Xatirələrdə yaşayan insan  

 

Mirzağa Quluzadə – 110

 

İlk dəfə onun adını tələbə olduğumuz zaman "Qədim və Orta əsrlər dövrü Azərbaycan ədəbiyyatı"  fənnindən dərs deyən müəllimimiz İmran Babayevdən eşitdim, Məhəmməd Füzulinin yaradıcılığından danışanda. O dövrdə xeyli gənc olduğumuzdan Füzulinin dilinə o qədər də uyuşmadığımız, şeiriyyət sirlərinə dərindən  bələd olmadığımız, hətta başa düşmədiyimiz bir vaxtda kimin yadına düşürdü ki, bu nəhəng şeir ustadının yaradıcılığını tədqiq edən alimlərin adını yadda saxlasın... Lakin illər tez gəlib keçdi, zaman dəyişdi. Bu zaman dəyişməsində bizim  "payımıza  düşən" prof. M.Quluzadəni, akad.M.C.Cəfərovu, akad.H.Araslını, akad.M.A.Dadaşzadəni, akad.M.Şirəliyevi, akad.M.İbrahimovu, akad.K.Talıbzadəni və b. tanımaq, onların mənəvi dünyasına yaxın olmaq, təhsilimizi davam etdirmək oldu. Həmin illərdə saçı ağarmış, gözlərinin altı qaralmış, bir qədər də yorğun görkəmli insan görəndə elə bilirdim ki, sanki bu insanlar əsrlərin o üzündən adlayaraq dövrümüzə gəlib çatmışlar. 60, 70, 75 yaşlı ağsaçlı alim görəndə onların əlçatmaz zirvədə dayandıqlarını fikirləşərdim... Sən demə, 30-35 yaşlı gənclə 60-65 yaşlı insan arasındakı zaman məsafəsi çox uzun deyilmiş. Arzusu, həvəsi qalaq-qalaq yığılan, yazıb-yaratmaq ehtirası bitib-tükənməyən bir alim üçün 70-75 yaş çox az imiş...

İnstitutu bitirməyimdən bir neçə ay keçmişdi ki, bir gün iş otağımda qəzetlərlə tanış olarkən Nizami Gəncəvi adına Ədəbiyyat və Dil İnstitutunun aspiranturasına qəbul elanını oxudum. Aspiranturada oxumaq, təhsilimi davam etdirmək mənim ən ümdə arzum idi. Odur ki, institutda oxuduğum illərdə gecə-gündüz yazıb-oxumuş, sayılıb-seçilən tələbələrdən biri olmuşdum. Dörd il şəklim "Şərəf lövhəsi"nin yuxarı hissəsində öz yerini qoruyub saxlamışdı. Təyinatım da eləcə İnstitutda müəllim işləməyim üçün verilmiş, lakin kiminsə bədxahlığı ucbatından əmrim verilməmişdi... Bir neçə ay işsiz qalsam da, dünya xeyirxah insanlardan xalı deyilmiş. Elə birinci dəfə müraciət edərkən təzəcə respublika ali və orta ixtisas təhsili naziri təyin edilmiş Danil Quliyevlə söhbətdə mənim danışığım nazirin xoşuna gəldiyindən onun "gəl mənim yanımda işlə" təklifi ilə dərhal razılaşdım. Birbaşa, tələbə partası arxasından nazirliyə mühüm vəzifəyə təyin olundum. Heç kim bunu gözləmirdi. Lakin aspiranturada oxumaq arzusu məni rahat buraxmırdı. Sənədlərimi qaydaya salıb institutun elmi katibinə verdim. Mart ayının əvvələrində ilk imtahana gələndə öyrəndim ki, elanda göstərilən 1 yerə qarşı 17-18 nəfər gənc ərizə verib və bunlardan 5-6 nəfəri mənimlə oxuyan məzunlar idi. İxtisas imtahanı direktorun kabinetində aparıldı. Onda bildim ki, prof. M.Quluzadə İnstitutun direktorudur.

Onun sağ tərəfində akad. M.İbrahimov, akad. M.Şirəliyev, akad. M.C.Cəfərov,  prof. K.Talıbzadə, prof. Ə.Mirəhmədov, sol tərəfdə akad. H.Araslı, prof. M.H.Təhmasib,  prof. K.Məmmədov, şair Q.Qasımzadə, prof. M.Seyidov və başqaları oturmuşdular. İmtahan başlamışdı ki, akad. M.A.Dadaşzadə (o vitse-prezident idi) içəri girib M.İbrahimovun yanında oturdu. O vaxt aspiranturaya qəbula çox böyük məsuliyyətlə yanaşır, ciddi fikir verirdilər. Növbə mənə çatdı, əl uzadıb biletlərdən birini götürdüm. Suallar tanış idi: XIX əsrdə folklorşünaslığın yaranması və mövcud nəzəriyyələr, 2-ci sualım "Kitabi-Dədə Qorqud" dastanında heca vəznli şeirin inkişafı, 3-cü isə Orta əsr Azərbaycan xalq dastanları idi. Birinci sualı ətraflı danışdım, mövcud nəzəriyyələri, onların görkəmli nümayəndələri haqqında ətraflı məlumat verdim. Heç kim danışmırdı. Onların mənə diqqətlə qulaq asmalarını görəndə bir balaca özümü itirən kimi oldum. Bu böyük insanlardan yalnız M.İbrahimov və H.Araslını şəkillərindən tanıyırdım. Prof. M.H.Təhmasib isə IV kursda bizə "Orta əsrlər Azərbaycan xalq dastanlarından xususi kurs mühazirələri" oxumuşdu... Bu vaxt prof. M.Quluzadə yanında oturanların rəyini öyrənmək məqsədilə dilləndi:

- Mənə elə gəlir ki, birinci sualı bu cavan oğlan ətraflı danışdı. Etiraz etmirsizsə, keçsin ikinci suala. Heç kim etiraz etmədi. İkinci sualın cavabını daha ətraflı danışaraq dastandan gətirdiyim şeir nümunələri ilə fikirlərimi əsaslandırdım, dastandan bu qədər şeir deməyim əyləşənləri heyrətləndirmişdi. Prof. M.Quluzadə, akad. H.Araslının qulağına nə isə pıçıldadı, akad. M.İbrahimov əlini çənəsinin altına qoyaraq mənə baxırdı. Prof. M.H.Təhmasibin tutqun və qaşqabaqlı çöhrəsi açılmışdı, sanki məni birinci dəfə görürdü...

Sona yaxınlaşanda akad. H.Araslı dilləndi:

- Hə, oğlum, Dədə Qorqud dastanlarını tədqiq edən alimləri say görüm!

Mən rus-Avropa, Türkiyə və Azərbaycan alimlərinin, o cümlədən H.Araslının da adını çəkdim, dastanın ölkəmizdəki nəşr illərindən danışdım. (O vaxt kim fikirləşə bilərdi ki, 30 il sonra mən Dədə Qorqud şeirlərinə həsr olunmuş monoqrafiyanı yazacağam). Bu vaxt prof. M.Quluzadə soruşdu:

- Oğlum, sən hansı rayondan gəlmisən Bakıya?  

Mən də:

- Xızıdan, - dedim.

Bu vaxt akad.M.Arif sanki narahat kimi Mirağa Quluzadəyə baxdı (Mən onun narahatlığını bu gün də izah edə bilmirəm). Mən M.İbrahimovun üzündə bir məmnunluq ifadəsi gördüm. Akad. H.Araslı da diqqətlə mənə baxırdı. Həm də bu vaxt hiss etdim ki, hamı prof. M.Quluzadənin rəyini bilmək istəyirdi.

Bu vaxt Mirzağa Quluzadənin bir qədər amiranə səsi eşidildi:

- Oğlum, keç üçüncü suala!

Üçüncü sual daha asan idi. Prof. M.H.Təhmasib yazıb başa çatdırdığı, hələ nəşr etdirmədiyi Orta əsrlər Azərbaycan xalq dastanları adlı əsərini demək olar ki, bizə əzbərlətmişdi. Mövcud xalq dastanlarımız, onların təsnifi, ideya-bədii və sənətkarlıq xüsusiyyətlərindən xeyli danışdım. Prof. M.H.Təhmasib yenə mənə diqqətlə baxırdı. Bu vaxt Mirzağa Quluzadənin səsi eşidildi.

- Kimin sualı var?

Heç kim dillənmədi. Mən bərk yorulmuşdum, gözlərim qaranlıq gətirdi. Az qalırdım yıxılım. Divardakı saata baxanda gördüm ki, 70-80 dəqiqədir ki, ayaq üstəyəm.

Yenə Mirzağa Quluzadə:

- Get oğlum, get bir az üzünə soyuq su vur, özünə gəl, çox sagol!

Mən bayıra çıxdım. Pencəyimi çıxarıb tələbə yoldaşlarımdan birinə verdim, cib yaylığımla tərimi sildim, elmi katibin yanında oturan oğlandan bir stəkan su alıb içdim. Sonuncu imtahan verənlər bayıra çıxanda gördük ki, artıq 4 saatdan çoxdur ki, imtahan gedir. Bir azdan bizi içəri çağırdılar ki, qiymətləri elan etsinlər.18 nəfər imtahan verəndən cəmisi iki nəfəri 4 (yaxşı) qiymət almışdı. Mənim adımı çəkən olmadı, bərk pərt oldum, nə daışdığım, necə danışdığım da yadımda qalmamışdı. Fikirləşdim ki, deyəsən, burada da işim düz gətirmədi. Bu vaxt Mirzağa Quluzadə dilləndi:

-Hə, oğlum, yəqin ki, sənin atan bizim köhnə ziyalılarımızdandır, ədəbiyyatçıdır, ya dilçi?

Mən cavab verdim ki, professor, atam tikinti işçisi olub. O da mən 4 yaşında  olanda avtomobil qəzasında həlak olub. Kişinin sanki gözləri böyüdü. Mirzağa müəllim yenə sual vermək istəyirdi ki, H.Araslı ona nəsə dedi. Mirzağa müəllimin çöhrəsində işıqlı və mülayim bir ifadə əmələ gəldi. Sonra mənə baxıb:

- Biz istəyirik ki, səni yaxından tanıyaq, hamının qəti fikri budur ki, aspiranturadakı yeri sənə verək, biliyini "əla"ya layiq bilmişik, instituta lazım olacaqsan. M.İbrahimov azacıq gülümsəyərək yüngüllcə başını tərpətdi. Bu vaxt, nəhayət ki, prof. M.H.Təhmasib xəsisliklə mənim haqqımda bir neçə söz dedi.

- O, institutda yaxşı oxuyurdu.

Akad. M.Arif sualla dolu nəzərlə mənə baxsa da, heç bir söz demədi. Mən həmin gün prof. M.Quluzadənin nə qədər böyük hörmət-izzət sahibi olduğunu gördüm. Ətrafdakıların çoxu akademik olsa da, hamı ona hörmətlə yanaşır, ehtiram göstərir, hər sözünə qeyd-şərtsiz əməl edirdilər. Buna səbəb isə Mirzağa Quluzadənin Azərbaycan ədəbiyyatşünaslığına göstərdiyi misilsiz xidmətlər idi.

Nizami, Nəsimi, Füzuli irsinin öyrənilməsində onun, misilsiz xidmətləri olmuşdur. Son dərəcə təvəzökar, səmimi, xeyirxah, sözünün üstündə duran, mərd və cəsarətli, təəssübkeş və qeyrətli bir insan idi. Əsərlərinin dili sadə və aydın olduğu qədər də yüksək elmi peşəkarlıqla yazılmışdı. Bu gün onun haqqında söz demək, onu yada salmaq Tanrı qarşısında, ağsaqqal və müdriklər haqqında söz deməyə bərabərdir.

Mən birinci imtahandan çıxanda əyləşənlərə öz minnətdarlığımı bildirdim. Bu vaxt o mənə baxıb tapşırıq verdi.

- Gələn imtahana yaxşı hazırlaş, Sov. İKP tarixi imtahanına Moskvadan gələcəklər. Mən bayıra çıxanda ətrafda heç kim yox idi, sevincimdən nə edəcəyimi bilmirdim, sakit, buludsuz, aydın səmalı Bakı axşamı düşürdü.

...İkinci imtahanımız bir həftədən sonra Akademiyanın aspirantura şöbəsinin yanındakı otaqda idi. Komissiya sədri Moskvadan, SSRİ Elmlər Akademiyasından   gəlmiş professor və bir neçə üzvdən ibarət idi. Mən bu imtahana tam hazır idim. Hələ tələbə olarkən demək olar ki, V.İ.Leninin bütün əsərlərini, partiyanın proqram və nizamnamələrini, qurultayların çıxardığı qərarları əzbər bilirdim. Bütün institutların aspiranturalarında imtahan verən tələbələri bir yerə yığmışdılar, namizədlər iki-bir imtahan verib gedirdilər. Növbə elə mənə çatmışdı ki, gördüm qapı açıldı, M.Quluzadə, H.Araslı və M.C.Cəfərov içəri girdilər, sədrdən üzrxahlıq diləyəndə sonra Mirzağa müəllim əlində tutduğu kağızdan mənim adımı oxudu, sonra sədrə rusca dedi ki, həmin oğlana kömək etsinlər, o institutuna çox lazımdır. Sədr rus ləhcəsi ilə adımı oxuyanda mən ayağa qalxdım. Mirzağa müəllim məni görən kimi, "hə budur" gəlib - dedi. Onlar gedəndən sonra mən bilet çəkib bütün sualları birnəfəsə danışdım. Əlavə suallara da cavab verib ikinci "əla" aldım. Mən o gün bir daha Mirzağa müəllimin nə qədər qayğıkeş, xeyirxah bir insan olduğunun şahidi oldum. Daha bir neçə gün keçdi, fars dilindən sonuncu imtahanı verib aspiranturaya qəbul oldum. Prof. Mirzağa Quluzadə gənclərə xüsusi qayğı göstərərək onların elmi-tədqiqat işlərinə cəlb olunmasına ciddi yanaşırdı. Elmi Şuranın iclaslarında tez-tez təkrar edirdi; "Bizim yolumuzu onlar davam etdirəcəklər, onları incitməyin, get-gelə salmayın, biz öləndən sonra qoyun bizi yaxşılar kimi yada salsınlar, ruhumuza dua oxusunlar, onsuz da həyat çox qısadır. Heç kim bu dünyadan heç nə aparmayıb, yaxşı addan başqa"

Aspiranturanın ikinci kursunu bitirirdik. Yay ayları yaxınlaşırdı.Mən instituta ancaq nahar fasilələrində gəlib-gedirdim. 5-ci mərtəbədə liftdən çıxıb elmi katibin yanına gedirdim ki, bu vaxt Mirzağa müəllimlə rastlaşdım. Məni görəndə elə bil sevinən kimi oldu. Qoltuğundakı bir qalaq kağız bağlamasını sürücüsü Ağaməmmədə verək dedi:

-Sən düş, biz də gəlirik.Sonra mənim işlərimi xəbər aldı. Mən də çox sağ olun professor- deyib ayrılmaq istədim. O mənim qolumdan tutub gedək-dedi.

Biz aşağı düşəndə sürücü QAZ-21 maşının qapılarını açdı.Bu vaxt Mirzağa müəllim:

-Hə, oğlum otur gedək. Mən heç nə xəbər almadım. Bərk utandığımdan məni tər götürmüşdü. Köhnə Bakı universal mağazasının yanındakı 3 saylı binanın (Mən o lənətə gəlmiş erməninin adını çəkmək istəmirəm ) II mərtəbəsinə qalxdıq.Qapını 60-65 yaşında olan bir qadın açdı.Bu vaxt Mirzağa müəllim muştuluq alırmış kimi sevincək dilləndi:

-Yaqut, gözün aydın, axır ki, oğlumuzu tapıb gətirdim. Qadın əvvəlcə əlini mənə uzatdı, sonra üzümdən öpdü və çox sağ ol, ay Mirzağa -dedi,  bir az kövrələn kimi oldu. Biz içəri keçib əyləşəndən sonra Mirzağa  müəllim mənim çaşıb qaldığımı görüb danışmağa başladı:

-Yaqut xanım Mirvarid Dilbazinin bacısıdır, yaxşı şeirlər, hekayələr yazır. Yeganə oğlumuz Vəfa Misirdə işləyir, anası onun üçün çox darıxır.Bir gün ona dedim ki, bir aspirantımız var, Vəfaya oxşayır. O da yalvar-yaxar elədi ki, onu evə gətir, qoy gəlib-getsin, bir az təskinlik tapaq. Mən də neçə aydır səni axtarıram. Bir dəfə Məmməd Cəfərə demişəm, görünür  yadından çıxıb. Hə, indi çörəyimizdən kəs, tez-tez bizə gəl-get.

Yaqut xanım əsl bayram süfrəsi açmışdı. O da sevinirdi, hətta gülə-gülə dedi ki, oğlum bağışla bir az tələsik oldu... Stolun üstündə yarpaq dolması, kartofla qızardılmış kotlet və s. var idi. Mən heç nə danışa bilmirdim, Mirzağa müəllim stolun üstünə " Göy-göl " konyakı qoydu. Nə qədər utansam da bir qaşıq kartof və bir kotlet götürüb qoydum boşqabıma, konyakı isə açmağa qoymadım ki, guya mən "içən deyiləm". O çox yaxşı başa düşürdü ki, mən utanıb sıxılıram. Mən çörəyimi yeyib qalxdım, professordan icazə alıb dedim :

-Mirzağa müəllim, mənə icazə verin gedim, saat 2-də iclasımız var. O ayağa qalxıb məni yola salarkən dedi:

-Hə, oğlum, evimizi tanıdın, tez-tez gəl-get. Bizi tək qoyma.

Bu görüşdən sonra mən yeni ildə, Novruz bayramında bir neçə dəfə onlara gedib bayramlarını təbrik etdim.Sonra eşitdim oğlu Vəfa Misirdən qayıdıb gəlib, onu mühüm dövlət qulluğuna dəvət etmişdilər.

Mirzağa müəllim gənclərə qarşı çox həssas və qayğıkeş idi.Bir dəfə elmi katibimiz zəng vurdu ki, sabah instituta gəl, Məmməd Cəfər və Mirzağa müəllim səni görmək istəyirlər. Mən səhərisi gün instituta gəlib elmi rəhbərim akad.M.C.Cəfərovun otağına girdim. O, məni görən kimi gülümsünüb dedi.

Səndən bir nəfər məktub yazıb, hansı jurnalda çıxan məqaləni oxuyub, deyir ki, ondan köçürmüsən. Mirzağa müəllim də məktubu yazıb mənim üstümə ki, ayırd edib ona məlumat verim. Bunu deyib o məktubu mənə uzatdı.Məktub müəllifi göstərirdi ki,mən çap etdirdiyim məqalədə qoşmanın 11- hecalı olduğunu ondan " köçürmüsən" mənə iki il bundan qabaq verilən mövzu sən demə onun doktorluq dissertasiyasının mövzusu imiş və s.

Məmməd Cəfər müəllim məktubu məndən alıb dedi ki,direktor bizi gözləyir, məktub müəllifi də koridorda bizi gözləyirdi. Bayıra çıxanda mən həmin "müəllifi"gördüm, yaxşı tanıyırdım. Direktorun otağına girib əyləşdik. O hamımızla görüşdü, mənim kefimi xəbər aldı, sonra Məmməd Cəfər müəllimə sarı dönüb xəbər aldı.

-Nə yazır bizim bu müəllif,tanış olmusan?

Məmməd Cəfər müəllim rişxəndlə;

-Tanış oldum, Mirzağa müəllim, bu müəllif yazır ki, qoşmanın 11-hecalı olduğunu "ilk dəfə" o tapıb, bizim aspirantımız da məqaləsində onu qeyd edibmiş. Sonra da yazır ki, bu mövzu onun olub, nə üçünsə aspiranta veriblər.

Mirzağa müəllim üzünü ona çevirib:

-Aşıq Qurbani "Bənövşə" şeirini qoşanda ona da sən demişdin ki, hecanın 11-liyində yazsın?! Müəllif pərt oldu. Sonra Mirzağa müəllim bir də soruşdu:

-Bu mövzunu sənin adına nə vaxt təsdiq ediblər?

Həmin müəllif də cavab verdi ki, təsdiq olunmayıb, ancaq mən o mövzunu işləmək istəyirəm.

Bu vaxt Mirzağa müəllim güldü və ona:

-Buna görə də məktub yazdın?!

"Müəllif" qızarıb-pörtmüşdü. Dillənə bilmirdi. Bu vaxt Mirzağa müəllim:

-O mövzu sənə verilə bilməz. Qoşmanın 11-hecalı olduğunu dağda qoyun otaran çobandan soruşsan o sizdən yaxşı deyər. Gedə bilərsiniz.

O, Məmməd Cəfər müəllimlə bir qədər danışıb güldü, sonra birdən xəbər aldı:

-Bunun elmi məsləhətçisinin xəbəri var ki, bu "alim" belə hoqqabazlıq edir?

Məmməd Cəfər müəllim çiyinlərini çəkdi və sonra da:

-Deyə bilmərəm, - dedi

Mirzağa müəllim

-Ona deyin ki, bunlara nəzarət eləsin, başlı-başına buraxmayın

Biz direktorun kabinetindən çıxanda artıq günortaya az qalırdı.Mən,Məmməd Cəfər müəllimlə görüşüb ayrılanda o sakitcə dilləndi:

-Belə şeylərə əhəmiyyət vermə, get işlərinlə məşğul ol. Bu günlərdə prof.M.Quluzadənin 110-illik yubleyini keçirtdik. Mirzağa müəllimin nəslindən heç kim qalmayıb. Vəfa Quluzadənin oğlu bir neçə il bundan əvvəl maşın qəzasına düşüb çox gənc yaşında həlak oldu.Ondan bir-iki il sonra bu faciəyə dözməyən ata ürəyi əbədilik dayandı. Mirvarid Dilbazinin qızı Xatirə xanım mənim qonşumdur. Bir neçə il bundan qabaq prof.Mirzağa Quluzadə haqqında yazdığım məqaləni ona verdim ki, Vəfa müəllimə çatdırsın. Hər dəfə məni görəndə bu qonşu Xanım deyirdi ki, xalam oğlu telefonunu açmır... Daha xəbər almıram.

Prof.M.Quluzadənin parlaq xatirəsinə həsr etdiyim bu yazıları ona olan borcumu yerinə yetirmək naminə yazıram. Belə "borcu" olanlar isə çoxdur, onlarla, yüzlərlədir. Allah rəhmət eyləsin!

 

Məmməd Əliyev

filologiya elmləri doktoru, professor

 

Ədəbiyyat qəzeti.- 2018.- 20 yanvar.- S.18-19.