Ceyms Bond
Yan Fleminq o dövrlərin ingilis kişisinə xas
obrazı ilə zadəgan statusunda olduqca parlaq və
şık görünürdü. Cənab Fleminq
dünyaya gəldiyi zəngin ailədə yalnız kübar
atributlarla əhatələnmişdi. Çevrəsinin
zahirən qışqıran zənginliyi içində - uzun
siqarlar, smokinqlər, bahalı avtomobillər, brend saatlar, pulu
nümayiş etdirmək üçün varlıların
oylağına çevrilmiş kazinolar, aristokratik tərzlər,
şəxslərin özünəməxsus vurğuları, ədalar,
zənginlik estetikaları, zənguləli gülüşlər,
atmacalar, operalar, teatrlar və s. daxilində tərbiyələnib
inkişaf edirdi. Sonraların jurnalistinə,
yazıçısına çevrilən müəllif
gündəlik həyatında gördüklərinin əsərlərdə
təsvirinə başlayır.
Cənab Bond tez-tez qol saatına nəzər salardı. Bəli,
müəllif saatın hansı markadan olduğunu da unutmur.
Dəfələrlə mətnin içində
hallanan Rolex Submarimer saatı marka kimi oxucunun diqqətinə
çatdırılaraq populyarlıq qazanır. 80-ci illərin Sovetlər Birliyində məhz bu
markadan olan saatlar zəngin həyat tərzinin göstəricisi
hesab olunurdu.
Ümumiyyətlə, detektiv janrında yaradılan əsərlərdə
zaman əsas anlayış olaraq mətnin daxilində
inkişaf edir.
Öz yerini bərqərar edərək qatı
cinayətlərin üstünü açmaq üçün
vasitəyə çevrilir.
Həm də
müəlliflər obrazın nəzər
saldığı qol saatının markasını dilə gətirməyi
də unutmurlar. Bu isə populyar janra əlavə
parıltı bəxş edərək zamanın dəbini təyin
etmək üçün əla vasitəyə çevrilir.
Məsələn, özündə Bondun
obrazını yaradan adi şəxs sevimli obrazının
elementlərini, aksesuarlarını üstündə cəm
etməklə əsər deyil, həyat qəhrəmanına
çevrilmək istəyində bulunur. Necə
ki, bir zamanların populyar Polad Aləmdar obrazı
özünün kostyum və hündür boyunlu bəyaz
köynəkləri ilə cəmiyyətimizin
kişisının zahiri dəbini öz monopoliyası
altına almışdı. Hələ mən
çatılmış qaşları, dərin
baxışları, yana daranmış
saçları demirəm.
Zarafat bir
yana, istəsək də, istəməsək
də izlədiyimiz film qəhrəmanları, kitab qəhrəmanları
həyatımıza, obrazımıza nüfuz edə bilir. Yəni filmi, kitab qəhrəmanını
ideallaşdıran oxucu, tamaşaçı özü də bilmədən
ona çevrilməyə başlayır. Elə
bu səbəbdən də son dövrlərdə türk filmlərində
qışqırtıdan daha çox sakit tərzli
danışığın üstünlük təşkil
etdiyini görürük. Obrazlar
pıçıltı ilə danışaraq türk cəmiyyətinin
insanını təmkinə, asta danışığa səsləyir
və şəxslərə mübahisəni belə yavaş
tərzdə etməyin mümkünlüyünü
aşılayır. Və yaxud son dövrlərin rus cizgi
filmlərinin nağıl qəhrəmanları belə
çox ağıllı və intellektual danışmağa
başlayıb. "Barboskin ailəsi" cizgi
filminin köpək qəhrəmanları olduqca mədəni,
savadlı, nəzakətli danışığı ilə
diqqət çəkir. Bir sözlə, təbliğat
mexanizminin bir hissəsi olan kitab və filmlər cəmiyyəti,
insanları istədiyi hala salmaq qabiliyyətində olduğu üçün
kultroloji mərkəzlər, reklam şirkətləri
tərəfindən əla təbliğat mexanizminə
çevrilir. Əsas
məsələ isə nəyin təbliğ olunması və
insanların daha çox nəyi əldə etmək istəməsidir.
Bəlkə də Azərbaycan insanının diqqətini məsələn, "Möhtəşəm
yüz il" serialında Sultan Süleymanın vətən,
din təəssübkeşliyindən daha çox hərəmxanası
çəkə bilər. Bəlkə elə bu səbəbdən
son dövrlərdə bir az maddi cəhətdən
zənginləşən bəyəfəndilər bir neçə
həyat yoldaşı arzusunda bulunmaqla sultan səltənəti
yaratmaq eşqinə düşüblər. Hər
halda, şəxslərin düşüncəsi mahiyyətdən
ayrılanda belə nüanslar önə çıxa bilir.
Amma mahiyyətdən ayrılmalar bir çox
şirkətlər üçün əla qazanc yerinə də
çevrilə bilir. Filmdə istifadə
edilən aksesuarlar, incə parçalardan tikilmiş paltarlar dəb
halına gələrək şirkətlərə
yaxşı pul qazandıra bilir. Həm də bu tip filmlər
cəmiyyətin kişi və qadın
obrazını yaratmaq üçün əla vasitəyə
çevrilir.
Reklam industriyası yalnız verilişlər arası
fasilələr zamanı yayımlanan çarxlara köklənmir. Sosial şəbəkələrdən
tutmuş mənzil başına çatmaq istədiyimiz
metrostansiyaların divarlarında, avtobuslarda, yol kənarı
stendlərdə belə təbliğat mexanizmini izləməkdəyik.
Hər tərəfdə parıldayan şirkət
reklamları "mənə bax" - deyir.
Məsələnin digər qolunda isə passiv olsa belə,
kitablarda bərqərar olmuş şüuraltı reklam
mexanizmlərinin təzahürünü görürük. İntellektual
oxucunun boylandığı səhifələrdə belə
şirkət adlarına, brendlərə rast gələ
bilirik. Əgər bir zamanlar bütün
bunlar kortəbii şəkildə alınırdısa və
yaxud yazıçının müşahidələrinə əsasən
obrazına əlavə rəng qatmaq üçün edilirdisə,
indi sanki düşünülmüş şəkildə
edildiyinin fərqinə varırıq. Bu
sahə hələ ki, yeni olduğundan bizə fantastik
görünə bilər. Hətta inanmaya
bilərik. Amma reklam
gedişatlarının kitab oxucusu çox olan ölkələrdə
əsərlər daxilində "var" olması artıq bu
təbliğatın ədəbiyyatda da özünə cığır
açması siqnalını bizə ötürməkdədir.
Deyilənə görə Jül Vern "80 gün
dünya ətrafında" romanını yazarkən sərnişin
daşımaları şirkətlərindən çox
yaxşı gəlir götürürdü. Səyahət
motivli əsərlər həm də şəxslərdə
dünya səyahətinə çıxma arzusunu coşduraraq
real turist balansı yaradırdı. XX əsrin Amerika
marketoloqları öz brendlərini bu tip əsərlər
vasitəsilə yaymağa üstünlük verirdilər.
Aleksandr Düma "Qraf Monte- Kristo" əsərində,
Merime "İspaniyadan məktublar" əsərində dəfələrlə
Breqe saat brendinin adını çəkirlər. Stendalın
"Rim, Neapol və Florensiya" essesində müxtəlif
saat brendlərinin adı hallandırır. Vilyam Tekkerin xanım qəhrəmanı Bekki
Şarp, Leroy markasından olan mirvari ilə işlənilmiş
saat bijuteriyası ilə oxucu diqqətini özündə cəmləyir.
A.İ.Kuprinin əsəri belə
"Breget" adlanır.
Adətən
brend adlarının əsərlərdə zühurunu, mətndə
hallanmasını müxtəlif şəkildə görə
bilərik:
1. Bəzən
brend mətndə sadəcə ad olaraq hallanır;
2. Bəzi
əsərlərdə brend adları kitabın süjet xəttində
əsas rola malik olur;
3. Hətta
kitabın adı belə "Mister Fuksun İphone sirri"
olmaqla brend adını özündə daşıya bilir;
4. Bəzən
obrazların adı şirkət və brend adlarına
uyğun şəkildə yaradılır.
1-ci və 2-ci, adətən, böyüklər
üçün nəzərdə tutulan ədəbiyyatlarda,
sonuncular isə azyaşlılar üçün
yazılmış ədəbiyyatlarda özünə yer
qazanır. Azyaşlılar üçün yazılmış
kitablarda hallanan şirniyyat adları, şokolad şirkətlərinin
adları uşaqların beynində iz salaraq əla qazanc mənbəyinə
çevrilə bilir.
Bunun nə qədər effektiv olub-olmaması məlum
deyil. Hər
halda, bir zamanlar kortəbii şəkildə
başlanılmış bu proses marketoloqlar tərəfindən
həvəslə istifadə olunmaqdadır. Məsələn,
Amerika yazıçısı Stiven Kinq bu sahədə rekord
qıraraq əsərlərini brend adları sərgisinə
çevirir. Zərgərlik şirkətindən
sifariş alan Feyi Uildon "Bulqaridən
olan boyunbağı" romanını yazır. Məhz bu şirkət özünün elit
alıcılarına aldıqları zərgərlik məmulatları
ilə birgə bu romanı hədiyyə olaraq verir. Həm də romanı sifariş etməklə öz
adını ədəbiyyat səhifələrində ədəbiləşdirir.
Elmi
texnikanın nailiyyətləri son dövrlərdə film və
ədəbiyyatda fantastika adına
özünə yer tapmaqdadır. Məşhur
"Lüsi" filmi smart effektlər ilə ani zaman təbliğatını
gerçəkləşdirərək sürət
telefonlarının, göz qırpımında bir səhifədən
digərinə keçən gələcəyin kompüterlərinin
təbliğatçısına çevrilir. Silah şirkətləri filmlər
vasitəsilə ölkələrdən ölkələrə
keçirərək öz alıcılarını
tapır.
Bəlkə də səbəb təkcə təbliğat
mexanizmi deyil.
Bir zamanların hökmdarları belə ən etibarlı mənbənin
ədəbiyyat olduğunu bilərək şairlərə
sifarişlər verirdilər. Tarix səhifələrinə
yazılmış şəxslər eyni zamanda hökmdar
obrazları ilə ədəbi qəhrəmana çevrilirdilər.
Dəfələrlə dəyişdirilən
tarix və baxış bucağı tarix səhifəsində
hökmdarları gah göylərə qaldırıb, gah da yerə
düşürürdüsə, ədəbi obrazları elə
yarandığı kimi qalaraq xələl gətirilmədən
ədəbiyyatın toxunulmaz çərçivəsində
daşlaşa bilirdi. Elə şirkətlər də nə zamansa
"yox" olma, "çökmə" qorxusundan bəlkə
də ən azından adlarının ədəbiyyat səhifələrinə
düşməsinə çalışırlar.
2006-cı ildə Romir Monitorinq şirkəti rus
oxucuları arasında sorğu apararaq belə bir nəticəyə
gəlir. Onlar təbliğat xarakterli, gizlin reklam
şüuraltılarının oxuculara necə təsir etməsini
müəyyənləşdirmək istəyirlər.
Respondentlərin 61 faizi bu tip təbliğatın onlarda
heç bir qıcıq yaratmadığını və
bütün bunların fərqinə varmadıqlarını
söyləsə də, digər faiz adı hallanan məhsulları
istifadə etmək istəyində olduğunu bildirmişdi.
Demək ki, ədəbiyyatı passiv təbliğat sahəsi
hesab etsək belə
şirkətlər orada da öz
alıcısını tapa bilir.
Günel EYVAZLI
Ədəbiyyat qəzeti.- 2018.- 20
may.- S.29.