"20 Yanvar" - Azadlıq məbədinin memarı
Esse
Müqəddəs torpaqlarımızı kənd-kənd, qəsəbə-qəsəbə, şəhər-şəhər gəzdikcə, vətənimizin taleyini düşünən, onun gələcəyi naminə pərvanətək alışıb-yanan müdriklərimizdən, saf, əqidəli sadə vətənsevərlərimizdən böyük can yangısı ilə dönə-dönə eşitdiyimiz "Azərbaycan faciəsi"ni ağlımız kəsəndən yana-yana yaddaşımıza əbədi həkk etsək də, onu yazıya köçürmək üçün aylarla, illərlə düşünmüşük, bəzən cürətimiz çatmayıb. "İlan vuran ala çatıdan qorxar", biz də özümüz-özümüzdən qorxmuşuq. Vətənimiz, torpaqlarımız, xalqımız, dilimiz və dinimiz haqqında azad fikir, açıq söz deyə bilməmişik; əsrlərin "fil qulağında div yuxusuna dalmış" qan yaddaşımızı qıy vurub oyatmaq üçün cıqqırımızı belə çıxarmamışıq. Ona görə "Azərbaycan məbədi"ni ucaltmaq istəyi ürəyimizdə qalıb...
- Bir millətə nə qədər zülm etmək olar, ilahi?!.
- Görən haçan və kim
tərəfindən bu
məşəqqətlərin bünövrəsi qoyulub?
- "Kor tutduğunu buraxmaz", onda bəs zəlitək yaxamıza suvaşmış
bu bəlaların girdabından canımızı
necə xilas edəcəyik?..
...Zəncirvari reaksiyalara, dolaşıq düşmüş
kələflərə bənzəyən
öz-özümüzə verdiyimiz bu başsındıran
sprutabənzər suallar
ürəklərdə tufan
qopardıqca bizi haldan-hala salırdı...
...Ən çətin
hallarda iynənin ucu boyda ümid
işığına gümanımızdan
ani təskinlik tapsaq da, vəziyyətin
çıxış yolunda
açılmayan inteqrallara
dönən bu açmaları açmaq,
inamlı istinad nöqtəsinin həqiqi həndəsi yerini-zamanla-məkan
əlaqəsini müəyyənləşdirə
bilməmişik...
"20 Yanvar qırğını törədilən gün Allahın arxasız bəndəsi olduğumuzu duyduq... Əllərimiz qoynumuzda qəm dəryasına qərq olduq... Sovet imperiyasının qarşısıalınmaz doktrinasına qarşı vətəni qorumaq üçün özümüzü sipər etdik...
Tarixdə misli görünməmiş vəhşiliklə təkcə azərbaycanlılar deyil, ölkəmizdə böyük humanizm və tolerantlıq şəraitində yaşayan ruslar, ukraynalılar, yəhudilər, ləzgilər və başqa etnik qrupların nümayəndələri də amansızlıqla qətlə yetirildilər. Onların arasında qocalar, qadınlar və uşaqlar da az deyildi. Sovet ordusunun öz vətəndaşlarına divan tutması, bəşəriyyəti xoflandırdı.
...Yanvarın 22-də şəhidlərimizin dəfn mərasiminin ağlasığmaz mənzərəsinin şahidi olanda, əlçatmaz və müqəddəs arzularımızın çoxu şəhid olsalar da, əsrlər boyu göz dağına çevrilmiş birliyimizin buz heykəlinin donu açılır, möcüzəli insan dənizində onun ümmanlaşması soydaşlarımızı heyrətləndirirdi...
...Çöhrələrindən qəzəb, nifrət yağan, intiqam almaq ehtirasları od-alov püskürən insanlar yer övladına hayan olmaq, onları qara qüvvələrdən qorumaq üçün elə bil ki, uçan boşqablarla bambaşqa planetlərdən gəlmişdilər...
Fikirlər, düşüncələr vücudumuzu çarmıxa çəkdikcə elə bilirdik ki, qəddimiz də sual işarəsinə dönüb... Yozulmalı suallar heç bir ölçüyə sığmırdı. Onları yozmağa səbir və dözüm gərəkdi. Belə çək-çevirdə yozmaq təşnəliyini də söndürmək qeyri-mümkündür. Nə qədər qaçırsan çatasan ona, ilğım kimi o, səndən uzaqlaşır.
...Bu səhnənin yaratdığı ecazkarlıq, səssizlikdəki bağıryaran qaramatlıq papiros tüstülərinə qarışaraq gözəgörünməz burulğanlar kimi şərəfli keçmişi olan qədim xalqımızın naləsini, fəryadının sonsuz göylərə, sanki Allahın dərgahına yaxınlaşdırır, dünyaya bəyan edirdi...
Kirpiklərdə donmuş, qırov bağlamış gilə-gilə göz yaşları ərşə boylanan "Azadlıq məbədi"nin tarixçəsini əbədi dünyanın silinməz yaddaşına əbədi həkk edirdi. Onun hər cizgisi bəşər övladını haqq işinə hayan olmağa haraylayırdı:
Dərd əlindən lal olmuşuq, bir himə bəndik,
Dindirsələr ağladarıq Yer kürəsini.
Sipər çəkin boğmasınlar, haqqın səsini,
Dindirsələr ağladarıq Yer kürəsini!...
Dua oxuya-oxuya mərasimin önündə gedən nurani qocanın dərdlərimizin, mübtəla olduğumuz faciələrin səbəblərini tam açıqlamasa da, sual və nida dolu baxışları xalqı çox şeydən agah edir, açılmayan düyünləri açırdı:
İnanmışıq əzəl gündən yaxına, yada,
İnamımız başımıza bəla olubdu.
Biz millətçi olmamışıq qoca dünyada?!
Bu söz görən
haçan, harda peyda olubdu?!
İnamımız başımıza bəla
olubdu!..
Xaotik insan selinin yaratdığı
möcüzəli harmoniyanın
bəstələdiyi qeyrət
himni daşı da, torpağı da dilləndirirdi:
Şəri şeytan, quru böhtan vermədi aram,
"Əzabkeş" də şivən çəkdi,
dedi "Şikəstə".
Vətənimin qeyrət simi çəkildi taram,
Daş heykəllər
haray çəkdi
"Heyratı" üstə.
Bu himnin müəllifi xalq, bəstəkarı isə bumbuz asfalt yolları, torpağı lalə rənginə boyamış
şəhidlərimizin mübarək
qanlarını, tarixin
amansız çovğunlarından,
Bakının ünvansız
küləklərinin qanadları
ilə şığıyan,
adamın iliyinə işləyən qışın
sərt şaxtasından
qorumaq üçün
zərif saçlarını
yolaraq ləçək
dodaqlarıyla torpağı
öpüb hərarət
paylayan, özünü
şəhid edən
"qan yaddaşının
məşəli" qərənfillər idi.
Zərifliyin amansız vəhşilik üzərindəki qələbəsini
xatırladan bu canlı tablo ürəkləri qeyrət
simi üstündə
kökləyir, bu faciəni törədənlərdən
intiqam almağa haraylayır, Vətənimizin
hər bir guşəsində əks-səda
verirdi.
Bu haray, bu nalə
yurdumuzun havasını
udan, çörəyini
yeyən, torpağı
üstündə yeriyənlərin
hamısını bədxahlıqlardan,
pis niyyətlərdən
əl çəkməyə,
birliyimizi güdaza verməməyə, saf-çillə
olmaq üçün
tövbə etməyə
çağırırdı:
...Qayıt, qorxuludur bu yol, bu
bərə,
Əfi ilan olub boğacaq səni.
Vallah tövbə etsən sidqlə bir kərə,
Bu hikmət saf-çillə
doğacaq səni!..
Dəfn mərasiminin iştirakçıları
bu çağırışa
sadiq qalacaqlarına
and içdilər. Əqrəb çalmış
kimi qıvrıldılar.
Qan damarlarında fırtına
qopdu. Ürəkləri əsim-əsim əsdi.
Qulaqları cingildədi. Başları gicəlləndi. Soyuq tər içində muma döndülər... İllərdən bəri Vətən eşqi ilə alışıb-yanmaq istəyən
"Azadlıq məşəli"
vulkan kimi püskürdü. Hamı şükr
etdi böyük Yaradana.
Çünki mənəviyyatımızı manqurtluğa sürükləyən
vahimənin cazibəsindən
tamamilə xilas olurduq...
..."Heyratı" sədası
altında əsrlərin
o tayından harayımıza
hay verən- düşmənlərimizin
zəhrini yaran babalarımızın - Zərdüştün,
Dədəm Qorqudun, Babəkin, Şah İsmayıl Xətainin və yüzlərlə müdriklərimizin, müqəddəslərimizin
ruhları Azadlıq meydanında dəfn mərasiminin keşiyini çəkirdilər.
Azadlıq günəşi "Azadlıq məbədi"nə
işıq saçırdı...
Vətənimizin ünvanına deyilən bircə kəlmə yasaq söz gələcəkdə baş
verə biləcək
faciələrin bünövrəsini
qoyur. Hər sözə, hər
kəlməyə ehtiyatla
yanaşın, ayıq
olun. Özünüzü,
soy-kökünüzü açıqlamağı
bacarın!...
Aydın danışın, diliniz topuq vurmasın. Özünüzdə
hər an cəsarət
tapmağı aşılayın!...
Nəyə qadir olmağınızı
sübut edib verin bu qoca
dünyanın ixtiyarına!
"Balıq bilməsə də xaliq biləcək!"
Ulu əcdadlarımız
özlərini bu həyatda sübut edə bilməyənlərə
heç ad da verməyiblər...
Sözünüzü demədən qul psixologiyası ilə bu dünyadan
köçsəniz, xatirələriniz
bir yana
qalsın, soyuq məzarlarınız da bir əlçim baş daşına həsrət qalacaq, soyunuzdan, kökünüzdən
xəbər-ətər verməyəcək.
Çox tez yaddan çıxıb min
ilin ölülərinə
qarışacaqsınız!
Qəbirstanlığa gedən yolları ot-alaq basdığından
ünvansızlaşacaqlar.
İnsan nəfəsinə, doğmaların
həlim səsinə,
hənirtisinə, ağıların
və oxşamaların
göynərtisinə həsrət
qalan məzarlarınız
üşüyəcək, şoran torpaqlar kimi cadar-cadar olacaq, bir damla
göz yaşına təşnə kəsiləcək. Biganəlik canıyananlığı
üstələyəcək. İnsan əllərinin sığallarına qəribsəyən
qəbirlərinin üstündə
bitən gözkəsən
göy tkanların gözləməkdən gözlərinin
kökləri saralacaq,
özləri kor olacaqlar...
Cümə axşamları ruhlarımız
öz doğma ocaqlarından üz döndərib arı cücəsi kimi didərgin düşəcəklər,
küskün olacaqlar. Gorunuz çat salacaq. Vaxtınızı öldürməyin!.. Vaxt var
ikən düşünün!
Özümüzə, ocağımıza,
xalqımıza qayıdın!
Qayıdın, qayıdın,
qayıdın!... Xalqımızın iftixarları
bu dahi tarixi
şəxsiyyətlərin bircə kəlməsi, ibrətamiz nəsihətləri
həmişə yolgöstərənimiz
olmuş və olacaqlar!
Əsrlərdən bəri hər bir vətənsevərinizin
ürəyində qövr
edən "Azərbaycan
faciəsi"nə çarə
qılmaq, onun sızıldayan yaralarına
məlhəm olmaq eşqimiz xalqımızın
məşəqqətlə ötmüş bircə gününün əks-sədasından
"Azadlıq məbədi"ni
ucaltdı.
Bu abidənin hər bir cizgisi xalqımızın təfəkküründə milyon illər boyu obyektiv gerçəklikdən formalaşan, dünyanın əvəzedilməz bir parçası Azərbaycanın Yer kürəsindəki dəst-xəttini, tarixini, mədəniyyətini, incəsənətini, coğrafiyasını, həyat tərzini, sosial fikrini, fəlsəfəsini, ideologiyasını, beynəlxalq ünsiyyət vasitələrinin, memarlığın, heykəltaraşlığın, musiqinin, poeziyanın, adət-ənənənin, dilin-xalqımızın şirin ləhcəsi ilə, olduğu kimi və şişirtmədən, azad fikir dairəsində, milli zəmində özünəməxsusluq, Azərbaycanaməxsusluq kontekstində insan aləminin daxili dünyası ilə vəhdətində hər bir yaddaşımıza və dünyadaşımıza bəyan edirdi. Bu bəyanın hər bir anlamında yurdumuzun adicə quzu yarpağından tutmuş işıqkeçirməz meşələrinəcən, bir zərrə torpağından tutmuş ən qəlbi dağlarınacan, qəbir daşından tutmuş müqəddəs türbələrinəcən, vətəndaşından tutmuş xalqınacan, didərgin çadırından tutmuş şərəf və qeyrət məkanı "Vətən məbədi"nəcən olan mənəvi sərvətlərimiz özünəqayıdış yönümlü rəmzlərlə açıqlanır, məhvərindən çıxmışlar öz məkanlarına qayıdır, öz adı, öz imzası, öz mənşəyi, öz tarixi ilə oxunurdular.
Bu abidə qırılmaz insan inamına söykənən möhtəşəm,
uçulmaz bir qəsri
xatırladır. O qəsrin hər bir kərpicində
xalq fəlsəfəsini hikmətləri oxunur. O hikmətlər həkk edilmiş
kitabələrdə o qəsrin səcdəgahı
büsbütün açıqlanır və
müqəddəsləşir. O məbədin ən uca minarəsində qan
yaddaşının məşəli alovlanır. O məşəlin
zülmün gözlərini kor edən zərrin ziyasında Azərbaycanın
işıqlı, xoşbəxt gələcəyi görünür...
Babulla
Ədəbiyyat qəzeti.- 2018.- 20
yanvar.- S.12.