Möhsün Nağısoylu: "Orfoqrafiya lüğətinə

dəyişikliklər təklif etməkdə əsas məqsədlərimizdən

biri ortaq türk imlasına töhfə verməkdir"

 

- Möhsün müəllim, orfoqrafiya lüğətinə təklif edilən dəyişikliklər hansı zərurətdən yarandı?

- İndiyədək heç bir orfoqrafiya lüğətimizdə əsl Azərbaycan sözlərinin yazılışı ilə bağlı maddə olmayıb. İlk dəfədir ki, əsl Azərbaycan sözlərinin yazılışı ilə bağlı 7 maddə hazırlanıb. Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş, 2004-cü ilə hazırlanan orfoqrafiya lüğətində 36 maddə var. Biz bu maddələrin sayını 69-a qaldırmışıq. Bu zərurət bir neçə məsələdən irəli gəlir. Biz istəyirik ki, sözlərin yazılışı, sətirdən-sətrə keçirilməsi məsələləri daha aydın olsun. Məsələn, bildiyiniz kimi bu günə qədər apastrofla yazılan sözlər ki var idi, onların sətirdən-sətrə keçirilməsi apastrofa görə təyin edilirdi. İndi biz təklif edirik bu sözlər də sətirdən-sətrə hecaya görə keçirilsin. Misal üçün, məşəl sözü məş-əl kimi yox, mə-şəl kimi bölünsün.

Digər önəmli dəyişiklik təklifimiz isə qoşa "y" ilə yazılan sözlərlə bağlıdır. Daha doğrusu, söhbət "iyyat", "iyyət", "iyyə" sonluqları ilə bitən sözlərdən gedir. Bunlar ərəb dilində şəkilçilərdir və bu sözlərin hamısı ərəb mənşəli sözlərdir.

- Bu sözlərin bir "y" hərfi ilə yazılması təklifini irəli sürərəkən hansı prinsipləri nəzərə almısız?

- İlk olaraq fonetik prinsipi nəzərə alırıq. Yəni sözün deyildiyi kimi yazılması məsələsi. Türklər 99 faiz sözlərin yazılmasında bu qaydanı üstün tutur. Biz də danışıq zamanı bu tip sözlərdə dilin bir "y"-ni tələffüz etmədiyi üçün fonetik prinsipi nəzərə alırıq. Yəni bu söz necə səslənirsə, elə də yazılmasını tövsiyə edirik. Təbii ki, bu təkliflər, tövsiyələr bir daha müzakirə ediləcək, orfoqrafiya komissiyası bu məsələyə bir də baxacaq, əgər qəbul olunsa, Nazirlər Kabinetinə təqdim olunacaq. Nazirlər Kabinetinin təsdiqindən sonra bu yeniliklər qüvvəyə minəcək.

- Orfoqrafiya komissiyasına kimlər daxildir?

- Komissiyanın sədri AMEA-nın prezidenti akademik Akif Əlizadədir. Müavin İsa Həbibbəylidir. Komissiyanın məsul katibi isə mənəm. Komissiyaya Anar, Əflatun Amaşov, Nizami Cəfərov, Kamal Abdulla, Vaqif Əliyev, Ceyhun Bayramov, Mübariz Yusifov, Əbülfəz Quliyev, Elbrus Əzizov, Buludxan Xəlilov daxildir. Yəni üzdə olan dilçi alimləri komissiyaya daxil etmişik. Həm də düşünürük ki, bu prosesə məşhur orta məktəb müəllimlərini də dəvət edək. Eyni zamanda, istərdik başqa dilçi alimlər də sıralarımıza qoşulsun və son qərar geniş müzakirədən sonra qəbul edilsin.

Yeni təkliflərdən bəziləri elə komissiya üzvlərindən gəlib. Məsələn, üzvlərdən biri dilimizdəki "İsgəndər", "əsgər", "işgəncə" sözlərindəki "g" samitinin "k" samitilə əvəzlənməsini təklif edib. Baxın, bu tip sözlərin demək olar ki, hamısı "g" hərfi ilə yazılır, amma yalnız "iskənə" sözü "k" ilə. Belə məqamlar insanlarda çaşqınlıq yaradır. Az öncə toxunduğumuz "iyyat" sonluğu ilə bağlı da belə çaşdırıcı məqamlar var. Məsələn, "iyyat" sonluğu ilə bitən bütün sözlər qoşa "y" ilə yazıldığı halda, bircə "cəfəngiyat" sözü bir "y" ilə yazılır. Niyə? Axı bunlar eyni mənşəli və eyni şəkilçi ilə düzələn sözlərdir. Niyə "mənəviyyat" qoşa "y" ilə, "cəfəngiyat" tək "y" ilə yazılmalıdır? Yenilikləri həm də belə çaşqınlıqları aradan qaldırmaq üçün təklif edirik.

Məsələn, təkliflərimizdən biri sonu iki "s" ilə bitən Avropa mənşəli alınma sözlərin bir "s" ilə yazılması ilə bağlıdır. Burada əsasən fonetik prinsip rəhbər tutulur. Qoşa "s" ilə bitən sözlərin sonundakı "s" səslərindən biri tələffüz çətinləşdirir. Məsələn, "sterss", "ekspress" və s.

Məsələn, bu dəyişikliklə bağlı bir az əvvəl bir xanım zəng etmişdi. O deyir ki, bəs "press" sözü necə olacaq? Çünki dilimizdə "pres" sözü də var, "press" sözündəki "s"-lərdən birini də ixtisar etsək, bu sözlər eyni cür yazılmış olacaq. Baxın, bu məsələyə də yenidən baxıla, istisna hal nəzərə alına bilər. Yəni yalnız "press" sözünü olduğu kimi saxlamaq olar. Amma hələ ki, təkliflərimizə bu məqamı əlavə etməmişik.

- Söhbətimizin əvvəlində dəyişiklikərə, yeniliklərə rəvac yaradan bir neçə səbəb olduğunu demişdiniz. Bunlardan biri barədə, yəni fonetik prinsip barədə danışdıq. Bəs digər səbəblər hansılardır?

- Bu yeniliklərin təklifilə böyük bir prosesə öz töhfəmizi vermək istəyirik. Bildiyiniz kimi, Qazaxıstanda Beynəlxalq Türk Akademiyası var. Akademiyanın prezidenti Darxan Kıdırəli bu yaxınlarda Prezident İlham Əliyevin sərəncamı ilə "Dostluq" ordeni ilə təltif edildi.

Bu akademiya ilə Ədəbiyyat İnstitutu, Tarix İnstitutu, Coğrafiya İnstitutu birgə layihələr üstündə çalışır. Bu layihələrə orta məktəblər üçün ortaq türk ədəbiyyatı, ortaq türk tarixi, ortaq türk coğrafiyası dərsliklərinin hazırlanması daxildir. Biz istəmirik Azərbaycanda insanlar Sultan Səlimə, Türkiyədəkilər Şah İsmayıla xor baxsın. Biz dərsliyimizdə Orxan Kamalı tədris etməliyik, onlar Sabiri. Biz Yunus İmrəni öyrənməliyik, onlar İmadəddin Nəsimini. Eləcə də qarşılıqlı olaraq özbəkləri, qazaxları öyrənməliyik. Artıq bu layihə çərçivəsində ortaq türk ədəbiyyatı hazırlanıb. Ortaq türk coğrafiyası və tarixi də hazırlanır.

Məsələn, türklər "iyyat" sonluğunu bir "y" ilə yazırlar, "əsgər" sözünü "k" hərfi ilə yazırlar.

Bəli, orfoqrafiya lüğətinə dəyişikliklər təklif etməkdə əsas  məqsədlərimizdən biri ortaq türk imlasının, dilinin formalaşmasına töhfə verməkdir.

Niyə biz iqtisadiyyat, mədəniyyət sahəsində inteqrasiya edirik, amma ortaq əlifba barədə düşünmürük?

Halbuki, 1926-cı ildə Bakıda Birinci Türkoloji Qurultayın keçirilməsində əsas məqsəd məhz bu idi: ortaq əlifba yaratmaq. Biz XX əsrin əvəllərində dil baxımından daha yaxın idik, indi uzaqlaşmışıq. Niyə? Çünki o zaman "Molla Nəsrəddin"i hamı oxuya bilirdi. Çünki dərgi ərəb əlifbası ilə dərc edilirdi, o ortaq əlifba bizi birləşdirirdi. 1926-cı ildəki qurultaydan sonra yuxarılar gördü ki, biz bir-birimizi daha yaxşı başa düşəcəyik, yaxınlaşacağıq, dərhal Kiril əlifbasına keçidlə bağlı əmr verildi. Kiril əlifbasını da elə tənzimlədilər ki, türkmən, qazax, özbək, qırğız, Azərbaycan əlifbası bir-birindən fərqlənsin. Beləcə bu mədəniyyəti parçaladılar.

İndi bizim hədəflərimizdən biri də bu yöndə inteqrasiya etməkdir.

- Möhsün müəllim, məsələn, qəzetimizlə bağlı bir nümunə üzərində danışaq... Bizim qəzetin loqotipi müstəqillik illərində hazırlanmış ilk loqolardandır. Və bildiyimiz kimi, bu simvolda "Ədəbiyyat qəzeti" sözləri yazılıb. Orfoqrafiya lüğətinə edilən son dəyişikliklərdən sonra "ədəbiyyat" sözünün də "ədəbiyat" kimi yazılması tələb olunduqda, loqotip də dəyişməlidir?

İstərdim qəzetmiz timsalında loqotip və bu tip rəmzi simvollar məsələsinə aydınlıq gətirək. Yəni bu dəyişikliklər zamanı loqoların olduğu kimi qalması istisna hal kimi qəbul edilə bilərmi?

- Bəli. Düşünürəm ki, loqoların istisna hal kimi saxlana bilər. Yəni loqoların dəyişməməsinin mümkün olduğunu, bu istisnanın nəzərə alına biləcəyini düşünürəm.

- Dəyişikliklərlə bağlı təklifləriniz artıq mediada işıqlandırıldı. Hansı sözlərə dəyişiklik edilməsini təklif edirsinizsə, artıq əksər insanlara bəllidir. Yeniliklərlə bağlı narazılıqlar eşidirsinizmi?

- Bəli. Narazılıqlar var. Bu, təbii haldır. İstənilən yenilik birmənalı qarşılanmır. Eyni zamanda belə məsələlərə mütəxəssislər də qarışır, mütəxəssis olmayanlar da. Məsələn, o qədər qeyri-peşəkar iradlar alırıq ki... Sualı eşidən kimi hiss edirəm ki, bunu deyən adam mahiyyətdən xəbərsizdir, işin içində deyil. Təbii ki, peşəkar insanların rəyləri, eyni zamanda, haqlı iradları nəzərə almağa hazırıq. Yenə deyirəm, təkliflər müzakirəyə açıqdır.

 

Söhbətləşdi: Sərdar AMİN

 

Ədəbiyyat qəzeti.- 2018.- 20 yanvar.- S.13.