Sinqapur
şarı
Hekayə
Restoran gözətcisi
müştəriləri maşından düşəndə
gördü. Qaranlıq dəhlizdən
civə kimi sivişib gur işıqlı salona
çıxdı.
Qollarını sevinə-sevinə
yuxarı qaldırıb "Gələn var!" - qışqırdı.
Boş salona elə bil
qızmış nər buraxdılar. Ofisiantlar
qışın ac sərçələri kimi gələn
"yemin" üstünə cumdular. Müdir qalın
qaşlarının altından üzünü
saksofonçuya tutub: - Bir diringi hava çal görüm! -
dedi.
Saksofonçu
dodaqlarını yaşlayıb qapıya sarı boylandı. Gələnlər
üç nəfərdi.
Uzun, beli donqar kişi, kos kimi yumru arvad və üzündə qorxu
qırımı donmuş başı qırxıq oğlan
uşağı. Müştəri adı
eşidəndə sevincdən bığları əsən
müdir "müqəddəs üçlüyü"
kilsə səmimiliyi ilə qarşıladı. Gələnlər
cibləri ağırlığında yumşaq kreslolara
yayxandılar. Yumru arvad oturan kimi
ayaqlarını aralayıb "şaqqa-şukla" əsnədi. Bayaqdan boş salonu
müdirə xoş gəlsin deyə sağdan sola, soldan
sağa süpürən xadimə yumru arvadın oturuşuna
baxışıyla qiymət qoyub aşpaza xəbərə
qaçdı. Boğazları kəpənəkli
ofisiantlar üçlüyü dövrəyə aldılar.
Qapıçının üzündə müştərilər
gələndən beş manatlıq
gülüş yaranmışdı. Beli donqar
müştəridən "səs çıxmayınca"
həmin beşlik xırdalandı.
Nəhayət, kişi
boğazını arıtlayıb ofisiantlara nə yemək istədiyini
dedi.
Ofisiant kəpənəklər
mətbəxə tərəf uçuşdular.
Saksofonçu saksofonu
dodaqlarına yaxınlaşdırdı. Oynaq caz səsi eşidən
kimi, yumru arvad ayaqlarını bir az da
araladı. Kişinin belindəki donqar iki barmaq
uzunluğunda sağ tərəfə əyildi. Başı qırxıq uşaq əvvəlcə
oturduğu yerdə darıxdı. Sonra
ayağa qalxıb ayaq üstə darıxdı. Ondan sonra bir-iki addım atıb atdığı
addımından darıxdı. Nəhayət,
darıxa-darıxa səsə yaxınlaşdı.
Dayanıb heç bir şəkli olmayan dana
gözləri ilə mattım mattım çalınan
saksofona baxdı. Bir
azdan öz baxışından da darıxıb
saksofonçunun başına hərlənməyə
başladı. Bir neçə dövrə vurduqdan sonra isə qəfil
boynuna sarılıb toppuş əlləri ilə onu boğmağa
çalışdı. Bomboş salonda ağ
süfrəli mizlərin arasında tək-tənha dayanıb
bayaqdan bəri "saksofonunu yırtan" bu eynəkli
kişinin harasısa uşağa xoş gəlmədi.
Saksofonçu
uşağı çiynindən nəzakətlə
aşağı düşürdü.
Başı qırxıq
uşaq nəzakət-filan qanana oxşamırdı. Üzü
üstə döşəməyə uzanıb zar-zar
ağlayırdı. Səsinə küçənin o
başında tum satan qadınla yenicə
tanış olmuş sahə müvəkkili də
qaçıb gəlmişdi. Uşaq doyunca
ağlayandan sonra, doyunca susdu. Bir hovurdan sonra ayağa qalxıb bayaqdan bəri
susmuş atasına: - Bu zurna çalanı burdan rədd elə!
- dedi.
Beli donqar əlini cibinə
salıb müdirə sarı boylandı.
Saksofonçu aram-aram
saksofonu söküb çantasına yığdı. Həmin təmkinlə də
ovurdları Pir
Osmanın tablolarındakı kinto ovurdları kimi
şişkin "müqəddəs
üçlüyün" mizinə yaxınlaşdı. Kişi əyilib yumru arvadın
qulağına nəsə deyirdi. Saksofonçu əlinu
beli donqarın çiyninə qoyub gözü ilə
uşağı göstərdi.
- Oğlundu?
Beli donqar özündən və
günündən razı razı başını tərpətdi.
- Belə oğulun anasını indidən
pettəməsən, sabah başına oyun
açacaq!
Çeynədiyi tikəsi yumru arvadın boğazında
qaldı. Beli donqar ayağa
qalxıb cib telefonuyla cangüdənini çağırdı.
Saksofonçunu restorandan
döyə-döyə çölə
çıxardılar.
Qapıçı arxasıyca: -
Müdür dedi ki, sabahdan işə çıxmasın! - qışqırdı.
Saksofonçu pillələri
birnəfəsə qalxdı. Dostu qapının
ağzındakı artırmada oturub dadlı-dadlı siqaret
çəkirdi. Suallı gözləri
siqaretin tüstüsü altından parıldayırdı.
Yarım litrlik araq şüşəsinin,
beş-altı saralmış zoğalın, duzu
daşlaşmış düzqabının da saksofonçuya
suallları vardı. Dostu
arınıb-daranmışdı. Araq
içmək onun üçün müqəddəs törən
qədər vacib ayin idi.
- Ürəyimi üzmə! De görüm baş verib? -dostunun
səsi əsirdi.
- Məni restorandan qovdular!
- İndi neynəyəcəksən?
- Arvadın yatıb?
- Yatsaydı, burda nöş otururduq?
Evdə oturardıq da!
Birinci qədəhi dinməzcə
vurdular. Dostu zoğalı iyləyib pillələrə sərdiyi
qəzetin üstünə atdı.
- Bura niyə gəlmisən?
- Heç kimə demə! Sabah
Sinqapura gedirəm!..
Dostunu gülmək tutdu. Bir xeyli ucadan
güldü. Nəhayət, arvadını
xatırlayıb susdu. Ciddi görkəm alıb: -
Buranı ağ günə
çıxartdın, qaldı ora! - dedi.
- Ciddi sözümdü. Burayla
qurtardım!
Dostu: - Orda nə iş görəcəksən?
- soruşdu.
- Hava şarı alacam!
- Şarı neynirsən?
- Göyə çıxacam! Fikrimi tutmadın?
- Sözün açığı,
tutmadım!
- Sonuncu dəfə haçan
başını qaldırıb göy üzünə
baxmısan?
- Yadımda deyil. Yəqin uşaq
olanda!
- Təsəvvür elə
başını qaldırırsan yuxarı. Və hər
gün günəşin əvəzinə orda məni
görürsən! Səhər-axşam hava şarında
saksofon çalıram! Gör yaşamaq nə gözəl
olar! Göyün səsi itib e. Ona görə
belə qəddarıq. Biri-birinə oğraşlıq
edirik!
- Yer sənə azlıq eləyir?
- Yerə yeni nəfəs verməyin
vaxtı gəlib! Nəfs nəfəsi
üstələyib! Yerdə ancaq dumbul çala
bilərsən. Qolun zoru dəbdədir də! Mən isə nəfəs adamıyam. Ona
görə də göyə qalxacam!
- Sinqapur hardadır?
- Sözün açığı,
harda olduğunu
bilmirəm. Təkcə onu bilirəm
ki, orda hava şarı altı yüz dollardır.
Kalendarın dalından oxumuşam!
- Ora necə gedəcəksən?
- Çox asan. Mənə
min dörd yüz dollar pul lazımdır. İndi o qədər
travel şirkətləri var ki. İtinə
tök. Pulunu verirsən. Sənə viza da alır. Təyyarə
bileti də. Qalır bir dənə şarı üfləmək!
- Pulu hardan tapacaqsan?!
- Saksofonumu satacam!
- Kimə?
- Fimaya. O, royalını Ağakərimə
satıb axı!
- Elə niyə?
- Deyir xırda alətin səsi
qulağa daha tez çatır!
- Bu məntiqlə sən gərək
fıştırıq alasan!
- Məni ələ salsan da, Sinqapura
gedəcəm!
Dostu arağı badələrə
süzdü.
- Götür içək. Biz
hamımız hava şarından yıxılmışıq! -
dedi.
Saksofonçu ayağa
qalxıb səntirləyə-səntirləyə pillələrlə
aşağıya endi. İşıqsız, adamsız şəhər
küçələri ilə ayılana qədər
dolaşdı. Şəhərdən
köçmüş, xariçə getmiş
dostlarının evləri qarşısında dayanıb
baş əydi. Şəhərin
bütün küçələri hərlənib-fırlanıb
dəniz kənarına çıxırdı. Onun da içi boş küçə kimiydi.Fikrinin ən
dar dalanından keçib bulvara
çıxdı.Qağayılar dənizin dibində nə
görmüşdülərsə
qışqırışırdılar. Taxta
oturacaqların birində oturmuş cütlük gecənin
zülmətində təkcənə dolaşan
saksofonçudan əvvəlcə qorxdular. Sonra onun zəif
işıq altında ağaran üzünü tanıyıb
toxdadılar. Uzun illər şəkli qazet
səhifələrindən düşməyən, haçansa
məşhur olmuş caz ifaçısını gecənin
zülmətində yaxından görmək onlar
üçün nə qədər qəribə idisə, onun
üçün də sevişən gənclərin onu
tanıması bir o qədər qəribə idi.
- Məni tanıdız?
Qız gülə-gülə: -
Əlbəttə - dedi.
- Çoxdandı Bakıda
yaşamırdım! On ildi Sinqapurdaydım!
Qız oğlana
qısıldı. Oğlan yenicə kişiləşən səsiylə:
- Oralar yəqin gözəl olar? - soruşdu.
Saksofonçu: - Gözəldi! Orda
adamı bir baxışdan tanıyırlar! - dedi.
Oğlan: - Belə çıxır
ki, orda hamı hamını tanıyır? - soruşdu.
- Yuxarıdan baxırlar axı! Orda hərənin qapısında bir hava şarı
var. Onlar göydə yaşayırlar. ər
on dəqiqədən bir əyilib yerə də baxırlar!
Orda hava şarı çox ucuzdur!
Oğlan ayağa qalxıb saksofonçuya
yaxınlaşdı. Onun nimdaş
güllü-güllü pencəyinə, ağzından qoxan
araq iyinə məhəl qoymayıb pıçıltıyla:
- Sevdiyim qız üçün bir qəşəng hava ifa edə
bilərsən? - soruşdu.
Saksofonçu dənizlə
nəfəs-nəfəsə idi. Saksofonu
çantasından çıxarıb dodaqlarına toxundurdu.
Səsin sehrindən şəhər
işıqları bir-bir yanmağa başladı. Dəstə-dəstə insanlar yuxudan oyanıb səsə
tərəf axışdılar. Mürgüləyən
gəmilər tənbəl-tənbəl rəqs etdi. Yüngülcə Buzovna yeli əsdi. Dəniz ləngərləndi. Həştərxan
mayakı uzaqdan səsə boylanıb kiməsə göz
vurdu. Balıqlar suyun üzündə
atılıb-düşdülər. Qağayılar
bir kasıb qağayıya toy eləyib gəlin
köçürdülər.
Dostu evində
yatmışdı. Arvadı silkələyib oyatdı.
- Dəniz tərəfdən qəribə
səslər gəlir. Bütün şəhər ordadır. Dur ayağa, biz də gedək. Bəlkə zəlzələ
olub! - dedi.
Dostu arvadı ilə səsə
tərəf gedirdi. Birdən dənizin üstünə ağ
duvaq kimi atılmış ağappaq hava şarını
gördü. Yuxu gördüyünü düşünüb öz qolunu çimdiklədi.
Yatıb-eləməmişdi. Yuxu da görmürdü. Göydən
ədəli-dədəli hava şarı
asılmışdı.Saksofonun səsi də ordan gəlirdi.
Dostu barmağını dişlədi. Amma nə qədər boylandısa saksofonçunun
üzünü görə bilmədi.
Dünyanın havasını dəyişən
bu qəribə səsi bir neçə saat dinlədikdən
sonra dostu arvadından: - Səndə beş
dollar olmaz? - soruşdu.
Arvadı ovcunda tutduğu pulların
hamısını ağlamsına-ağlamsına ona
uzadıb: - Get neynirsən elə! Həyat onsuz da puçdu ! - dedi.
Orxan Fikrətoğlu
Ədəbiyyat qəzeti.-
2018.- 27 yanvar.- S.19.