Günel Arif Nur:
"Nə
böyük qürurdur bir övlad üçün
Atasının təmiz
adının miras qalması"
"Ədəbiyyat qəzeti"nin
"Ömrümün keçdiyi sahildən
uzaqlaşdıqca" layihəsinin budəfəki
qonağı mərhum alim, uzun müddət AYB-nin katibi
işləmiş Arif Əmrahoğlunun qızı Günel
Arif Nurdur. O,
atası haqda xatirələrini oxucularımızla
bölüşür.
- Günel
xanım, xəyallara dalmaq, xatirələrlə
baş-başa qalmaq ötənləri yaşamaqdır, əslində.
Ötən günlərə qayıtmaq, xəyalən də
olsa, ürəyinizcədir?
- Mən özümü çöx
şanslı hesab edirəm. Şanslıyam ki,
26 yaşıma qədər atam yanımda olub. Bu yaşıma qədər onunla bağlı xatirələrimi
toplaya bilmişəm.
Atasını məndən
daha tez itirmiş və ya heç tanımaq şansı
olmamış insanlar var. Onların mənim kimi gözlərini
yumanda yenidən yaşaya biləcəkləri, həmişə
diri qalacaq, heç kimin əllərindən ala bilməyəcəyi
xatirələri yoxdur. Mənim isə var. Mən çox
şanslıyam.
- Qız
uşaqları atalarının ən sevimlisi olur. Səhv etmirəmsə,
iki bacı idiz. Hansınızın sevgisi ataya daha çox
hiss olunurdu, başqa cür desək, daha çox kim atadan qayğı gözləyirdi?
-Atam öz anasını tez itirdiyindən,
atası isə hisslərini çox büruzə verməyən
sərt insan olduğundan, balacalıqdan ailə
qayğısından məhrum böyümüş, şevgi
dolu, şən bir uşaqlığı olmamışdır.
Bəlkə bu səbəbdəndir
ki, o, ata olaraq bizə qayğısını heç vaxt əsirgəməmişdir,
sevgisini istər sözləri, istər də hərəkətləri
ilə həmişə fərqli şəkildə göstərmişdir. Hər
axşam evə gələndə və ya başqa bir yerdə
görüşdüyümüzdə mütləq ikimizi də
öpüb qucaqlayardı.
Bəzən öz
otağımızda dərsimizi oxuyanda və ya hər
hansı bir işlə məşğul olanda, o biri otaqdan
çağırardı "təcili gəlin, təcili",
gəlirdik ki, "nə olub, papa?",
deyirdi "heç, darıxdım, öpüm, gedin".
Bəzən uğursuz bir gün
yaşadıqda, evə yorğun gəldikdə otururdu divanda,
bizi də otuzdururdu yanında, növbə ilə ikimizə də
deyirdi: "Əlini qoy alnıma, yorğunluğum
çıxsın". Birimiz yorulanda, sıra
digərimizə keçirdi. Beləcə,
saatlarla əlimiz onun alnında, qucaqlaşıb otururduq.
-Yaddaşınızın
alt qatına qayıtmaq, kiminləsə də
paylaşmadığınız xatirələrinizi
bölüşmənizi istərdik. Elə şeylər, elə
məqamlar olub ki,
bu, şəxsən sizə aid olsun?
- Uşaqlığımız, atam
bunu hiss etdirməməyə çalışsa da, bizim maddi cəhətdən
çox çətinlik çəkdiyimiz zamanlara təsadüf
edib. Biz meyvəni çox sevirdik, atam nə ala
bilməsə də, meyvəmizi heç vaxt əskik etməzdi.
Amma heç vaxt o meyvədən əlini
uzadıb özü yeməzdi ki, biz rahat və doyunca yeyək.
Bir dəfə, deyəsən, rayondan
kimsə alma gətirmişdi, atam da meyvə
bol olduğunu görüb, əlini uzatdı ki, birini də o
götürsün. Biz bacımla bir-birimizə baxdıq, sonra
mən təəccüblə soruşdum: "Papalar da alma
yeyir ki?". Atam bu hadisəni
həmişə xatırlayıb gülərdi.
Mən təhsilimi Fransada
davam etdirdiyimdən, semestr tətillərində və sairədə
müxtəlif Avropa ölkələrinə səyahət etmək
şansım olurdu. Hara gedirdimsə, ondan soruşurdum:"Papa, sənə
bu şəhərdən nə alım?".
Heç vaxt heç nə istəməzdi,
dövlət təqaüdü alırdım, pulumu hədiyyələrə
xərcləməyimə qıymırdı.
Bircə dəfə Çexiyaya gedəndə
mənə pul da verdi ki, ordan ona
yaxşı bir ayaqqabı alım. Onun
üçün ayaqqabını sevərək seçdim,
aldım, Azərbaycana gələndə gətirdim. Geyindi, çox bəyəndi. Amma
bükdü qoydu yerinə. Hər dəfə
soruşurdum, niyə geyinmirsən o ayaqqabıları? Deyirdi gözləyirəm, xüsusi bir gündə
geyinəcəm.
Hansı günü gözlədiyini
təxmin edirdim. Təəssüf ki, o ayaqqabılar elə də geyilmədi,
hələ də şkafında, qutusunun içində təptəzə
durur...
- Arif
Əmrahoğlu sözün bütün mənalarında
ağayana bir kişi, qayğıkeş
bir insan idi. AYB-də inanmıram ki, onu sevməyən
insan olardı. Sizcə, bu belə idimi, yoxsa kimsə onu
da "qaralayırdı"?
- Atam bizi iş mühitindən həmişə
tamamilə uzaq tutub. O, mehriban insan olmaqla yanaşı,
sözünü daim çəkinmədən deyən,
özünə yaraşan tənqidçi üslubu ilə fərqlənən,
xoş zarafatları ilə bərabər bəzən kəskin
satirik ruhda ifadə tərzi ilə seçilən biri idi. Bu xususiyyələrinə görə hamı tərəfindən
birmənalı qəbul edilməyə biləcəyini təxmin
edirəm.
- Sizi bir övlad
olaraq daima izləyəcək, yaddaşınızdan
çıxmayacaq hansı öyüdü qalıb?
- Belə sözlər, məsləhətlər
çoxdur... Yadımdadır, ailəmiz və
yaxınlarımızla birlikdə atamın 50
yaşını qeyd edirdik. O məclisdə atam
kiçik bir çıxış etdi. Yaddaşımdan
heç vaxt çıxmayacaq o çıxışı sizə
onun öz sözləri ilə çatdırmaq istəyirəm:
"Nə vaxtsa Allah mənə verdiyi canı aldıqdan sonra, mənim balalarım evi
axtaracaq, balışların, döşəklərin
altına baxacaqlar, lakin görəcəklər heç nə
yoxdu. Bəlkə də məyus olacaqlar. Amma bir müddət sonra başa düşəcəklər
ki, ataları onlara çox gözəl bir miras qoyub; Təmiz
ad. Mənim balalarım heç vaxt
heç kimin qabağında atalarına görə
utanmayacaqlar."
Sağlığında
olduğu kimi, yoxluğunda da atamızın haqqında xoş
sözlərdən başqa heç nə eşitmədik. Nə
böyük qürurdur bir övlad üçün
atasının təmiz adının miras qalması.
Atamın çox gərgin iş
rejimi vardı. Biz heç vaxt onun məzuniyyət
götürdüyünü, özünə zaman
ayırdığını, hər şeydən
uzaqlaşıb dincəldiyini görmədik. Həmişə
belə olurdu; biz gecə yatanda onu oyaq qoyardıq, səhər
yuxudan oyananda da artıq o, yuxudan oyanmış olurdu. Bəzən
təəccüb edirdik; O, ümumiyyətlə
yatırmı, - deyə.
Ağır iş günündən
sonra evə gəlmiş olsa da, yemək yeyəndə belə,
mutləq bir əlində kitab və ya qəzet olurdu, səhərə
qədər də yazırdı.
Lakin nə qədər
yorğun olursa-olsun, mütləq bizimlə söhbətləşməyə
zaman tapırdı.
-Nədən
danışardız, söhbətinizin mövzusu əsasən
nə olardı?
- Onunla hər şeydən
danışa bilərdik. Gün ərzində
baş verənlər, iqtisadiyyat, siyasət, din, ədəbiyyat,
məhəbbət. O qədər geniş
dünyagörüşünə, o qədər zəngin
daxili aləmə malik idi ki...
Onunla mübahisə etmək
belə, insana zövq verirdi. Çünki həmişə
mübahisə etdiyi mövzulara aid güclü bilikləri,
möhkəm arqumentləri olurdu. Və o,
bizimlə nə müzakirələrdən, nə də
mübahisələrdən qaçmazdı. Əksinə, balacalıqdan, bizi şəxsi fikirləri
olan müstəqil fərdlər olaraq görüb, bizə
özümüzü ifadə etmək üçün belə
imkanlar yaradardı.
Bir dəfə çox
yorğun gəlmişdi işdən. Mən də Haruki
Murakaminin kitablarını alıb gətirmişdim ki, oxuyum.
Kitabları əlimdə gördü, soruşdu
başlamısanmı, dedim hələ yox, sabah başlayacam. Səhər oyananda gördüm kitab əlindədir,
sonuna çatıb artıq. Sırf mənim
nə oxuduğumu bilmək, sonra mənimlə müzakirə
edə bilmək üçün bütün gecəsini sərf
edib məndən əvvəl oxuyub bitirmişdi.
- Müxtəlif təbəqənin
adamları ilə ünsiyyətdə olub. Qonşular, qohumlar
və sair... Necə qonşu idi?
- Atam ümumiyyətlə, mehriban, ətrafdakılar
tərəfindən sevilən insan olub. Balacadan
böyüyə, hamı ilə dil tapar, hamının
könlünü xoş tutmağa çalışardı.
"Uzaq qohumdansa yaxın qonşu
yaxşıdır" prinsipinə inanırdı, bu səbəbdən
qonşuluq əlaqələrinə önəm verirdi.
Bir xatirəmi paylaşım sizinlə:
mənim Fransada təhsilimi tamamlayıb Azərbaycana
qayıtmağım münasibətilə qonşumuz Eldəniz
əmi qurban kəsmişdi və mən əminəm ki, atam
da onun övladları üçün eynisini edərdi.
- Borçalıya,
ata yurduna tez-tezmi gedirdi? Sizlərə o yerlər
haqda nəsə danışırdımı? Bəs daha
nələr vardı ki, Arif müəllimi
qayğılandıra bilsin?
- Atam deyirdi ki, insan harda
yaşamasından asılı olmayaraq, mütləq ildə
bir dəfə də olsa, doğulduğu torpaqlara getməlidir.
Borçalıya təəssüf
ki, atamın iş rejimindən dolayı tez-tez gedə
bilmirdik. Lakin getdiyimizdə bizi mütləq gəzdirərdi.
Gəzib gördüyümüz yerlər,
el-obanın adət-ənənəsi, mədəniyyəti,
Borçalı türkləri haqqında ətraflı məlumat
verərdi.
-Doğma yurdda
hansı qəribəlikləri olardı?
- O, doğulduğu kəndə gedəndə
həmişə ayaqqabılarını, corablarını
çıxarıb, ayaqyalın torpağın üzərində
şeh otlaqlıqda
uzun-uzun gəzərdi. Niyə belə
edirsən, deyə soruşanda, "bədənimdəki və
ruhumdakı bütün neqativi torpağa keçirirəm bu
üsulla"- deyərdi. Borçalıda,
Ağqula kəndində, Arif Əmrahoğlu yox, anasını
erkən itirmiş, qohum-qonşunun sevimlisi balaca Arif olardı.
Bir az kövrək, bir az küskün, bir
az da ərköyün.
Borçalı
qayğıları, problemləri həmişə onun
üçün prioritet olub. Atam
"Borçalı" İctimai Birliyinin təsisçilərindən
olmuş və Borçalı türklərinin siyasi, sosial,
dini və konstitusion hüquqlarının təmin edilməsi
və qorunması üçün əlindən gələni
etmişdir.
- Tanınan, sevilən
tənqidçi, alim, pedaqoq idi. Dünyasını dəyişdikdən
sonra, necə düşünürsüz, unudulmadı ki?
Axı çox təsadüf etmişik ki, insanlarımız
unutqan olur.
- Görəsən, neçə
insana qismət olub bu dünyadan köçdükdən sonra
da yaşamaq? Onun barəsində insan heç
keçmiş zamanda danışa bilmir, çünki insan
xatırlandıqca yaşayır. Arif
Əmrahoğlu xatırlanır. Ailəsi
tərəfindən, qohumları, dostları, tələbələri
tərəfindən daim xatırlanır. Onun
haqqında hələ də yazılır. Onun yazdıqları hələ də oxunur.
Mən onun haqqında
yazmaqdan doymuram, bezmirəm. Kaş ki onun kimi qələmim
olsaydı, kaş ki içimdəkiləri onun kimi yazıya
çevirə bilsəydim... durmadan yazardım. Mən yazdıqca, o yaşayır. Mən yazdıqca o yaşlanır. Amma sifətinin
çöhrəsi, təbəssümü heç dəyişmir...
Hər dəfə onun məzarını
ziyarət etdikdə, qəbrinin üstündə təzə
qərənfillər olduğunu görürük. Onu sevənlər,
ərinmirlər, əziz günlərdə və ya heç
bir xüsusi səbəb olmadan məzarını ziyarətə
gəlirlər, hər birinə təşəkkür edirəm
atamın xatirəsini əziz tutduqları üçün.
- İnsanlarımızda unutqanlıq xəstəliyi var.
Yaxşılıqları da unudurlar. Yadınıza salın, daha çox kimlərlə
oturub-dururdu və bu yaxınlıq dünyasını dəyişdikdən
sonra davam etdimi?
-Atamın qeyd etdiyiniz kimi
oturub-durduğu insanlar çox olsa da, yaxına
buraxdığı,
evimizə dəvət etdiyi, ailəmizə
saldığı insanlar o qədər də çox
olmayıb. İndi anlayıram ki, bu insanlar etina
ilə seçiliblər. Seçiliblər
ki, hələ də yaxınımızdadırlar, hələ
də bizimlədilər.
-Ailəyə
qarşı, xanımına, balalarına qarşı xususi bir
münasibəti, tərbiyə metodu, tövsiyələri necə
idi?
-Atam ailəsinə qarşı həmişə
diqqətli olub. Bunu göstərməkdən
heç vaxt çəkinməyib. Bizim evdə
həmişə 21 dekabr anamla-atamın toy günləri
xüsusi qeyd olunub. Atam anamı "dünyanın ən gözəl
riyaziyyat müəlliməsi" adlandırırdı, biz də
bu uzun ifadə ilə səslənməsinə həmişə
gülərdik. Anamız onun ən dəyərlisi
idi. Dərdini, problemini,
qayğılarını bölüşdüyü yeganə
insan idi.
Evimizdə sonuncu gecəmiz idi onunla,
dördümüz idik, özünü yaxşı hiss
etmirdi, gözləri də zəifləmişdi, amma qoymurdu
bizi yatmağa, ordan-burdan söhbətləşirdik, sanki
evimizdə sonuncu gecəmiz olduğunu hiss etmiş kimi...
Səhərə yaxın anam dedi ki
"Arif, gecdi daha, burax qızları getsinlər yatsınlar,
sənin də gözlərin ağrıyır, görmürsən,
bu halda oturma", atam da cavabında dedi ki, "neynəyirəm
bu gözləri, mənim iki gözüm var onsuz da, biri bir
qızımdı, biri o biri qızım". Onu bir az əyləndirmək
üçün dedim ki "Papa, biz gözlərinik, bəs
onda mama nədi, burnun?". Cavab verdi ki " Yox, maman mənim ürəyimdi"...
Atamın tərbiyə metodu,
"azad hiss etdir, amma hiss etdirmədən kontrol et" yönündə idi. Hər
bir mövzuda həmişə fikrimizi alıb, seçimlərimizdə
bizə yönləndirici məsləhətlər verib, amma
azad seçim haqqı tanıyıb, ailəmizi əlaqədar
edən qərarlardan öncə "dəyirmi masa" təşkil
edilərək müzakirə olunub.
Dostlarımızla, rəfiqələrimizlə
münasibətlərimizə müdaxilə olunmayıb, amma
yaxın ünsiyyətdə olduğumuz hər bir dost-rəfiqəmizlə
ailəvi münasibətlər qurularaq ilk öncə
özü tanıyıb. Hər axşam
günün müzakirəsində detallara vararaq, incədən
məsləhətlər verərək həyatımızdakı
insanlar haqqında fikirlərini bölüşüb bizimlə.
Onun sayəsində, indi zamanın da
sınağından çıxmış dostlarımız
var. Onun sayəsində mükəmməl təhsilimiz, bu təhsildən
qazandığımız işimiz var. Onun sayəsində, bu
gün öz ayaqları üzərində dura bilən, öz
azad seçimləri və fikirləri olan və bu fikirləri
ifadə etməyi bacaran, cəmiyyətə xeyir verməyə,
faydalı olmağa çalışan müstəqil fərdlərik.
- Arif müəllimin
ətrafında sağlam adamlar olardı. Bəs onun dost dedikləri,
onu dost olaraq tanıyanlar bu gün görünürmü?
-Atamın tanışları,
ünsiyyətdə olduğu şəxslər və ya dostluq
etdikləri çox idi. Bəziləri
dünyalarını dəyişib, təəssüf ki.
Bəziləri səhhətləri,
ailə-məişət problemləri ilə bağlı
maraqlana bilmirlər, bəziləri isə çox sağ
olsunlar, indi də zaman tapdıqca zəng edirlər, xatirəsini
əziz tuturlar.
Biz dünyaya gözümüzü
açandan ətrafımızda gördüyümüz Kamran
əmimiz (Kamran Əliyev), bir də Muxtar əmimiz (Muxtar
İmanov) var ki, onlar atam həyatda olanda necə evimizin
içi idilərsə, indi də bizim ailəmiz,
dayağımızdırlar. Allah onlara
cansağlığı və uzun ömür versin.
-Övladlar
valideynlərin həm də əsəridir. siz
bir övlad kimi, necə düşünürsüz Arif müəllimin
ümüdlərini doğrultmusuz?
-Mən onun yolu ilə həyatıma
davam edirəm. Onun izi ilə addımlayıram.
Onun həyat prinsiplərini özümə
işıq tuturam.
Necə ki o məni
utandıracaq heç nə etmədi bu həyatda, mən də
onu utandırmamaq üçün çalışıram. Verdiyim hər
qərarda o olsa idi, nə məsləhət verərdi deyə,
düşünürəm, onun gözlərilə baxmağa
çalışıram həyata. Mən
onun əvəzinə də yaşayıram. Və ən əsası, onun qoyduğu adımın
yanında onun öz adını qürurla daşıyıram
daim.
- Günel
xanım, atanızın yoxluğunda ən çox nəyə təəssüf
etmisiz, nədə, hansı zamanda yanında olmalıydız,
ola bilməmisiz?..
- Mənim onunla bağlı bircə
böyük təəssüfüm var, o da,
övladımın babasını tanımaq şansından məhrum
olmasıdır. O mənim qədər şanslı ola bilmədi... Soruşanda ki "Elmar, baba
hardadı?", 1 yaş 4 aylıq
oğlum onun divardakı şəklini göstərir...
- Günel
xanım, çox kövrək xatirələrlə bizimlə
yol yoldaşı olduz, oxucularımızı Arif müəllimin
onların bilmədikləri, tanımadıqlarıt tərəfdən
göstərdiniz... Hər söhbətinizdə Arif müəllimi
gördük...
-O, həmişə bizimlədir...Yoldaşımın
siqaret çəkməməsinə baxmayaraq, bəzən
evimizin qonaq otağından siqaret iyi gəlir. Yoldaşım
axtarır ki,
hardan gəlir bu iy? Axı pəncərə
də açıq deyil ki, bu iy bayırdan otağa dola. Mən isə o siqaret iyinə gizlində sevinirəm.
Elə bilirəm atam bizə qonaq gəlib...
Söhbətləşdi: Faiq Balabəyli
Ədəbiyyat qəzeti.- 2018.- 27 yanvar.- S.4-5.