Səni kim dilimlədi, dilim?!
Orfoqrafiya lüğətində
təklif olunan dəyişikliklər elan olunar-olunmaz toplumun
müxtəlif təbəqələrində birmənalı
qarşılanmadı və özünəməxsus əks-səda
doğurdu. Dilçilər, dilçi olmayanlar, ziyalılar və
sadə vətəndaşlar tələm-tələsik öz
mövqelərini ortaya qoydular. Daha çox
sosial şəbəkələrdə bu, əsl "bomba
effekti" yaratdı. Rəngli
dünyagörüşləri əks etdirən rəylər
yazıldı, münasibətlər bildirildi. Məsələyə bütövlükdə ironik
münasibət bildirənləri isə heç cür
başa düşə bilmədik. Amma nə
etmək olar, bu da onların haqqıdır. Onlar da öz etirazlarını bu cür ifadə
etdilər. İçərilərində zatən
haqlı olanlar da var idi...
Əcəba, nə baş
verir? Orfoqrafiya lüğəti nə zamandan "müqəddəs
toxunulmazlar" sırasına daxil olub, tabulaşıb?!
Bu sadə həqiqəti bilməyən yoxdur: Dəyişilməyən,
yeniləşməyən nə varsa, ölümə məhkumdur!
AMEA Nəsimi adına Dilçilik
İnstitutunun cavabı da özünü çox gözlətmədi,
elmi müəssisənin direktoru Möhsün Nağısoylu
"Ədəbiyyat qəzeti" əməkdaşının
suallarını cavablandırdı, məsələyə
aydınlıq gətirdi. Çoxuna məlum olan bir
postulatı da xatırlatmağı unutmadı: "İstənilən
yenilik birmənalı qarşılanmır". Həqiqətənmi bu, yenilikdir?
Mövqeyimiz bir az
fərqlidir. Dilin fonetik - orfoepik və orfoqrafik
qabığında baş verənləri yenilik kimi qəbul
edə bilmirik. Yenilik bir zəlzələ kimidir, o daha dərin
layları titrədib hərəkətə gətirməlidir...
Azərbaycan dili nəinki
üfüqi (fonetik - orfoepik və orfoqrafik), həm də
şaquli istiqamətdə - qrammatik quruluşuna görə də
dəyişilib Türk dilləri ailəsinin bərabərhüquqlu
üzvünə çevrilməlidir. Bunun üçün
ortaq zahiri nöqtələr (Bunlar onsuz da var!) tapmaq yox, daha dərin
layları tərpətmək lazımdır. Qüsurlu
bir müqayisə aparaq: Ədəbi verilişlər aparan
aparıcılarımızla türk
aparıcılarının nitqini müqayisə edin. Bizimkilər
"hesab edirəm"də, "mənə elə gəlir”
də... "və s.", "və
ilaxır"da ilişib qalarkən və ya "hava
çatışmazlığı"ndan əl-qol atarkən
əks tərəf nəfəs kəsikliyi olmadan ötüb
keçir. Onlar dili incitmirlər. Dil onların nitqində rahatlıq, dinclik tapır.
Biz dilimizə zülm edirik. Səbəbi
məlumdur; dilimiz Türk dilləri ailəsindən zorla
qoparılaraq rus dilinin qrammatikasına
uyğunlaşdırılıb. Ona görə
də böyük dil islahatı başlanmalıdır, tarixi
şansımızı dəyərləndirməyi
bacarmalıyıq.
Baxırsan, alimdir,
titulları da yerində, amma yazdıqları - mətninin ərazisi
sanki bomba düşmüş taxıl zəmisinə
oxşayır.
Düzən yoxdur, alt üstə
çevrilmiş, hər şey baş-ayaq olmuşdur, əl-ayağını
itirən sözlərin iniltiləri ürək
dağlayır. Zərbə daha çox
doğma sözlərə dəyib. Qəzəbi soyumayan
"gəlmələr" və daha çox terminlər
yaralı sözləri qəddarcasına
sıxışdırıb az qala ərazidən
çıxarmaq istəyirlər. Cümlələr
bir-birini itələyirlər. Onlar
arasında heç bir doğmalıq, məhrəmlik,
mehribançılıq yoxdur. Biri digərinin
qarşısını kəsib. Ayağının
altına daş yığsan da, sonrakı cümlələrin
sir-sifətini görməzsən. Əlqərəz, Mətnə
tərcümədən daxil olmağın axırı belə
olur...
Bir soruya cavabı da özümdən
almaq istəyirəm: Bəs gənclərimiz milli ədəbiyyata
hansı qapıdan daxil olurlar?! Onların da
çoxu dilimizə tərcümə olunmuş şeir, hekayə,
povest və romanların qapısından girirlər. Və
ya birbaşa rus dilindən bəhrələnməklə!
Folklorumuzdan, Mirzə Cəlil və Haqverdiyevdən
üzübəri gələn dil ustadlarının şedevrlərindən
yox! Dil ruhdur! Dil vətəndir! Dil sənsən! Hər bir xalqın ruhu onun dilindədir. Özgə ruhlara köklənənlər
özünü, özəyini bəyənməzlər, qəzəbli
olarlar. Və belədir də!
İlkin prosesin sonrakı mərhələsində
("Proses"in yerinə "islahat" yazmaq istərdim!)
dilimizi işğal edən, onun belini qıran tabeli mürəkkəb
cümlələrdən tədricən qurtulmaq
lazımdır. Bu, dilimiz üçün xarakterik
deyildir. Nə baş, nə budaq cümlə?
Dildə ayrı-seçkilik yoxdur, hər şey bərabərdir!
Baxın, bəlkə yanılırıq?
Biz tabeli mürəkkəb cümlələrin nəzəri
mexanizmini rus dilindən dilimizə "kopiya" eləmişik:
- pridatoçnoye
podlejaşeye - mübtəda budaq cümləsi;
- pridatoçnoye
skazuyemoe - xəbər budaq cümləsi;
- pridatoçnoye
opredelitelnoye - təyin budaq cümləsi;
- pridatoçnoe
dopolnitelnoye - tamamlıq budaq cümləsi.
- Və üstəgəl zərflik
budaq cümlələrinin növləri.
Bir nümunə ilə fikrimizi əsaslandıraq:
"Mən bilirəm ki, belədir". İfadə
olunan sadə bir fikir tabeli mürəkkəb cümlə
şəklində verilib. Sadə variantına baxaq:
"Belə olduğunu bilirəm". Birinci
cümlənin havası istər-istəməz özüylə
qəribə bir eqo, amiranəlik, təkəbbürlülük
və hikkə gətirir. "Ki"
bağlayıcısı mövcud halı bir qədər də
dramatikləşdirir.
Cümlə həm də sanki iki əraziyə
bölünüb: 1. Mən bilirəm. 2. Belədir. Birinci ərazini şərti olaraq minalanmış ərazi
hesab edək. Ən azından, Eqo ilə
minalanmışdır. İknci tərəf
isə "təmiz" ərazidir. Amma ikinciyə yol
birincidən olduğundan az sonra ikinci tərəf
də "zəhərlənir". Eyni fikrin
sadə şəkildə ifadəsi isə dışa sakitlik,
aramlıq, ilıqlıq və qəribə yumşaqlıqla
yansıyır. Burada "mən"
köksünü irəli verib cümləni öz əsirinə
çevirmir, əksinə, mövcud durumu xəbərlə
bölüşür.
İstənilən fikir
cümlə boyu yüyürür. O, finişə - son nöqtəyə
tələsir. Startı "A", finişi isə
"B" hərfi ilə işarələyək. Fikir "A"-dan "B"-yə doğru
qaçır. Bacardığımız qədər
məsafəni qısaltmalıyıq. Məsafənin
qısalığı fikrin həmin finişə tez
çatmasını şərtləndirir. Belə bir
cümləni eşitməyən yoxdur: "Fikrim sənə
çatdımı?" Deməli, fikir metafizik
anlamda harayasa çatır. Fikir məhz
sözügedən nöqtəyə çatır. Misal
gətirək: "Buna xüsusi əhəmiyyət verməlisən".
İlk hecadan start götürən fikir sonuncu hecaya - "sən"ə
çatmalıdır. Amma o yolda ləngiməli
olur. Maneələr nədir? Birincisi,
türk dilləri üçün səciyyəvi olmayan uzun
saitli heca! İkincisi, "xüsusi"
sözünün üçhecalı olması və dilə
yatmaması. "Xüsusi"ni tələffüz
edərkən görün dodaqlar nə günə
düşür! Üçüncüsü,
fikir iki maneəni aşandan sonra "əhəmiyyət"ə
yetir. "Uzun saitli heca, qoşa
"yy" və sonunun "ət"lə
qurtarışı əsl müşküllər quyusudur.
Ağız-burun pis hala düşür. Neynək, bunu da adlayıb "verməlisən"dəki
ilk hecanı saxlamaqla üç hecanı ixtisar edirik. Nəhayət,
fikir finişə çatır... İndisə leksik vahidləri
əvəzləyib cümləni bu cür quraq: "Buna
özəl bir önəm ver".
"Bir" ədatını məcburən
artırırıq. Çünki
yanaşı gələn iki sözün "ö" ilə
başlanması tələffüz (Bəlkə oxunuş?)
çətinliyi yaradır. Dilçi
dostlarım feilin vacib formasını əmr forması ilə
dəyişməyimi mənə
"bağışlamazlar". Amma hər şey
"ver"in tələffüzündən
asılıdır...
Bəli, "buna özəl
bir önəm ver!" (Nida da qoya bilərsiniz!). Səsləniş, zahiri görünüş və
struktur gözəlliyini sezirsinizmi? Məsafənin
qısalığı parlaqlıq saçır. (Gücüm bu qədər çatdı, bəlkə
siz daha parlaq etdiniz!) Və bildinzmi amorf
(kök) dillərinin daşıyıcıları -
çinlilər, yaponlar, koreyalılar niyə bu qədər
sadə, ruhən aristokrat, təvazökar, səliqəli və
korrektdirlər?! Hətta intiharın da "sadə"
formasını kəşf ediblər: Xarakirini! Onlar dildəki
artıqlıqları da bu cür xarakiri edib dışa
atıblar! Yapon hokkuları həmin xarakirinin məhsulu
deyil, bəs nədir?! 2012-ci ilin
Nobelçisi çinli Mo Yanın "Dahi" hekayəsi cəmi
17-18 abzasdır. Son nöqtəyə ən
qısa bir yolla yetən mətnin sonrakı səyahəti
şüurumuzda davam edir.
İfadə olunan fikir məhz
doğma sözlərin yanında özünü rahat, sərbəst
və şux hiss edir. Hər bir sözü bir insana bənzətmək
olar, çevrəndə doğma insanlar nə qədər
çox olsa, o qədər yaxşıdır. Bu gün dilimiz ərəb-fars, rus-Avropa sözlərinin
əhatəsində çox əsəbi, narahat, köntöy
və təkəbbürlü görünür. Gözgörəti dilimizin intonasiyası, tempi, ritmi,
ahəngi, melodikliyi ölməkdədir. O ölən
ritmi qaytarmaq yönündə göstərilən
çabaların hüdudsuzluğunu sezmək
üçün Elçinin və bir sıra
yazıçılarımızın nəsrinə baxmanız
yetər. Bu həm də dastan dilimizdir! İlk növbədə
o dili, o ritmi qaytarmaq lazımdır! Hər iki
yazıçının gördüyü iş sözlə
ifadə olunmayacaq qədər möhtəşəmdir. Təəssüf ki, ədəbiyyatşünaslığımız
buna daha çox üslubi özəllik kimi baxmış və
təhlil etmişdir. Əslində, onlar
unudulmaqda olan qədim türk dili intonasiyasını bərpa
ediblər. Bu təkcə nəsrin poetikası
deyildi, həm də dilin ritmik, melodik və ahəngdar əski
çağlarına qayıdışı idi. Onlar bunu
intuitiv etdilər...
Dahi İsa Muğanna isə
fərqli, amma çox "təhlükəli" bir yolla
getdi. Dilimizin
təhriflər səltənətinə çevrildiyini hiss edən
yazıçı rasional çabalarla özü də
"sözdüzəltmə" oyununda iştirak etdi. O, dildən
qabağa keçdi...
Kamal Abdulla qəribə bir
xatircəmliklə dili önə buraxır. Bu, taktiki bir gedişdir, guya özünə
"meydan açır". O, "boşalmış" uzaqlıqdan dilə
bütöv bir mətn kimi baxa bilir. Əgər
mövcud olanın şəklini çəksəydi, mətn
haqqında mətn yazmış olardı. Bu,
çox maraqsız alınardı. O, istənilən
zaman və istənilən havada - istidə, soyuqda, qarda, tufanda
miflə, Dədə Qorqudla, Xətai və Serbazlar dərəsi
ilə onların öz dilində danışa, kontakt qura və
dili tədricən Birundan bütün zamanları özündələyən
Əndəruna tərəf sevgiylə çəkib apara
bilir...
Kəsəsi, biz nə istəyirik? Təkliflərimiz
nədir?
Birinci istəyimi dahi Mirzə Cəlil
"səsləndirəcək": "Bəzi vaxt otururam və
papağımı qabağıma qoyub fikrə gedirəm, xəyalata
cumuram, özümdən soruşuram ki:
- Mənim anam kimdir?
Öz-özümə cavab verirəm
ki:
- Mənim anam rəhmətlik Zəhrabanu
bacı idi.
- Dilim nə dildir?
- Azərbaycan dilidir.
- Yəni vətənim haradır?
- Azərbaycan vilayətidir.
Demək, çünki
dilimin adı türk-Azərbaycan dilidir, belə məlum olur
ki, vətənim də Azərbaycan vilayətidir". ("Azərbaycan"
məqaləsi. Cəlil Məmmədquluzadə. Felyetonlar, məqalələr, xatirələr, məktublar.
Səh: 580-582. Bakı - 1961, 1017 səh.)
Məqalənin ilk cümləsini
hamı oxuyub, bilir: "Ax, unudulmuş vətən, ax,
yazıq vətən!". Mirzə
Cəlil üçün dil Vətəndir. Vətənin coğrafi sərhədlərini də
dil müəyyən edir. O dildə ki,
danışmadın, o dillə danışmadın,
danışdırmadın onu, unudular, unuduldumu,
yazıqlaşar. Ona görə də ədibin özünə
verdiyi ilk sual budur: "Mənim anam kimdir?".
Məgər o, anasının kim
olduğunu bilmirdimi? "Beşikdə yad millətlərin
südünü əmənlər" (Yenə orada!)
anasını haradan tanıyar? Mirzə Cəlilin
özü tragikomik "Ölülər" epoxasına və
əsl "Dəli yığıncağı"na düşmüşdü! O, elə-belə
tragikomediyanın banisi olmayıb! Qaranlıqdan, xaosun içərisindən
bizə yolladığı mesaj çox aydın idi:
"...Dilimin adı türk-Azərbaycan dilidir".
Dilimizin halal "Azərbaycan
türkcəsi" adı ona qaytarılmalıdır. Ad çox
şey deyir. Dilimizin adı qədər
mütəmadi olaraq amansız repressiyaya məruz qalan ikinci bir
ad tanımırıq. Və onu
ağıl və hisslə - şüurlu şəkildə
sevənlər də eyni taleyi yaşayıblar. Diqqət yetirmisinizmi, repressiya olunanların çoxu
türkoloq alimlər və üzlərini əzəli Dil Vətəninə
- türk-Azərbaycan dilinə tutan şair və
yazıçılar olmuşlar. Əli Nazim, Əhməd
Cavad, Almas İldırım, Bəkir Çobanzadə, Salman
Mümtaz, Vəli Xuluflu, Hüseyn Cavid, Hənəfi
Zeynallı, Əbdüləzəl Dəmirçizadə və
başqaları... "Cavid öz
inadkarlığı ilə Azərbaycan ədəbiyyatının
semiotik bütövlüyünü qorudu". (Kamal Abdulla. "Düma ilə
Coys arasında". Bakı, Mütərcim
- 2016, səh: 148) Adı çəkilən və çəkilməyən
repressiya qurbanlarının əksəriyyəti Hüseyn Cavid
kimi nəinki doğma ədəbiyyatının, həm də
Azərbaycan türkcəsinin keşiyində fədakarlıqla
durmuşlar.
İkincisi, dilin zənginliyini
onun leksikası müəyyən edir. Qəlp yolla söz
"yaradıb" onu şişirtmək lazım deyildir.
Əksinə, əlimizdə olanları qoruyub xalq-folklor dili
üzərində "seçmə və əvəzetmə
əməliyyatları"nı
aparmalıyıq. "Ortaq türk dili"ndən
danışmaq tezdir. Öz Azərbaycan türkcəmizi
yaradaq (Qaytaraq!!!) bir!
Dilin qrammatik quruluşu
sözün üzərində dayanır. Çünki
leksik vahid olan söz tərkib (birləşmə), cümlə
və mətn yaradır. Bəs
çıxış yolu? Özgələşmiş
leksikamızı necə doğmalaşdıra bilərik?
Dilimizi hibrit sözlərdən necə təmizləyə
bilərik? Türkologiya elminin banisi Mahmud
Kaşğarlı türk dillərini iki yerə
bölürdü: 1.Saf dillər. 2. Saf olmayan türk dilləri.
İkinci qrupa daxil olmağımız şəksizdir.
Amma geri dönüşümüzə yol
vardır. İlk növbədə xüsusu yarımqrup
(Və ya türk Dil
ağacının bir budağını) təşkil
edən oğuz mənşəli dillərdən - türk,
türkmən və qaqauz dilindən alınmaları əvəzləyən
yetərincə sözlər götürməliyik. Hazırda ünsiyyət vasitəsi kimi təxminən
23 türk dilindən istifadə olunur. (Afad Qurbanov. "Ümumi
dilçilik". Səh: 568-569. Bakı-Elm-2011.
753 səh) Yeri gəldikcə, o dillərdən
də sözləri ehmalca götürüb dilimizə gətirməliyik.
Folklor, başlıcası, "Dədə Qorqud"umuz və anadilli
yazılı ədəbiyyatımız da bizə
yardımçı olacaqdır! Bir sözlə,
dilimizdə özləşmə prosesini sürətləndirməliyik.
Bu işi böyük alimlər ordusu həyata
keçirməlidir. Sözlər doğma yuvalarına
qayıdıb yerinə oturandan sonra həsrətində
olduğumuz intonasiya və onun komponentləri də
qayıdacaq, yuxarıda qeyd etdiyimiz problemlər də tədricən
öz həllini tapacaqdır.
Dilçilik İnstitutumuz,
onun sayğılı rəhbərliyi və əməkdaşları
bizi eşitməyə bilərlər. Bəs dahi Üzeyir Hacıbəylini
necə?! "Dilimiz türk dilidir. İndi həmin
bu türk dilinin əvvəla baqi qalması və saniyən, tərəqqi
etməsi və islah olunması barəsində
çalışmalıyıq... Əgər biz öz ana
dilimizə indiyə qədər baxdığımız nəzərlə
baxmaqda davam edərsək, yeni heç bir əhəmiyyət
verməsək, ola bilər ki, günlərin
bir günü dilimiz itər, batar, yox olar və bir millətin
də ki, dili batdı, onda o millət özü də batar,
çünki bu millətin varlığına,
isbatı-vücud etməsinə səbəb onun dilidir".
(Üzeyir Hacıbəyov. Əsərləri. IV cild. Bak-Elm-1986)
Mehman
Qaraxanoğlu
Ədəbiyyat
qəzeti.- 2018.- 27 yanvar.- S.10-11.