Bizdə soyuqlar düşüb
Sizdə bilmirəm
necə,
Bizdə soyuqlar düşüb.
Qış qapını
kəsdirib,
Boran gəlib, qar düşüb.
Ayaqlarım üşüyür,
Əllərim mənim deyil.
Düşmən də, heç düşmənə
Bu qədər
qənim deyil.
Dərd çox
ovub içimi
Bir almaz tiyə kimi.
Mənəm duruş
gətirən,
Dözən indiyə kimi.
Hər nəfəs
almaq belə,
Ağırdı bu şəhərdə.
Yaşamaq çətin
işdi,
Doğrudu, bu şəhərdə.
Sizdə bilmirəm
necə,
Bizdə soyuqlar düşüb.
Qış qapını
kəsdirib,
Boran gəlib, qar düşüb.
Ağ bayraq qaldırmalıyam
Gözlərindəki sükut
qədər möhtəşəmliyin
var,
Saçlarındakı dalğalar qədər fikrim dağınıq.
Göyərçin əllərin
hər gün günəşin pərdəsin
çəkir kənara,
Yer üzü qurtulur zülmətdən.
Hər gün arzularda möhkəmlənir
yerin,
Xəyalın üstümə
hücum çəkir
hər səmtdən,
İxtiyarsız əllərim qalxır, təslim olur həqiqətə.
Əllərini ver, əllərini.
Ağ bayraq qaldırmalıyam taleyimə.
Küsə də bilmədik
Divarlara əl uzatsaq, yıxılmamaqçün,
Divarlar da qaçar qabağımızdan.
Qismətdən əlimizdən
tutası kəslərin,
Əlimizə çatmadı əlləri.
Tutdular ayağımızdan...
Küsə də bilmədik.
Hər halda,
zəhmət çəkmişdilər.
Məni heç
kimdən soruşmayın
Ölüm şərəfinə
ucalan sükut bayrağıyam,
İçimdə əsən küləklərlə
tərpənirəm.
Gözlərimi gözlüklər
yordu, əllərimi nəfəsliklər,
Axilles dabanından döşəmələr
təngə gəldi.
Duaçı oldular bir daha dönməyim
deyə,
İllər oldu göy üzündə bulud görməyəli,
İllər oldu göy üzündə
ümid görməyəli.
Bütün soyuqları,
bütün sazaqları
damarlarımdan keçirib,
buraxdım Yer üzünə.
Odur ki, ürəyim nə pislik etsə, özünə edib, yalnız özünə.
Nə bir qapım-bacam var,
Nə də adım soruşulası bir ünvanım.
Məni heç
kimdən soruşmayın,
Mən hələ yaşamağı
məşq edirəm.
Alınsa, günəş gülümsəyəcək
gözlərimin dərinliyində.
İntiqam YAŞAR
Ədəbiyyat
qəzeti.- 2018.- 27 yanvar.- S.9.