Polad
qızılgül
Bulqakovun
güclü qadın axtarışında
üçüncü - sonuncu cəhdi
"Toy günümüzdə
mənim fatam belə yox idi. Daha doğrusu, əynimə
geyinməyə gəlinlik libasım da yox idi. Atamın mənə göndərdiyi pulları xərcləmişdik.
Anam isə həmin gün məni görüb dəhşətə
gəlmişdi. Sadə, kasıbyana
görkəmim var idi. O, yeni bir blus alıb gətirdi. Anamın aldığı yeni blusu və qat-qat ətəyi
geyinərək kilsəyə daxil oldum".
Mixail Bulqakovun birinci həyat
yoldaşı Tatyana Lappanın xatirələrində bu kəlmələr
yazılmışdı. Gənclərin
maddi çətinlikləri elə toy günündən
həyatlarına qədəm qoymuşdu. Tatyananın
atası hər ay 50 rubl göndərərdi. Əslində bu məbləğ əgər qənaətlə
xərclənərdisə bir aya yetəcək məbləğ
idi. Nə yazıq ki, Bulqakov olduqca bədxərc
idi. Hətta cibində sonuncu rublu olsa belə
hər hansı bir məkana taksi ilə getmək istəyirdisə,
düşünmədən taksiyə minərdi. Bu isə ailəli insan üçün olduqca mənfi
hal idi. Və o, bunun fərqində deyildi.
"Anam məni sədalövhlükdə
günahlandırırdı. Onlarda qonaq olduğumuz
zaman bir də görərdi ki, barmağımda nə
üzük var, nə də xırda-para digər
qızıllarım. Adətən onlar
lombardda olurdu" (Tatyana Lappanın xatirələrindən).
Hələ Birinci Dünya
müharibəsində hərbi hospitalda həkim kimi
çalışan Bulqakov əməliyyatların birində
difteriyaya yoluxur. Ümumiyyətlə, gərgin iş şəraiti
Bulqakovun yuxusunu, dincliyini əlindən almışdı. Ağrılardan, yuxusuz gecələrdən xilas olmaq
istəyən həkim morfi qəbul etməyə
başlayır. İlk vaxtlar morfidən,
sadəcə, dərman olaraq istifadə etsə də, sonradan
bu dəhşətli dərmanın alüdəçisinə
çevrilir.
Bulqakovun morfinistə
çevrilməsi heç kimə sirr deyildi. Xanım
Lappanı isə aptek işçiləri çox
yaxşı tanıyırdı. Hamı
bilirdi ki, o, yaxınlıqdakı hərbi hospitalın əsas
həkimlərindən birinin həyat yoldaşıdır.
Səhər sübhdən
qışın soyuğunda belə heç nəyə fikir
vermədən aptek-aptek gəzən bu qadın göz
yaşları içində ərini güclü
ağrılardan xilas etmək üçün morfi
axtarışında olurdu. İqtisadi çətinliyin,
müharibənin tuğyan etdiyi bir vaxtda apteklərdən
aspirin tapmaq mümkün deyildi, o ki, qaldı morfi olsun. Tatyana həmin soyuq
günlərin birində əlində kiçik ampula ilə
evə qayıdanda bilirdi ki, bu cür
alışqanlığın axırı yalnız və
yalnız ölümlə qurtara bilər. O səbəbdən
də geriyə - aptekə qayıdaraq morfini distilə
olunmuş su ilə əvəzləyir. Həyəcanla
evə gəlib ağlından keçirdiyi proseduru tətbiq
edir. Budur, möcüzə baş verir.
Bir neçə müddət davamlı qəbullardan
sonra Mixail nəhayət ki, bu asılılıqdan qurtulur.
Müdrik qadının özünəməxsus
ixitrası səmərə verir. Sevimli həyat
yoldaşı normal həyata qayıdır.
Öncəgör
ona belə söyləmişdi...
Bulqakov
falçılığa qətiyyən inanmazdı. Baxmayaraq ki,
mistika günü bu günə qədər onun imzası ətrafında
dövr edir, hətta bir çoxları onu okkullist
adlandırır, amma Bulqakov belə uydurmalardan kifayət qədər
uzaq idi. Günlərin birində o, kiyevli
qaraçıya yaxınlaşaraq sadəcə ironiya
üçün, bəlkə də maraq üçün
ovcunu qaraçı xanıma uzadır. Qaraçı
diqqətlə yazıçının əlindəki xətlərə
baxıb, "sən üç dəfə evli olacaqsan",
sözlərini dilə gətirir. Bulqakov
gülür. Belə də uydurma olar?
Bu təbəssümü görən
qaraçı "Yadında saxla ki, birinci həyat
yoldaşın - Allahdan, ikinci - insanlardan,
üçüncü isə - iblisdən olacaq" - söyləyir.
Evə qayıdan Bulqakov başını bulayaraq
"Mən sevimli Tasyamdan heç vaxt ayrılmaram" deyə
öz-özünə pıçıldayır. Amma tale öz oyununu oynamaqda idi. İstəsək
də, istəməsək də, uydurma adlandırsaq belə,
mistik qüvvə, yazılmış alın yazısı kimi
mövzular çoxumuza gülməli görünsə belə,
bəzən küncə sıxılanda onun mövcudluğunu
qəbullanırıq.
Xanım Lappa (birinci həyat
yoldaşı) ilə Mixail Bulqakovun
tanışlığının qəribə tarixçəsi
var idi. Əslində onların hər ikisi öz ailələrinin
dəcəli və sözə baxmayanı idilər. Opera, balet isə şəxslərin həyat tərzi,
mənəvi doyum mənbəyi idi. Gənc
gimnazist bəy, xanım Lappanı opera teatrının
qarşısında görmüşdür. Alicənab Mixail elə ilk andaca xanımları məftun
etməyi, öz fantaziyasını işə salmağı
çox yaxşı bacarırdı. Budəfəki ələ
alma cəhdi məhəbbət cərəyanı
ilə nəticələnir. İlk
baxışdan bir-birinə aşiq olan tərəflər elə
o andaca biri-biriləri üçün
yarandıqlarının fərqində olurlar.
Gənc yazıçı
Tatyanaya dəlicəsinə aşiq olmuşdu. Onsuz nəfəs
ala bilmirdi. Saratova qayıdan xanım Lappa, Bulqakovun
dostundan: "Bulqakov özünü güllələməyin
astanasındadır" sözlərinin əks olunduğu
teleqramı alır. Ailənin bütün
üzvləri baş verən olaydan xəbər tutur. Bəli, universitetdən ayrılan Bulqakov əgər
Tatyananı görməzdisə canına qəsd edəcəyini
dostuna söyləmişdi. Ümidsizliyə,
depressiyaya qapılan gənc göz yaşları içində
Tatyananı gözləyirdi. Bu xəbər Saratova
çatdıqda təşvişə düşmüş ailə:
"Əgər ağlını başına yığmasan,
ümumiyyətlə, daha Tatyananı görməyəcəksən"
cavabını Bulqakova göndərir. Nəhayət
görüşə icazə verirlir.
O, Tasya ilə ara-sıra görüşürdü.
Amma bu görüş
daima güclü nəzarət altında olurdu. Nəhayət ki, bir könüldən min
könülə Mixailə aşiq olan Tatyana tarix-fəlsəfə
kursu keçmək adı ilə Kiyevə gələrək
Saratovdan, ailəsinin əlindən sıyrıla bilir. Bununla da eşqin növbəti mərhələsi
başlayır. Sevgililər
gülüş sədaları altında evlilik adlı
mühüm və ciddi məsuliyyətin altına girmiş
olurlar. Bu
müqəddəs akt 1913-cü ilin gözəl aprel ayında
baş verir.
Maddi sıxıntı Mixaili
çıxılmaz vəziyyətdə qoyurdu. Hərbi hospitalda işə
başlayan Bulqakov həyat yoldaşı
Tasyanı tibb bacısı
olaraq yanına işə düzəldir. Cansıxıcı
iş şəraiti, yaralıların əhatəsi, yuxusuz gecələr
Mixaili morfi xəstəsinə çevirir. Amma
Tatyananın müdrik hərəkəti sevimli ərini
ölümün pəncəsindən xilas edə bilir. Bununla da gənc, həkim həyatından
yazıçılıq həyatına qədəm qoyur.
Tatyana Bulqakovun ara-sıra kənara çəkilib
nə isə yazdığını görürdü. Bu, onu sevindirirdi, ürəyinə dinclik gətirirdi.
Tasya hər yerdə onunla
idi. Tale Bulqakovu hara qovurdusa xanım Lappa dizin-dizin onun
ardıyca hərəkət edirdi. Qafqaza gəldikdə
də, ölümlə üz-üzə dayandıqda da Tasya
onunla idi. Mixail isə ilk andaca
düşündüklərini dilinə gətirərək
sevimli xanımını yaraladığını
ağlına belə gətirmirdi. Xəstəxanada
gözünü açan Mixail: "Sən zəif
qadınsan. Məni buradan apara bilmədin"
deyərək xanım Lappanı sözləri ilə
yaralayırdı.
"Mən bunu necə edə
bilərdim? Tif xəstəsini necə apara bilərdim? Həkimlər demişdi ki, o, elə ilk stansiyada
öləcək" sözlərini tanıdığı
şəxslərin yanında söyləyərək sanki
etdiyi hərəkət üçün bəraət qazanmaq
istəyirdi Tatyana. Əslində etdiyi
bütün hərəkətlər doğru idi, sadəcə,
Mixailə başqa cür qadın lazım idi və o, zaman
keçdikcə bunun fərqinə varırdı.
Bulqakov hərbdən tamamilə
uzaqlaşaraq ruhi dinclik qazansa da daima dolanışıq, yemək
üçün nə etməlidir sualları altında əzilirdi. Sonra
çıxış yolunu qələmdə, yazıda görərək
teatr üçün kiçik əsərlər, pyeslər
yazmağa başlayır. Amma bu pyesləri
səhnələşdirmək üçün
qapı-qapı düşməyə məcbur olur. Vaxt olurdu ki, onlar üç günlərlə yemək
yemirdilər. Hətta Bulqakov sərhədi
keçmək, vətəni tərk etmək istəyinə də
düşmüşdü. Bir dəfə
Tiflisə qədər gedərək hətta oradan məhbusların
aparıldığı gəmi zirzəmisində də yollanmaq
haqqında düşünmüşdü. Bu vaxt Bulqakov azadlığın və
satqınlığın astanasında
dayandığının məsuliyyəti haqqında məngənədə
qalırmış kimi əzilirdi. Nə
etməliydi? Belə bir vəziyyətdə tarixin
yaddaşında vətəni tərk edən satqın kimi
qalmaq gələcəyin böyük yazıçısının
tərcümeyi-halı üçün olduqca yaraşmaz
mövqe idi. Həm də o,
siçovulların arasında Tasyasız, tək-tənha necə
gedə bilərdi? Ona görə də
ölkəni tərk etmək fikrindən daşınaraq
çətin olsa da vətəndə qalmaq qərarına gəlir.
Yaşamaq uğrunda, yazıçılıq
uğurunda mübarizə aparan Bulqakov yeni felyetonlarını,
hekayələrini, bədii mətnlərini redaksiyalara təqdim
edir. Budur, Berlin jurnalı Moskva
redaksiyasına "Daha çox Bulqakovdan göndərin"
kimi məktublar göndərir. Nəhayət
ki, yazıçının qabiliyyəti, istedadı
görünməyə başlayır. Bulqakov həyatının
məşhurluq
dönəminə qədəm qoyur.
Tasya onun uğurlarına
çox sevinirdi. Amma Bulqakovun günü-gündən ondan
uzaqlaşması, boqema həyatına, qəzetçilərin,
jurnalistlərin, yazıçıların əhatəsində
təşkil olunan gecələrə olan marağı, sevgisi
qadını çox qorxudurdu.
Əslində Bulqakov ilə onun arasında
sevgidən əsər-əlamət qalmamışdı.
Sevgisiz həyat isə yaradıcı adam
üçün dözülməz sayıla bilərdi. Tasya bunu çox gözəl bilirdi. O, bilirdi
ki, Bulqakovun uğurlara doğru gedən yolu üçün
olduqca zəif natura idi. Mixailin isə özünə tən ola biləcək, onun həyatını məhəbbətlə
doldura biləcək bir qadına ehtiyacı vardı. Ona görə də çoxdandır onu narahat edən
qorxular Bulqakovun "gedirəm" sözü ilə öz həyati
həllini tapır. Bəlkə də elə
bu səbəbdən xanım Lappa həyat
yoldaşının çamadanlarını yığmaqda ona
yardım edirdi.
Vaxtilə dəlicəsinə
aşiq olduğu xanımdan bir başqasına getmək
Bulqakov üçün mənəvi, vicdan cəhətindən
olduqca əzablı idi. Bir
qadına qarşı böyük haqsızlıq etdiyinin fərqində
idi. "Yaradan bu hərəkətimə
görə məni cəzalandıracaq" sözlərini
dilinə gətirirdi. Amma onu ovudacaq bir səbəbi
var idi - aralarında məhəbbətdən əsər-əlamət
qalmamışdı. O, daha Tasyanı sevmirdi. Sevgisiz yaşamaq istəmirdi, vəssalam. Ona görə də mütləq getməliydi.
Acı olsa da, vicdan əzabı çəksə
də, getməliydi. Həyata bir dəfə
gələn insan kimi öz həyatını istədiyi kimi
qurmalıydı. Budur, on bir illik birgə həyat
beləcə sona yetir.
Lyubov Belozerskaya
yazıçının yeni məhəbbətinin adı idi. Bulqakov onu
yazıçı tədbirlərlərinin birində
görmüşdü. Səsli-küylü
bir məclisdə xanım Belozerskaya Bulqakovun diqqətini bəlağətli
nitqi, savadı, gözəlliyi ilə çəkmişdi. Lyubov onu qiyabi
tanıyırdı. Berlində olarkən
Bulqakovun Moskvada ən yaxşı yazıçı olması
haqqında eşitmişdi. Hətta onu Şalyapina
bənzədirdi. Yazıçının
yeni dünyanın təsviri ilə verilmiş yazısına
xeyli gülmüşdü də. İndi
isə Bulqakovun qara talstovkasına və ayağına geyindiyi
sarı tuflilərinə təbəssümsüz baxmaq
mümkün deyildi. Ümumiyyətlə,
Bulqakovun geyim tərzindən onun elə də zəngin
olmaması açıq-aşkar sezilirdi.
Onların sevgi romanı iki
ay gizli qala bildi. Adətən Patriarşıxda
görüşürdülər. Elə
evlənməyə də orada qərar vermişdilər.
Bu izdivac onların hər ikisinin sayca ikinci
izdivacı idi. Məhz həmin il
Bulqakovun yadına qaraçının sözləri
düşmüşdü və bu anda yenə də deyilənlərin
boş olduğu qənaətinə gəlmişdi. Necə deyərlər, tale yox, insan taleyi idarə
edir, pıçıldamışdı öz-özünə.
Bulqakov bu dəfə də
elə bildi ki, sonuncu, əsl məhəbbətinə rast gəlib. Çünki
Lyubov Belozerskaya mənəvi cəhətdən, xarakter
baxımından olduqca möhkəm, güclü xanım idi.
Onlar kasıb mənzildə
yaşayırdılar. O, bu kasıb daxmada "Ağ
qvardiya", "Turbinlər ailəsinin günləri" və
s. pyeslərini qələmə almışdı. Kasıblıq məhəbbəti öz qara kölgəlsi
altına sala bilmirdi. Lyubov olduqca müdrik
və dözümlü qadın idi. O, tənbəllik
etmədən, ürəklə redaksiyalara gedib sevimli həyat
yoldaşının əlyazmalarını təqdim edirdi. Bulqakovun nəşr olunmasında özü
maraqlı idi.
Köklü moskvalı,
aristokratik ailədə dünyaya gələn bu xanım, ərini
də cəsur, nikbin və əyalət komplekslərindən
xilas olmuş şəkildə görmək istəyirdi. Bir tərcüməçi
olaraq Molyerdən etdiyi tərcümələri toplayaraq ərinin
yeni yaranacaq pyesləri üçün ilham mənbəyi kimi
istifadə edirdi. Xarici müəllifləri
ona oxutdururdu. Bunun nəticəsində
Bulqakovun qələmindən sanballı əsərlər
çıxırdı. Uğur həm də
onları bir-birinə daha möhkəm sarımağa
başlayırdı. Bu qayğı nəticəsində
Bulqakovun Lyubova olan məhəbbəti günü-gündən
artırdı. O, bu etiraflarını gündəliyi ilə
bölüşürdü.
25-ci ildə "Rossiya"
jurnalı "Ağ qvardiya"nı
çap etməyə başlayır. Bulqakov bu əsəri
həyat yoldaşına ithaf edir. Əslində
bu ithaf onun keçmiş həyat yoldaşına qarşı
böyük haqsızlıq idi. Çünki
o qadın onunla birgə müharibədən keçmişdi,
ölümdən qayıtmışdı.
Tale yenə də öz
oyununu davam etdirir. Evində olan davamlı təftişlər,
axtarışlar, əsərlərin səhnəyə
qoyulmasına qarşı tətbiq olunan qadağalar Bulqakovun
ruh halını, ovqatını söndürürdü.
Yazıçını yersiz müdaxilələr
mənəvi şikəstə çevirirdi. Heç nə onu ovundura bilmirdi. Hətta
sevimli həyat yoldaşının məhəbbəti,
qayğısı belə bu narahatçılığın
önündə olduqca gücsüz görünürdü.
Bulqakova işıq lazım idi, möcüzə
lazım idi, mistika lazım idi. Gücdən
düşmüş ruhunun yenidən dirçəlməsi
üçün həyəcana, dəli məhəbbətə,
labirintə, qadağaya, mübarizəyə ehtiyacı var idi.
O, çıxılmaz vəziyyətində
çıxış yolu axtarırdı.
Lyubov Belozerskaya ilə
Bulqakov arasında münasibət sona
yaxınlaşırdı. Onun rəfiqəsi,
generalın həyat yoldaşı Yelena Şilovskaya Bulqakova
aşiq idi. Əslində Lyubovun bu işə
müdaxilə etməsi də düzgün
alınmırdı. Çünki baş verənlər
həm də karma
qanunu idi. Vaxtilə Bulqakovun Tasyası ilə rəfiqəlik
edən Lyubov eyni zamanda gələcək əri ilə məsafələri
azaldırdı. Öz rəfiqəsinin əlindən
almışdı Bulqakovu. Eləcə də
indi Yelena Şilovskaya eynilə onun etdiyi hərəkəti təkrarlayırdı.
O, istəsə də Bulqakovun gözlərini özünə
doğru yönləndirə bilmirdi. Çünki
Bulqakov hər yerdə yalnız Yelenanı görürdü.
Onun içi, ruhu, vücudu bu məhəbbətlə
titrəyirdi. Üstəlik, təhlükəli
məhəbbət onu daha çox mübarizə etməyə
səsləyirdi. O isə mübarizəni sevən tərəf
idi. Bu ona yaradıcı enerji verirdi. Həm
də kişi instinktini gücləndirərək
immunitetə çevirirdi. Bulqakov güclü,
mistik qadına qovuşmanın kəndarında idi. Buna can atırdı.
Xanım Şilovskaya general
arvadı idi.
Yetəri qədər zəngin həyat tərzi
sürürdü. Məclislərin birində Bulqakovla tanış olmuşdu. Daha doğrusu, eyni masada yan-yana əyləşmişdilər. O
dövrlərdə Bulqakov Sovet təpkiləri ilə
baş-başa idi, pyesləri teatr repertuarından
çıxarılmışdı, əlyazmaları
müsadirə olunmuşdu. Demək olar ki,
uğursuz və heç nəsiz idi. Belə
bir şəxs xanım Şilovskayanın diqqətini
özündə necə cəm edə bilərdi? Bəlkə bu, doğrudan da tale idi. Bəlkə gözəl Yelenanın qayğı, məhəbbət
bəxş etməyə ehtiyacı var idi? Ola bilər.
Bluzkasının qolunun ipi
açılan Yelena "Mişa, ipi bağlamaqda mənə
yardım edə bilərsənmi?" söyləyir, elə
ilk qığılcımlar da bu kəlmədən sonra
başlayır. Bulqakov evli qadına aşiq olur.
General həyat
yoldaşının ona xəyanət etmə xəbərini
eşidəndə dəliyə çevrilir. Bulqakovun
üzərinə silahla gedir. Onu təqib
edir, ölümlə hədələyir. Evə
qayıdan general hirsi soyuyandan sonra həyat yoldaşına hər
şeyi unudacağını və Bulqakovla aralarında olan
günah romanını bitirməyi ondan xahiş edir.
Xanım Şilovskaya bir il ərzində
evdən bayıra çıxmır. Susqun bir həyat
sürür. Amma nə etməli, təhlükəli
olsa da, tale öz oyununu oynayırdı. Bir
ilin tamamında küçəyə çıxan Yelena
Bulqakovla üz-üzə gəlir. Tale
onları yenə də qarşı-qarşıya gətirir.
Bulqakov "Sənsiz yaşaya bilmirəm"
söyləyir Yelenaya və həmin günü generala məktub
yazaraq Yelenanı buraxmağı ondan xahiş edir. General
bilir ki, iki sevən arasında dayanmaq
ağılsızlıqdır, onlara mane olmağın bir
anlamı yoxdur. O səbəbdən də Yelenanı
buraxır.
Sonuncu, möhtəşəm
eşq
Kasıblıq, yoxsulluq
onların hisslərinə zərrə qədər də təsir
etmirdi. Əslində Yelena onun həyatına güclü,
mistik, sirli qadın olaraq daxil olmuşdu. Bəlkə
də Bulqakovun axtardığı, həsrətində
olduğu qadın obrazı elə bu xanım idi. Və o, dünya şöhrətli "Master və
Marqarita"sını bu izdivacın mistik təsiri altında
yazır və məhz bu əsərinin vasitəsilə
dünya şöhrəti qazanır. Əsərdə
canlandırılan Marqarita sevimli, sonuncu həyat yoldaşı
Yelenanın prototipinə çevrilir. Yelena
öz masterinin sevimli muzası idi. Bulqakovu əsl
yazıçıya çevirən mistik, qüvvətli natura
idi.
Bulqakov "Yaxına gəl, qoy səni
öpüm, sonra xaç çevirərsən... Sən mənim
ən yaxşı, ən sevimli həyat yoldaşım olmusan.. Səni sevirəm! Əgər
mənim ömrüm davam etsə mən sona qədər yenə
də səni, yalnız səni, təkcə səni sevərəm"
sözlərini söyləmişdi ölümqabağı.
Həm də birinci həyat yoldaşı
Tasyanı görmək istəmişdi. Elə-belə,
üzr istəmək üçün. O dünyaya rahat
getmək üçün.
"Elə et ki, mən ədəbiyyat
tarixi səhifələrindən silinməyim. Əbədiyaşar
olum". Yelena Sergeyevna həmin gün
Bulqakova söz vermişdi.
Qadağalar qarşısında tab gətirmək çətin idi. Yelena əziyyət çəkirdi. Böyük yazıçının əsərlərinin çapı üçün döymədiyi qapı qalmamışdı. Məktublar ünvanlayırdı, icazə istəyirdi.
O, bacarır. Yelena verdiyi
sözün üzərində dayanır. Senzura təpkisi altında olan
"Master və Marqarita"nın senzura
variantının çapına nail ola bilir. Dünya yeni,
böyük bir yazıçı ilə yaxından tanış olur. Bulqakov, Yelenanı ona verdiyi bütün sözlərə
əməl etdikdən sonra öz yanına - o dünyaya aparır. Bu dünyada isə hələ də bitmək bilməyən
mistik söz-söhbət irsini yadigar qoyur.
Günel
Eyvazlı
Ədəbiyyat qəzeti.- 2018.- 27 yanvar.- S.24-25.