Afanasi Vançev (Athanase Vantchev de Thracy) çağdaş fransız ədəbiyyatının
öndə gələn
böyük şairlərindən
biridir. Əsli bolqar
olan şair 1940-cı
ildə Bolqarıstanın
Xaskovo bölgəsində
dünyaya gəlib.
Uzun müddətdir Fransada yaşayır, dünyanın bir çox önəmli dillərini bilir. Dünya mədəniyyətini
və şeirini incəliklərinə qədər
öyrənən və
öyrəndiklərini şeirlərinə
də çox ustalıqla yansıdan şair,
demək olar ki, dünya təcrübəsinin yaratmış
olduğu bütün
ədəbi vəzinlərdən,
şeir forma və şəkillərindən çox
ustalıqla istifadə
edir.
Müxtəlif dillərdə hazırlamış olduğu
monoqrafiyalar Avropada elm
çevrələrində böyük maraqla qarşılanır. Fransız dilində
yazdığı "Pol
Verlenin şeirləri işığında
simvolizm", "F.Dostoyevskinin
yaradıcılığında poetika ve metafizika"
əsərləri dediklərimizə
misal ola bilər.
Afanasi əski çağların
vazkeçilməz bilicisidir,
yunan və latın poeziyasına
həsr olunmuş məqalələri yazarını
ünə qovuşdurmuşdur.
Türkiyəyə, Suriyaya,
Livana, Səudiyyə Ərəbistanına, İordaniyaya,
Misirə, Mərakeşə,
Mavirtaniyaya səfərləri
zamanı islam və xristian aləmini, müqəddəs
Şərq dünyasını
yetərincə tədqiq
etmiş və bu araşdırmalar sonralar ona dünyada
şöhrət gətirəcək
məqalə və kitablara çevrilmişdir.
Afanasi çoxsaylı milli
və beynəlxalq mükafatlara layiq görülmüşdür.Onları bu qısa qeydlərimə
əlavə edib yer
almaq istəmirəm. Şairin indiyə qədər 24 şeir kitabı nəşr olunmuşdur.
Özü də dünyanın
çeşidli dillərindən
fransız dilinə mükəmməl tərcümələr
etməkdədir.
Təbiəti dinləyən şairin şeirlərində
hər zaman intellektual bir ovqat mövcuddur. Özü bu barədə daha tutarlı söyləmişdir:
"Mən hər zaman
şeirin günəş
altında şehli bahar güllərindəki
kimi şəffaflığını
və parlaqlığını
sevdim. Bəzi şeirlərin geniş dərinliyi, inanılmaz tamlığı məni erkən yaşlarımdan heyran etdi. Onlarda çevrəmdəki
insanların ağrı
və əzabımın
ölçüsünü gördüm. Və tezliklə
poeziyada vücudumuzla heç bir əlaqəsi olmayan bir şeylər olduğunu kəşf etdim. Zəif varlığın, istək
və təvazökar
zövqlərin perspektivləri
idi onlar. O zamanlar işığın
bayraqlarını, sevinc
çərçivələrini xəyal edirdim. Gözə görünməyən
bülbülün səsi!
Şəfəqin qılıncını,
kölgələr uçurumunu
pozan bir bülbülün səsi
olmaq, üzünü
əsla görməyəcəyimi bilərək
zamanı hiss etmək
istədiyim zamanlardı
onda.
Dünyada heç nəyin təsadüfi olmadığına inamı
olanlardanam. Afanasi ilə
tanışlığımızın da təsadüf olmadığına inanıram.
Facebookdakı səhifəmi izləyənlər
görmüş olar.
Afanasi, alban şairi Jeton Kelmendinin Albaniyada çap olunan kitabımla bağlı paylaşımına
ilk fikir bildirənlərdən
biri də Afanasi idi. Və beləcə aramızda bağlantı yaranmış
olacaqdı. Şeirlərimi sevə-sevə fransız dilinə çevirən hələlik sanal dostuma (İnşallah bu ayın sonunda
Parisdə görüşəcəyik!)
təşəkkürlərimi bildirir və şeirlərindən örnəkləri
sevgili oxucularımla bölüşürəm.
Hava gözəlliyi
Liliana Bettenkur
Gül işığı gətirir
özüylə bahar
hələ
Bu Lakonya gününü
xəfiflətmək üçünmü?
Kornif vazalarının gözləri
daha parlaq
Günəş göz yaşlarıyla gözün dolduğu günmü?
Qoy bu qədim məkanda
açılsın tutqun
fəza,
Gözəlliklər ruhunun heyrət çağlamasında
Öpüşlər büyülənmiş sevgi məktubu yazar
İlin
kəhrəbasında,ürəyin
almazında.
Və siz, xanım, uzadın bəyaz barmağınızı,
Çizgilərə tuş gələn
üzləri sevir səma
Bənövşəyi döşəyi gecə
izləyənə bax?
Gəzintilər, çevrədə uşaqlıq
zanbaqları
Və şagirdlərinizə yaşanası
bir dünya
Qanadın ağlığından daha zərif və yumşaq!
Saf sehr
"Salamlayıram sizi, Allahın gözəl qızları,
Bənə bir mahnı
söyləyin.
Ömr eləyən
ölümsüzlərin müqəddəs
irqini şərəfləndirin."
Hesiod
O şirin gözyaşlarının
dadlı məhsuldarlığı
Günün yasəmənləri! Sonunda düşüncələr
Doğar
varlığımızdan! Təkərlərin mahnısı,-
Bu səmimi həssaslıq!
Bir
də bu şəffaf hüzün
Sənin
gözəl üzündən!
Bayırda quşlar ötər.
Həsrət havalarına xoşbəxtliklər
sevinər;
Həyatın əbədiyə calaq
olduğu gündən
Ah ağacların, suların
tərtəmiz cazibəsi!
Con Kitsin ölümü
Norton Hodges
Kitsin ölümünə Şellinin
ürək parçalayan
misraları:
"Və birisi titrəyən əlləriylə
soyuq başını
tutar".
("Bir başqası titrək əlləri ilə
o buz qafanı sıxar.")
Kitsin yaqut səsimi və ya
İngiltərənin axşam bülbüllərimi?
Romadakı ölüm, melodik sevgidən çox uzaq.
Və yaqut ağzında mavi öpüşlər!
Ah mələklər ağlayan
o çılpaq otaq
Bəyaz qardələnlər sinəsi
üstə.
Efirə
qalxan titrək vücudu
yanıb-sönmədə.
Gəncliyinin parlaqlığıyla!
Səhərin şəffaflığını geymiş o,
Əsla düşünməyəcək
Əbədi şəhərin canlı
əzəmətini!
Havada yalnız və təsəllisiz,
Ağlayıram böyük gecənin çiyinlərində.
Onun qaranlıq gücünü
kim biləcək
Qaranlıqların sürəkli silkələnən
okeanında!
Ey ölümlə bitən işıq,
Ey ömür boyu vəd!
İndi,
ruhunun masmavi məsumiyəti
Üfüqləri titrədən xəfif bir əldən gəlir.
Unudulmağa üz qoyan adı
qranit daşlara yazılı...
O ki misralarıyla efiri
sarsa bilər
Göyün gözəlliyində
səmavi ruhlardı üzə çıxan!
Fales kimi o da bu
büyülü kəhkəşanda
ulduzların incə
ürəyini ölçə
bilər.
Finikiyalıların yaşıl işığında
kim rəhbərlik edər
dənizin hərəkətli
sularında!
Üç dəfə xeyir-dua
etdi ilham pərisi
Solğun
alnını qırmızı
gül çələnkləri
ilə örtün,
Örtün ki, rahat olum.
Və siz açan çiçəklərlə , ətirli otlarla,
Hər zaman xatırlayın ölmüş kişiləri
Onların incə sözünün
həyat verən lütfü xatirinə!
Mərakeş, 2017
Afanasi Vançev
Tərcümə etdi:
Məmməd İSMAYIL
Çanaqqala, Türkiyə
Ədəbiyyat qəzeti.- 2018.-
20 yanvar.- S.11.