İnsan mənzərələri –
Pirayə xanıma
Əvvəli burada
Hələ də
qaçmaqda olan itlər
geridə qalırlar,
döngədən keçir qatar.
Arxadakı
vaqonlar görünür
bir-bir,
çaşıb qalır
insan:
bu çox-çox
uzaq,
bu çox-çox
arxada qalan
şeylərə
bağlı olmaqdan.
510 nömrəli
ümimi vaqon.
Dəhliz.
Bir adam,
çiyinlərinin üstündən
mavi göy görünən
cankırılı Durmuşun
arxasında oturub,
dayayıb qapıya
kürəyini,
bir kənddə
məscid divarının
dibində
oturubmuş kimi.
Dalğındı.
Dincəlir sanki.
İmdad diləyən
bir yalvarışla
sallanmış bığları.
Bəmbəyaz
şırımlar var
qapqara və
incə əsnəsində.
O bəlkə bir adam
öldürəcək.
Bilmir.
Məktubda
bu haqda
bir şey yazmayıblar.
Fəqət
zavallının eni bu,
uzunu bu olan tarlasına -
məhkəmə sənədində
təsdiq edildiyi kimi -
onunla
eyni kənddən
olan
Əhmədoğlu Bəkir sahib çıxıb.
Ehtimal ki,
Bəkiri öldürəcək,
balta ilə.
Nəzarətçi gəldi.
Çankırılı Durmuş
özünü saymamazlığa vurdu.
Arxasındakı adam
təlaşla sıçrayıb
qalxdı yerindən,
təbəssümündə
hər şeydən
çox
yalvarıcı bir hal vardı.
Çəkinə-çəkinə,
sıxıla-sıxıla
şəxsiyyət vəsiqəsini
polisə gösdərirmiş
kimi
göstərdi biletini nəzarətçiyə…
Nəzarətçi
gördüyü işdən
məmnun olanlar kimi
arxayın-arxayın
deşdi bileti
və
gedərkən
aram-aram dedi:
- Eloğlu,
burda oturmaq
olmaz,
qadağandır,
get,
axtar,
bax,
hər halda,
içəridə
boş yer olar.
Dəhlizdə
tatarsifət adam -
yun fabrikinin
qaravulçusu
və
cürə saz maraqlısı -
bir əhvalat
danışırdı
Qartallı Kazıma
Çanaqqala haqqında:
"Mayın altıncı gecəsi
səkkiz yerimdən
yaralandım,
yaramın ikisi
hələ də bitişməyib,
sızıldayır zaman-zaman…
İngilislə
üz-üzə dayanmışdıq
-
aramız üç-beş
addım,
bizim
əl qumbaramız
onların səngərlərinə
çatır,
onlarınkı bizimkinə.
Hücuma keçdik.
Üç addım
atmamışdım ki,
yıxıldım yerə.
İngilisin pulemiyotu
qarnımı biçmişdi.
Aradan
bir qədər
keçdi.
Başımı qaldırıb
baxdım:
göy ulduz-ulduz…
Bizimkilər
geriyə çəkilmişdilər.
Aramsız
atəş yağdırır
ingilislər
səngərdən,
güllələr
başımın üstündən keçir,
vızhavız,
başladım
geri-geri sürünməyə,
torpağı
əllərimlə
eşələyirəm,
alnım gavura sarı.
Bir yandan
öz səngərimizə tərəf
sürünür,
bir yandan da
deyirəm:
Ay Allah,
vurdursan da,
arxadan vurdurma məni!
O vaxt
ayrı şey gəlmir
insanın ağlına.
Süründükcə
şəhid meyidləri
ilişir əl-ayağıma,
daha doğrusu,
mən onlara toxunuram…
Kimisi
arxası üstə
düşüb,
açıq qalmış ağzı
qanla dolu,
kimisi üzüqoylu,
kimisi diz çöküb,
əlində mauzer,
eləcə,
heykəl kimi
donub qalıb.
Öz-özümə deyirəm:
Allahım,
öldürəcəksənsə,
məni belə öldür,
əlimdə mauzer,
dizi üstə,
üzü gavura sarı…
Nə isə,
səhər açıldı.
Ətraf
əməlli-başlı işıqlandı.
Mən də
səngərin yaxınlığına
çatdım.
Bir tüfəng uzatdılar -
yapışdım
sünügüsündən.
Məni dartıb,
səngərə saldılar.
Sonradan hesabladım:
üç saata
gəlmişəm
iyirmi beş metrlik yeri…
Bir müddət
eləcə ikiqat qaldım səngərdə,
yaralarım başladı
sızıldamağa.
Günorta üstü
yoldaşlarımdan biri
` məni
dalına aldı -
gəldik tibb məntəqəsinə.
Çadırlar…
Çadırların içinə
dirəklər basdırılıb,
saman döşəkləri
bərkitmək üçün.
Saman döşəklərin
üstündə
yaralılar, yan-yana.
Ağlayanmı deyirsən,
küfr edənmi deyirsən
dininə, imanına,
hamısı burada…
Qayçı ilə
kəsdilər paltarımı.
Oldum anadan gəlmə,
çırılçılpaq.
Bir
əsgər şineli
atdılar üstümə.
Yaralarım açıq,
sarımaq üçün
tənzif yox.
Amma,
Allahdan olan kimi,
qan axmır,
torpağa qarışıb
quruyub.
Bir müddət keçdi.
Özüm də
bilmədən
yuxuya dalmışam.
Qolumdan yapışdılar,
ayıldım.
Çadırdan çölə çıxartdılar.
Axşam çağıdı
-
gün batdı
-
batacaq…
Çölüm soyuq,
içim isti.
Taxta təkərli arabalar
düzülüb
yan-yana.
Sanitarlar
yığırlar yaralıları
arabalara,
üst-üstə,
buğda çuvalı
kimi.
Altda qalanın canı çıxsın.
Bir arabada
on, on beş yaralı -
bağıran kim,
ölən kim.
Nə isə, yola düşdük.
Arıburnunun yolları daşlıqdı.
Arabalar silkələnir.
Toran çaldı.
Mən arxası
üstə uzanmışam
Altımda kimsə
qımıldanır,
köksümdə
bir cüt ayaq var,
Amma
ayaqlardan birinin
yarısı qopub.
Dikdirdən aşağı enirik.
Göy üzü
ulduz-ulduz,
bir də
xəfif-xəfif əsir rüzgar.
Bir-birinin ardınca
gedir arabalar.
Qum işkələsinə
çatdıq
səhərə yaxın.
Bir çadırın yanında
dayandıq.
Bir adam
bayıra çıxmadan,
çadırın içindəncə
səsləndi arabaçıya:
- Haralıdı?
- Filan yerli.
- Atasının adı?
- Filan.
- Öz adı?
- Filan.
- At aşağı!
Arabaçı
qaldırıb atdı yerə
o adamı.
Növbə mənə çatdı.
Dözə bilmirəm
ağrıya,
Ana, bacı qoymadım,
söydüm arabacını.
Hərif
adətkar olubmuş:
dedi,
söy, qardaş, söy,
ürəyin nə qədər
istəyirsə,
söy…
Qumun üstünə uzatdılar
bizi.
Yanımızda
dəniz xışhaxış
qalxır, enir.
Ətraf bir xeyli işıqlanıb.
Qumların üstündə
min,
bəlkə bundan da ziyadə
yaralı var.
Günortaya qədər gözlədik.
Bir gəmi gəldi,
ikibacalı,
dəniz rəngində.
Küfr edə-edə,
çığıra-çığıra,
bağıra-bağıra
yükldəilər bizi
gəmiyə,
yenə də
çuval yükləyirmişlər
kimi…
Gəminin içi
cəhənnəm, -
laxta-taxta qan,
mazut,
tər.
Məni
gəminin anbarına
endirdilər.
Yola düşdük.
Yeddi gün, yeddi gecə.
Yaram qurdladı.
Baxdım qurdlara
-
başları qara-qara,
qalan yerləri ağ-ağ.
Amma ağıllıdılar
-
baxdığım
duyar-duymaz qaçdılar,
bir az sonra yenə gəldilər…
Yeddi gün, yeddi gecə…
Türkün canı
it
canıdır, dözür.
Bir də
Allah öldürməyəndə
öldürmür.
Səkkizinci gün
çatdıq Sirkəciyə,
Kapitan lövbər
atdı,
lakin
qəbul etmədilər
bizi,
burda boş yer yoxdur
deyə.
Axşam,
əzan vaxtı
lövbəri qaldırdı
kapitan.
Gəldik Heydərpaşanın önünə.
Tibb məktəbi
xəstəxana idi o zaman.
Onlar
"qəbul etmək mümkündür"
- dedilər.
Bir
matrosun dalında
göyərtəyə çıxdım.
Matrosun
topallığı vardı
bir az,
amma
xas polad
kimi
möhkəm bir laz
uşağı idi.
"Bismillah"
deyib,
baxdım dörd tərəfə:
İstanbul pırıl-pırıl
nur saçır,
Ah, canım İstanbul!
Nə isə,
xəstəxanaya
girdik.
Divarlar ağappaq.
Hər yan elektrik.
Döşəmə daşları
təptəzə, tərtəmiz.
Təkərli xərək hazır.
Məni
təkərli xərəyə uzatdılar,
rahat-rahat.
Allah
dövlətə zaval verməsin.
Dua etdim, vallah…"
Susdu tatarsifət adam.
Alnı müsibət qırışdı.
Kiçik,
sivri çənəsində
seyrək, ağ saqqalı
uzanmışdı.
Qurd gözləri ilə
qəribə tərzdə gülümsədi
Qartallı Kazım,
universitet tələbəsi
-
kənardan dinləmişdi
söhbəti -
çaşqın halda.
Bir kədər duydu içində,
sonra hirs qarışıq
bir mərhəmət.
Sonra düşündü:
"Heyif,
necə də tez əfv
edirlər."
Sonra yenə düşündü:
"Bir növ balıq,
bir növ
ağac,
bir növ
mədən kimi
məmləkətimizdə
bir növ insan var ki,
ömrünü danışmağa
dəyər
və
yaddan çıxmayan
xatirəsi
müharibələrdir,
müharibələr."
Və
davam etdi
düşünməyə:
"Mən
bir səngərdə
ölümü gözləyəcək
qədər
cəsurammı?
Gözləyənlərin
və ölənlərin
hamısı cəsur
idilərmi?
Ümumiyyətlə,
bu işin cəsarətlə
bir əlaqəsi
varmı?
Yoxsa,
səngərdəkilər
bir çobanın
sallaqxanaya apardığı
bir sürü mal-qara kimi
heysiyyətsizdilərmi?
Yoxsa,
yanlış düşünürəm?
Elə səngər
ola bilər
ki, -
məsələn, mənim
üçün -
sevinc içində
ölə bilərəm
orda.
Səmimiyəm bu anda.
Fəqət gələrsə
o gün
və ölmədən
öncə
bir neçə
saat
yaralı halda
yaşayası olsam,
təəssüf
hissi duymayacağammı?"
Universitet tələbəsi
daha heç nə düşünmədi
Nəzarətçi
ağızlaşırdı
tatarsifət adamla.
Universitet tələbəsi
mübahisənin səbəbini
anlaya bilmirdi.
Peşman olmuş
adama bənzəyirdi
tatarsifət adam.
Və
nəzarətçi qürurlu görünürdü
acıqlı vaxtında
belə.
Nuri Öztürk -
"Qocalar evi"nin mühasibi -
yetirdi özünü
qovğa yerinə
və
səsi gəldikcə
bağırdı:
- Bəylər, dayanın!
Nəzarətçi
dövlət məmuru sayılır.
Deməli,
bu tatarsifət
adam
dövləti təhqir etmişdir,
dərhal
akt bağlamaq lazımdır.
Nəzarətçiyə
nəsə dedi Qartallı Kazım.
"Yaxşı,
elə olsun,
Kazım
qardaş" -
dedi nəzarətçi.
Universitet tələbəsi
Nuri Öztürkün qoluna girib,
apardı üçüncü kupeyə.
Dava-dalaş səngidi,
amma
heç kəs tatarsifət adama
dövləti təhqir etdiyini
başa sala bilmədi...
Ardı var...
Nazim HİKMƏT
Hazırladı: Dilsuz
Ədəbiyyat qəzeti.
2018.- 27 yanvar.-
S.16-17.