Əlifba bayramında qətl
Romandan parça
...Təyyarədən
çox-çox aşağılarda, topa-topa ağca
buludları sanki kimsə qürub günəşinin
sünbül sarısı cansız şəfəqləriylə
yoğurmuşdu. Buludlar sapsarıydı. Günəşin özü isə balaca
illüminatorun qalın və qabarmış şüşəsində
deformasiyaya uğrayaraq Van Qoqun günəbaxanları kimi əyiş-üyüş
olmuşdu. İndi o, günəşdən
çox xəyala bənzəyirdi. Üfüqlərdəki
yastı və uzunsov buludlar təpələnə-təpələnə
dəvə karvanına oxşamağa
başladı. "Balası ölmüş dəvənin
ürəyində deşik olur..." - bunu harda
eşitmişdi? Nə qədər elədi
yadına sala bilmədi. "Mənim də ürəyim
deşikdi artıq..." Bu gün ikinci dəfəydi
gözü dolurdu, ikinci dəfəydi ki, bir cüt dənəvər
göz yaşı kirpiklərindən aşağı
yuvarlanırdı və göz qapaqlarının altında
onların boş qalmış yerinə elə bil acı bir
tüstü dolurdu. "Göz yaşlarına nifrət edirəm!"
- bu sözlər onunkuydu, hər dəfə özünə gələndən
sonra bu sözləri bağırmaq istəyirdi. "Nifrət
edirəm, nifrət!.. Tanrı göz yaşlarını
kişi olan bəndəni rüsvay etmək üçün
yaradıb, onun mənliyini, kişiliyini heç-puç etmək
üçün yaradıb..." Evdə olsaydı, masaya
bir-iki yumruq da vurmuşdu indi, divarı-daşı döyəcləmişdi
yəqin. "Qələm əhli olmaqdan rəzil şey
yoxdu..." - bu sözlər onunku deyildi, amma haqq
qazandırırdı artıq. "İnsan da hər gün
özünü misgincəsinə aldadarmı?
Özü-özünü aldatdığını bilə-bilə
yenə də inadından əl çəkməzmi?"
Gözlərini uzaqlardan çəkdi. Aşağılara
baxdığında buludların aralarındakı adda-budda
boşluqlarda Xəzərin qurğuşun rəngli,
qırçınlı və donuq üzünün rəhmsizcəsinə
bozardığını gördü. İstəkli dostu Ramal
Rövnəqlinin bir şeiri düşdü yadına:
//Çəkilir sözün tətiyi,// dərd ölü
düşür varağa...// ömrün son nöqtəsi
deyil, //vergülü düşür varağa...// O an da
içindən yandıra-yandıra bir ildırım
keçdi elə bil: "İnsan da özü-özünə
bu qədər saxtakarlıq edərmi, İlahi, bu boyda badalaq
vurarmı görən?.. Bəlkə ədəbiyyat bir
çempionatdı, bilməmişik? Hə? Bu nə bəhsəbəhsdi
axı? Görəsən niyə bugünkü şairlərimizin
çoxu sözün kölgəsində kürt toyuq kimi
eşənək atmaqdan əl çəkmək nədi
bilmirlər?.." Sonra da dodaqları altında o şeirin son
misralarını mızıldadı: //O boyda yaz keçir məndən,//
bir gülü düşür varağa...//
Sən həmişə kor-koranə yazmısan,
qardaşım, həmişə... Mən də bədbəxt
olmuşam ki, bu boş və gərəksiz misraları
yaddaşıma həkk etmişəm. Bu, bəlkə də
şeir yox, bir iblis ayinidi, iblis
pıçıltısıdı, ona görə adamı
asanca tora salır. Amma xeyri yoxdu, xeyri yoxdu, vallah! Şeirimizin kürt toyuqları bir
şeyi unudurlar ki, eşənək atıb üzə
çıxardıqları zir-zibil əslində həzmə
getmir, əsl sözün nə olduğunu anlayan adamın
haram tikə kimi yoğun bağırsağında ilişib
qalır..."
Gün batmışdı. Onun gözləri
önündəcə əyiş-üyüş olub çəkilmişdi
dərgahına. Qırmızısı uzun müddət
üfüqdən çəkilməsə də, artıq hər
yanı dibsiz qaranlıqlara buraxıb da getmişdi. Allah bilir,
bu onun neçə milyardıncı batışıydı.
Amma Zərbay inanırdı ki, yer üzündə günəşin
bu cür qeyri-adi bir şəklə düşüb batıb
getməsini ondan başqa bu axşam yəqin heç kim,
heç kim izləməyib. Heç qabaq cərgədəki
qonşu illüminatordan baxan o romantik
görünüşlü rus qadınına da günəş elə
görünməməliydi. Ola bilməzdi axı bütün
illüminatorların şüşələrində beləcə
qüsur olsun və beləcə görünən hər
şeyi, buludları, günəşi
şikəst etsin. "Bəlkə gözümdə bir
qüsurum var?" Gözlərini içəri
dolandırıb onun üçün bu an son dərəcə
maraqsız görünən salona baxdı. "Yox,
gözümdə qüsurum-zadım yoxdu..." Salonun
yarısı, demək olar,
boşuydu. Ürəyi sıxıldı.
Stüardessanın verdiyi çay artıq soyumuşdu.
Böyründəki yaşlı qadın təyyarə tərpənəndən
gözlərini necə yummuşdusa, eləcə də
yatmışdı. Yenidən üzünü pəncərəyə
sarı çevirdi. Zülmət qaranlığa baxmaq nə qədər
mistik, nə qədər üşəntili olsa da, içinə
bir sakitlik gətirirdi. "Hanı o daş Zərbay?.."
Amma ağlına gələn yeni bir fikirdən içində
bir qədər narahatlıq yarandı, dincliyi alt-üst oldu. Qəfil
fikrindən keçdi ki, bu deformasiyalı, qüsurlu təyyarə
pəncərəsinin o üzündən onun sifətinə
baxan olsaydı, görəsən, o varlığın gözlərinə
necə görünərdi? Yəqin ki, əyiş-üyüş,
insanlıq çərçivəsindən
çıxmış bir şəkildə. Sözsüz ki,
elə olardı. Qaranlıq boşluqlarla onun arasındakı bu
qüsurlu, ironik maneədən doğan fəlsəfi ovqat
mizan tərəziydimi, ya nəyəsə işarəydimi? Nəydisə
qorxunc hisslər yaradırdı içində. Bəs ordan
baxan varmı, ya ola bilərmi? O
yanda görünənlər qüsurluydu. Bəs bu
yandakılar? Gözlərini ordan
çəksinmi? Çəksə, görən nə
olar? "Başın təmiz xarab olub..." Bir anlığa, cəmi bircə
anlığa üzünü yana çevirdi və onda
gördü ki, böyründə əyləşmiş, yol
uzunu daş kimi yatmış
yaşlı qadın yuxusunda gülümsünür.
Qarşı cərgədə yalqız oturmuş o romantik
görünüşlü rus qadını yenə də
gözlərini illüminatora zilləmişdi, elə bil, o da
gülümsünürdü. Hə, elədi ki var,
gülümsünürdü. Nəyə? Qaranlıq
boşluqlaramı? Qadın elə bil arxadan ona zillənmiş
baxışları hiss etdiyindən üzünü arxaya
çevirmədən, yalnız öz antik görkəmli
profilini Zərbaya yaxınlaşdıraraq
pıçıldadı: "Prekrasnaya noç... ne pravda
li?.." Yenidən illüminatordan gecəyə boylandı. Bu
zaman hər biri alma boyda ulduzlarla dolu olan göy
üzünü sanki ilk dəfəydi görürdü. Amma
elə bil o almaların hamısının böyründən
dişləmişdilər... "Təmiz xarab olub
başın..." Daha da diqqətlə baxmağa
başladı. Qadının yenə
pıçıltısı gəldi: "Ne pravda li?.."
Özünü toparlayıb: "Doğrudu" - dedi.
Qadın çevrilərək gülümsər və
süzgün gözlərini ona zilləmişdi, üzünə
baxanda sanırdın ki, bu qadının elə bil dünyada
heç vaxt, heç bir dərdi-filanı olmayıb. Deyəsən,
gözlərini çəkməməklə qadın
sualına daha dolğun cavab istəyirdi. O da gülümsəməyə
çalışdı, amma nəsə alınmadı, hər
halda başını tərpədərək:
"Soverşenno verno... " söylədi.
Darıxdı, özü də çox pis darıxdı. "Mən sözün bəlasıyam..."
Böyründəki qadın xoruldamağa başlamışdı, üzündən də
zəhirmar tökülürdü. Göyün üzündə bir dənə
də olsun ulduz qalmamışdı. Bütün o dişlənmiş
almaları boşluqların fani küləkləri
çırparaq tökmüşdü deyəsən... Bəlkə
də təyyarə qaranlıq buludlara girmişdi, ona görə
ulduzlar qeybə çəkilmişdi. Amma bu, ola bilməzdi hələ.
Çünki buludlar çox-çox aşağıdaydı
və eniş başlamamışdı.
Ayağa qalxıb rəfdən noutbukunu götürdü,
çantasının cibindən dəftərin birini
çıxardı. Həbsxana nəzarətçisi Oktayın göstərdiyi
kişilik hesabına səkkiz dəftərdən heç
olmasa ikisi də olsa, gəlib əlinə
çıxmışdı. O, kişi kimi dediyini eləmişdi:
aradan vaxt keçsə də, onun yeni ünvanını
tapıb göndərmişdi. Qalanlarını
"şmonda" tapıb çıxarmasaydılar, güman ki, bir kitablıq
yazıydı indi... Oktay deyirdi ki, o vaxt hamısını cırıb
atmışdılar, bu ikisini isə arada olan beş illik xətir-hörmətə
görə o, əməliyyatçıların otağından arakəsməyə
salıb çırpışdırmışdı.
Deyəsən, düz deyirlər, əlyazmaları doğrudan da itmir.
Dəftərin üstündə: "Zərbay Turanoğlu",
iç tərəfindəsə böyük hərflərlə
"Əlifba bayramında qətl"
yazılmışdı. Açdı və içində
yazılanları tamamilə özgə bir adamın
yazısı kimi maraq və soyuqqanlıqla oxumağa
başladı.
"d" dastanı
...dərviş dumanlı-dumanlı
dedi:
- dinlə! dostum,
düzgün, dürüst düşünənsənsə
dinləyib də döz dediklərimə. deməli, dadaş
dayı dəyirmanın dalında dananı danlayırdı,
dana dinmirdi. dana dirənib durmuşdu. dadaş dayı dedikcə
deyirdi, deməkdən darılanda dananı döyürdü də...
dana dünyanın dolu döyən doqqazında durmuşdu.
divanəydi dana. dəli-dəli dingildəyir, dolanıb,
dolanıb dadaş dayının dəyənəyinin
donqasına duruşub-dözdüyündən dolayı, deyəsən,
darıxırdı da. dərin-dərin duyğulananda
dananın dişi dişinə dəyirdi.
düşünürdü; dağdan daş diyirlənə,
düşə dadaş dayının danqırına!
daşsa düşmürdü. daşlar dağdan düşəndə
də dadaş dayıya deyil, damba-dumbla dananın dümbəyinə
dəyib dərəyə dığırlanırdı. dana
dad döyürdü; dəyənəyə
dözürdü, danlağa dözürdü, daşların
dönüklüyünə dözmürdü. dəyirmana dən
daşıyan dəvələrə dərdini
danışmağı düşünürdü daha.
dananın diaqnozu düz deyildi. dadaş dayı dananın
dılğırlığına dodağını dişləyib
dursa da, dərdini dəyirmanın dalında dolaşan dumanlara
danışsa da davakar danaya "dur!" deməyəndə dalağı deşilirdi. dana
döyüləndə dodaqlarının dalında, daha
doğrusu, dişinin dalında dilini dəbərdəndə
dad döyməsi düüüüz dərbənddə dinlənilirdi.
danimarkada, düsseldorfda danışırdılar dadaş
dayının dəyənəyindən...
...danimarkada dincələnləri
defakto danlayaraq
damğalı dana dingildədi: dahi
dadaloğlu demişdir: duman dağlarındı, dövran
dadaş dayıyla dananın. dadaş dayı dərhal: dur! -
dedi - deyirsən düz de də! duman da dadaş
dayınındı, dövran da, dana da! dinc dur, duzu
dağıtma, dəhşətli dava düşər! dekanlar
"denqi davay!" deyə-deyə darülfünundakı dərslərdə
düsturunu dalbadal dama-dama dəftərlərə döşəyərlər,
dilə-dişə düşərsən. dana dediyin dahi deyil,
düşün! dahilər danışmamışdan dirriklərindəkiləri
dırmıqlayarlar, daha dır-dır dırıldamazlar! dəlixanadan
dolayı darıxırsan, deyəsən. dəlilərə
deyərəm, dəmiryeyən dzü-doçulara deyərəm,
döyərlər, döyərlər, damağın deşilər,
dələyə dönüb dağdağana
dırmaşarsan, dırmaşınca da donuza dönüb
donquldayarsan, dediklərinin dirhəmə də dəymədiyini
duyarsan. daha dalımca danışacaqların dansıma da
deyil! dəbər dağlardakı dikiy dostlarının
doşabından dadmağa! davay!..
...damğalı dana
düşündü: deməli,
dəniz delfinlərindi... deməli, delete düyməsi... deməli
danaxana... deməli dahi dadaloğlu da dadaş dayının dərbələrinə
dözməyib dünyasını dəyişibmiş.
dağıl, dünya! dalıyca da doluxsundu: deyəsən, dəryanın
dalındakı dinozavr dubinkasıyla dadaş dayını
dürtmələməyə darıxmır. demək,
dualarımız dərgahlarda dinlənilmir, dünya dediyin dəbərən
deyil, dalana dirənib dağılmış...
durnalar dəstə-dəstə
dağlardan düzlərə
doluşdu. dəniz dalğa-dalğa daşlara dirsəkləndi.
dekabrda dağlar duman-duvağlarını
düşürüb dekolte durumunda dayandılar. dilotu dadmış dolaşalar
dikbaşlıqdan dala durdular. di denən dadaş dayıyla
dialoq davası döyməyi dayandırmağı, didişmələrdən
doymağı dana dilədimi?..
...dinlədinmi, dostum! dinləyib
dincəldinmi? dinlədinsə dolmabaxçada divarlara
döydür dediklərimi. dılğır danayla dadaş
dayının dar doğanaqdakı dirəniş durumunu,
düşüncə dilemmasını diplomatcasına deyil,
dispeçercəsinə dilimlə.
duymadınsa dübarə deyim: dünyadakı dəyərlər
domino daşları deyil dik-dik dura, dığıltıyla
dağılanda diyarımıza da dəyə, danaya dur deyə,
dadaş dayı düşüncəli deputatları diyirlədə
dumamızdan dışarı. dünya dağılsın da
di! dağılmır da, dostum, dərdin dalağıma,
dağılmır! dünya dinozavrlarını dəclə
düşündürür, dəcləətrafı dərələr,
dibi dupduru dizellə dolu düzlər
düşündürür.
dostum, dediyim dəlillərdən dərin-dərin
duyğulanma, dastan dilidi də... dastanda dəliyə dərrakəli,
dərrakəliyə dəli də deyilir. dünya dardaneldən
dardısa da direksionda dözüb durmalısan. duxdan
düşmə! duruxma! darıxdırıcı dəqiqələrdə
düsturumu dinləsən, deməli, doğrudan da dahi
diplomatsan. di dinlə: demək, dəbdəbəli dairələrdə
dadaş dayının dəbilqəsinə dəfnələr
düzənlər danaya diri-diri dəfn düzənlədiklərini
düşünürlər. day demirlər dana da danadı;
dünya dırnağına da deyil. dana dağda, dərədə
doğulub. dananın dalının dəyənəklə
doğmalığı dünya duruncadı.
döyüldükcə danalıqdan dartınıb düyələşir,
döyüldükcə dəmirləşir dərddəymiş...
dananı dəstəkləməklə dadaş dayıya duzəx
düzəldənlər də düşüncəsiz
demokratlardır (demokrat dırnaqda). dadaş dayı diri
deputatdı. "dəprəmdi day, dəbər!" - deyiləndə
duzəxlərə düşən dovdağlardan,
dovşanlardan deyil. dili dildi, dilçəyi də dilçək.
dadaş dərrakəli dayıdı. dünya
diplomatlarını dollarla divara dırmaşdırar,
darıyla dənlədə-dənlədə düşürər...
dayan! dayan, dostum! "D" dastanı
doğrudan da duzsuzdu. deyirəm, dinləməkdən doydun day.
di dolçanı daya dodaqlarına! ditdili dilini dişləməmiş
dombalaqla danaxanadan dışarıya!..
kifayətdi, kəndçim,
keçək "K"-ya.
kristal kimi
kövrək könlündə
kədər kündələdiyim
kifayətdi. kin-küdurətini kiritməkçün
kaş kitab köşklərindən, kitabxanalardan
"K" komediyası"nı kreditlə kirələyəydin,
kəsərli kəlmələrin
kokain kimi kefverənlərini köçürəydin
kitabçana...
...Yox, "K" komediyası" deyilən, ağır və həşəmətli saydığı o yazını oxumaqdan vaz keçdi. Hələlik "Əlifba bayramı"nı bitmiş saydı. Onsuz da bir "D" dastanı" deyildisə, dəftərdəkilərin çoxunu alayarımçıq oxuyacağını, axıracan oxuya bilməyəcəyini anlayırdı. Götürəndə "K" komediyası" daha tünd yazıydı, amma içində o yazının bəzi məqamlarıyla hələ ki, barışığa gələ bilmirdi, "orada - o yazıda ilməsi qaçmış elə gerçəklər var ki, dibinin qaranlığı avazımır, içinə varanda işığım öləziyir..." deyirdi. Bircə üslubundan razıydı bu yazının. Vəssalam.
Zahid Sarıtorpaq
Ədəbiyyat qəzeti.- 2018.- 20
yanvar.- S.26.