntüsünü eşidir.

- Görəydin bizi adam yerinə qoymasa, bu boyda Ceyrançöldə onu kəməndinə salan tapılacaqmı? Xam atlar da bundan ələ gələn olar, kal başım haqqı.

Hər iki cavan da özlüyündə özünü rəqibindən üstün bilirdi. Əslən Salahlıdan olan Əlimərdanın atasına Daqqu Mərdəli deyirdilər. (Yekə danışdığına, arabanın sağındakı daqqa kimi  daqqılladığına görə). Oğlu Əlimərdan da onun tökdüklərini necə var, elə (bəlkə də artıqlaması ilə) döşürə bilmişdi. Kefinin kök vaxtı elə hey döşünə döyür, elə hey qürrələnirdi, - görərsiniz, mən kim olacağam. İstədiyim mənsəbə çatıb traktorumunkundan da bərk cındır Ceyrançölə səs salacağam.

Ayxan canlı-cüssəli idi. Elə həmən görünüşünə (bir də pəncəsi üstə yerişinə görə) adına bir hərf də əlavə eləmişdilər: Ayıxan.

- Bu atı ayı kimi özüm basmarlamasam, traktorun yalmanından düşüb Rusetə gedəcəyəm. Oralarda bir rus haxçıxı ilə evlənib, onlar kimi arağa qoyma-qoyma deyəcəyəm.

İşlədikləri müddətdə, ilk traktorçu qız kimi Balaxanımın adı mərkəzi qəzetlərə düşdü (Aşiqlərin gördükləri işin çoxunu da onun adına yazıb, süsən-sünbül yetişən çöllərin qız qəhrəmanını ada hazırlayırdılar. Cavanlar da məhəbbətləri naminə səslərini çıxarmırdı).

Həmin hadisə Balaxanım mərkəzə çağırılan zaman baş vermişdi (Qızı mərkəzə, təltif etmək üçün çağırmışdılar). Həmin günlər iki cavan, iki aşiq çöllərdə, irəmələrdə gecələrini gündüzə qatırdı. Onlar mərkəzə yollanmış traktorist yoldaşlarının da yerinə qan-tər tökməli olurdu.

İmran müəllim özü villisi ilə ayaqlarına gəlib, tapşırığını vermişdi:

- Bəlkə Balaxanıma Sosialist Əməyi Qəhrəmanı adı verdilər. Bu hamımızın baş ucalığı olacaq. Siz də sükanı bərk tutun.

Gedəndəsə qımışıb söyləmişdi:

- Görüm hansınız qoçum olacaqsınız. Bu dəli köhlənin yalmanına yatacaqsınız.

Müdirin hər şeydən xəbərdar olması keflərinə soğan doğramamış, acı bibər kimi onları bir az da qızışdırmışdı.

Gecə işlədikləri zaman Əskipara dəmyəsində Ayxanın kotanı ilişmişdi. Torpağı qazıyanda Ayxan küp görüb Əlimərdanı da haraylamışdı.

- Bir bəri gəl görüm. Deyəsən gecənin gecə vaxtı baxtımıza gün doğur.

Əlimərdan onun çağırışına görə deyil, bir az dincəlməyi xətrinə traktorundan enmişdi.

- Yəqin yenə arada quş yuxusu yatdığında yaxşı tuş (yuxu) gördüyündən danışacaqsan.

- Yox a batmış, küp tapmışam, küp. Allahımız verə, içindən Niqalayın qızıllarından çıxa... 

Hamı şirin yuxuda olduğundan həmin gecə Allahları bu iki bəndəsinin tərəfində olmuşdu. Küp ağzına kimi qızıl onluqlarla dolu idi.

- Bölməyə böləcəyik, bəs paylarımızı hara qablaşdıracağıq?

Əlimərdan yenə çoxbilmişliyini işə saldı.

- Mən özümü verib, zənbil gətirim. Paylarımızı qablaşdıraq, sonra da küpü çilik-çilik eləyib, Coğaz çayında axıdaq. Nə dəvə görünsün, nə də izi.

Həmin gecə evində qaldıqları dəllək Nəcəfin atıyla Əlimərdan özünü Ceyrançölə verdi. Amma yolunu MTS-in yataqxanasına yox, milis idarəsinə saldı. Sözünü ancaq və ancaq milis rəisinə deyəcəyini söyləyib, idarəyə gəlməsini gözlədi. Milis rəisi Qurban kişi həmin səhər yuxusuna bir az haram qatdığından paltarı mazut ləkəli traktorçuya bir az çəmkirməli oldu:

- Nədir, ay Salahlı mərdimazarı, Salahlı tülküləri durmamışdan buraları niyə kəsdirmisən? Əgər İmran qağanızın sizə artıq yer əkdirdiyini şeytanlayacaqsansa, özünü qoduxluğa saldıracağam.

- Yox, əmi, xəbərim hökumətimiz qarşısında hamımızın üzünü məsil urvasından da eləyəcək.

- Çinadanındakını çıxart görək üzümüzə nə urva gətirmisən, üst-başı mazıtlı-mazıtlı.

- Belə, mənim traktorçu yoldaşım bir küp qızıl tapıb. Əlindən alıb hökumətə verməyinizi istəyirəm.

Qurban kişi qabağındakına tərs-tərs baxdı. Bəlkə də indiyə kimi belə axmaq görmədiyini fikirləşdi.

- Böləydiniz, qurtarıb gedəydi, toy toğlusu kimi bura niyə yüyürüb gəlmisən?!

Əlimərdan rəisin onu sınamaq istədiyini düşündü. Odur ki, sözləriylə əl-üzünü yumağa başladı:

- Mən Lenin komsomolu cavanam. Ayxan kimi belə qələt eləyə bilmərəm.

- Demək Ayxan bölməyinizi istəyir.

- Bə nədi, dedi ayaq kənara qoysan leşin Coğazdan çıxacaq. Bilmirəm görmüsənmi, ayı kimi şeydi. Şenlikləri də adına Ayı xan deyir.

Küpü belinə şələləyib Ayxanı milisə gətirdilər. Yerli qəzetlər də Əlimərdanın xeyirxah hərəkətindən məqalə verib, şəklini də elə-obaya göstərdilər.

Tapılan xəzinənin bir neçə faizini nəcib hərəkət sahibinə pul şəklində verdilər. Bundan vacibi Əlimərdanın sevgi yarışında öz rəqibini sıradan çıxarması idi.

Redaksiyadan əlində qəzet çıxanda Əlimərdan dəli Zamanla rastlaşdı. Cibinə bir onluq basmaq istədi.

- Bu gün-sabah Balaxanımla evlənib, sizin yeznəniz oluram, ala bunu, toyqabağı boğazını yaşla.

Zaman puldan keçə bilməyib onluğu almağına aldı. Amma sözləriylə qabağındakının üzünü qırmızı onluğun rənginə döndərməkdən çəkinmədi.

- O əlindəki qəzetin sayı qədər şəklinin üzünə tüpürəcəklər. Namərd oğlu, namərd.

Balaxanım mərkəzdən qayıdandan sonra dəli Zamandan da dəli hərəkət elədi. Qabağında tula kimi fırlanan oğlanın sifətinə tərs bir şillə çəkdi.

- Hərəkətinlə Ceyrançölün bir nömrəli namərdi oldun.

Sonra da Əlimərdanın nə üzünə baxdı, nə də danışdırdı.

Mazut qatılaşanda yapışqana dönür. Üst-başı mazutlu Əlimərdan da xasiyyətcə bir növ mazutlaşmışdı. O da yapışdığını buraxmaq istəmirdi. Nəhayət, qız onu sorğu-suala çəkdi:

- Axı nə cür oldu ki, çörək yoldaşını ələ verdin?

- Dedim aparaq hökumətə verib, payımızı alaq. Azdan-çoxdan nə düşsə payımıza bəsimizdi. Onda, günah məndən keçdi dedi. Boğazımdan yapışıb, Coğaza atmaq istədi. Deyəcəm sərinləmək istəyəndə boğulub. Küp də mənim olacaq, Balaxanım da.

Qızın adını çəkəndə utanırmış kimi üzünü yana çevirdi. Həmin görkəmdə Balaxanımın ona yazığı gəldi. Daha üstünə kişnəmədi, səsinin avazını öləzitdi.

Əlimərdan bir müddət sonra, xeyirxah əməl sahibi, qabaqcıl mexanizator kimi Kənd Təsərrüfatı İnstitutuna göndəriş aldı. Ayxanı Rusiya türmələrinin birinə göndərdilər. Məhkəmədə əsasən Balaxanıma görə namərdlik eləmiş adam at kimi də Ayxanın üzünə durdu.

Rəqibi ayını meydandan uzaqlaşdırandan sonra Əlimərdanın da hər oyunu armudun (yəni, Balaxanımın) üzərində oldu. O, qıza layiqliyinin sübutu üçün ali təhsil almağı, qulluq sahibi olmağı qarşısına məqsəd qoydu.

Ona göndəriş verərkən İmran müəllim zarafata salıb bəzi sözlərini çinədanından çıxardı.

- Atalar kor atlandı, kəndini çapdı deyiblər, - birdən məktəbi qurtaranda mənim yerimə göz dikərsən. Sənin bu sahədə səriştən var.

Ayxanın başına gətirdiyinə eyham vururdu.

Əlimərdan əlüstü mətləbi dəyişəsi oldu:

- Nə danışırsan? Bizim əlimizi sən, İmran qağa çörəyə çatdırmısan. Həm bizim, həm də elimizin atasısan.

- Yaxşı, yolun uğurlu olsun, tuyla. Amma getməmişdən Salahlının böyrüdü, özünü İncə dərəsinə ver. İncə suda yaxşı-yaxşı çimib paklan. Sonra da Əfəndi ocağına girib, içinin qara-qurasını tök.

Həmin an hər ikisi ürəyindən öz həqiqətini keçirdi.

İmran: - Səni kimi yetimlər, onlara çörək verənləri minir.

Əlimərdan: - Bu lələşin sənin yerində oturmasa, anası Qaytanın südü burnunun hər iki deşiyindən gəlsin.

Əlimərdan yolunu Gəncəyə salmamış Balaxanımla görüşdü. Yenə, utanırmış kimi üzünü yana tutdu:

- Tələbə biletimi üzümə ələk kimi tutub sizə elçi gələcəyəm. Üzümə baxmasan buralardan gəniyəcəyəm.

...Ayxan cəzasını alıb məhkəmədən çıxanda ani olaraq ayaq saxladı. Əlini göylərə qaldırıb nəsə pıçıldamağa başladı. Sağdışı, solduşu kanvoylar ha qulaqlarını şəklədilərsə bir şey eşidə bilmədilər. Bircə özü həmin sözləri bir böhtan qurbanının fəryadı kimi haray tək eşitdi. Çünki həmin sözlər zamanın məngənəsində sıxdığı zəhmətkeş bir gəncin bütün varlığından qopurdu: Allahım, qulun, nökərin olum, bu Əlimərdanın heç o dünyasını gözlətmə, elə bu dünyada cəhənnəm odunda yandır.

...Bir neçə ildən sonra İmran Mirzəli oğlunun da illər öncəsi ağlına gətirdiyi başına gəldi. Balaxanımla ailə həyatı qurub, evinin xoruzuna dönmüş, qabaqcıl mexanizator kimi xoruz pipiyi kimi qırmızı partbilet almış, Kənd Təsərrüfatı Akademiyasının diplomunu evindəki cehizlik xalçanın üstündən asmış Əlmərdanın yenə də namərdlik damarı tutdu. Bu dəfə hədəfində illərcə yerinə göz dikdiyi İmran qağası idi. Bərəsinə yatıb ovunun ayağının büdrəməsini gözlədi.

Dünya görmüş, həmin gördüyü dünyada da adamları tanımaq qabiliyyətinə yiyələnmiş İmran kişi özü də vəzifəsinə qıcanan dişlərin şaqqıltısını eşidə bildi.

Raykomun kənd təsərrüfatına baxan şöbə müdirinə Damcılı üstə verdiyi ziyafətdə içini deşənləri də üzə çıxardı.

- İsrafil qağa, bir adamı başımdan gənitməyini xahiş eləyəcəyəm. Arxasına təpiyin dəydiyi gün həyətində beli qırmızılı qoç mələyəcək.

Rəhbərlik elədiyi sahənin işi-peşəsi abı-havasını çəkmək olan, yeri gəldikdə bundan mənfəət üçün istifadəni bacaran İsrafil kişi də qurdlu söhbəti öncəsi bic-bic gülümsəməli oldu.

- Gənitmək istədiyin Salahlı müxənnəti Əlimərdandı, eləmi.

- İsrafil qağanın heykəl başının qiymətini bütün Ceyrançöl havayı yerdən and yerinə çöyürməyib. Qurumsağın özüdü ki, var.

- Onda əvvəl-əvvəl, o döşdəki qaratikanlar timsallı sözlərimə fikir ver...

Həmin kəlmələr İmranın dalağını sancdırdı. Bədənində qaratikanların ağrısını hiss elədi.

- Bəs bu müxənnət köpəyoğlu, cavan traktorçu Ayxanı şərləyəndə məhkəməyə gedib niyə səsini çıxarmadın? Özünü Dilican dərəsinə verib sərinləməyə çalışdın o yazıq cavanın dədəsinə od vurulanda...

- Düz buyurmağa doğru söyləyirsən. Amma həmin məsləhətini özün də o vaxt vermədiyindən indi daldan atılan yalamalara oxşayır. Nə deyirsən...

- Onu ixtisası üzrə, heç öz kotanı, traktoru ilə də çəkib, çıxarılması mümkün olmayan geridə qalmış təsərrüfatların birinə göndərərik. İmran qardaşımı müxənnətin birinin mələtməsinin qarşısını alıb, qoçumuzu mələdərik.

Bir neçə gündən sonra Əlimərdanı raykoma çağırdılar. Qoçu naminə özü də ona dönmüş İsrafil oğlanı muştuluqladı.

- Səni İskra kolxozuna baş mütəxəssis göndəririk. Növbəti seçkilərdə Mustafanın yerinə kolxoz sədri seçiləcəksən.

Özünə qarşı əməliyyatlardan Əlimərdan xəbərdar idi. Odur ki, həm kəsəcə, həm də qıpqırmızı qarşısındakının cavabını verdi:

- Dədən Hağanın çörək verən adam olduğunu bütün Ceyrançöl bilir. Müharibə aclığından Daşsalahlı kimi Ceyrançöl boyda kəndi çıxardığını da. Nəslinizdən də nə züyçü, nə də zurnaçı çıxmadığı da bəllidi.

- Ağzını dağıtma, harda olduğunu bil.

- Raykomda, İmran qağamın qardaşağasının kabinetində olduğumu bilirəm. Sözüm yarımçıq qaldı. Bilmirəm sən niyə İmranın zurnasıyla oynamağa başlayırsan.

- Büroda sənədini hazırlamışıq. Orda etirazını bildirərsən. Burda toy toğlusuna dönməyin artıqdı.

- Səni də, dostunu da toy toğlusuna döndərmək mənim bu traktorist boynumun borcu olsun.

- Onsuz da müxənnətlik səriştən var. Bu dəfə o keçməyəcək, o traktorist başın haqqı...

İsrafil büroda Əlimərdanın İskra kolxozuna təyinatını verdirdi. İmran da qırmızı boyalı qoçu onun darvazasından içəri saldı. Amma hər ikisi həmin qoçun Əlimərdanın kirayələdiyi fotoqraf tərəfindən şəklinin çəkildiyindən xəbər tutmadı.

Bir zamanlar, gecənin gecə vaxtı, Əskipara dəmyəsində küp tapdıqları zaman Fərəhli ayısına, Salahlının irəmə-tülküsü ağıllı məsləhət vermişdi:

- Küpü açmaqda ehtiyatlı olmalıyıq. Əgər bəxtimizdən o, bir qızıl xəzinəsidirsə, mütləq üstə ilan yatmalıdı.

Sonra döşünü qabağa verib, əlindəki dəyənəklə azca məsafədən küpün açılışını eləmişdi. Dediyi də təsdiqini tapmışdı. Küpün ağzından bir qızıl ilan sivrilib getmiş, bax beləcə, qayçısız-zadsız xəzinənin qızıl lenti kəsilmişdi. Bəlkə də elə həmin zamandan Əlimərdanın içində bir ilan yuva qura bilmişdi. Onun ilk qurbanı da yazıq Ayxan olmuşdu. İndi də ilan açılışı, ilan qurbanı hesabına qazandığı sərvət hesabına həmin əfinin ağzına, əlini çörəyə çatdırmış İmranı verməyə hazırlaşırdı.

Axır ki, onun puluna hürənlərdən biri İmranın bazar günlərində erməni həmkarı ilə, Şinkar bulağı üstə haxçıxlarla kef məclisi qurduğundan xəbər verdi. Və Əlimərdanın muzdlu fotoqrafı əlüstü özünü o həndəvərə verib, ağacların arasından aparatının lüləsini onlara çevirib atəşə tutdu.

Çox çəkmədi ki, Əlimərdan açıq imzasıyla şikayət məktubunu, ölkənin başçısı Mir Cəfər Bağırova göndərdi. Sadəlövhlüklə (kənd tülkülüyü ilə də demək olar) yazılmış məktub rəhbərin xoşuna gəldi: Siz bu ölkəyə təmizlik, düzlük nümunəsi göstərə bilirsiniz. Təəssüflər olsun ki, həmin nümunə ən ucqar sayılan bizim Ceyrançölün bəzi qulluq sahiblərinə gəlib çatmır...

Mir Cəfər üstü mazutlu traktorçu ilə görüşüb, yazdıqlarının düzlüyünə tam inanmaq üçün öz vərdişiylə onun gözlərinə baxmaq istədi. Qəbuluna traktorist gəlməmişdən buraxılış otağından verilən xəbər də rəhbəri qımışdırdı. Onun sadəlövhlüyünə şübhəsi qalmadı:

- Cibindən dərman tapdıq. Nə desə yaxşıdı, yoldaş Bağırovun zəhmindən çox eşitmişəm. Dərman içmək istəyirəm ki, otağında ustalıyıb eləməyim.

Rəngi avazımış kəndli balasının təhər-tövrü rəhbərin xoşuna gəldi. Həmin sir-sifət sahibinin yazdıqlarının doğruluğuna inandı. Amma yaxınına gəlib çeşməyinin altından oğlanın gözlərinə baxdı. Görünür onun möhkəmliyini yoxlamaq istəyirdi. Rəhbər nadir hallarda (gələcək üçün fikirləşdiyi) kadrları bu cürə yoxlayırdı.

- Sənə kim deyib, mənim zəhmim ağırdı? Çoxu qabağımda özündən gedir?

Və bunları deyərkən də sınayıcı baxışlarını qarşısındakının üzündən çəkmədi.

Əyninin səliqə-səhmanından, özünə görə nəzərdə belə bəzək-düzəyə alışmadığından traktorçunun tutulduğundan keçirdiyi narahatlıq da Mir Cəfərə təbii görünürdü. İlk sualı oğlanın taleyində həlledici rol oynaya bilərdi. Cavabına yalan-palan qarışdırsa, çeşməyinin altında sərraflığını bitirməmiş gözlərindən düşə bilərdi.

- Nə deyim, yoldaş Bağırov, Ceyrançöldə tanıdıqlarımın hamısı.

- Onda bir-ikisinin adını de, çağırtdırıb qabağımda sərələdim.

Rəhbərin qımışdığını görüb, Əlimərdan ürəklənən kimi oldu.

- Demək, müdirini yıxıb yerinə keçmək istəyirsən. Nəyə görə?

- Bəs hamısını yazmamışammı? Bizlərə ikiqat artıq yer əkdirib, ciblərini kolxoz sədrlərinin haram pulu ilə doldurur.

- Demək, sən də onun yerinə keçib, yerişini yerimək istəyirsən?

Həmin sualı sonrası baxışlarını Əlimərdanın gözlərinə dikdi. Və orda qorxu-hürkü görmədi. Həyəcandan sir-sifəti tərlə çiçəklədi.

- Niyə dinmirsən? Deyəsən sözün düzü canına qor doldurub.

Əlimərdanın yazıq səsi gəldi (həmin səsin quruluşunu arvadı Balaxanım vermişdi: birdən ağlını itirib ölkə sahibinin qabağında at kimi kişnəyərsən. Səsini cəhrəndən əyirib bacardığın qədər nazilt).

- Yoldaş Bağırov, mən tamahkar olsaydım, yer əkərkən tapdığımız bir küp qızılı öz çörək yoldaşımı da basıb, hökumətimizə təhvil verməzdim.

Həmin sözləri Mir Cəfərin əlini dəstəyə atdırdı. Köməkçisinə tapşırıq verdi:

- Ceyrançöldən öyrən bu traktorçu hökumətə bir küp qızıl təhvil veribmi?

Ceyrançölün cavabı həlledici oldu. Bağırov qarşısındakının hökumətin gözübağlı aşiqlərindən olduğunu yəqinləşdirdi. Hazırda vəzifə başında belələrinin olmasını düzgün hesab elədi.

...Həmin görüş sonrası İsrafilə partiya töhməti verib, aldığı qoçvari mələdə-mələdə poçt şöbəsində xırda bir işə göndərdilər.

MTS-i yoxlamaq üçün mərkəzdən bir dəstə adam ezam olundu.

Bu dəfə İmranın əlləri göylərə uzandı və dodaqlarından həmin sözlər axşamın mehi ilə Salahlı tərəfə uçmağa başladı: Allah sən bu müxənnət gədəyə elə od vur, elə yandır ki, sür-sümüyünün də cızdağı çıxsın. Goruna qoymağa ələ bir şey gəlməsin.

Demə sosializmin özündə də bəzi namərdliklər mərdlik donu geyə bilirmiş. Və Əlimərdan kimi namərdlər də vəzifə nərdivanını asanlıqla qalxa bilirmiş.

Qəribədir ki, MTS-ə müdir təyin olunan kimi Əlimərdan yenə dəli Zamanla rastlaşdı.

- Ağlın qar suyuna qarışmış olsa da, başın heç, ayağın sayalıdı. Yeznən müdir oldu.

Sonra əlini cibinə saldı. Bu dəfə Çaylının dəli bəndəsinə bir alagöz yüzlük vermək istədi. Həmin dəfə də Zaman puldan keçmədi. Bu dəfə də nadir də olsa ağıllı sözlərindən söylədi:

- Pulu yerə qoy, ordan götürəcəyəm. Əlim əlinə dəyməsin.

...Sonra Əlimərdan arvadı, Sosialist Əməyi Qəhrəmanı Balaxanımın adına bir mülk tikdirib Ceyrançölə daşınmağı qərarlaşdırdı. (Həmin fikrin memarı da arvadı Balaxanım idi: niyə hər gün Salahlıdan mərkəzə at çapasan).

Axır ki, təzə müdirin təzə tikilisi hazır oldu. Salahlıdan daşınmağa hazırlaşdılar. Birinci dəfə Əlimərdan kişilənib (at kimi şaha qalxıb da demək olardı) arvadı At Balaxanımın sözündən çıxası oldu.

- Deyirəm bu köhnə taxta-taravanı o quqla kimi evə aparmayaq. Hər şeyimiz, - süpürgə, xəkəndaza kimi təzə olsun.

 - Yoldaş Bağırovu sən yox, mən görmüşəm. Otağının pəncərəsindən, çeşməyinin dalından hər yana göz qoya bilir. Əskipara dərəsində Müsəllimin bostandan çırpışdırdığı qarpızların sayınacan bilir.

- Axı Salahlının taxtabitilərini ora niyə aparaq?

- Hələlik həyətə töküb, hamısını özüm nöyütləyəcəyəm. Sonradan sən deyən olacaq.

 

***

 

Ayxan türmədən çıxandan sonra Rusetdə qalmışdı. Bir rus qızıyla evlənib, oğul-uşaq sahibi olmuşdu. Yayda da yolunu Ceyrançölə salmaq istəmirdi. Qonşusu həmyerlisinə səbəbini də söyləmişdi:

- Qorxuram Əlimərdanla rastlaşam, əlimdən xata çıxa.

Həmin axşam uşaqlarını, arvadıyla bərabər sirkə aparmışdı. Pələnglər bir-iki qənd hesabına odlu dairələrin içindən sıçrayıb keçirdi. Həmin odlara baxıb Ayxan düşünürdü.

...Elə həmin vaxt həyətində köhnə taxta-taravalarını nöyütləyən Əlimərdanın əlindən xəta çıxmışdı. Papirosunu yandırmaq istəyəndə üst-başı nöyütlə islanmış adam yanmağa başlamışdı. Qonşular harayına çatanda iş-işdən keçmişdi. Ayxanın, İmranın göylərə uzanan əllərinə sanki oralardan haqq cavabı gəlmişdi.

...Pələnglər bəlkə də Əlimərdanvari namərdlik eləmədiklərindən sirkdəki doğanaqlarından keçə bilirdi.

Amma Əlimərdan keçə bilmədi.

Bu yanğıya Ceyrançöldən də uf deyən tapılmadı. Bircə ağlaşmada at kimi kişnəyən Balaxanım ürəyindən keçirəsi oldu: namərdliyini tərgitsəydi, bəlkə də yanıb qara kösövə dönməzdi.

 

Vaqif NƏSİB

 

Ədəbiyyat qəzeti.- 2018.- 20 yanvar.- S.6-7.