Şerlok Holms kimdir
Doyl, yoxsa Bell?
Artur Konan
Doyl əfsanəsi bu günə qədər də bitmir. Onun əsərlərinin
ildən-ildən dərci, çəkilən kinofilmlər
göstərir ki, Doyl oxucuların qəlbində həmişə
gəncdir. Ancaq indiyə qədər bir sual hələ də
çoxlarını düşündürür:
"Şerlok Holms yazıçının
özüdürmü?" Bu barədə aparılan
çoxsaylı müzakirələr bitib-tükənmirdi.
Lakin son illərin tədqiqatları detektiv Şerlok Holmsun
prototipini ortaya çıxardı.
Şerlok
Holmsun prototipinin doğuluşu 181 il əvvələ gedib
çıxır. 1837-ci ilin dekabrın 2-də şotland həkimi
Bellin ailəsində oğlan doğuldu, uşağı Cozef
adlandırdılar. O, uşaqlıq illərindən dərrakəsi
və humanitar elmlərə marağı ilə nəzəri
cəlb edib. Ancaq sonradan uşağın marağı şaxələnib.
Fizika və kimyaya marağının artması isə istər
məktəb rəhbərliyinin, istərsə də valideynlərin
gözündən yayınmayıb. Hətta Cozef məktəbdə
pedaqoqlarla diskussiya da apararmış. Bütün bu
xüsusiyyələri ilə Cozef Bell gənclik illərində
erudisiyalı gənc kimi diqqətdə qalırdı. Hamı
onun həkim olacağını bilirdi. Gənc oğlan deyirdi
ki, həkimin peşəkarlığı üçün
fizika və kimya çox vacibdir. Evində
quraşdırdığı laboratoriyada müxtəlif təcrübələr
həyata keçirər, saatlarla oradan
çıxmazmış. Bununla bərabər Cozef ədəbiyyatla
da məşğul olarmış. Həmyerlisi Robert Berns onun
ilk şeirlərini oxuyar və həvəsləndirərmiş.
Bir müddət keçdi, Cozef Bell məşhur terapevtə
çevrildi. Həm çox işləyir, həm də
heç bir pasiyentə etiraz etməzmiş. Hətta uzaq
bölgələrə də faytonla gedərək şəfasını
əsirgəməzmiş. Bəzi kəndlilərin pulsuzluğuna
baxmayaraq, həkimlik peşəsini vicdanla yerinə yetirərmiş.
Edinburq və ətraf bölgələrdə onun məşhurluğu
və xeyirxahlığı o qədər yayılıb ki,
bundan Çarlz Doyl ailəsi də xəbər tutub.
Çarlz Doyl tanınmış rəssamın oğlu idi.
Onun ailəsində 7 övlad böyüyürdü. Ən
böyüyü Artur Doyl idi. Uşaqlıq illərində
Arturun ağlına da gəlməzdi ki, tale onu 1877-ci ildə həkim
Cozef Bell ilə qarşılaşdıracaq. Edinburq
Universitetində təhsil alan Artur
ilk dəfə Cozef Bellin mühazirələrindən
birinə qulaq asmaqla professorun sehrinə düşüb.
Terapevt və sonralar professor dərəcəsinə qədər
yüksələn Cozef Bell tələbələrin kumirinə
dönmüşdü. Artur Konan Doylun tələbə
yoldaşları - gələcəkdə məşhur
"Piter Pen" əsərinin müəllifi olacaq Ceyms Berri
və tanınmış Robert Lyuis Stivenson da Bellin mühazirələrində
oturub dinləməkdən ötəri bir ay əvvəldən
qeydiyyatdan keçərdilər. Professorun mühazirələri
o qədər maraqlı keçərmiş ki, hətta
auditoriyadakı sıxlıq bəzən universitet rəhbərliyinin
kiçik narazılığı ilə
qarşılanarmış. Cozef
Bellin mühazirələri sırf təcrübə əsasında
təşkil edilərmiş. Məsələn, pasiyentlərdən
birini auditoriyaya çağırıb sual verərmiş ki,
"bu adamın xarakteri necədir, haradan gəlib və
hansı xəstəlikdən əziyyət çəkir?".
Müxtəlif ehtimallar irəli sürülərdi. Cozef isə
hamıya qulaq asar, sonda öz ehtimalını söyləyərdi.
Həqiqətən də məhz onun dediyi doğru
çıxardı. Günlərin birində isitməyə
tutulmuş bir şlyapalı kişi auditoriyaya daxil olub. Ancaq
şlyapasını çıxarmağı unudub, eyni zamanda
kəsərli səsi və möhkəm addımları ilə
nəzəri cəlb edib. İsitmə xəstəliyini isə
əsasən Hindistana aid etmək olardı. Çünki həmin
illərdə Böyük Britaniyanın müstəmləkəsi
olan Hindistanda ingilis əsgərləri isitməyə
tutulmuşdular. Tələbələr yenə də ehtimallar
irəli sürdülər. Bu dəfə də Cozef Bell hamını
üstələdi. Əvvəlcə onun belə istedadına
şübhə yaranmışdı. Mühazirə
iştirakçılarına elə gəlirdi ki, Bell pasiyentləri
əvvəldən sorğu-suala çəkir və sonradan
ehtimalında qalib olaraq lovğalanır. Lakin pasiyentlərin
ardınca qaçan bəzi tələbələr öyrənərdilər
ki, onlar professoru ilk dəfə məhz auditoriyada görüblər.
Yaxud bir dəfə otağa girən şəxsin dənizçi
olduğunu, harada doğulduğunu deməklə,
hamının heyrətinə səbəb olan professor Cozef
Bellin şöhrəti ölkə hüdudlarından kənara
da çıxırdı. Az keçməmiş Bell ölkədə
başqa sahə üzrə tanındı. Onu deduktiv metodun
banisi hesab etdilər. Bununla da Şerlok Holms obrazı
yarandı. Heç kim bilməzdi ki, tələbələrin
arasındakı bir oğlan -Artur Konan Doyl müəllimin
bütün danışıq tərzinə və hərəkətlərinə,
insanı tanımaq üçün yararlandığı
unikal metoduna fikir verir və onu gələcək detektiv əsərlərinin
qəhrəmanı tipində görür. Gözləri dəfələrlə
böyüyən tələbələrinə isə filmdəki
kimi "sadəcə" (elementar) deyərək daha da təəccübləndirərdi.
Götürək elə auditoriyaya daxil olan dənizçini.
Fikirlərini belə əsaslandırıb:
"Qarşında adamın haradan gəlməsini, hansı
peşə ilə məşğul olmasını bilmək
üçün bircə ipucu lazım gəlir. Necə oldu
ki, həmin şəxsin dənizçi olduğunu bildim? Onun
biləyindəki döymə məhz dənizçilərə
məxsusdur. Fikir versəniz, görərsiniz ki, son vaxtlar məhz
həmin döymə dənizçilər arasında dəbə
düşüb. Döymə birinci faktordur. İkinci faktor
yerişlə bağlıdır. Dənizçilər gəmidə
olduqlarından yerişləri tələsikdir. Sanki
addımlarında qaçaraqlıq var. Bu iki faktor dənizçi
olmasını məndə tam yəqinləşdirdi".
Mühazirələrini artırdıqca Bell yeni
tapşırıqlar verər, yeni təcrübələr
keçərdi. Təcrübədən biri də ləhcə
ilə bağlı idi. Təklif edirdi ki, ingilis
danışıq kitabçasından müxtəlif bölgələrin
ləhcələrini öyrənsinlər. Bu təcrübənin
Artur Konan Doyla gələcək detektiv əsərlərinin
yazılmasında böyük köməyi oldu.
Günlərin
birini isə Doyl heç vaxt unutmadı. Professor Bell ona
assistenti olmağı təklif etdi. Tələbələri
arasından məhz onun seçilməsi Artur üçün
böyük sürpriz sayıldı. Gələcəyin
yazıçısı assistent olandan sonra beynində
Şerlok Holms obrazını yaratdı. Prototip isə professor Cozef Bell idi. Doyl həm tibbi, həm də
ədəbi təcrübəsini zənginləşdirdi.
Şerlok Holmsun xarici görünüşü
bütünlüklə Cozef Bellə uyğun gəlir. Holmsun
hündürlüyü 1.80 santimetrdir. İncə qartal burun,
kəskin baxışlar, arıq, qismən
xırıltılı səs. O, professor Bell barədə
bunları yazmışdı: "Cozef Bell əntiqə şəxs
idi. Həm xarici, həm də daxili gözəlliyi ilə.
Hündür, qarasaçlı, incə qartal burunlu,
xırıltılı səsli professor". Digər məqamlarda
isə professor Bell ilə Şerlok Holmsun adətləri
üst-üstə düşür: "Şerlok Holms gec
yatmağı xoşlayardı. Bəzən bir gün həyat
eşqli, bəzən isə danışmaz, laboratoriyasında
təcrübələr aparardı. Holms kefinə uyğun xələtlər
geyinərdi. Boz xələti ilə laboratoriyaya girər,
albalı rəngli xələtini geyinəndə isə məlum
olardı ki, mənzilə qonaq gələcək". Holmsla
Cozef Belli birləşdirən əsas cəhətlər hər
ikisinin tənbəkidən istifadə etməsidir. Onların hər
ikisi mübahisələri sevər, qida barədə az düşünərdilər.
Artur Konan Doyl Şerlok Holmsla bağlı ilk hekayəsini 1887-ci ilin dekabrında yazdı. Ədəbi tənqidçilər bunu Cozef Bellin 50 illik yubileyinə töhfə saydılar: "Yaxşılığı unutmayan tələbəsindən müəlliminə sürpriz". Müəllimi isə tələbəsinin yaradıcılığı ilə həmişə maraqlanarmış. Bəzən Artura elə gələrmiş ki, müəllimi onun əsərlərinə nəzər salmır. Ancaq Bell onunla fəxr edərmiş. Hətta bir dəfə Cozef Belldən soruşublar: "Siz doğrudan Şerlok Holmsun prototipisiz?". O, deyib: "Siz nə danışırsız, heç mən Holms zirvəsinə çata da bilmərəm. Holms elə Arturun özüdür". Bir məsələ də maraq doğurur ki, Artur Konan Doyl Şerlok Holms silsiləsinə başlayanda hələ kriminalistikaya dair dərsliklər yox idi.
Beləliklə, Cozef Bell yeni detektiv ədəbiyyatın
prototipinə çevrildi. O, 74 yaşına 2 ay qalmış
gözlərini əbədi yumdu. Ölməzdən əvvəl
bunu söylədi: "Siz hər şeyi
görürsünüz, ancaq bir az əmək sərf edib təhlil
etmirsiz ki, nə görürsüz". Artur Konan Doyl onun bu
sözünü qəhrəmanı Şerlok Holmsun leksikonuna
salmışdı.
Azər Qismət
Ədəbiyyat qəzeti.- 2018.- 20
yanvar.- S.31.