QAFQAZA İTHAF
Rusların rübabı əzəldən bəri
Uzaq ölkələrə yad olmayıbdı.
Ey zirvəsi qarlı, vüqarlı Qafqaz,
Gör səndə kimlərin izi qalıbdı.
Burada Puşkin də vəcdə gələrək,
Yadigar qoymuşdur kövrəkliyini:
"Oxuma gəl mənim
yanımda, gözəl,
Gürcüstanın qəmli nəğmələrini".
Lermontov söz açmış
Əzəmətdən,
Misilsiz at üçün bacıdan
keçən
Qardaşdan söyləmiş,
düzü əymədən,
Qızıla dəyərmiş qənirsiz
köhlən...
Dostu qənim
çıxmış sürgün şairə,
Acıdil zabitə,
çılğın şairə.
Atmaca yarasa dönmüş duelə,
Bir ömrə son qoymuş
amansız güllə...
Qoynunda Qriboyedov uyuyur. Heyhat,
İran xidmətində məhv olmuş ustad.
Zurnada çalınan həzin havacat
Şeirin ruhuna rəhmət oxuyur.
İndi mən qoynuna gəlib çıxmışam,
Doğma ruhlar üçün çox darıxmışam.
Ya da son günümdən bir nişan, eylər,
Bəlkə də, indidən soraqlamışam.
Fərqi yox! Gedənləri düşünməkdəyəm
Gəlmişəm, böyüklərə indi
baş əyəm.
Onları ruhlandıran
ulu dağların
Təmkin, vüqarını
seyr edəm barı.
Onlar buralara həvəslə varmış,
Yağıdan, yaxından yaxa qurtarmış.
Qürbətə can atmış
doğma elindən,
Dostun həsədindən, yadın
kinindən.
Özüm də qaçmışam bəladan
iraq,
Daha əl çəkilib eşqdən-işrətdən.
Sinəmdə göyərir,
boy atır indi
Mənzum dastanımın qəddi, qaməti.
Rusca yazanların xoşdur avazı,
Olsun Mayakovski, olsun başqası.
Odur şairlərin rəsmi rəngsazı,
"Mosselprom"
vəsfi olub çalğısı.
Klyuyev, Zadoqa, havalı keşiş,
Yazısı bir nimdaş kürkə bənzəyən.
Ucadan oxudum şeirini dünən,
Bülbülüm qəfəsdə canını
vermiş.
Qalan ozanları saymağa dəyməz,
Günəşin istisi onlara dəyməz.
Əməlli-başlı yazmağı
bilmir,
Sözün mənasından nabələd
şair.
Bağışla, başını
ağrıtdım, Qafqaz,
Söhbəti uzatdım,
deyəsən, bir az.
Zoğal şirəsini
işlət şivəmə,
Təpər ver misrama, güc
ver qələmə.
Əliboş dönməyim
mən Moskvaya,
Ən yaxşı dostlarım çıxsın ortaya.
Qoy arxada qalsın kef məclisləri,
Yoldan çıxarmasın daha şairi.
Bir kəlmə səslənsin vida anımda,
Bir kəlmə üzülsün zəif dilimdən:
"Gözəl
qız, oxuma mənim yanımda,
Gürcüstanın qəmli nəğmələrindən".
***
Bənzərsiz ənginlik,
kövrək üfüqlər...
Sovuşdu yurdumdan tufan qorxusu.
Ürəyim açılmış
düzənə bənzər,
Havanı uduram ciyər dolusu.
Toxdadım. İllərdə
gördü işini,
Danmıram dövranın sərt gərdişini.
Sanki dəhmərlənmiş,
qızışmış atlar,
Ölkəni büsbütün çalıb-çatdılar.
Hay-küylə çaparaq gözdən itdilər,
Tozanaq qoparıb, tufan etdilər.
Sükutda budaqdan üzülüb uçan,
Yarpağın səsi də gəlir uzaqdan.
Götür-qoy edərək
baş verənləri,
Ölkədə baş verən xeyiri, şəri.
Götür-qoy edirəm
yaxşı-yamanı,
Səbəbkar özgəsi, özüm olanı.
Olan oldu, keçən keçdi, daha gecdi,
Giley-güzar iniltili ahu-zar...
Yanmağımı yozmaq olar bir yerə
-
Eyş-işrətə xərclədiyim illərə.
Sütül palıd
bərkiyincə beləcə,
Sına bilər,
qəfil külək dəyincə...
Heyif sənə, mənim qızıl baharım,
Dəli-dolu cavanlığım,
çağlarım!
Sergey Yesenin
Rus dilindən
çevirən: Səyavuş
Məmmədzadə
Ədəbiyyat qəzeti.- 2018.- 27 yanvar.- S.7.