Unudulmayanlar
Birinci yazı
Milli peşəkar
teatrımızın inkişafında qüdrətli sənətkarlarla
yanaşı, adları geniş oxucu kütləsinə az məlum olan fədailərin də xidmətləri
çoxdur. Professor İlham Rəhimlinin bu sənətkarların
yaradıcılığından qısaca bəhs edən
silsiləsindən birincisini təqdim edirik.
İlham RƏHİMLİ
Mirzə Muxtar Məmmədov
(1841-1929)
Milli səhnəmizin ilk peşəkar
aktyorlarından biridir. Realist aktyor
məktəbinin inkişafında xuüsusi xidmətləri
var. Əslində səhnə
xidmətlərini əsas peşəsi müəllimlikdən
ayırmayıb. Bununla belə, aktyorluğun
ilkin nəzəri-estetik, bədii-təcrübi səciyyələrinin
təşəkkülünə səbəb olub. Əlli ildən çox sərasər
ömrünün ən parlaq dövrünü xalqın
maariflənməsinə sərf edib. Bu yolda hər
cür əzablara mətanətlə sinə gərib və həyatının
mənasını
xalqın mənəvi təkamülündə, təfəkkürlərin
trəqqisində tapıb.
Mirzə Muxtar Ələskər
oğlu Məmmədov (Məhəmmədzadə) 1841-ci ildə
Şuşa şəhərində anadan
olub. Bəzi mənbələrdə onun təvəllüdü
1859-cu il göstərilir. Muxtar Məmmədov
əvvəlcə mədrəsədə, iki il
sonra, on bir yaşından türk-rus mütərəqqi məktəbində
təhsil alıb. Fars və rus dillərini mükəmməl
öyrənib. Yeniyetmə yaşlarından şəhərdə poeziya xiridarı və lirik
şeirlər, qəzəllər müəllifi kimi
tanınıb. Şeirlərini əsasən Aazərbaycan
türkcəsində və bəzən farsca yazıb. Şuşada fəaliyyət göstərən Xarrat
Qulunun muğam məclislərində yaxından iştirak
edib. "Segah", "Mahur hindi", "Qacar
bayatısı" muğamlarını şövqlə
oxuyub.
Şuşa şəhərində
xalq oyun-tamaşalarını təşkil edən, məsxərə
və vodevillərə səhnə həyatı verən
Qarabağ ziyalıları arasında adı həmişə
hörmətlə çəkilib və uca tutulub. Buna görə
ona hörmət əlaməti olaraq "Mirzə" deyə
müraciət ediblər. Mirzə Muxtar iyirmi iki yaşından Şuşada müəllimliklə
məşğul olub. 1870-ci ildə Novruz
bayramı münasibətilə "Qaravəlli"
tamaşası hazırlayıb və oyun camaatın çox
xoşuna gəlib. Bundan sonra o bütün
bayramlara məsxərəli oyunlar hazırlayıb. 1874-cü ildə Şuşada Mirzə Fətəli
Axundzadənin "Hacı Qara" komediyasını
tamaşaya hazırlayıb. Komediya Şuşadakı rus
əsgərlərin qışlamasında (kazarmasında) göstərilib.
Aktyor bu barədə "Övraqi-nəfisə"
jurnalının 1919-cu ildə nəşr olunmuş
2-ci sayında yazır:
"O vəqtdə mətbəə-filan olmadığından qələm ilə
otuz beş elan
yazdım payladım cəmaətə. Axşam tamaşaçılarından bəziləri: "şəriətə
zidd bir şey bulsaq, vay halına" deyərək məni hədələyirdilər...
Bərəkət versin ki, dinə müxalif bir
şey bulmayıb razı getdilər. İştə
o zamandan bəri Qafqasiyanın başqa şəhərlərinə
səfər edib, tamaşalar göstərmişəm. O
cümlədən İrəvanda, Gəncədə, Tiflisdə,
Vladiqafqazda və Dərbənddə...".
Onun aktyorluğunun ilkin mərhələsi
(1873-1883) məhz Şuşa dövrünə
aiddir. Müəllimlik fəaliyyətinə də
burada başlamışdır. 1883-cü
ildə Mirzə Muxtar Gəncəyə köçərək
burada müəllimlik etmiş və sonra Tiflisə gedərək
xüsusi gimnaziyada təhsil almaqla bərabər türk-rus
ilkin məktəbində dərs demişdir. Təbii ki, səhnə vurğunu hər iki şəhərdə,
xüsusən Tiflisdə yerli həvəskarlar dəstəsində
aktyorluğunu davam etdirmişdir.
1899-cu ildə Bakıya
köçüb. Müəllimlik işinə düzəldikdən sonra
şəhərin teatr həvəskarları ilə tanış olub. Üzeyir bəy
Hacıbəylinin "Leyli və Məcnun"
operasının hazırlanmasında yaxından iştirak edib
və Məcnunun atası Əbül Qeys rolunu ifa edib. Muğam dəstgahlarını və
ifaçılığını dərindən bilən sənətkar
ayrı-ayrı ifaçılarla xüsusi məşğələlər
keçib. Bakı dövrü Mirzə
Muxtar Məmmədovun yaradıcılığının
üçüncü, əsas və daha əhatəli mərhələsi
kimi formalaşıb. Aktyor burada həmçinin
"İkiinci müsəlman dram cəmiyyəti", "Həmiyyət",
"Nicat", "Səfa", Hüseynqulu Sarabskinin
"Opera artistləri dəstəsi", "Zülfüqar bəy və
Üzeyir bəy Hacıbəyli qardaşlarının müdiriyyəti",
Abbasmirzə Şərifzadənin yaratdığı
"Müsəlman artistləri ittifaqı" teatr
truppalarında aktyorluq edib.
İfa etdiyi əsas rollar: Üzeyir bəy
Hacıbəylinin əsərlərində Vəzir ("Şah Abbas və Xurşid
banu"), Səməngən şahı ("Rüstəm və
Söhrab"), İsfahan şahı, Şeyx Nurani və
Keşiş ("Əsli və
Kərəm"), həmçinin Hacı və Vasiq ("Aşıq Qərib",
Zülfüqar Hacıbəyli), Səfər bəy
("Hacı Qara", Mirzə Fətəli Axundzadə),
Zabit, Şiruyə və Baş möbid ("Dəmirçi Gavə", Şəmsəddin
Sami), İbrahim ("Qəzavat", Sergey Lanskoy), Keşiş
("Qaçaqlar", Fridrix Şiller), Könüllü əsgər,
Əkbər şah Hindu ("Vətən" və "Qara
bəla", Namiq Kamal), Kaysarov ("Napoleon müharibəsi və
yaxud Moskva yanğını", Baxmetov), Zabit ("Tariq ibn
Ziyad", Əbdülhəq Hamid), Müəllim
("Xan-xan", Haşım bəy Vəzirov), Möbid
("Ənuşirəvni adil", Əbdürrəsul Şərifzadə),
Şeyx Əhməd ("Ölülər", Cəlil Məmmədquluzadə),
Mirzə Qoşunəli və Mirzə Bayram ("Dağılan tifaq",
Əbdürrəhim bəy Haqverdiyev), Əhməd Rza
("Sultan Əbdülhəmidin xəli", Mehdi bəy
Hacınski), Molla Sübhan ("Ədirnə fəthi", Cəfər
Cabbarlı), Cəfər xan ("Şamdan bəy" və
"Nadar şah", Nəriman Nərimanov).
Mirzə Muxtar Məmmədovun 1929-cu
il yanvar ayının 16-da
Bakıda vəfat etdiyi bildirilir. Bəzi mənbələrdə
onun 1930-cu ildə, bir qismi isə 1928-ci ildə
dünyasını dəyişdiyi qeyd olunur. Lakin
onun ölümü haqqında çıxan qəzet məlumatlarından
sənətkarın 1929-cu ildə vəfat etdiyi məlum olur.
Əbülfət
Vəli
(1867-29.11.1918)
Milli teatr sənətimizin səhnə
fəaliyyətini özünə yaradıcılıq və
həyat yolu seçən ilk peşəkar aktyor Əbülfət
Vəlidir (Vəliyev). Həyatı haqqında məlumat çox az olan Əbülfət Vəlinin
yaşını Əbdürrəhim bəy Haqverdiyevin "Ac
həriflər" pyesinin yazılma tarixi əsasında
müəyyənləşdirən teatrşünas İnqilab
Kərimovun qənaətləri inandırıcı və hələlik
əlimizdə yeganə istinad dəlilidir. Xatırladım
ki, Əbdürrəhim bəy Haqverdiyev "Ac həriflər"
məzhəkəsində Hüseyn Ərəblinski ilə
Əbülfət Vəlinin obrazlarını yaradıb və əsərini
də məhz onlara ithaf edib.
Zəhmətkeş səhnə
fədaisi Əbülfət Vəli Bakıda realnı məktəbdə
oxuyub. Səhnəyə 1880-ci illərin ortalarında gəlib.
On doqquzuncu əsrin son iyirmi ilində teatr
turuppalarında fəal çalışan, Sultan Məcid Qənizadə
və Həbib bəy Mahmudbəyovla birgə teatr prosesini
canlandıran Nəcəfqulu Vəliyevin kiçik
qardaşıdır. Onlar əslən
Şuşadandırlar. Özü
Balaxanıda Mirzə Ələkbər Sabirlə birlikdə
müəllimlik edib. Buna görə də
əsasən müəllimlər Həbib bəy Mahmudbəyovun
və Sultan Məcid Qənizadənin hazırladıqları həvəskar
tamaşalarında həm kiçik, həm epizod, həm də
əsas rolları oynayıb. Sonralar özünün,
eləcə də sənətkar dostu Cahangir Zeynalovun
quruluş verdikləri tamaşalarda da çıxış
edib. İyirminci əsrdə "Müsəlman
artistləri cəmiyyəti", "Nicat", "Həmiyyət",
"Səfa" teatr truppalarında aktyor və rejissor kimi
çalışıb. Hüseyn Ərəblinskinin
quruluş verdiyi əksər tamaşalarda məsul müdir
Əbülfət Vəli olub. Onun qastrol təşkil
etməkdə, truppanı bir qayə ətrafında birləşdirməkdə
xüsusi bacarıq və səriştəsi vardı.
Azərbaycan
aktyorlarının bir dəstəsi Əbülfət Vəlinin
rəhbərliyi ilə İrəvan, Tiflis, Batum, Suxumi,
İstanbul, Sevastopol, Yalta, Aşqabad, Mahaçqala şəhərlərində
qastrolda olub.
O, bir neçə dəfə Üzeyir bəy Hacıbəyli
ilə, Süleyman Sani Axundovla, Mehdi bəy Hacınski ilə
birgə "Nicat" Cəmiyyətində ədəbiyyat və
teatr komissiyasının üzvü seçilib.
İfa etdiyi əsas rollar: Mirzə Fətəli
Axundzadənin komediyalarının tamaşalarında Murov, Xəlil
yüzbaşı ("Hacı Qara"), Hatəmxan ağa
("Müsyö Jordan və dərviş Məstəlişah"),
Nəcəf bəy Vəzirovun əsərlərində
Cahangir bəy, Rüstəm bəy və Fəxrəddin
("Müsibəti-Fəxrəddin"), məzhəkələrində
Dəli Şirin ("Daldan atılan daş topuğa dəyər"),
Şahmar bəy ("Ev tərbiyəsinin bir şəkli"),
Nəriman Nərimanovun tarixi faciəsində Sərbaz, Şah
Təhmas, Saleh bəy, Cavad xan, Ədhəm xan, Cahangir bəy,
Sərbaz, Əbdürrəhim bəy ("Nadir şah"),
dramlarında Dayı ("Bahadır və Sona"), Niyaz bəy
("Dilin bəlası"), Əbdürrəhim bəy
Haqverdiyevin faciələrində Həkim, Heydər bəy və
Hacı Səməd ağa ("Bəxtsiz cavan"), Murtəzaqulu
xan, Mustafa xan və İkinci İrakli ("Ağa Məhəmməd
şah Qacar"), Əbdül ("Dağılan tifaq"), həmçinin
Həsən bəy ("Köhnə Türkiyə",Rza
Zaki Lətifbəyov) Sultan,
Ömər ibn As və Əbu Übeyd ("Ərmənusə",
Yusif Talıbzadə), Gavə ("Dəmirçi Gavə",
Şəmsəddin Sami), Sidqi bəy,
Xəlil bəy ("Vətən" və "Bəxtsiz
bala", Namiq Kamal), Natiq ("Cövdət bəy", Məhəmməd
Ehsan), Əbu Diyab ("Əmir Əbül Üla",
Hüseyn Bədrəddin və Məhəmməd Rüfət), Qoca Moor və Şveytser
("Qaçaqlar", Fridrix Şiller), Ata ("Yəhudilər", Yevqeni
Çirikov), Ömər ibn As və Həsən ("Əl Mənsur",
Henrix Heyne), Dağıstan qəhrəmanı ("Qafqaz çiçəkləri",
Rudolf Botşald), Potap ("Əvvəlinci şərabçı",
Lev Tolstoy), Cənnətəli ("Zorən təbib", Jan
Batist Molyer), Dobçinski ("Müfəttiş", Nikolay
Qoqol), Məşədi Kərim ("Pulsuzluq", İvan
Turgenev. Ceyhun Hacıbəylinin təbdili).
Rejissor kimi də ciddi fəaliyyət
göstərən Əbülfət Vəli dramaturqlardan Mirzə
Fətəli Axundzadənin "Hacı Qara", Nəriman Nərimanovun
"Nadir şah", Nəcəf bəy Vəzirovun
"Daldan atılan daş topuğa dəyər",
"Müsibəti-Fəxrəddin", "Hacı Qəmbər",
Əbdürrəhim bəy Haqverdiyevin "Bəxtsiz
cavan", "Dağılan tifaq", Qulamrza Şərifzadənin
"Molla Nəsrəddin", Rza Zaki Lətifbəyovun
"Köhnə Türkiyə", Sultan Məcid Qənizadənin
"Dursunəli və ballıbadı", Üzeyir bəy
Hacıbəylinin "Məşədi İbad" əsərlərinə
səhnə quruluşu verib.
1911-ci ildə müvəqqəti
olaraq "Nicat" Cəmiyyətinin teatr truppasından
ayrılmış Əbülfət Vəli "Mirat"
("Güzgü") dram dərnəyi yaradıb. O, burada da müxtəlif əsərləri,
əsasən kiçikhəcmli pyesləri tamaşaya
hazırlayıb. Həmin il Əbülfət
Vəli güzəranının çətinliyindən səhnəni
atıb Daşkəndə getmək istəyib. Ancaq
bu cəhdi alınmadığına görə dəstə
bağlayıb və Qafqazın müsəlmanlar yaşayan
bölgələrinə qastrola çıxıb.
Əbülfət Vəli
1918-ci ildə daşnak ermənilərin Bakını talan edib
viran qoyduğu günlərdə şəhəri tərk etməyib. Bir müddət
sonra ciddi maddi çətinliklərlə üzləşdiyinə
görə Göyçay rayonuna gedib. 1918-ci il noyabr ayının 29-da miskin şəkildə
dünyasını dəyişib.
Məhəmməd
Əlvəndi
(1872-1918)
Milli teatrımızın həvəskarlıqdan
peşəkarlığa keçid mərhələlərində
dəyərli xidmətləri olan səhnə xadimlərindən
biri Məhəmməd Əlvəndidir. Onun soyadı
Məlikovdur, Əlvəndi səhnə təxəllüsüdür.
O, 1872-ci ildə Şamaxıda qulluqçu ailəsində
doğulub. Məhəmməd Azərbaycan və
rus dillərində mükəmməl savad alıb. Şamaxı şəhərində ziyalılarla
sıx ünsiyyətdə olub. Şəhərin
mədəni-kütləvi tədbirlərində,
maarifçilik müsamirələrində yaxından
iştirak edib. Mütaliəyə ciddi
maraq göstərib. Şamaxıdakı
qiraətxananın fəal üzvlərindən idi, eyni zamanda
şəhərin şeir məclislərində də
iştirak edib.
Gənc yaşlarından
Bakıya gələn Məhəmməd Əlvəndi (Məlikov)
müxtəlif hüquq işləri idarəsində
çalışıb. Eyni zamanda teatra ciddi rəğbət bəsləyib.
Səhnəyə ilk dəfə 1890-cı ildə
çıxıb. Səhnə sənətinin
Azərbaycanın rayonlarında geniş yayılması
üçün Hüseyn Ərəblinski, Əbülfət
Vəli ilə çiyin-çiyinə və ciddi səylə
fəaliyyət göstərib. Bakıda
mövcud olan müxtəlif teatr truppalarının, əsasən,
"Nicat" mədəni-maarif Cəmiyyəti nəzdindəki
teatr dəstəsinin tamaşalarında yaddaqalan rollar ifa edib.
"Müsəlman dram artistləri", "Səfa",
"Müdiriyyət" teatr truppalarının
hazırladıqları səhnə əsərlərində də
iştirak edib. Cahangir Zeynalovun "Ev teatrı"nın fəal üzvlərindən olan Əlvəndi
teatr tamaşalarının hazırlanıb göstərilməsinin
müəyyən təşkilati işlərində də səriştəli
idi.
Məhəmməd Əlvəndinin
milli dramaturgiyamızın nümunələrində ifa etdiyi
rollar: Heydər bəy və Hacı Qara ("Hacı
Qara", Mirzə Fətəli Axundzadə), Əşrəf bəy
və Rüstəm ("Hacı Qəmbər", Nəcəf
bəy Vəzirov), Xəlil bəy ("Bəxtsiz bala", Səkinə
Axundzadə), Mürtəzaqulu xan və Sadıq xan
("Ağa Məhəmməd şah Qacar", Əbdürrəhim
bəy Haqverdiyev), Hümbət bəy
("Yaxşılığa yamanlıq", İsgəndər
bəy Məlikov), Marks ("Ərmənusə", Yusif
Talıbzadə), Mika ("Xalid ibn Valid", Yusif Talıbzadə),
Şah Təhmas ("Nadir şah Əfşar", Nəriman
Nərimanov), Hümbət bəy ("Dursunəli və
ballıbadı", Sultan Məcid Qənizadə), Firuzən
("Səd ibn Vəqqas", Mirzə Məmməd Axundzadə).
Tərcümə əsərlərinin
tamaşalarında ifa etdiyi əsas rollar: Yaqo ("Otello",
Uilyam Şekspir), Təbib İlyas ("Zorən təbib",
Jan Batist Molyer), Qriqoryev və Müstəntiq ("Qəzavat,
yaxud hürriyyət uğrunda", S. Lanskoy), Qəhtan ("Dəmirçi
Gavə", Şəmsəddin Sami), Ərəb və Məsud
("Əmir Əbül Üla", Hüseyn Bədrəddin
və Məhəmməd Rüfət), Podkolosin, Osip ("Evlənmə"
və "Müfəttiş", Nikolay Qoqol), Həsən
("Əl Mənsur", Henrix Heyne), Herman
("Qaçaqlar", Fridrix Şiller), Firuzən ("Səd
ibn Vəqqas", Mirzə Məhəmməd Axundovun
iqtibası. Pyesin adı "Səd Vəqqas",
"Səd ibn Vəqqas, yaxud ərəblərin iranlılarla
müharibəsi" kimi də yazılıb).
Məhəmməd Əlvəndi
müəyyən tamaşalarda romantik aktyor məktəbinin
estetik səciyyələrindən istifadə etsə də,
realist oyun üslubuna daha çox meyil göstərib. Səhnə sərbəstliyi,
yöndaşlarına diqqətli olması ilə seçilib.
Məhəmməd Əlvəndi
1918-ci ildə ermənilərin Bakı şəhərində
törətdikləri qanlı vəhşiliklərdən
möhkəm sarsılıb. Sənət
dostları məcburiyyət qarşısında qalaraq
Hacıtərxana, Volqa çayı boyunda türkdilli
xalqların yaşadıqları şəhərlərə
qastrola gediblər. Lakin Əlvəndi dostlarının təkidinə
baxmayaraq, onlarla qastrol səfərinə çıxmayıb. Maddi vəziyyətdən çətinlik çəkən
sənət fədaisi səfalət içində dünyasını
dəyişib.
İlham Rəhimli
Ədəbiyyat qəzeti.- 2018.- 27 yanvar.- S.18-19.