“Bəyaz dişlər”
Avropadakı
mühacir problemindən bəhs edən roman
Zadi Smit
yaradıcılığa uğurla başlayan
yazıçılardandır. Belələri həqiqətən
çox azdır. Ona məşhurluq gətirən
ilk romanını hələ tələbə olarkən,
1997-ci ildə yazmağa başlayıb Zadi. “Bəyaz dişlər” adlanan romanın cəmi 80 səhifəsi
hazır olanda nəşriyyat gənc müəllifə 250 min
funt sterlinq avans ödəyir. Və kitab üç il sonra çap olunur. 25 yaşındakı
müəllifin “Bəyaz dişlər” romanı qısa
müddət ərzində uğur qazanır, Zadi Smitin adı
Çarlz Dikkens, Salman Rüşdi, Con İrvinq kimi
yazıçılarlar yanaşı çəkilməyə
başlayır.
Milleniumun ilk ədəbiyyat ulduzu olan
Zadi Smit “Time” jurnalının 1923-2005-ci illər arasında
“İngiliscə yazılmış ən yaxşı 100 roman”
siyahısında yer alıb və indidən modern klassikə
çevrilib.
O, 1975-ci ildə Londonda anadan olub. Anası yamaykalı, atası ingilisdir. Uşaqlıq adı Sedi olan Smit, 14 yaşında onu
Zadiyə dəyişib. Uşaqkən
step-dansa maraq göstərən Zadi sonralar aktrisa, caz
musiqiçisi, jurnalist olmaq istəyib, nəhayət
yazıçılıqda qərar tutub. Deyəsən
doğru seçimi də bu zaman edib. Qazandığı
uğurlar belə deməyə əsas verir. Zadinin həyatı barədə bu qısa məlumatı
ona görə verdim ki, yazıçının ilk romanı
“Bəyaz dişlər”də avtobioqrafik xətt apaydın
görünür. Buna görə də həyatı
haqqında bir qədər məlumatlı olmaq romanı daha
yaxşı anlamağa kömək edər. Romanın qəhrəmanlarından biri, yamaykalı
qadının qızı olan Klara çox güman ki, həyatda
Zadinin anası, İri isə müəllifin
özüdür.
“Bəyaz dişlər”
İkinci Dünya müharibəsindən 1992-ci ilə qədər
olan bir dövrü əhatə edir. Cons və İqballar
ailəsinin ətrafında baş verən hadisələr,
mühacirlər və onların adaptasiya məsələlərindən
bəhs olunur. Əsərin ortasında bu
ailələrə yəhudi Çalfenlər də qoşulur.
Düzdür, Çalfenlər gəlmə
deyillər, ancaq nəzərə alsaq ki, yəhudi inancında
görə İsrail torpaqlarında yaşamayan yəhudi
dünyanın harasında kök salır-salsın, yenə də
qaçqın sayılır, o zaman Çalfenləri də bu
mühacirlərə qata bilərik. Bəs görəsən
İngiltərə əhalisi içində getdikcə
sayları artmaqda olan mühacirlər necə
formalaşırlar, yerli mədəniyyətə adaptasiya ola bilirlərmi, yoxsa özlərinə
qapanıb qalırlar? Zadi fərqli mədəniyyət
və dinlərdən olan mühacirləri bir araya gətirərək
bu suallara cavab axtarır.
Görünür, ana tərəfdən
yamaykalı olan Zadi Smit özü mühacirlərin
arasında böyüdüyü, onların mədəniyyətləri
və İngiltərədəki davranışları ilə
kifayət qədər yaxından tanış olduğu
üçün əsər “diri” alınıb, işlətdikləri
ifadələr, həyatlarındakı incə detallar belə
bu irihəcmli romana hopub.
Ancaq əsər mühacirlə
deyil, köklü bir ingilisin intihara cəhd etməsi ilə
başlayır. Qəribədir, öz ölkələrində
həyatları alınmayanlar İngiltərəyə pənah
gətirdikləri halda bir ingilis vətənində bədbəxtdir
və insanpərvərliyə görə deyil, “yalnız halal
məhsulların satıldığı” ət
dükanının qabağında kiminsə intihar etməsinə
razı olmayan bir müsəlman mühacirin müdaxiləsi ilə
xilas olur. Həmin şəxs Arçilbald
Consdur. Biz onu sonralar əsərdə
görəcəyik. Əgər “Bəyaz
dişlər”i rəngbərəng paltarlar asılmış
uzun bir zivəyə bənzətsək, Arçibald Cons kəndir,
yerdə qalan obrazlar da yuyulub sərilmiş paltarlardır.
Arçibald var deyə onlar da var. Götürək elə
onun intihar cəhdindən sonra tanış
olduğu Klaranı. Yehova şahidlərindən
olan anası sevgilisini öz tərəfinə çəkib
deyə on doqquz yaşındakı bu qız hippilərə
qoşulub. Təsadüfən hippilərin partisinə gəlib
çıxan Arçibald “Qırmızı dəniz kimi
yarılan” içkili, nəşəli, yatmış, sərxoş
cavanların içindən keçərək mənzilə
daxil olur və
burada Klaranı görür. Sevgilisi
ilə yaşadığı bir motosiklet qəzasında qabaq
dişlərini itirən bu gəncəcik qızın eybini
siz də bildiniz – mırıqdır. Anası
ilə yaşadığı problemlər, dünyanın
dağılacağını elan edən Yehova şahidlərinin
yalanının çıxması, on doqquz yaş
böhranı və üstə gəl qabaq dişlərinin
olmaması – bütün bunlar Klaranı Arçibaldla
idırımsürətli nikaha sövq edir. Klara Arçibaldı sevmədiyini elə toy gecəsi
anlayır, ancaq özündən iki dəfə böyük
olan ərindən əl çəkmir. Çünki
Arçibald ər kimi qənaətbəxşdir. Fağır və mağmının biridir, reklam
şirkətində kağızqatlayan işləyir.
İşdənkənar həyatı isə çox bəsitdir:
Banqaladeşdən olan əsgər yoldaşı Səməd
İqballa görüşüb başqa bir müsəlman
mühacirin işlətdiyi paba gedirlər.
Arçbaldın həyatı bundanca ibarətdir.
Onun bir özəlliyi də var, baldırında
İkinci Dünya müharibəsindən xatirə qalan
güllə daşıyır.
Bütün yerlilər kimi
Arçibald da sakitdir, yaşadığı həyatla qanedir,
marjinallaşmır, marjinallaşa bilmir. Yəqin bu da
yerlilərin təbiəti ilə bağlı haldır,
oturuşmuş həyatları olduğu üçün
aram-arxayın ömürlərini yaşayırlar. Bu yerdə mənim yadıma bakılılarla gəlmələrin
müqayisəsi düşür. Belə
bir qənaət var ki, şəhər gəncləri adətən
bütün günlərini küçə tinlərində
ona görə keçirirlər ki, pis-yaxşı işləri,
başlarını salmağa damları var. Heç nədən
narazılıqları yoxdur. Gəlmələr isə
kirayələrdən qurtulmaq, özlərinə stabil iş
tapmaq, üstəlik kənddə qoyub gəldiklərinə qəriblikdə
məhv olmadıqlarınını qeyri-şüuri olaraq
sübut etmək üçün bütün günü
çarpışırlar. Və nəticədə bir də
görürsən gəlmə özünə normal iş də
tapdı, üstəlik ev-eşik də qurdu.
Gəlmələr sanki
yurdlarından gətirdikləri gərginliklə bir
ömür boyu yoldaşlıq edirlər, bu gərginlik onlara
bəzən uğur da bəxş edir, reaktiv mühərrik
rolu oynayır, bəzənsə ifrata vararaq fəsadlar törədir. Fikrimizin doğru olduğunu
təsdiqləmək üçün cavabı özündə
gizlənən belə bir ünvansız sual səsləndirib
yazımızın davamına keçək: “Amerikanı
mühacirlər qurmadımı?”
Gəlmələrdə-mühacirlərdə
belə bir xüsusiyyət olur: əvvəlki yerlərindən
qopublar, yeni məkan və mədəniyyətə isə
uyğunlaşa bilmirlər. Bax bu zaman onlar
müxtəlif hərəkat, sekta və təşkilatların
“ov”una çevrilirlər. Çünki
özlərinin bir “ailə”yə ehtiyacları var. Bu niyyətlə
də Klaranın yamaykalı anası xanım Hortens Yehova
şahidlərinə sığınıb. Ancaq Klara
üçün Yehova şahidləri belə bir ailəyə
çevrilə bilmir, həyatda da, sevgidə də uduzan,
bunlar azmış kimi öz fiziloji görkəmində də
qabaq dişləri qədər “itirən” Klara qabağına
Arçi çıxanda, daha doğrusu Arçidən hamilə
olduğunu öyrənəndən sonra toxtaya bilir və
hüzura qovuşur. Ancaq mühacirət lənəti
ondan sonra qızı İriyə keçir. Görünür mühacirət lənəti də
enerji kimidir, itmir, yalnız bir haldan başqa hala keçir.
Kitabın daha bir qəhrəmanı
İqballar ailəsidir. Ailənin başçısı Səməd
İqbal yuxarıda dediyimiz kimi Arçibaldla birlikdə
İkinci Dünya Müharibəsində xidmət edib. Müharibədən sonra yoldaşı Alsana ilə
İngiltərəyə köçən İqbal həmişə,
hər yerdə Manqal Pandenin nəticəsi olması ilə
öyünür. Manqal Pande 1857-ci il
sipah üsyanının əsas tətikləyici fiquru hesab
olunur. Səməd müstəmləkəçi
ingilislərə qarşı çıxan babası ilə
öyünsə də, onun haqqında əfsanələr
uydursa da rəsmi tarix onu Səmədin dediyi qədər də
“qəhrəman savaşçı” olmadığını
yazır. Paradoks da burdadır ki, Səməd ulu
babasının uğrunda mübarizə apardığı
torpaqlarda deyil, onu edam edən insanların
vətənində səadət tapıb. Və
burada da babasının yarıkarikatur şücaətini nəql
etməklə özünün İngiltərə mədəniyyətinə
qarşı dözümsüzlüyünü bülövləyir.
Çünki yeganə istinad yeri Manqal Pandenin əfsanəvi
obrazıdır. Necə deyərlər, gəmidə
oturub gəmiçi ilə dava edir.
Və yad mədəniyyətin
ağzından heç olmasa övladlarının birini xilas
etmək üçün Məcidi bir gecə gizlicə
qaçırıb vətəni Banqladeşə yollayır. Səməd
düşünür ki, heç olmasa Məcid Banqladeşdə
dini təhsil alaraq, öz müsəlman köklərinə
sadiq bir Allah bəndəsi kimi böyüyəcək.
Ancaq onun düşündüyü kimi olmur, İngiltərədə
böyüyən Millət - Məcidin
əkiz qardaşı - müsəlmanların
toplaşdığı KEVİN adlı radikal təşkilata
qoşulur, müasir Qərb elmlərinə maraq göstərən
Məcid isə Banqladeşin
göbəyində otura-otura özünü tamamilə
avropalı kimi aparır. KEVİN gənclərin içində İslamı
yayır və müsəlman mühacirlər arasından tərəfdar
toplayır. Əlbəttə “Bəyaz
dişlər”in yazıldığı illərdə hələ
İŞİD yaranmamışdı, ancaq biz orda sonradan bu təşkilata
qoşulacaq avropalı müsəlmanları, hətta
xristianları görürük.
Ancaq Səməd
saydığını saysın, görək fələk nə
sayır...
Fələyin
sayımının nəticəsini elan etməmişdən
qabaq Çalfenlərdən də danışmaq gərək. Çalfenlər
ziyalı ailəsidir. Ər Markus Çalfen gen mühəndisi,
yoldaşı Coys Çalfen isə bioloqdur. Hər
iksii kitab yazır, təhsilə önəm verir,
övladlarını tam bir yəhudi kimi böyüdürlər.
Məktəbdə marixuana çəkdiklərinə
görə direktor Coşua Çalfen, Millət və İriyə
cəza olaraq bir-birlərinə dərslərdə kömək
etmək öhdəliyi qoyur. Hər
şagird yaxşı bildiyi fənni digərlərinə
öyrətməlidir. Bu adla Çalfenlərə
gələn Millət və İri oranın sakininə
çevrilirlər. Coys sanki Millətə
vurulur və ona görə də onu narkotik və KEVİN-dən
uzaq tutmağa çalışır, hətta Millətin
anası ilə danışıb ondan kömək də istəyir.
Övladlarının radikal dindarlara qoşulub təhlükəli
işlərlə məşğul olmağından valideynləri
narahat olmalı ikən Coys narahatlıq keçirir. Markus isə İriyə qayğı ilə
yanaşır. İstər Millət, istərsə
də İri ailələrində görmədikləri
qayğını Çalfenlərdə tapırlar. Bu
vaxt Markus Millətn qardaşı Məcidlə qiyabi tanış olur, onlar məktublaşmağa
başlayırlar. Məcidin zəkasına heyran qalan Markus ona
övladlarından – Coşuadan- çox qayğı göstərir,
Banqladeşdən Londona qayıtmağının xərcini
ödəyir və gen dəyişdirilməsi ilə
bağlı siçovul üzərində
başlatdığı layihədə Məcidi də
özünə asissent götürür. Beləliklə
Səmədin yoluxucu Avropa mədəniyyətindən qorumaq
üçün Banqladeşə göndərdiyi oğlu
tamamilə modern insana çevrilir, hətta nümayişkaranə
şəkildə donuz əti yeyir, Londonun mərkəzində
böyüyən oğlu Millət isə radikal dindara
dönür.
Və Zadi Smit bütün qəhrəmanları
yeni il axşamı maraqlı bir məkana
toplayır – Markusun elmi təcrübəsinin təqdim
olunduğu mərasimə. Əsərin əksər qəhrəmanları
da bu məraimin iştirakçısıdır, bəziləri
Yehova şahidi Hortens kimi, KEVİN üzvləri kimi,
Coşuanın qatıldığı heyvansevərlər dərnəyinin
üzvləri kimi bu layihəyə
etiraz etdikləri üçün, kimiləri də maraq
xatirinə gəliblər. Arçibald kimi, Miki
kimi.
“Bəyaz dişlər”
Arçi ilə başladığı kimi Arçi ilə də
bitir. Əsərin əvvəlində intihara cəhd edən
qəhrəman sonda yaşlı bir həkimin və təcrübə
siçovulunun həyatını xilas edir.
Orxan Pamuk “Saf və düşüncəli
romançı” əsərində deyir: “...Hər biri
çap olunar-olunmaz böyük maraqla qarşılanan və
dərhal müxtəlif dillərə çevrilən bu
romanlar mənim nəslimin dünya oxucularına və və gələcəyin
romançılarına Rable və Sternedən bəri
bildiyimiz şeyi, bir romana hər şeyin girə biləcəyini
xatırlatdı: Siyahılar, melodramik radiopyes ssenariləri, qəribə
şeirlər və şeir yorumları, müxtəlif
romanların bir-birinə qarışmış fəsilləri,
tarix haqqında, elm haqqında, həyat haqqında esselər,
fəlsəfi yazılar, ensiklopedik məlumatlar, saysız alt
hekayə və ağla gələ bilən hər şey.”
Zadi Smit Pamukun bu fikrinə əməl edərək romana İrinin şəcərə cədvəlini, ensiklopediyadan məlumatlar, qrafiklər, müxtəlif şəkillər salmaqdan çəkinmir. Bəzən roman bizə xronologiya cədvəlini xatırladır, bəzən divara yapışdırılmış kimi bir elanın səhifəyə yapışdırıldığını görürük, bəzən hansısa gül haqqında uzun elmi məqalə oxuyuruq. Bu cədvəllər, qrafiklər, şəkillər, soyağacı, ensiklopedik məlumatlar hamısı qəhrəmanları, onların xarakterini anlamağa, dolayısı ilə romanın iç dünyasına daha dərindən bələd olmağa xidmət edir. Zadinin bu eksperimentləri – cəsarəti göstərir ki, Pamukun da dediyi kimi eynən həyat kimi romana da hər şey girə bilər.
Zadi Smitin “Bəyaz dişlər” romanının çap olunduğu 2000-ci ildə mühacir-qaçqın problemi geniş yayılmamışdı. Nə Liviya qaçqınları vardı, nə Əfqanıstan, nə İraq, nə Suriya. Onda hələ bəzi Şərqi Avropa ölkələri də qaçqınlardan qorunmaq üçün sərhədlərinə divar hörməmişdilər. Üstəlik Avropada qaçqın problemləri də dərinləşməmiş, onların inteqrasiya məsələləri böyük soruna çevrilməmişdi. Ancaq romanın çapından keçən 18 il ərzində Avropada mühacir-qaçqın problemi daha da aktuallaşıb. Zadinin romanından da göründüyü kimi ən böyük problem də məhz onların inteqrasiyası ilə bağlıdır. Belə çıxır Zadi Smit seçdiyi mövzu ilə öncüllük edib. Görünür bu mövzuda hələ çox romanlar yazılacaq: “Bəyaz dişlər” hələ jurnaldır, kino isə qabaqdadır.
Mirmehdi
Ağaoğlu
Ədəbiyyat qəzeti.-
2018.- 27 yanvar.- S.3.