Vaxtın varmı
Bulud könlü tez boşalıb,
Dolan mənə vaxtın varmı?
Tənhalığı içib, sərxoş
Olan mənə vaxtın varmı?
Hər ağrıya sinə gərib,
Can sürüyüb qərib-qərib.
Yazı, yayı üz döndərib,
Solan mənə vaxtın varmı?
Kimsə sevməz saçımda dən,
Quru səsəm, cılız bədən...
Çox şey aldın gedən məndən,
Qalan mənə vaxtın varmı?
Qaytar məni
Orda mənsiz hönkürən
Səsimə qaytar məni.
Can içində
can olan
Kəsimə qaytar məni.
Bu kirkirə ay, ilim
Nə vaxt gülər nə bilim?
Qoy sənin olsun zilim,
Pəsimə qaytar məni.
Əsəd, var dərd, var yağı,
Solub ömrün yarpağı.
Bir ovucluq torpağı
Bəsimə qaytar məni.
Mən səni
andım
Səni xatırladım
yenə,-
Mən səni
andım, ay zalım!
Xəyalının nənnisində
Yatdım, oyandım,
ay zalım!
Çox mehləndim
boşa, heçə,
Göstər, nəyi könül seçə?
Pünhan olan neçə-neçə
Mətləbi qandım,
ay zalım!
Hicran kəsdirdi
yanımı,
Odladı dil-imanımı.
Öz əlimlə
öz canımı
Qəddədim, yondum,
ay zalım!
Yorğun yoldu Əsəd indi,
Aparan yox həsəd indi.
Alışıbdı cəsəd
indi,
Gəl qızın,
yandım, ay zalım!
Gəlməz hey
Ulduzumdu deyə-deyə
səslərəm,
Göydən yerə, yerdən göyə səslərəm.
Ürəyimi yeyə-yeyə
səslərəm,
Gözlərimin qara-ağı
gəlməz, hey!
Yuxum qaçar, xəyalına qısıllam,
Gecənin dar ağacınnan asıllam.
Öz içimnən
külünglənib qazıllam,
Can öyümün
yar-qonağı gəlməz,
hey!
Dilim susar, dişlərimə dirəşər,
Başım düşüb çiynim
ilə görüşər.
Qaraltıma itləri
də hürüşər,
Axşamımın çil-çırağı
gəlməz, hey!
Əsəd minər
qarayığval atına,
Enib gedər yerin yeddi qatına.
Gedib dönər dağın, daşın otuna,
Vallah, daha səs-sorağı gəlməz,
hey!
Elə darıxıram
olmayan kimi
Anam və bacım Bakinazın əziz xatirəsinə
Səsim avazsızdı,
sözüm şirəsiz,
Min yerdən
qırılıb könlümün
simi.
Ana axtarıram, bacı gəzirəm,
Elə darıxıram
olmayan kimi...
Sinəmdə şimşək
tək çaxır ürəyim,
Ağrı səyahətə çıxıb
içimi.
Hər yanım
bomboşdu, havam çatışmır,
Elə darıxıram
olmayan kimi...
Özgə nəvazişi
yetməz dadıma,
Həsrətin alovu qarsıb dilimi.
Laylalı günlərim
düşür yadıma,
Elə darıxıram
olmayan kimi...
Ömrün şümal
vaxtı qalıb dünəndə,
Kim sevər
bu qırış-qırış
şəklimi?
Sizə yalvarıram,
ey anam, bacım,
Gəlin sığallayın
qırov kəklimi,
Elə darıxıram
olmayan kimi...
Olmadı
Sənin saçlarına
dəyən əllərim
Sənin saçlarına daraq olmadı.
Bu dəli həsrətin boy göstərməyən
Otunu biçməyə oraq olmadı.
Fikir xışma-xışma,
söz xışma-xışma,
Kövrək xəyalımın üstündən
aşma.
Necə deyim bulaq gözümə daşma,
Çox dözdü, heç səndən soraq olmadı.
Təhləli can verib,
can ha almayıb,
Hər gülöyşə
nara nöyüs
salmayıb.
Könlümdə sağ-səlləm
bir yer qalmayıb,
Dərdi gözə yazdım, varaq olmadı.
Əsəd TƏHLƏLİ
Ədəbiyyat qəzeti.- 2018.- 27 yanvar.- S.25.