Salam səsləri
İnsanlığın yaranışıyla
bağlı müxtəlif mifoloji, elmi, teoloji yanaşmalardan
biri də budur ki, Əbülbəşər - bəşər
atası Adəm biorobot kimi yaradılmış və sonra Həvva
onun iki qabırğasından kloun kimi yetişdirilmişdir.
Və həmişə mənə elə
gəlib ki, sənət, xüsusilə, poeziya robotun - iylənmiş
palçıqdan yaradılan bədənin hüdudlu
qadağalarından qurtulmaq, hüdudsuz bio-Allah nəfəsi
gizlinlərində özünü,
özgürlüyünü, harmonik xoşbəxtliyini
axtarmaq, tapmaq cəhdidir.
Bu cəhdin gərgin məqamlarında "Sındır
qəfəsi, tazə gülüstan tələb eylə!"
qiyamı da, "Dünya duracaq yer deyil, ey can, səfər eylə"
asiliyi də təbii görünür; Allah əmanəti -
ruh bədən - robotda sıxılır, darıxır,
öz əzəli əjdad bütövünə, əbədi
astral azadlığına can atır; şeytanın "Onu
torpaqdan, məni oddan yaratmısan, od torpaqdan
üstündür" - deyib səcdə etmədiyi insan
zaman-zaman Allah əmanəti olan ruhunu yada salır, ruhun ilahi
qanadlarında ucala-ucala robot kimi yaradılışına
etiraz edir; min illərdir ki, sənətə - böyük
yalana sığınan insanlıq böyük doğrunu
axtarır, əzablı qayıdış yollarında
çırpınır...
"Ədəbiyyat
qəzeti"nin 16 dekabr 2017-ci il tarixli
sayında şair dostum Musa Ələkbərlinin silsilə
şeirlərini oxudum və istər-istəməz sənətin
əzəli-əbədi missiyası, əzablı
çırpınışları haqqında qəfil
düşüncələr çəkib apardı məni. O poetik silsilənin
"İlahi" adlı ilk şeirinin son bəndində
"Mən niyə gəlmişdim, gedirəm niyə?"
nigarançılığıyla çırpınan ruh əzəli
bütövlüyə qovuşmağa tələsir:
Mən
qol-qanadımı açıram indi,
Nurunu ömrümə saçıram indi.
O
böyük sevginə uçuram indi,
Qalmayım
mən ondan yetim, ilahi,
Kaş sənə vaxtında yetim, ilahi.
"İlahi" şeirindəki poetik mənzərənin
Azərbaycan-Türk-Oğuz poeziyasında azı min illik tarixi
var. Mövlana "Məsnəvi"sində,
Nizami "İskəndərnamə"sində, Qazi Bürhanəddin
tuyuqlarında, Nəsimi qəzəllərində... bədən qəfəsində
sıxılan ruhun azadlıq yanğısına dönə-dönə
rast gəlmişik. Musa Ələkbərlinin
"İlahi"sində köhnə mövzunun təzə
ovqatı, poetik düşüncənin, astral fəhmin, sirli
söz sehrinin yeni sayrışması oxucu
duyğularını hələ gedilməyən yollara
çağırır; şeir o qədər sadə
və gözəldir ki, ruhumuzda bulaq kimi qaynayır, qəlbimizdə-qanımızda
sübh günəşini görən təzə
qızılgül kimi pardaqlanır; duyğuların xam
torpağında həyat eşqi, Tanrı nuru cücərib
baş qaldırır, sünbüllənib zəmi-zəmi
dalğalanır; beləcə şair niyyəti mənzil
başına çatır, şeir qalib gəlir...
Belə deyirlər ki, hər bir insan öz
torpağına, yurduna bənzəyir, o doğma
torpağın, yurdun yollarını davam etdirir, ruhunu,
yaddaşını yaşadır. Bu baxımdan sənət
adamları, xüsusilə, şairlər daha çox
seçilirlər…
Dağlar diyarı Gədəbəydə, Göyyurdda
dünyaya gələn Musa Ələkbərli poeziyaya doğma
yurdunun nəfəsini, dağların səsini gətirdi. Torpaq kimi sadə,
dağlar kimi duyğulu şeirlər yazdı, illər
ötdükcə öz poeziya dünyasını yaratdı,
imzasını yoxdan var elədi Musa Ələkbərli.
Rəsul Rza, Bəxtiyar Vahabzadə, Elçin, Məmməd
Araz, Xəlil Rza Ulutürk, İlyas Tapdıq, Qulu Xəlilov,
Nizami Cəfərov kimi ciddi sənətkarlar, görkəmli
alimlər onun poeziya dünyasını vaxtında
gördülər, təqdir və təsdiq etdilər,
yaradıcılıq uğurlarını yüksək qiymətləndirdilər,
daha böyük sənət zirvələrinə
ucalacağına inandılar…
Unudulmaz
dostum, rəhmətlik Ağalar Mirzənin bir şeiri
düşür yadıma; yazırdı ki, kənddən
çıxan sənət adamları ömürlük
Bakıya ezamiyyətə gəlirlər və öləndə
ezamiyyə müddəti başa çatır, tabutda geri
qayıdırlar...
Və bəzən
geri qayıtmayanlar da olur; ya Fəxri xiyabanın fəxarətli
ucalığında əbədiyyət karvanına
qoşulurlar, ya hansısa şəhər qəbiristanlığının
dar-dolanbac hücrəsinə sığınırlar, ya da...
zəmanəmizin ən böyük şairlərindən biri
olan Ələkbər Salahzadənin Hövsan çöllərində
dolaşan göynəmli ruhu nigaran bir şeir misrasına
dönüb gecələrin Ay işığıyla həsbi-hal
edir...
Düzü, kədərlə qol-boyun bu duyğuları
Musa Ələkbərlinin həmin silsilədəki
"Qaranquşla söhbət" şeirinin yollarında
yaşadım.
Köçüb şəhərdə yaşayan şairin
boş qalan dədə-baba yurdu, artıq qaranquşların da
yuva qurmadığı kimsəsiz, uçulub-dağılan
doğma evi haqqında göz yaşlarıyla,
hıçqırıq dolu bir göynəmlə yazılan kədərli
elegiyadır bu. Kənddən çıxan, illərlə
baxımsızlıqdan viranəyə dönən doğma evə
qayıdanda ruhu ocaq yeri kimi tüstülənən sənət-söz
adamlarının qəm qaynağıdır, dərdli tale tərcümanıdır
bu. Şeirin mənəvi-psixoloji mənzərəsində,
ümumi ovqatında qəribə bir energetik cazibə, təhtəlşüur
qoşulma hakimdir. Bu, təkcə nostalji közərmə,
körüklənmə deyil, daha çox poetik ruhun narahat,
nigaran qayıdış əzabları,
çırpınışlarıdır.
Ürəyimizlə,
canımızla,
İliyimizlə,
qanımızla
Olmayan
imkanımızla
Qurmuşduq o evi
Atamın-anamın sağlığında.
Bir yaz
günü yerin-göyün
Qılığında.
Sən də
gəldin o evin eyvanında
Yuva qurdun...
Havanı
qayçıladı qanadların
Bala eşqinə...
Bəla
hardan gəldi,
Qaranquş,
Nədən düşdük bu günə?
Biz o evi
unutduq,
Sən də o
yuvanı,
O evin
sahibi,
Sahibəsi hanı,
Qaranquş?
...Tavanını
yaş gördüm,
Divarında
mamırlamış daş gördüm,
Gəldim
sənin yuvanı da boş gördüm,
Daha
dünya gözümdə
Heç nədir,
qaranquş?!
"Qaranquşla söhbət" həyatın diktə
etdiyi, gizli bir hökmlə yazdırdığı tale
şeiridir. Yadıma
düşür ki, Musa Ələkbərli hər dəfə
görüşəndə Gədəbəyə, doğma kəndə
gedə bilmədiyindən danışardı, kədəri
kösöv kimi tüstülənərdi. Və hər dəfə
də deyirdim ki, Musa, bu, ciddi bir şeirə dönəsi məqamdır,
yaz bunu. Nəhayət, illər sonra o
şeir yazıldı, daha doğrusu, şair
ağrılarından doğuldu. Mən
inanıram ki, Musa Ələkbərli
nə vaxtsa Gədəbəyin Göyyurd kəndindəki o dədə-baba
evini ürəyi istəyən kimi yenidən güldü-rəcək. Lakin divarları mamırlayan,
otaqları boş ürək kimi göynəyən o ev məndən ötrü həm də ona
görə qiymətlidir ki, poeziyamızda uğurlu bir
şeirin yaranmasına səbəb, vəsilə olmuşdur. Kəndlərimizdə baxımsızlıqdan kədər
heykəlinə, qəm qalağına dönən, zaman-zaman
"Ay qonşu, bu evin yiyəsi hanı?" (Camal
Yusifzadə) deyə sahibi soruşulan şair evləri
uçub-dağılanda da poeziyamıza xidmət edir...
***
Musa Ələkbərlinin "Məndən şeir istə"
adlı ilk kitabı 1977-ci ildə işıq üzü
görüb və ədəbi aləmdə ciddi bir sənət
hadisəsi kimi qarşılanıb. Haqqında
çoxsaylı məqalələr, resenziyalar yazılan bu ilk
kitab poeziyaya yeni bir şairin, özünəməxsus
yaradıcılıq manerası, deyim, duyum tərzi,
lirik-psixoloji ab-havası, fərqli məqsəd və məramı
ilə seçilən uğurlu bir sənətkarın gəlişini
müjdələdi. Görkəmli alim, ədəbi
prosesdə heç kimə güzəşt etməyən
prinsipial, tələbkar tənqidçi Qulu Xəlilov
"Ədəbiyyat və incəsənət" qəzetində
Musa Ələkbərliyə açıq məktub yazaraq, ilk
kitabının sənətkarlıq məziyyətlərindən
söz açdı: "Əzizim Musa, mən səni
universitetdə tələbə olduğun vaxtlardan
tanıyıram. Bir neçə
il keçmiş, ilk şeir kitabın
çıxmışdır. Kitaba cəsarətli bir ad vermisən:
"Məndən şeir istə". Bura sənin
şeirlərin və "Torpaq yanğısı" adlı
lirik poeman daxil edilmişdir.
Şeirlərində mənə xoş gələn cəhətlər
- canlı müşahidə, təbiilik və səmimiyyətdir. Sən elə
bil olmuş, baş vermiş hər hansı bir hadisəni
şirin ləhcə ilə adama danışırsan".
Doğrudan da M.Ələkbərlinin poeziyası həyatiliyi
ilə seçilir; bu, olmuş, baş vermiş,
yaşanmış hadisələrin, duyğuların əks-sədası,
söz-sənət sehrinə bürünmüş poetik
reallığı, davam və inkişafıdır.
Onun şeirləri torpaq kimi adidir, sadədir, bar-bəhərlidir. Torpağın
adiliyindən qeyri-adi qızılgül möcüzəsi necə
yaranırsa, Musa Ələkbərlinin adi şeirlərində
də qəfil duyğu möcüzəsinə şahid
olursan. Şairin adi payız lövhəsində
görüb göstərdikləri, sözün qüdrətiylə
kəşf etdikləri oxucu duyğularına qol-qanad verir,
ovsunlu bədii-estetik ovqat yaradır:
Baxıram
hüsnünə, gözlərim axır,
Göy göl, de niyyətin, qəsdin budurmu?
Üstünə
qızılı yarpaqlar yağır,
Hər yarpaq bir sevgi məktubudurmu?!
Camalın
yanqımı verir günəşə,
Bu nə gözəllikdi, nə yaraşıqdı?
Nazına
dözməyib, saralıb meşə,
Ağaclar hamısı Sarı Aşıqdı.
Musa
Ələkbərlinin belə qeyri-adi şeirlərinin, "Ay
sözü sükutlu, sükutu sözlü" kimi misra kəşflərinin
tilsiminə düşən böyük şairimiz Məmməd
Araz vaxtı ilə "Ədəbiyyat və incəsənət"
qəzetində yazırdı: "Şeirdə
"sükut" sözünün çox işlənməsindən
xoşum gəlmir. Elə mən özüm də
çox işlətmişəm. Ancaq Musa
Ələkbərlinin "Ay sözü sükutlu, sükutu
sözlü" misrasından və şeirlərinin səmimiyyətindən
razı qaldım".
Musa Ələkbərli Vətənin sevinclərinə də,
dərdlərinə də könül verən, poeziyasında
Vətən yaddaşı yaşadan şairdir.
Onun bir neçə il əvvəl "Azərbaycan"
jurnalında çap olunan, Azərbaycanın Milli Qəhrəmanı
Mübariz İbrahimova, bu qeyri-adi, əfsanəvi igidin -
müasir Attilanın, Alp Ər Tonqanın xalqda xalq oyadan, millətdə
millət yetişdirən mübarizəsinə həsr edilən
"Mübariz" poeması, cəsarətlə demək olar
ki, poeziyamızın, bütövlükdə müstəqillik
dövrü ədəbiyyatımızın uğurlarından
sayıla bilər.
Haqqında danışdığım poetik silsilədəki
Xocalıya həsr olunmuş kiçik bir şeir Musa Ələkbərlinin
"Mübariz" poemasını, ciddi ədəbi
uğurunu yenidən yadıma saldı. Kiçik bir şeirlə
Xocalı dərdinin ümummilli ruhumuzdakı qanlı
coğrafiyası cızılır, ümumxalq damarının
qan-gen yaddaşı oyadılır, möhtəşəm bir
çağırışla qələbə bayrağı
qaldırılır:
Bu Vətənin
qanlı köynəyidir
Xocalı -
"Qisas" - deyə bağırır.
Bu
xalqın əbədi göynəyidir
Xocalı -
Bizi intiqama çağırır.
XX əsrin
utanc yeridi,
üz
qarasıdı Xocalı -
Zülmün,
işgəncənin
"bundan
o yanası yox",
sərhədidi.
Vətənimin,
torpağımın
iç
yarasıdı Xocalı -
Vəhşiliyin,
barbarlığın
son həddidi.
Ruhların
fəğana gəldiyi
yerdi
Xocalı -
İnsanla
birgə insanlığın
öldüyü
yerdi Xocalı.
Bu, dərdin doğradığı qollarda qılınc
yetirən, qəmin qaysaqlanmadığı yaralarda qələbə
eşqi bitirən və çiyinlərinə şəhidliyin
müqəddəs tabutlarını götürən
poeziyadır. Bu, üç min
illik Xocalı mədəniyyətinin uca şəhidlik
taxtındakı qanlı köynəyini geyib Mübariz kimi mərdanə,
təkbətək mübarizə meydanına girən
poeziyadır. Və mən bu kiçik şeirin
böyük dərgahında 500 il əvvəlin söz
qiyamını, Füzuli qışqırığını
da eşitdim: Ya şəhid olmaq gərək, ya intiqam almaq gərək!..
Təəssüf ki, bu gün qeyrətli qəzetlərimiz
Sovet dövründəki kimi yarım milyon, bir milyon tirajla yox,
çox cüzi sayda çap olunur. Özəl televiziyalar, saytlar, İnternet şəbəkələri
də öz bədnam bazarıyla, milli ruha qənim kəsilən
serial, şou-biznes yarışlarıyla məşğuldur.
Xocalı dərdinə güzgü tutan həmin kiçik
şeiri, eləcə də, digər istedadlı şairlərimizin
bu tipli ciddi poetik nümunələrini plakat formatında şəhərlərimizin
küçələrində, elektron reklam lövhələrində
yerləşdirmək olar ki, xalq öz dərdini, itkilərini
unutmasın, mübarizə ruhu daim oyaq qalsın...
Silsilədəki
digər şeirlər - "Bir qatar yol gedir", görkəmli
alim, unudulmaz ziyalı, fədakar vətəndaş
İmamverdi Əbilova həsr olunan "Dünya boyda",
"Bu körpə Zəhranın qanı", "Qovuşa
bilmədim o məhəbbətə" adlı poetik nümunələr
də ciddi yaradıcılıq axtarışlarının, vətənpərvər
şair istedadının nəticəsidir. Bu məqamda
xüsusi vurğulamaq istəyirəm ki, "Ədəbiyyat qəzeti"
səviyyəli nəsr və poeziya nümunələrinin
geniş şəkildə çapıyla, eləcə də
müəyyən ədəbi tendensiyaları təbliğlə,
yönləndirməklə, ədəbi prosesə saf istedad
havası, həqiqi yaradıcılıq mühiti gətirməklə
öz missiyasını layiqincə yerinə yetirir, Azərbaycan
ədəbiyyatı və mədəniyyətinə,
bütövlükdə Azərbaycan istiqlalına, milli,
müstəqil dövlətimizə və dövlətçiliyimizə
şərəfli xidmət nümunəsi göstərir.
***
Azərbaycan
Milli Elmlər Akademiyasının həqiqi üzvü,
müasir dilçilik və ədəbiyyatşünaslığımızın
görkəmli nümayəndələrindən biri, professor
Nizami Cəfərov Musa Ələkbərlinin "Dünya
sevgidən doğub" şeirlər kitabına
yazdığı "Musa Ələkbərli və onun sevgi fəlsəfəsi"
adlı ön sözdə xüsusi vurğulayır ki,
"Musa Ələkbərli daha çox sevgidən
yazırdı… Ancaq bu sevgi "öz içini
yeyə-yeyə duran", yaxud "tərki-dünya bir
aşiqin subyektiv yaşantıları" deyildi. Təbiətin
özü qədər təbii, mükəmməl kəndli
balasının yüz illər ərzində
formalaşmış, mərdanə istəyi, kişiliyin zərif
məxluq qarşısındakı tarixi məsuliyyəti idi…
60-cı,
70-ci, 80-ci illərdə Musa Ələkbərliyə elə gəlirdi
ki, öz sevgilisinin "tərcümeyi-hal"ını
yazır…
Əslində isə o, özü də bilmədən,
mənsub olduğu etnik-mədəni (etnoqrafik) sistemin ümumi
(universal!) sevgi dastanını danışırdı".
Və indi artıq tam inamla, cəsarətlə demək olar ki, o, ədəbiyyata ötərgi qonaq kimi yox, halal ev sahibi kimi gəlib; sözünün haqq olduğuna, haqdan gəldiyinə inanan şairdir:
Musa, onsuz nə qışım var, nə yazım,
Nə bu dərdim, nə qələmim, nə yazım.
Mən kiməm ki, nə uydurum, nə yazım,
Tanrı mənə söyləməsə yazmaram.
Bu, şairin poetik bəyannaməsi, sənətkar ömrünün ən uca həqiqətidir. O, yaşanılan dövrün, vaxtın sözünü sözün vaxtında deyən, ulu yurd yerlərinin əzəli-əbədi işığını, susmaz sehrini - sevincini ədəbiyyata gətirən, poeziyanın duyğu çöllərində nağıllı-dastanlı kənd ruhunun öləziyən əbədi ocaqlarını yenidən yandıran şairdir. Onun şeirlərindən doğma, qədim yurdların, uca dağların, uluca göylərin çağırış, salam səsləri gəlir və əsası həm də odur ki, istedadlı oxucu o səsləri, çağırışları eşidir, qəlbən, ruhən qəbul edir.
Sadıq
Elcanlı
Ədəbiyyat qəzeti.- 2018.- 20
yanvar.- S.8-9.