Nizaminin dəyərlər yatırımı

 

Nizamişünaslığa on cildlik elmi töhfə

 

Rəhman və Rəhim olan uca Allahın adı ilə!

Mülkün gerçək sahibi olan uca Allaha həmd, aləmlərə rəhmət olaraq göndərdiyi elçisinə səlat və salam olsun!

Uca Allaha sonsuz şükürlər olsun ki, həzrət Nizami Gəncəvinin "Sirlər xəzinəsi" mənəvisi ilə bağlı yazdığım şərhi bitirdim. O, mənə güc, iradə, səbir verdi, ümmətimizin ehtiyacına uyğun bir əsər yazmağı, Nizamini doğru tanıtmağı nəsib etdi. Uca Allaha inanaraq dua edir, qüsurlarımı sonsuz rəhməti ilə bağışlamasını, yeni əsərlər yazmağın yolunu açmasını istəyirəm.

Bu monoqrafiyaların özəlliklərini, ortaya qoyduğu elmi nəticələri belə sıralamaq olar:

- tədqiqat on cilddir;

- tədqiqatın tutumu altı min səhifədən çoxdur;

- tədqiqat işi on dörd ilə yazılmışdır;

- tədqiqatın yazılması üçün beş mindən çox qaynaqdan istifadə olunmuşdur;

- bu elmi qaynaqlar Azərbaycan türkcəsində, Anadolu türkcəsində, fars, ərəb, rus, ingilis dillərində yazılmışdır;

- qaynaqlar iki yolla verilmişdir: səhifələrin sonunda, hər cildin sonunda. Ümumi qaynaqlar türk, rus, Avropa dilləri, fars dili biçimində sıralanmışdır;

- metod olaraq şərh (təfsir) üsulu seçilmişdir;

- şərh üsulu Qurani-Kərimin, elmi risalələrin, divan ədəbiyyatının öyrənilməsində tətbiq edilən metoddur;

- şərh metodu mənanın daha dəqiq öyrənilməsinə yol açır;

- "Sirlər xəzinəsi" məsnəvisi tərcümədə iki min iki yüz qırx iki beytdir;

- məsnəvi beyt-beyt şərh olunub;

- hər beytə başlıq qoyulub;

- başlıqlar beytlərdən seçilib;

- öncə beytin orijinalı verilib;

- orijinal (farsca) beytlər böyük nizamişünas alim Vəhid Dəstgerdinin nüsxəsindən götürülüb;

- müqayisə üçün farsca olan başqa nüsxələrdən də istifadə olunub;

- beytin orijinal mətnindən sonra Azərbaycan türkcəsində sətri tərcüməsi verilib;

- beytin sətri tərcüməsi böyük nizamişünas alim Rüstəm Əliyevin hazırladığı mətndən götürülüb;

- dəqiqləşdirmələr üçün bədii tərcümə variantlarından da istifadə olunub;

- orijinalda olub, sətri tərcümədə olmayan (bunun əksi də var) beytlər təsbit edilib;

- yanlış tərcümələr, təhriflər bir-bir göstərilib;

- şərh zamanı öncə beytdəki anlayışlar təsbit edilib, hər birinin lüğəvi, terminoloji, varsa, bədii mənası izah olunub;

- "Sirlər xəzinəsi" məsnəvisinin anlayışlar (terminlər) sistemi zəngindir: Qurani-Kərimə, hədisə, təfsirə, fiqhə (islam hüququ), kəlam elminə, tarixə, mifologiyaya, ayrı-ayrı elm sahələrinə, özəlliklə astronomiyaya, xalq inanclarına, folklora, fərqli dini görüşlərə, ədəbiyyata aid yüzlərlə termin var, hər birinin anlamı verilmiş, beytin mənası ilə əlaqəsi qurulmuşdur;

- şərh zamanı "Sirlər xəzinəsi" məsnəvisinin terminoloji və bədii lüğəti hazırlanmışdır;

- "Sirlər xəzinəsi" məsnəvisinin anlam xəritəsi çıxarılmışdır;

- beytlər şərh olunarkən hər sözün haqqı verilmiş, mənası təsbit olunmuş, mətnlə əlaqəsi qurulmuşdur;

- söz-məna-məqsəd-hikmət sıralamasına əməl olunmuşdur;

- beytin doğru anlaşılması üçün məqsəd hakim qılınmışdır;

- hər beytin bağlı olduğu mətnlə əlaqəsi təsbit edilmişdir;

- məzmunla bədiilik (poetika) bir arada tədqiq olunmuşdur;

- mənanın anlaşılması üçün beytin içində və dışında olan dəlillər ortaya çıxarılmışdır;

- vasitə ilə hədəf bir-birindən ayrılmışdır;

- bədii dilin özəllikləri nəzərə alınmışdır;

- ərəbcə olan misralar təsbit olunmuşdur;

- istifadə olunmuş ayələrin qaynaqdakı (Qurani-Kərimdəki) surə və ayə sırası göstərilmişdir;

- istifadə olunmuş hədislərin orijinal qaynağı verilmişdir;

- uydurma hədislər təsbit olunmuşdur;

- "Sirlər xəzinəsi" məsnəvisi iyirmi məqalət, iyirmi hekayətdir;

- şərh zamanı öncə məqalət, sonra hekayət təhlil olunmuşdur;

- hər məqalə və hekayəyə ayrıca giriş və nəticə yazılmışdır;

- "Sirlər xəzinəsi" orijinal məsnəvidir;

- səri bəhrində yazılmış ilk məsnəvidir;

- məsnəvilərin önünə yazılan ənənəvi girişi ilk dəfə Nizami sistemləşdirmişdir;

- Nizami Qurani-Kərimin metodundan istifadə edib: Qurani-Kərim iki hissədir, nəzəri (şərti olaraq belə adlandırırıq), burada ilahi buyruqlar yer tutur, bir də praktik, burada qissələr yer tutur;

- məsnəvinin nəzəri hissəsi məqalət, praktik hissəsi hekayət adlanır;

- hekayətlər məqalətlərin ideyasının anlaşılmasına yardım edir;

- "Sirlər xəzinəsi"nin mövzuları bunlardır: tövhid, minacat, nət, mədhiyyə, söz, nəzmin nəsrdən üstünlüyü, qəlbin özəllikləri, xəlvət, yaradılış, ümid, tövbə, bağışlanma, iman, küfr, ədalət, dövlət idarəçiliyinin əsasları, halallıq, əmək, insan, zaman, varlıq, dünya, mərhəmət, qəflət, cəhalət, paxıllıq, düzlük, pərəstiş, təcrid, sirr, susmaq, ikiüzlülük, axirət...

- məsnəvinin dəyərləri ortaya çıxarılmışdır;

- Nizami uca Allahı tanıdarkən iki yol seçmişdir: öncə Onun gözəl adlarını (əsma-i hüsna), sonra yaratdığı ayələri tanıtmış, görünəndən görünməyənə doğru getmişdir;

- "Xəmsə"dəki bütün meracnamələr şərh olunmuşdur;

- ilk üç cild nətlərin, dördüncü cild meracnamələrin, beşinci cild qəlbin özəllikləri ilə bağlı yazılmış bölmələrin, VI-X cildlər iyirmi məqalət və iyirmi hekayətin şərhinə həsr olunmuşdur;

- şairin doğru anlaşılması üçün yaşadığı mühitin özəllikləri təhlil edilmişdir;

- Nizaminin Səlcuqlu dövlət adamları ilə əlaqələri təsbit olunmuşdur;

- "Sirlər xəzinəsi" məsnəvisinin ithaf olunduğu Məngücük məliki, türkmən bəyi Fəxrəddin Bəhramın bioqrafiyası hazırlanmışdır;

- Fəxrəddin Bəhram şah bu əsərə görə Nizami Gəncəviyə beş min dinar (qızıl pul, bəzi qaynaqlara görə beş yüz qızıl pul), beş qatır, beş at, çox qiymətli bir xələt (xələt padşahın sifarişi ilə tikilmiş, gözəl naxışlarla bəzədilmiş xüsusi geyimdir), bahalı paltarlar, bəzək əşyası, zərgərlərin əl işi olan mücəvhərlər göndərmişdir;

- Nizami Gəncəvinin türk kimliyi beytlərlə təsbit edilmişdir;

- Nizami türkdür, ancaq milliyyətçi deyil, ümmətçidir, insanlığın şairidir;

- Nizami beş dil bilir;

- Nizami Gəncəvi şəxsiyyətinin, dünyagörüşünün, ideyalarının doğru anlaşılması üçün bu ölçülər qoyulmuşdur:

- Nizami müsəlmandır, tövhid inancına bağlıdır;

- Nizaminin ən çox təbliğ etdiyi dəyər ikidir: tövhid, ədalət;

- o, Qurani-Kərimi dərindən bilir;

- onun dünyagörüşünün qaynağı Qurani-Kərimdir;

- Nizami islam dininin türklərin düşüncəsinə yerləşməsində önəmli yer tutur;

- Nizami irfan şairidir, onu irfandan kənar öyrənmək yanlışdır, təhrifdir, qeyri-elmidir;

- bilgi sistemi üçdür: beş duyğu, nass (ilahi mətn), ağıl;

- irfan dördüncü bilgi sistemi irəli sürür: sezgi, ilham, kəşf;

- Nizami irfan bilgi sisteminə bağlıdır;

- irfan ədəbiyyatı rəmzlərlə zəngindir, bu rəmzlərin mənaları açıqlanmışdır;

- irfani anlayışların lüğəti hazırlanmış, hər birinin mənası izah edilmişdir;

- Nizami din alimidir, irfan şairidir, arifdir, aşiqdir, mücahiddir, tövhid inancına sahibdir;

- Nizami sünni məzhəbinə bağlıdır;

- Nizami deyir ki, ağıl uca Allahın zatını qavraya bilməz;

- "Sirlər xəzinəsi" irfan düşüncə sisteminin qaynaq əsərlərindən biridir;

- Nizami ağıla çox önəm verir;

- Nizami qədərçi deyil, insan iradəsinə önəm verir;

- Nizami deyir ki, insan olmuş, bitmiş varlıq deyil, dəyişə bilən varlıqdır, dəyişmək ilahi yasadır, daha gözəl insan və daha gözəl dünya mümkündür;

- insan ağıllı, iradəli, vicdanlı, məsuliyyətli varlıqdır, o, yeni dəyərlər ortaya qoymalı, xeyrin çoxalmasında iştirak etməlidir. İnsan ancaq bu yolla yer üzünün xəlifəsi olmaq missiyasını yerinə yetirə bilər;

- daha gözəl bir dünya qurmaq üçün öncə o dünyanı quracaq insanlar yetişdirilməlidir;

- Nizami deyir ki, fərqlilik ilahi qanundur, onu yox etmək zülmdür;

- Nizami insanın şüurlu və iradəli həyat yaşamasını istəyir;

- "Sirlər xəzinəsi"ndə Nizaminin fəlsəfi və kəlami görüşləri var;

- "Sirlər xəzinəsi" ədəbi, fəlsəfi, didaktik əsərdir;

- Nizami zərdüştlüyü, cövhərpərəstliyi, ismaililiyi rədd edir;

- Nizami bir dövlətin beş təməlini müəyyən etmişdir: ədalət, həqiqət, şura (məsləhət), əhliyyət və ləyaqət, mərhəmət;

- Nizami humanizmi təbliğ etmir, o, humanist deyil, humanizm deyir ki, həqiqətin ölçüsü insandır, yəni insan Allahdır, Nizami deyir ki, həqiqətin ölçüsü uca Allahdır;

- Nizami islam mədəniyyətini və ədəbiyyatını yeni anlayışlarla zənginləşdirmişdir;

- Nizami insana ikidünyalı həyat təklif edir, axirəti həyatın mərkəzinə qoyur, deyir ki, axirət dünyanın ruhudur;

- Nizamidə uca Allah-insan münasibəti biryönlü deyil, ikiyönlüdür, uca Allah sadəcə sevilən varlıq deyil, O həm də sevən varlıqdır;

- Nizami ilahi dəyişim qanununu açıqlayır: cəmiyyətin dəyişməsi fərddən, fərdin dəyişməsi təsəvvürdən başlayır;

- təsəvvür anlayışlarla dəyişə bilər;

- təsəvvür dəyişsə, əxlaq, əxlaq dəyişsə, davranış dəyişər;

- Nizaminin dəyişim qanununun sıralaması belədir: durum təsbiti - insanın qafil (cahil) olmasının səbəbi müəyyən edilir, xəstəyə xəstə olduğu söylənilir, insan xəstə olduğuna inanmasa, müalicəyə razı olmaz, cəhalət nəticəsində insanın nələri itirdiklərini açıqlanır, cəhalətdən qurtulmağın zəruriliyinə inandırılır, kim olduğu, kimin yaratdığı, nə məqsədlə yaratdığı, məsuliyyəti xatırladılır, axirət bilinci verilir, insana dəyişməyin mümkün olduğu söylənilir. Nizami deyir ki, dəyişimin ilk şərti halını qavramaq, tövbə etməkdir. O, insanın necə dəyişəcəyinin yollarını göstərir, hədəf verir, saleh əməllərə yönləndirir, onun ağlını fəallaşdırır, axirətdə cəza və mükafat var deyir, hədəfli düşünməyə çağırır;

- Nizami varlığı iki yerə ayırır: Yaradan - O, təkdir, uca Allahdır, Onun haqqı tək olmaqdır, var olmaq üçün bir başqa varlığa möhtac deyil, ehtiyacsızdır, ölümsüzdür, mülkün gerçək sahibidir. Yaradılanlar - onlar çoxdur, yaradılmışlar, ehtiyaclıdırlar, başlanğıc və sonları var, ölümlüdürlər;

- Nizami nihilizmi (heççilik) rədd edir, deyir ki, uca Allah hər şeyi mənalı və məqsədli yaradıb;

- Nizami deyir ki, insan ilahi yasalarla uyum içində olanda dəyər qazanır, hüzura qovuşur, iki dünyanın xoşbəxti olur;

- Nizami deyir ki, insan olmağın şərti azad olmaqdır, azadlığın şərti uca Allaha təslimiyyətdir;

- Nizami insan tərbiyəsində bu metodu seçir: anlayışlarla təsəvvürü, əmrlərlə ağılı, örnəklərlə şəxsiyyəti inşa edir (bu, Qurani-Kərimin metodudur);

- Nizamidə bədii fikir zəngin qaynaqlarla təqdim olunur;

- Nizami mifoloji, tarixi, dini, folklorik, astroloji bilgilərə, faktlara, tarixi şəxsiyyətlərə yer verir, onlara ideyaya uyğun anlamlar yükləyir;

- Nizami məna kəşfinin və onu ifadə biçiminin fərqli yollarından istifadə edir;

- "Sirlər xəzinəsi" məsnəvisində təbiət təsviri önəmli yer tutur, mesajın anlaşılmasına yol açır (irfan düşüncəsi şeirdən, təbiət təsvirindən çox istifadə edir, sonrakı dönəmlərdə musiqi də bu sıraya artırıldı);

- "Sirlər xəzinəsi" məsnəvisində zəngin məcazlar sistemi var, onların sırasında bədii təzad önəmli yer tutur;

- tədqiqatda hər beytin mesajını yüklənən, ideyanı mayalanan anlayışlara önəm verilmişdir;

"Sirlər xəzinəsi" ilə bağlı bu tənqidlərimiz var:

- Nizami bir sıra hallarda fikrini əsaslandırmaq üçün uydurma hədislərdən istifadə etmişdir;

- Nizami peyğəmbərin merac gecəsi uca Allahı gördüyünü yazır. Bu fikir Qurani-Kərimə ziddir. Uca Allah buyurur ki, insan gözü Onu görə bilməz. O, cisim deyil ki, kiməsə görünsün;

- Nizami islam peyğəmbərinin üstünlüyünü ifadə etmək üçün elçiləri bir-biri ilə yarışdırır. Qurani-Kərim buyurur ki, möminlər elçilər arasında fərq qoymazlar;

- Nizami ilhamın qaynağının uca Allah olduğunu bildirir. Qurani-Kərim buyurur ki, vəhydən başqa, hər söz bəşəridir;

- Nizami deyir ki, həqiqət gizlidir, sirlidir, hər adam ona qovuşa bilməz. Qurani-Kərim buyurur ki, həqiqət açıqdır, çalışan, axtaran, əmək verən ona qovuşar;

- Nizami hz. Məhəmmədin (s.a.s) peyğəmbərlərin ilki olduğunu söyləyir, yəni uca Allahın yaratdığı ilk ruh onundur. Qurani-Kərim buyurur ki, O, peyğəmbərlərin ilki deyil;

- Nizami susmağı təklif edir, Qurani-Kərim sözü ucaldır; 

Bizcə, Nizamini doğru öyrənməyin və anlamağın yolları bunlardır:

- Nizaminin düşüncəsinin bağlı olduğu Qurani-Kərim dərindən öyrənilməlidir. Bu, ilk şərtdir, bunsuz Nizamini doğru qavramaq mümkün deyil;

- Hz. Məhəmmədin həyatı və hədislər, islam mədəniyyətinin əsasları öyrənilməlidir;

- Nizaminin yetişdiyi siyasi, tarixi, elmi mühit nəzərə alınmalıdır;

- İslama bağlı ədəbiyyatın özəllikləri, mövzuları, ideyaları, dil və üslub xüsusiyyətləri tədqiq olunmalıdır;

- irfan düşüncə sistemi öyrənilməlidir;

- irfan ədəbiyyatının özəllikləri öyrənilməlidir;

- Nizaminin məsnəvilərinin anlam xəritəsi hazırlanmalıdır;

- Nizami məsnəvilərinin hər birinin bədii (poetik) lüğəti hazırlanmalıdır;

- Nizami məsnəvilərinin hər birinin ensiklopediyası hazırlanmalıdır;

- Nizaminin dünya kitabxanalarında olan bütün əlyazmaları bir araya gətirilməli, əsərlərinin mükəmməl nəşri, yeni sətri və bədii tərcüməsi hazırlanmalıdır;

- ərəb və fars dillərini bilən nizamişünas mütəxəssislər yetişdirilməlidir;

- ayrı-ayrı elm sahələrinin imkanlarından istifadə edilməlidir;

- Nizaminin bir mövzunu niyə yazdığı müəyyən edilməli, mövzu ilə bağlı yazılmış bütün beytlər bir araya gətirilməli, beytlərdəki anlayışların mənası şərh olunmalı, sözlər, anlayışlar və ideya arasında məna bağı qurulmalıdır;

- sözdən mənaya, mənadan məqsədə, məqsəddən hikmətə prinsipi əsas götürülməlidir;

- Nizaminin ideyaları, təbliğ etdiyi dəyərlər köhnəlməz, çünki onların qaynağı mütləq həqiqətdir. Şairin həmişə müasir olmasının, insanların ehtiyacına çevrilməsinin səbəbi də budur. Ancaq Nizami ideyalarının şərh,  təhlil, tədris, təbliğ dili, üsulu, metodu köhnələr. Ona görə də Nizaminin bu çağın insanlarının anlayacağı, qəbul edəcəyi bir dil, üslub, metodla şərhinə ehtiyac var, biz Nizamini yüzilliyin idrakına oxumalıyıq;

- elmi-texniki inkişafın imkanlarından istifadə olunmalıdır.

Nizami insanlığa dəyərlər yatırımı qoyub getmişdir. Onun üzərimizdə haqqı var. Bu haqqı ödəməyin yolu Nizami irsini doğru öyrənmək və doğru öyrətməkdir.

 

Sayğı və sevgilərlə...

1 məhərrəm 1439-cu il

22 sentyabr 2017-ci il

 

Siracəddin HACI

AMEA Nizami adına Ədəbiyyat İnstitutu

 

Ədəbiyyat qəzeti.- 2018.- 20 yanvar.- S.24-25.