Söyüş hesabına qazanc
Hekayə
Qış axşamları Şaban anası Məryəm xala ilə tikdirəcəkləri evin qayğılarından danışıb, əlində olan pulları haqq-hesab edirdi: "Əşi, ev tikdirmək üçün çatar, çatmasa da qapıda malım-heyvanım var" deyə, öz-özünə təsəlli verərdi. Belə düşüncəli anlarında bir gün Məryəm ana oğluna dedi:
- A bala, Allah qoysa tikdirərsən ee… Çox da düşünmə, beynini yorma. Atalar yaxşı deyib ki, "Ev tikdirən soğan-çörək yeyər". O damdakı balon-balon araqlar nədir belə almısan?..
Anasının araq almaqla bağlı narahatçılığını hiss edən Şaban dedi:
- Bə qapı-qapı sülənib bənnalıq edən erməni dığaları Yuriklə Jora boğazlarını hansı zəqqumla yaşlayacaqlar? İçməsələr əllərini ağdan-qaraya vuran köpəyuşağıdımı onlar?
…Gün gəlib yetdi ki, ev tikdirmək növbəsi Şabana çatdı. Onun etdiyi tədarük ustaların xoşuna gəlmişdi. İşə başlanan gün Məryəm ananın hazırladığı dadlı-ləzətli yeməklərlə nə qədər badələr qaldırıldı. Nə qədər ürək sözləri dinlənildi.
…Yuriklə Jora ildırım sürəti ilə işə başladılar. Bir ay müddətində evin hörgü işləri başa çatdı. Dam örtüyünü vurmağa başladılar. Onlar hər dəfə süfrə arxasında oturanda əllərində badə ikən Şabana minnət qoyaraq dedilər:
- Şaban kardaş, biz heç bir yanda sızdakı kimi işlamamışıq. Sak olun. Yaxşı adamsınız…
Əslində isə onlar bu işi qurtarıb növbəti müştərinin işini başlamaq üçün canfəşanlıq edirdilər. Şabanın halal süfrəsi, erməni ustalarına verdiyi bol-bol yemək-içmək onlara ləzzət verirdi. Yazıq Məryəm ana isə çox əziyyət çəkirdi. Ustaların qab-qacağını, stəkan-nəlbəkisini ayrı yuyar, ayrı saxlardı. Elə hey də özü-özünə düşünürdü: "Bir bu ev tikilib başa gəlsəydi, yazıq uşaq da, özüm də rahatlıq tapardım".
Gün yetdi ki, evdə son tamamlama işləri görüldü. Uzun illər ailənin gözlədiyi sevincli gün yaşanmaqdaydı. Ona görə də qohum-əqrəba hamısı bu sevincə şərik çıxmağa gəlmişdilər. Hamı da paylı-puşlu. Qurban kəsildi, ev-ev paylandı. Yalnız bu gün şərab içmək, kefli başla işləmək erməni ustalarına qadağan olunmuşdu…
Məryəm ananın başı qonaqlara, onların şirin söhbətlərinə qarışmışdı. İllərlə gözlədiyi sevincli anları, sevincli günləri əzizləri ilə yaşamaqdaydı. Bir də gördü ki, bağda saxladığı dana hörükdən açılaraq əkin-biçini zir-zəbər edir. Odur ki, yüyürək özünü danaya çatdırdı və onun kəndirindən tutub hirslə "erməni oğlunun danası" deyə çəkməyə başladı.
İşlədiyi üç ay müddətində yalnız bu gün şərab içməyən, kefli başla işləməyən və bundan da bir az məyus olan erməni ustaları Məryəm ananın "erməni oğlunun danası" sözündən əvvəl bərk tutulub-qızardılar. Jora bu qanqaraçılığı özünəməxsus riyakarlıqla zarafata salmaqla ört-basdır etməkdən başqa ayrı yol tapmadı:
- Ara, Jora, elə Allax yenə də
istədiyimizi havayıca yetirdi, söyüş hesabına olsa
da bir dana
da qazandıq.
Səxavət
Tağlar
Ədəbiyyat
qəzeti.- 2018.- 20 yanvar.- S.32.