Ritmin və ahəngin
harmoniyası
Yusif Həsənbəyin
85 illiyinə
Əməkdar incəsənət
xadimi Yusif Həsənbəy
keçən əsrin 50-ci illərində ədəbiyyata gələn,
öz şair fərdiyyətini isə 60-cı-illərdən
başlayaraq təsdiqləyən, uzun onilliklər -
altmış ildən artıq bir zaman müddətində məhsuldar
yaradıcılıq axtarışları aparan, özünəməxsus
üslubu, poetik dəsti-xətti ilə seçilən qələm
sahiblərindən biridir. Onun ilk mətbu
şeiri 1954-cü ildə "Azərbaycan" jurnalında
işıq üzü görüb. "Təhsildən
qayıdarkən" adlı bu şeir dövrün
yaradıcılıq təcrübəsini və axtarış
meyillərini kifayət qədər nümayiş etdirirdi.
Şeirdə ifadə olunan fikrin və
ideyanın real gerçəkliklərin, canlı surətlərin
iştirakı ilə verilməsi dövrün yaradıcılıq
ənənəsindən irəli gəlirdi.
60-cı illərdən
başlayaraq Yusif Həsənbəyin
yaradıcılığı yetkinlik və kamillik mərhələsinə
qədəm qoyur. Təsadüfi deyil ki, şeirə və
ümumən yaradıcı düşüncəyə həmişə
ciddi və tələbkarlıqla yanaşan xalq şairi Rəsul
Rza yerli və mərkəzi (keçmiş ümumittifaq) mətbuatında
dərc etdirdiyi məqalələrində o dövrün
ümidverən gənc ədəbi qüvvələri
sırasında Yusif Həsənbəyin də adını
çəkir, imzasını xatırladır. Əlamətdar
haldır ki, Yusif Həsənbəy ustad sənətkarın
bu etimadını doğrultmuş, şeirin çətin
yollarında uzun illər özünəməxsus səbr və
təmkinlə addımlamış, ədəbi ictmaiyyətin
və çoxsaylı oxucuların rəğbətini qazanan əsərlərlə
dövri mətbuat səhifələrində
çıxış etmiş, kitabları nəşr
olunmuş, belə bir fasiləsiz təmas və ünsiyyətdə
öz şair "məni"ni təsdiqləmişdir. Onun poeziya haqqında, şeirin ecazkar sənət və
yaradıcılıq hadisəsi olmaq xüsusiyyəti barədə
düşüncə və təəssüratlarında bunun
real əlamət və təzahürü görünməkdədir.
"Poeziya" adlı poetik məramnamə xarakterli
şeirində şair öz sənət kredosunu belə bəyan
edir:
Üzünü hər çatana
Göstərmə, poeziya.
Demirəm yollar kəsib,
Baş üzənə, nadana,
Hətta adi bir gölə,
Bir quşa daş atana
Göstərmə, poeziya.
Səni çıraqla gəzim
Azsan, daha da az ol.
Yazılsan, sən Füzuli
Mərtəbəsində
yazıl.
Yusif Həsənbəyin
yaradıcılığında lirika aparıcı yerlərdən
birini tutur. Şairin rübabi şeir çələngində
lirik hisslər, sevgi və məhəbbətlə süslənmiş
duyğusal düşüncələr axarı
özünün əlvan palitrası ilə seçilir.
Burada Vətən, yurd sevgisi bütün sevgilərin
fövqündə dayanır. Doğma el-obadan öz
başlanğıcını götürən böyüyərək
geniş miqyas alan Vətən sevgisinin əsasında
ritorik tərənnümdən tamamilə uzaq olan konkret
anlayışların, predmetlərin dayanması Yusif Həsənbəy
poeziyasının ararıcı məziyyətlərindən
biri kimi üzə çıxır. Əgər 70-80-ci illərdə
şair dünyanı təşvişə, əndişəyə
salan atom hədə və təhdidlərindən, tarixin və
insanlığın Xirosima faciələrindən vətəndaşlıq
narahatlığı ilə söz açırdısa, bundan
tamamilə fərqli bir mənzərəni: Qarabağın
xoşbəxt, qayğısız günlərini, sadə
insanların həyat eşqini, qurub-yaratmaq əzmini vəcdlə,
ehtirasla tərənnüm aparıcı mövqe
qazanırdısa, iyirminci yüzilliyin sonlarına doğru
milli ədavətin, yersiz ərazi və torpaq iddiaları ilə
şər və məkr girdabına sürüklənən bədnam
qonşuların bəd əməlləri, bu dilbər guşənin
başının üstünü zaman-zaman alan qara
buludlar Qarabağın nisgilli
taleyindən dolayı yaşantılar, narahat anlar da vətəndaş
duyğusu və təəssübkeşliyi ilə dilə gətirilir.
Bu, həm də şairin yaradıcılığında
ictimai məzmun və mündəricənin yeni çalar və
keyfiyyətləri kimi üzə də çıxır:
Dağıdılmış
yuvamdı Qarabağım!
Al qumaşı Paris salonların
işıq saçan
İndi şöləsi korun-korun işaran
Sısqa bir şamdı
Qarabağım!
Nümunə gətirdiyimiz
bu həyəcandan, təlaşdan yoğrulan misralar Yusif Həsənbəyin
"Cənnətin bağlı yolları" adlı
poemasındandır. Onun Vətən coğrafiyasında boya-başa
çatdığı Qubaya, füsunkar təbii gözəllikləri
ilə insanı heyrətləndirən Xaçmaz və Nabran
kimi bu bölgəyə yaxın ərazilərə məxsus
lövhələrin, insanı ülviyyətə, mənəvi
ucalığa çağıran mənzərələrin
sözlə çəkilən tablolarına da rast gəlmək
olur. Bu şairin məhəlli düşüncədən
çox uzaq olan böyükhərfli Vətən
obrazının poetik təcəssümünün
bütövlüyünə, tam halda təqdiminə hesablanan
bir cəhd kimi dədəyərləndirilə bilər.
Saf isani hisslərin,sevgi və məhəbbət
kimi ülvi duyğuların tərənnümü də
şairin yardıcılığında mühüm yerlərdən
birini tutur. Belə lirik düşüncələr
silsiləsinin bir mətn olaraq nəğmə, mahnı
effektinə çevrilmə imkanları Yusif Həsənbəy
poeziyasının başqa bir mahiyyətindən xəbər
verir. Şairin "Mahnılar"
kitabını nümunə göstərmək kifayətdir
ki, bu sahədə müəyyən təsəvvür
yaradılsın. Mahnılarında da şairin Vətən,
yurd sevgisi, insanı sevgi dolu bir həyat yaşamağa səsləyən
məqamlar qabarıq nəzərə çarpır:
Arzu sənin
Dilək sənin,
Nəğmə dolu
Ürək sənin.
"Bakı"adlı
mahnının nəqərat hissəsi
Və yaxud:
Yaşıl çəmənə
Döşənib xalı,
Qızlar oynayır
Əli xınalı.
Yel əsdirir
Örpəyi, şalı...
"Xoşbəxt olsunlar"adlı
mahnının nəqəraq hissəsi
Maraq doğuran bir cəhət
də odur ki, mahnı mətnlərindəki nəqərat hissələrinin
çox vaxt elə müəllif tərəfindən
birbaşa, bəstəkar işi kimi hazır şəkildə
təqdimi sözlə musiqinin vəhdəti, bir-birini tamamlayan
məqamlar barədə fikir yürütməyə əsas
verir. Nəğməkar şairin mahnı
yaradıcılığı üç yüzdən
artıq nəğmə mətnini özündə ehtiva edir.
Janr əlvanlığı,
ayrı-ayrı yaradıcılıq sahələrində eyni
məhsuldarlıqla fəaliyyət göstərmək Yusif Həsənbəyin
ümumi yaradıcılığında nəzərə
çarpan başlıca xüsusiyyətlərdən biridir. Bu baxımdan
onun epik şeir sahəsindəki fəaliyyəti həyat və
zaman haqqında, insanın bu iki qütb arasında sevinclə,
əzab və ziddiyyətlərlə əvəzlənən
çarpışmalarda dözüm və mətanəti təhkiyənin
əsas hədəfinə çevrilir. Bu,
"Buhenvald" və "Sınaqlarda sınmazıq
biz", "Sonu görünməyən karvan" kimi
müxtəlif illərdə qələmə alınan
poemaların başlıca qayəsini, estetik idealını
miqyaslı şəkildə görüntüyə gətirmək
əzmindədir.
Nəsr və dramaturgiya sahəsində
də eyni peşəkarlıqla yazıb-yaratmaq səriştəsi
şübhəsiz ki, Yusif Həsənbəyin
yaradıcılıq imkanlarının çoxşaxəli və
coxcəhətli xarakterindən xəbər verir. Bir qədər
əvvəl xatırlatdıq ki, Yusif Həsənbəyin
poeziyasında sözün yaxşı mənasında nəsrvari
element və təfərrüatlar onun fərdi üslubundan irəli
gələn bir xüsusiyyətdir. Şübhəsiz
ki, belə bir yaradıcılıq şakəri onun
poeziyasına həm də orijinal, fərqli keyfiyyətlər
aşılayır. Belə bir xarakterik
yaradıcılıq məziyyətinin onun nəsr və
dramaturgiya sahəsindəki yaradıcılıq
axtarışlarına sirayət etməsi əslində həyat
materialının ədəbi növ və janr qəliblərinə yerləşmək
tələb və ehtiyacından yaranır ki, bunu sübut etməyə
elə bir ehtiyac da yoxdur. Onun 1997-ci ildən başlayaraq qələmə
aldığı, hər addımı gözlənilməz həyati
təhlükələrlə dolu olan cəsur peşə
sahibləri-dənizçilərin həyatından bəhs edən
"Sualtı döyüşlər" romanı buna bir
yaxşı nümunə kimi göstərilə bilər. Nəsrin
geniş epik lövhə və təsvirlər, surət və
xarakterlər aləminin genişliyi ilə seçilən bir
janrına müəllifin birbaşa və gözlənilməz
keçidi, sözün həqiqi mənasında, dalğalar
qoynunda səyahəti zamanı gördüyü, yaxından
müşahidə etdiyi insan talelərini, həyat həqiqətlərini,
onun gözlənilməz sürpürüzləri ilə əlaqə
və vəhdətdə canlandırmaq eksperementi,
yaradıcılığın tamamilə fərqli bir sahəsində
elə dənizçi həyatında tez-tez baş verən
risk və manevrləri xatırlatmırmı? Vaxtilə mərhum
xalq yazıçısı Qılman İlkin
"Şair-nasir" adlı yazısında bunu Yusif Həsənbəyin
yaradıcılığında yeni bir dönüş və
mərhələ kimi yüksək qiymətləndirərək
yazırdı: Onun birdən-birə nəsrə keçməsi,
düzü hamını, o cümlədən məni də təəccübləndirdi.
Çünki o bunu tədriclə deyil, birdən-birə
etmiş, ağır bir yükün altına girmişdi.
Onun ilk nəsr əsəri "Sualtı
döyüşlər" adlı roman idi. Romanı oxumamışdan
düşünürdüm ki, o nə cəsarətlə nəsr
sahəsindəki fəaliyyətini belə ağır bir
romanla başlayıb və özüm də onun bu işdə
şübhəsiz uğursuzluğunu
düşünürdüm. Lakin əsəri
oxuyub qurtarandan sonra onun istedadına məəttəl
qaldım. Əsərdə dənizdə, gəmidə
baş verən hadisələr möhkəm bir qələmlə
təsvir olunurdu..."
Nəsr sahəsində ilk
debütün uğurlu bir ədəbi hadisə kimi dəyərləndirilməsini
təsbit edən bu tipli mülahizələrdən kifayət
qədər nümunələr gətirmək olar. Ancaq təfərrüata
varmadan şeirlə nəsrin belə bir transferində digər
bir sahənin-publisistikanın şairanə bir tərzdə
burada iştirakını da görmək çətin deyil.
Şair təbiətli yazıçının "Sarı
Çalı", "Onu
çağırırdılar", "Buzqıran yol
açır", "Təkan" povestləri,
ayrı-ayrı hekayə və oçerkləri uzun və ləngərli,
şeir qədər hisss-emosional nəsr
yaradıcılığından bəhs etməyə də
kifayət qədər əsas verir. Yusif Həsənbəy
dramaturgiya sahəsində də qələmini
sınamış, onun "Yıxılanı
qaldırın", "Sehirli üzük" pyesləri
dövlət teatrlarının səhnəsində,
"Ayı kürkü", "Dağlarda işıq" əsərləri
isə mərkəzi televiziya ekranlarında özünün
tamaşa təcəssümünü tapmışdır.
Sovetlər dönəmində Moskvada
Yusif Həsənbəyin "Çay dənizə tələsir",
"Dəyirman", "Mahnılar üçün quş
yuvaları" adlı şeir topluları, Türkiyə,
Özbəkistan və Bolqarıstan mətbuatında isə
şeirləri tərcümə olunaraq oxucuların
ixtiyarına verilmişdir.
Yusif Həsənbəy tərcümə
sahəsində də məhsuldar fəaliyyət göstərmiş,
Qərbi Avropa və Asiya şairlərinin şeirlərindən
seçmə nümunələri Azərbaycan dilində səsləndirmiş,
"İnadkar sətirlər" adlı antologiya
hazırlayaraq nəş etdirmişdir. İndi
Yusif Həsənbəy yaşın və
yaradıcılığın yeni bir mərhələsinə
qədəm qoyur. Yaş səksən beşdən
doxsana, yaradıcılıq fəaliyyəti isə tamamilə
yeni impulslara rəvac verən axtarışlara doğru istiqamət
götürür. Ömrünün səksən beşinci
aşırımından geriyə boylananda Yusif Həsənbəy
özünün məhsuldar yaradıcılıq zəhmətinin bəhrəsi olan çoxsaylı əsərlərinin
taleyindən tam əminliklə deyə bilərik ki,
nigarançılıqdan uzaq bir hissiyyatlar keçirə biləcəyi
əsla şübhə doğurmur, ancaq irəlidə
yaşanacaq illərin və yaradıcılıq
axtarışlarının taleyi bir "gəmi
kapitanı" kimi onun öz əlindədir.
Qürbət
Mirzəzadə
Ədəbiyyat
qəzeti.- 2018.- 20 yanvar.- S.28.