Necə gözəl yazmalı
Mənbə: Kurt Vonnegut, "How To Write With Style", IEEE Transactions
on Professional Communication, Vol PC-24, No 2, June
191.
Jurnalistlərə və texniki yazıçılara yazılarında
özləri haqqında
demək olar ki, heç bir şey açıqlamamağı
öyrədirlər. Bu, yazıçılar dünyasında
onları qəribə
adamlara çevirir, çünki bu dünyanın demək olar ki, bütün
digər mürəkkəbə
bulaşmış səfilləri,
oxuculara özləri haqqında çox şeyləri açıqlayırlar.
Biz bu açıqlamaları
təsadüfi və məqsədli üslub elementləri adlandırırıq.
Bu açıqlamalar bizə,
bir oxucu kimi birlikdə vaxt keçirdiyimiz adamın necə bir şəxs olduğunu deyir. Yazıçı cahildir, yoxsa savadlı, axmaqdır yoxsa dərrakəli, saxtakardır, yoxsa dürüst, yumorsuzdur, yoxsa zarafatcıl? Və sair.
Nə üçün
yazı üslubunuzu təkmilləşdirmək məqsədilə
araşdırmalısınız? Bunu nə
yazmağınızdan asılı
olmayaraq, oxucularınıza
hörmət əlaməti
olaraq edin. Düşüncələrinizi necə gəldi
yazsanız, oxucularınız,
əlbəttə, onları
heç umursamadığınızı
sezəcəklər. Onlar sizi
eqoist və ya axmaq kimi
damğalayacaq və ya daha pisi,
əsərlərinizi oxumağı
dayandıracaqlar.
Özünüz haqqında edə biləcəyiniz ən dəhşətli açıqlama,
nəyin maraqlı və nəyin maraqsız olduğunu bilməməyinizdir. Məgər siz özünüz
yazıçıları, əsasən,
sizə təsvir etmək üçün nəyi seçməsinə
və ya nəyin üzərində
sizi düşünməyə
vadar etməsinə görə qiymətləndirmirsiniz?
Siz heç başıboş
yazıçıya dildən
ustalıqla istifadə
etdiyinə görə
heyran qalmısınız?
Xeyr.
Beləliklə, sizin sevimli üslubunuz
beyninizdəki ideyalardan
başlamalıdır.
1. Sizi narahat edən bir mövzu tapın
Elə bir mövzu tapın ki, sizi şəxsən qayğılandırsın və
ürəyiniz sizə
desin ki, o, başqalarını da qayğılandırmalıdır. Üslubunuzda
ən cəlbedici və cazibədar element, söz oyunlarınız deyil, məhz bu həqiqi qayğı olacaq.
Mən sizi roman
yazmağa təşviq
etmirəm, yeri gəlmişkən, hərçənd,
sizi həqiqətən
də narahat edən bir şey
haqqında roman yazsanız,
buna görə təəssüf etmərəm. Evinizin qarşısındakı
çala-çuxura görə
merə yazılmış
petitisiya və ya qonşuluqda yaşayan qıza sevgi məktubu işə yarayar.
2. Lakin sözü uzatmayın
Mən bu barədə sözü uzatmayacağam.
3. Sadə olun
Dilin istifadəsinə gəldikdə
isə: Unutmayın ki, iki böyük
dil ustadı Uilyam Şekspir və Ceyms Coys
ən dərin mövzularda demək olar ki, uşaqcasına
sadə cümlələr
yazırdılar. Şekspirin
Hamleti soruşur:
"Olum, ya ölüm?" Ən uzun söz dörd hərfdən ibarətdir. Coys, həyəcanlı olduqda,
Kleopatranın boyunbağısı
kimi dolaşıq və parlaq cümlə qura bilərdi, amma onun "Evelin" adlı qısa hekayəsində mənim ən sevdiyim cümləsi budur: "O,
yorğun idi". Hekayənin bu nöqtəsində, bu üç sözdən başqa heç bir söz oxucunun qəlbinə bu cür toxuna bilməzdi.
Dilin sadəliyi
sadəcə hörmətəlayiq
deyil, bəlkə də, hətta müqəddəslikdir. Bibliya,
on dörd yaşlı
şən bir uşağın yaza biləcəyi cümlə
ilə başlayır:
"Əvvəlcə Allah göyü və yeri yaratdı".
4. Cümləni kəsməyə cəsarətiniz
olsun
Ola bilər ki, siz də Kleopatra
üçün boyunbağı
düzəltməyə qadirsiniz. Lakin sizin
bəlağətiniz beyninizdəki
fikirlərə qulluq etməlidir. Sizin qaydanız bu ola bilər:
Əgər bir cümlə mövzunuzu yeni və faydalı
aspektdən işıqlandırmırsa,
nə qədər mükəmməl olursa-olsun,
onu silin.
5. Özünüz kimi səslənin.
Sizin üçün
ən təbii yazı üslubu uşaq ikən eşitdiyiniz danışığı
əks etdirməkdir. İngilis dili
yazıçı Cozef
Konradın üçüncü
dili idi və onun ingilis
dilində yazmaq tərzinə ləzzət
qatan çox şey, şübhəsiz
ki, ilk növbədə
onun ana dili olan polyak
dilinin təsiri idi. Və o həqiqətən şanslıdır ki, İrlandiyada böyüyüb,
çünki orada danışılan ingilis dili çox məzəli və musiqilidir. Mən özüm isə
danışıqları tənəkə
qutusunun mişarlanması
kimi səslənən
və lüğəti
boltaçan kimi heç də zərif olmayan sözlərdən ibarət
cümlələr quran
insanların yaşadığı
İndianapolisdə yetişmişəm.
Appalaçın uzaq dərələrinin bəzilərində uşaqlar
hələ də Yelizaveta zamanının mahnılarını və
ifadələrini eşidərək
boya-başa çatır. Eləcə də
bir çox amerikalılar ingilis dilindən fərqlənən
dili yaxud da, əksər amerikanların anlamadığı
ingilis dialektini eşidərək böyüyürlər.
Danışığın bütün bu variasiyaları gözəldir,
necə ki, kəpənəklərin çeşidliliyi
gözəldir. Ana diliniz
hansı olursa-olsun, siz onu bütün
həyatınız boyu
dəyərləndirməlisiniz. Əgər bu standart ingilis
dili deyilsə və siz standart
ingilis dilində yazarkən bu özünü göstərirsə,
nəticə adətən,
gözünün biri
yaşıl, digəri
mavi olan gözəl qız kimi valehedici olur.
Görürəm ki, başqaları
kimi mən də öz yazılarıma ən çox o zaman inanıram ki, daha çox İndianapolisdən olan adam kimi
səslənirəm. Çünki bu, elə mən
özüməm. Mənim hansı
alternativlərim var?
Müəllimlərin ən
şiddətli tövsiyyəsi,
şübhəsiz ki,
sizdən də yan keçməmişdir:
bir əsr və ya daha
əvvəlki dövrün
ingilisləri kimi zərif yazmaq.
6. Demək istədiyinizi söyləyin
Belə müəllimlər əvvəllər
məni təngə gətirirdi, lakin indi yox. İndi başa
düşürəm ki,
öz işimi müqayisə etməli olduğum bütün bu antik esse
və hekayələr
məhz köhnə və yabançı olduğuna görə deyil, müəlliflərin
demək istədiklərini
dəqiq ifadə etdiklərinə görə
gözəl idi.
Müəllimlərim istəyirdilər ki, mən hər
zaman ən effektiv sözləri seçərək və onları sanki bir maşın hissələri kimi bir-biri ilə birmənalı və sərt şəkildə əlaqələndirərək dəqiq yazım. Nəhayətində müəllimlər məni ingilisə çevirmək istəmirdilər.
Onlar ümid edirdilər ki, mən anlaşılan
olacağam və buna görə də başa düşüləcəyəm. Və burada mənim Pablo Pikassonun boya ilə və ya bir çox
caz idolunun musiqi ilə etdiyini sözlərlə eləmək xəyalım
puç oldu. Əgər mən bütün punktuasiya qaydalarını
pozsaydım, sözlərə
istədiyim mənanı
uydursaydım və onları bir-birinə necə gəldi bağlasaydım, mən sadəcə başa düşülməzdim. Beləliklə, əgər sizdə deməyə dəyər bir şey varsa
və başa düşülmək istəyirsinizsə,
yaxşı olar ki, siz də
"Pikassotərzi" və
ya "caz tərzi"ndə yazmaqdan
çəkinəsiniz.
Oxucular bizim səhifələrimizin daha
əvvəl gördüklərinə
çox oxşamasını
istəyirlər. Niyə? Bu ona görədir ki, onların özlərinin işi çətindir və bizdən ala biləcəkləri bütün
yardım vasitələrinə
ehtiyac duyurlar.
7. Oxuculara yazığınız
gəlsin
Onlar kağız
üzərində minlərlə
işarəni təsbit
etməli və dərhal onları anlamalıdırlar. Onlar oxumalıdırlar, bu isə elə bir çətin sənətdir ki, əslində çoxları
bunu ibtidai və orta məktəbdə
- on iki uzun il boyunca
öyrəndikdən sonra
da, bacarmırlar.
Beləliklə, bu müzakirənin gedişində, nəhayət,
etiraf etmək lazımdır ki, yazıçı olaraq bizim üslubi seçimlərimiz nə çoxsaylı, nə də cazibədar deyildir, çünki oxucularımız qeyri-təkmil
"sənətçi"lərdir. Auditoriyamız tələb edir ki, biz hər zaman sadələşdirməyə
və aydınlaşdırmağa
istəkli, canıyanan
və səbirli müəllimlər olaq, halbuki, biz bülbül kimi oxuyaraq kütlə
üzərindən uçmağı
üstün tutardıq.
Bu pis xəbərdir. Yaxşı xəbər
budur ki, biz amerikalılar cəzadan qorxusu olmadan bizə istədiyimizi yazmağa izin verən vahid bir Konstitusiya altında idarə olunuruq. Beləliklə,
üslubumuzun ən önəmli aspekti, məhz "nədən yazmaq" seçimi, tamamilə, qeyri-məhduddur.
8. Həqiqətən, müfəssəl
tövsiyə
Ədəbi üslubun daha dar mənada, texniki baxımdan müzakirəsi üçün
Uilyam Strank və E.B.Uaytın "Üslub elementləri"ni diqqətinizə çatdırıram. E.B.Uayt, əlbəttə
ki, bu ölkənin
indiyə qədər
yetişdirdiyi ən heyranedici ədəbi üslubiyyatçılardan biridir.
Siz də başa düşməlisiniz
ki, cənab Uaytın fikirləri son dərəcə cazibədar
olmasaydı, onun özünü nə qədər yaxşı və ya pis
ifadə etməsi heç kəsi maraqlandırmazdı.
Kurt Vonnequt
İngilis dilindən tərcümə
edən: Günay Rzalı
Ədəbiyyat qəzeti.- 2018.- 20
yanvar.- S.9.