Əbədiyyət
Ekspressiv pritça
Verməyən canın sənə
bulmaz həyati-cavidan,
Zindeyi-cavid ona derlər ki,
qurbandır sana.
M.Füzuli
Kənddə
Ağadayını o qədər sevirdilər ki, hətta
ölümünü də onun özündən gizlətmişdilər.
Neçə müddətdi qohumlar, yaxınlar, əzizlər
var-qüvvəylə çalışırdılar ki,
heç nə hiss eləməsin.
O vaxt yas
məclisinə gələnlərə də
tapşırmışdılar ki, həyətdə çox
da bərkdən ağlaşmasınlar, yoxsa
qara-qışqırığın səsi ikinci mərtəbəyə
qalxar, kişinin qulağına çatar,
öldüyünü başa düşər. Hər
halda, vaxtilə kənd üçün böyük işlər
görmüşdü, camaata çox köməyi dəymişdi,
irili-xırdalı hamı ona kəndin başbiləni,
böyüyü kimi baxırdı. Ağadayının
bir sözünü iki eləyən olmamışdı, kəsdiyi
başın sorğu-sualı yox idi. Qəhrindən
qorxurdular, zəhmindən çəkinirdilər. Elə qorxub çəkindiklərinə görə
də çox sevirdilər.
Kəndin elə müşkülü olmazdı ki,
Ağadayı sinəsini qabağa verib, bu
müşkülü asan eləməsin. Bir sözlə,
dünəni çox möhtəşəm idi. Bəs belə olan halda, niyə bu günü,
sabahı sönük görünsün?
Bir də ki, axı necə deyəydilər həqiqəti? Bütün onilliklər ərzində
özləri gecə-gündüz bəyan eləyirdilər
ki, sən heç vaxt ölməyəcəksən, sənin əməllərin
səni daim yaşadacaq, sənin gördüyün işlər
əbədiyyətə açılan qapıdır, sən
öz əvəzolunmaz həyatınla ölümə qalib gəlmisən,
biz ölə bilərik, amma sən ölə bilməzsən,
çünki sən olmasan biz də yox olarıq. Bizim
özümüzün gələcəyi,
övladlarımızın gələcəyi, övladlarımızın
övladlarının gələcəyi, hamısı səndən
asılıdır, sən ölsən dünya
dağılacaq…
Ağadayı da bütün bu sözlərdən sonra
tamam inanmışdı ki heç vaxt ölməyəcək. Çünki
o ölsə, hər şey məhv olacaq. Allah da hər
şeyin məhv olmasına yol verməz yəqin ki… Məhz buna görə onu ədəbi
yaşatmağa məcburdu. O da, öz növbəsində
əbədi yaşamağa, çalışmağa, işləməyə,
məhkumdur. Ən azından bu kənd
üçün. Bu kəndin gələcəyi
üçün.
Bəli, hamı da, görürdü ki, Ağadayı
bütün varlığı ilə buna inanır.
İndi bundan sonra ona necə deyəsən ki, sən
ölmüsən? Bəli, sən ölmüsən, amma heç nə məhv
olmayıb, kəndin altı üstünə çevrilməyib,
dünya dağılmayıb, həyat öz axarıyla gedir…
Yox, qətiyyən. Bunu ona demək olmaz. Bacardıqca
gizlətmək lazımdı.
Hamı bunu başa düşürdü və bu fikrə
etiraz eləmirdi. Hamı özünü elə
aparırdı ki, o yenə yaşayır, o yenə hamıya
lazımdı, o yenə hamının həyatının səbəbidi.
O olmasa, dünya dağılar, qiyamət qopar, hər şey
bitər…
Yenə də
xeyirdə-şərdə Ağadayının yeri yuxarı
başdaydı, yenə də ondan məsləhətsiz
iş görülməzdi, yenə hamının başına
ağıl qoyardı, yolundan azanları danlayardı, yolunu
itirənlərə yol göstərərdi. Düzdü,
bütün məsləhətləri, nəsihətləri elə
əvvəlkilərin eyni idi, öləndən qabaq dediklərini
dəfələrlə təkrar edirdi, təbii,
anlamırdı ki, bütün bunlar inda daha yararlı deyil,
istifadə müddəti artıq çoxdan keçib...
Əlbəttə ki, camaat daha onun nəsihətinə,
danlağına, tənəsinə çox da əhəmiyyət
verməzdi. Daha əvvəlki vaxt deyil ki. Ölüb
də. Bundan sonra bizə neynəyəsidi
ki? Amma təbii, üzdə hamı diqqətlə
qulaq asardı, razılıqla başını tərpədərdi.
Çünki indinin özündə də
Ağadayının elə bircə adı kənd camaatı
üçün çox müşkülləri həll edərdi.
Beləcə, həm sevgi, həm də şəxsi maraq
səbəbindən hamı can-dildən
çalışardı ki, Ağadayıda həyatının
əvvəlki qaydada davam eləməyinə bir zərrə də
şübhə yaranmasın. Bəli, hamı
çalışırdı.
…Bircə
nəfərdən başqa… Kiçik bacoğlu
nədənsə hamı kimi hərəkət eləmək
istəmirdi. Elə bil zalım oğlu
buğda yeyib cənnətdən çıxmışdı.
-Axı o
ölüb. Başa düşürsüz?
Ölüb. Daha yoxdu. Heç kimə lazım deyil. Nə məsləhətləri,
nə nəsihətləri… Niyə başa
düşmürsüz? - az qala
bağıraraq deyirdi.
- Başa
düşürük ey… - ona işarə edirdilər ki bərkdən
danışmasın. - Əlbəttə,
başa düşürük. Çox
gözəl başa düşürük. Amma yavaş ol, eşidər, pis olar. Qoy bilməsin.
-Axı nə
vaxtacan? - yenə
etiraz edirdi. - Nə vaxtacan bunu
onun özündən gizlədəcəksiz? Nə
vaxtacan?
Bu suala təbii ki, cavab tapa bilmirdilər. Bəlkə də ürəklərinin
dərinliyində istəyirdilər ki, onların içindən
kimsə bir nəfər irəli çıxsın, cəsarətini
toplasın, hətta bir az da qəddarlıqla
birbaşa Ağadayının üzünə desin ki, sən
ölmüsən ey, ölmüsən, başa
düşürsən? Qiyamət qopmayıb,
dünyanın axırı çatmayıb, sadəcə sən
ölmüsən, artıq bu dünyada yoxsan.
Bəli,
təhtəlşüur səviyyəsində ola
bilər ki, bu istək var idi hər kəsdə. Ancaq digər
tərəfdən Ağadayının əvvəl
gördüyü işlər, əvvəl elədiyi
xeyirxahlıqlar, əvvəl camaatçün yaradıb
qurduqları gəlib dururdu gözlərinin qabaqlarında,
ürəkləri yumşalırdı, yenə əvvəlki
fikrin üstünə qayıdırdılar ki, yox olmaz demək,
qoy bilməsin, yaxşı deyil, eşidib-bilər, ona pis təsir
eləyər…
Əlbəttə ki, belə məqamda ən çətin
məsələ bacoğlunu susdurmaq idi.
Bacoğlu isə hələ açıq şəkildə
hay-küy qaldırmasa da, hamı kimi əbədi susmaq da istəmirdi. Hələ
ki, astadan, yalnız dirilərin eşidə biləcəyi səslə
etiraz eləməkdə davam edirdi.
-Mən
heyvan deyiləm. Başa düşürəm
ki, Ağadayı onilliklər boyu kəndimizçün
çalışıb, əlləşib vuruşub.
Böyük işlər görüb, böyük şeylər
yaradıb. Çox şeylərə görə
ona borcluyuq. Amma bunlar hamısı
keçmişdədi axı. Biz niyə
öldüyünü ondan gizlədib, onu zorla gələcəyə
dartmalıyıq? Axı onun yeri
keçmişdədi. Bütün
böyüklüyü, əzəməti, möhtəşəmliyi
orda qalıb… Niyə imkan vermirsiz adam kimi
ölsün, öz ölümündən həzz alsın.
Hamı kimi öz ölümünün dadını
çıxartsın…
-Ağadayı
hamı kimi deyil. - Etiraz edirdilər.
-Lap elə
hamı kimi deyil. Hamı kimi yaşamayıb, bu
kənd üçün canını qoyub. Onda heç
olmasa öləndə imkan verin adam kimi
ölsün də? Heç olmasa
özünün xəbəri olsun ki, ölməyindən.
Öz şəxsi marağınıza görə kişini adam kimi ölməkdən məhrum eləməyin.
Adamlığınız olsun. Deyin ona, qoy
bilsin həqiqəti, bilsin ki, qurdla qiyamətə qalmayıb, adam kimi ölüb, adam kimi…
-Yox…
Olmaz… Mümkün deyil… Qətiyyən…
Bacoğlu isə inadından dönmürdü.
-Axı
dünyanın heç yerində belə şey yoxdu. Adam yaşayır, yaradır, nəsə işlər
görür, amma vaxtı çatanda ölür, gedir əcdadlarının
yanına, yerinə başqaları gəlir, beləcə həyat
davam eliyir.
-Onlar
başqa, biz başqa. Bizim mentalitetimiz fərqlidi.
Bacoğlu da əsəbindən bilmirdi neynəsin. Çünki
hamı yekdilliklə eyni sözü deyirdi.
- Olmaz,
olmaz…
Sonra da
yenə də başına sığal çəkib, adam balası kimi ona izah eləməyə
çalışırdılar.
-Bax ona,
yaxşı bax, görürsən, Ağadayının
heç nədən xəbəri yoxdu, bilmir ki, ölüb. Yenə əvvəlki enerjisiylə
çalışır, əlləşir, vuruşur,
yaradır.
-Axı…
-Hə,
lap elə yaratmır, ən azından çalışır.
-Necə…
- Hə,
lap elə çalışmır, ən azından ümid
edir ki. Ümid edir ki, nə vaxtsa yenə
çalışacaq, yenə yaradacaq, yenə böyük
işlər görəcək. Qoy
inansın da. Qoy öz ölməzlik
illüziyalarının içində xöşbəxt olsun.
Bunun nəyi pisdi ki? Məgər əvvəl
gördüyü böyük işlərlə, böyük əməllərlə
bu haqqı qazanmayıbmı? Axı
dünyada haqq-ədalət var. Onilliklər boyunca
hamımızçün bu qədər eləyəndən
sonra, yəni onun haqqı yoxdu buna? Niyə
həqiqəti deyib onun illüziyalarını dağıdaq?
Niyə onu məhv eləyək…
-O,
ölüb axı. Onsuz da məhv olub. -
Bacoğlunun etirazı ara vermirdi. -
Ölünü məhv olmaqdan niyə qorumalıyıq ki?
-Ölmək
ayrıdı. Məhv olmaq ayrı. - Bu dəfə
qəti etirazlarla üz-üzə qalırdı. - Biz onun məhv
olmasına imkam verməyəcəyik. Ağadayı
öldüyünü heç vaxt bilməyəcək.
-Yəni
heç vaxt? Lap yəni heç vaxt?
Cavab verən olmurdu.
Beləcə,
bacoğlu qaşqabaqlı sükutla üz-üzə
qalırdı…
Lakin
başa düşürdülər ki, bacoğlunun sükutu
çox çəkən deyil, ona görə bu sükutun
ömrünü uzatmaqçün mütəmadi olaraq ona
başa salmaq, anlatmaq, izah eləmək lazımdı…
-Bəx,
misalçün, elə sən özün - deyirdilər.
- Məgər sən istəməzsən
ki, nə vaxtsa səni də bu qədər sevsinlər, əzizləsinlər,
hətta ölümünü də sənin özündən
gizlədib nazını çəksinlər? Bu
pisdi bəyəm? Yoxsa istərdin ki, nə vaxtsa kimlərsə
gəlib kobudluqla, qəddarlıqla sənin üzünə
desinlər ki, ay kişi, daha ölmüsən ey, yol ver,
çəkil kənara, ket gir qara torpağın altına,
daş yorğanı çək üstünə… Belə desələr, xoşuna gələr?
Bacoğlu isə nə qədər inadkar olsa da, məhz
söhbətin bu məqamında fikrə gedib susardı.
Çünki nə deyəcəyini özü də
bilmirdi.
Əlbəttə,
qəhrəmanlıq eləyib deyə bilərdi ki, bəli, mənimçün
fərqi yoxdu, həqiqət nə qədər acı da olsa,
ondan qaçmaq mümkün deyil və mən heç vaxt həqiqətin
məndən gizlədilməsinə razı ola
bilmərəm…
Belə demək istəyirdi. Amma elə bil nəsə
dilini bağlayırdı.
Başqa ölənlərin laqeydliklə aparılıb
torpağın altına atılmağı gəlirdi
gözünün qabağına, bu tərəfdən də
indi üz-üzə gəldiyi vəziyyəti
düşünürdü və öz-özünə sanki
seçim eləməyə çalışırdı,
düşünürdü ki, görəsən doğrudan da
məqamı gəlsə, mən özüm hansına
üstünlük verərəm? Razı olarammı həqiqəti
üzümə deyib, aparıb atsınlar məni
torpağın altına, qurdlara yem olum, hamını
yadından çıxım? Yoxsa istərəm eynən
Ağadayı kimi həqiqəti məndən gizlətsinlər,
öz ölümümü də bilməyim, əbədiyyət
illüziyaları içində xöşbəxt olum?
Bəli, bacoğlu, özü də bilmirdi
hansını istəyir. Həqiqəti yoxsa illuziyaları.
İndiki vaxtda, şəksiz ki, həqiqəti istəyirdi. Ona görə
də vəziyyətlə tam barışa bilmirdi.
Lakin yadına düşürdü ki, Ağadayı da
öz ölümündən çox-çox əvvəllər
məhz belə deyirdi. Deyirdi ki, həqiqətdən qaçmaq olmaz, əsl
şəxsiyyət gərək həqiqətin
gözünün içinə dik baxa bilsin, bundan
qorxmasın, çəkinməsin, başını kola soxub həqiqətdən
gizlənməyə çalışmasın…
O vaxt elə
deyirdi. Ancaq bu gün öz ölümündən
xəbərsiz, şirin əbədiyyət illüziyaları
içində xöşbəxt idi.
Bəlkə
də hardasa nəsə hiss edir, başa düşür ki,
artıq ölüb, artıq yoxdu… Əlbəttə, yəqin
ki, hiss edir. Lakin bu fikirləri özündən
kənara qovur, ətrafdakıların ədəbi sevgi dolu
baxışlarından yağan istilikdə əridirdi. Yəni həqiqətin gözünün içinə
dik baxmağa qorxurdu.
Bu şüurlu baş verirdi, yoxsa təhtəlşüur
səviyyəsində - ölən adamın şüuruna və
ya alt şüuruna girmək bacarığından məhkum
olan bacoğlu bundan xəbərsiz idi.
Buna görə də, heç cür hökm verə
bilmirdi.
Qorxurdu ki, bu gün verdiyi hökm sabah onun
özünə qarşı qalxa bilər. Birdən
onilliklər sonra, elə bir vəziyyətə düşər,
istəyər ki, onun da ölümünü özündən
gizlətsinlər, o da, Ağadayı kimi ədəbiyyət
illüziyalarının içində xöşbəxt olsun.
İstəyər,
amma məhz həmin məqamda ətrafdakılar onun
bugünkü həqiqətpərəstliyini əldə bayraq
gətirib, illüziyalarınıi dağıdarlar,
öldüyünü kobudluqla üzünə
çırparlar…
Məhz bu ziddiyyətli fikirlərin içində,
çırpınırdı, öz-özünü
susmağa, mövcud vəziyyətlə barışmağa məcbur
edirdi.
Lakin… Həqiqət…
Həqiqət deyilən bu ehtiras nə idisə,
bacoğluya hamı kimi tam rahatlanmağına imkan vermirdi.
Beləcə, illər keçirdi, bacoğlu həmişə
daxilən əziyyət çəkirdi, boğulurdu, nəfəsi
çatmırdı, amma birtəhər dözürdü. Və dözə-dözə
də işləyirdi, çalışırdı, əlləşib-vuruşurdu
kənd üçün.
İllər
uzunu yuxularında görürdü ki, həqiqət hissi nəhayət
ki, onu cəsarətə gətirir, gedib Ağadayının
qarşısını kəsir və var gücüylə
qaşqırır ki, daha bəsdi özünü görməməzliyə
vurdun, bəsdi, oyan, oyan bu illuziyalardan, sən artıq
ölmüsən, çoxdan ölmüsən, heç kim
bunu sənə demir, heç kim üzünə vurmur,
hamı özünü elə aparır ki, guya sən
heç vaxt ölməyəcəksən, həmişə
var olacaqsan. Hamı belə deyib sənə, hətta mən də…
Çünki öz maraqlarımızçün belə eləyirik,
bizə belə sərf eləyib… Amma bəsdi daha, bəsdi, mən
indi həqiqəti deyəcəm, sən ölmüsən,
ölmüsən, ölmüsən…
Elə
"ölmüsən"
qışqıra-qışqıra da yuxudan oyanırdı
bacoğlu …
On dəfə, yüz dəfə, min dəfə eyni
şey təkrar olurdu…
Əslində bacoğlu tək deyildi. Həqiqəti
deyə bilənlər və deyənlər çox idi, ancaq
uzaqda idilər. Ara-sıra uzaqdan deyilən həqiqət
Ağadayının qulağına çatsa da, ətrafdakılar
o saat özlərini sipər edib onun qulağını
doldururdular ki, əhəmiyyət verməyin, boş verin,
hamısı düşmənlərdi, sizi və bizi istəməyənlərdi,
sizinlə qərəzləri var, paxıllıqdan belə
edirlər, çünki özləri bu gün var, sabah yoxdu,
buna görə də sizin ölməzliyinizi gözləri
götürmür, heç cür bununla barışa bilmirlər…
Ağadayı da inanırdı, yenə öz ölməzlik
illüziyaları içində xöşbəxt olurdu.
İllər keçirdi, bacoğlu isə
yavaş-yavaş dəli olurdu, psixikası pozulurdu, orqanizmi
dağılırdı. Həqiqəti yalnız yuxuda deyirdi.
Hər dəfə də yuxudan oyananda
öz-özünə söz verirdi ki bəsdi, olmaz belə, həqiqəti
demək lazımdı. Ancaq demək məqamı gələndə,
yenə onun bu illüziyalar içində özünü nə
qədər xöşbəxt hiss elədiyini
görürdü, yenə onun gördüyü böyük
işlər gözünün qabağına gəlirdi və
yenə də ətrafdakılara ürəyində haqq
qazandırıb susurdu…
Nəhayət,
uzun illər sonra, yağışlı bir gündə qəti
qərara gəldi ki, bəsdi, kifayətdi, daha yetər… Əvvəl-axır Ağadayı həqiqəti bilməlidi.
Bilməlidi ki, hələ neçə il
bundan əvvəl vəfat eləyib. Artıq
yoxdu. Ölüb. İndi
yox, çoxdan ölüb. Lap çoxdan… Və bu həqiqəti
ona mən deməsəm, başqa heç kim
deməyəcək.
Nədənsə,
məhz həmin yağışlı gündə bacoğlu
fikrini dəyişmədi, geyinib-keçinib qətiyyətlə
Ağadayının yanına gəldi, dik, həqiqətpərəst
baxışlarla düz onun gözünün içinə
baxdı və elə ağzını açıb həqiqəti
demək istəyəndə, ürəyindən qəfil
sancı tutdu, yerə çökdü.
Ətrafdakılar
ona kömək eləmək istəsələr də, macal
tapmadılar, bir də gördülər ki, bacoğlu
artıq ölüb…
Qəribə də olsa, bacoğlunun ölümünü özündən gizlətmək fikri heç kimin ağlına gəlmədi…
Eləcə üstündə bir az ağlaşdılar, aparıb qəbrə atıb üstün torpaqlayıb gəldilər.
Ağadayının isə hələ də, öz ölümündən xəbərsiz halda, əbədiyyət illüziyaları içindəki xoşbəxtliyi davam edirdi. Hətta bəzən bacoğlunu də xatırlayırdı. Xatırlayıb deyirdi ki, hərçənd onun qədər böyük işlər görməmişdi, ancaq hər halda əbədi ölümsüzlük haqqı qazanmağa çox yaxınlaşmışdı. Lap bir addımlığında idi. Amma heyif ki, bir az səbri çatmadı.
2018
İlqar Fəhmi
Ədəbiyyat qəzeti.- 2018.- 20
yanvar.- S.10-11.