Söylə, yerindəmi Bağdad
elləri...
Professor Qəzənfər Paşayevə
ədəbi məktub
Əziz Qəzənfər
müəllim, hələ
Qubanın dağətəyi
türk kəndi İspikdə orta məktəbdə oxuyarkən
Vidadinin, Vaqifin, Zakirin bir-birindən gözəl "Durnalar"
şeirlərini oxuyub
qəmlənər, Böyük
İslam mədəniyyətinin
paytaxtı Bağdadda
olmaq istər, yeniyetməlik hisslərinin
təsiri ilə qürurlu bir kədər yaşayar, sərhədsiz duyğularımın
qanadlarında durnalara
qoşulub ülviyyət
dolu əsrarəngiz Bağdad ellərinə uçmaq istərdim. Bu uçuş ehtirasında
qəlbi türk və müsəlman olmaqdan dolayı qürur və ülviyyət, təzə-təzə
çiçəklənməyə başlayan məhəbbət
dolu, dünyaya yalnız gözəllik prizmasından baxan bir gəncin arzuları çiçək
açırdı.
"Qərib-qərib,
qəmgin-qəmgin uçan
durnalara" üzünü
tutub qoca Vidadi deyirdi:
Ərz eyləyim
bu sözümün sağıdır,
Yollarımız haramıdır,
yağıdır,
Şahin-şonqar sürbənizi
dağıdır
Boyanarsız qızıl
qana, durnalar!
Amerika "şahinlər"i
durnaların Bəsrə-Bağdad
ellərini bombaladı, dualarla,
zikrlə, azan səsinin
ülvi gözəlliyi
ilə süslənmiş
Bağdad ellərini qızıl qana boyadı. Bu hamıdan
çox sənin,
"Altı il Dəclə-Fərat sahillərində"
- Bağdadın ab-havasında,
böyük müsəlman
mədəniyyətinin aurasında
yaşayıb-yaradan Qəzənfər
Paşayevin Bağdadı
idi. "Min bir gecə" nağıllarından ruhunu
duyduğumuz Bağdad
ellərini sovet ideologiyasının basıncı
altında Şərqi
görmək təşnəsi
ilə yaşayan Azərbaycan gəncliyinə
ilk dəfə sən
tanıtdın. Bağdadın
ətrini abi-zəmzəm
kimi ruhumuza çilədin...
Qəlbi gözəlliklə,
vücudu coşqun ehtirasla dolu, "Məstaneyi-eşq" içində
yaşayan Vaqifin səsi üç yüz il
əvvəldən gəlir.
Sizə müştəq
durur Bağdad elləri,
Gözləyə-gözləyə qalıb yolları.
Xeyli vaxtdır yarın fəraqındayam,
pərvanətək hüsnün
çırağındayam.
Saqın gəzin
laçın gözü
görməsin,
qorxuram səfinizi
poza, durnalar.
Qəzənfər müəllim!
Bağdad elləri durnalara
müştaq dura bilirmi? Dünya imperializminin qaniçən
"laçınlar"ı durnaların səfini niyə pozdu?!
Bu gün Qarabağı - murdar düşmən tapdağı
altında inləyən,
məzarı - "Cigəri
od tutub, alışıb-yanan" Q.B.Zakir
"Qatarlaşıb nə
diyardan gəlirsiz"
- deyə o elləri sorurdu:
Laçın yatağıdır
bizim məkanlar
Yavaş-yavaş gedin, səsiniz anılar.
Qorxuram toxuna ötən zamanlar
Sürbəniz dağılıb çaşa,
durnalar.
Təkcə qərib durnaların yox, qədim və ulu bir
xalqın "sürbəsini"
dağıtdılar. Zakirin qorxduğu hadisə iki yüz il sonra baş verdi.
Qəzənfər müəllim,
əziz dostum, böyük qardaşım!
Mənə elə gəlir
ki, sən "sürbəsi dağılmış",
"səfi pozulmuş",
"yollarında həramilər,
yağılar gəzən"
qatarından ayrı düşən o qərib
durnalardan birisən.
Səksən ildə yazdığın
çoxsaylı əsərlər
idrakından və qəlbindən gələn
durna qatarına bənzəyir. Hamısında bir səs var:
Vətən! Bu türk
səsi ilk dəfə
qanlı-qadalı 1937-nin 27 avqustunda Tovuzun Düzqırxlı kəndində
Məhəmməd kişinin
evində eşidilib. Sonra ingilis dilində Şərqə və Qərbə yayılıb.
Dəclə-Fərat sahillərindən
gəlib, Kərkük
ləhcəsində İraq
türkman folklorundan, Kərkük dialektinin fonetikasından, Nostradamusun
möcüzələrindən, filosof şair Nəsimidən, Kərkük
bayatılarından, Elçin
nəsrinin poetikasından,
Aşıq Azaflı sənətindən soraq gətirib, fundamental monoqrafiyalara
çevrilib.
Qəzənfər müəllim,
monoqrafiyalarınızın məqalə və müsahibələrinizin tərtib
və tərcümələrinizin,
elmi rəhbəri və opponenti olduğunuz doktorantların,
redaktə etdiyiniz və rəy verdiyiniz, ön söz yazdığınız
kitabların, iştirak
etdiyiniz beynəlxalq simpozium və konfransların siyahısından
ibarət "Biblioqrafiya"nıza
baxıram, sahilsiz bir ümmana bənzəyir. Deməli,
80 il hədər
getməyib, xalqın milli sərvəti olan ədəbiyyata - əbədiyyətə xidmət
edib.
Bütöv bir şəxsiyyət, istedadlı və fədakar alim, xeyirxah insan, millətini və dövlətini uca tutan vətəndaş ziyalı kimi, barənizdə çox yazılıb, mən də yazmışam. Sizə
veriləsi bir sualım qalmışdı:
Söylə, yerindəmi
Bağdad elləri?!
Əslində bu suala cavab
istəmirəm. Hər şeyi
yerbəyer edən ədalətli tarix özü ona cavab verəcəkdir. Sizə isə sağlam ömür, şirin həyat, könül
xoşluğu və yaradıcılıq
uğurları arzulayıram.
Nizaməddin
Şəmsizadə
Ədəbiyyat
qəzeti.- 2018.- 27 yanvar.- S.5.