Vətənin "Vətəni"

 

"Vətən Cəmiyyəti - 30"

 

Bu heç kəsə sirr deyil ki, Xaricdə Yaşayan Həmvətənlərlə Azərbaycan Mədəni Əlaqələr Cəmiyyəti – «Vətən» Cəmiyyəti yarandığı dövrdə Azərbaycan respublikası sovet ittifaqının tərkibində idi. Bax, o vaxtlar başqa müttəfiq respublikalara nisbətən Azərbaycanın xaricdəki soydaşlarımızla əlaqəsi müəyyən kiçik istinadlar nəzərə alınmasa, demək olar ki, yox dərəcəsində idi.

Böyük möcüzə baş verdi. Bu, Moskva üçün, Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Azərbaycan Respublikasına göstərdiyi «qayğının» təzahürü idi. 27 may 1987-ci il Siyasi büronun qərarından sonra 1987-ci il dekabrın 28-də, M.Maqomayev adına Dövlət Filarmoniyasında xaricdə yaşayan Həmvətənlərlə Azərbaycan Mədəni Əlaqədar Cəmiyyəti – «Vətən» Cəmiyyətinin təsis konfransı keçirildi. Konfransda böyük ziyalı dəstəsi, eləcə də sadə peşə adamları iştirak edirdilər.

Konfrans qətnamə qəbul etdi, «Vətən» Cəmiyyətinin Nizamnaməsi təsdiq edildi. 76 nəfər «Vətən» Cəmiyyətinin şurasının tərkibinə, 26 nəfər isə Rəyasət Heyətinin tərkibinə seçildilər.

«Vətən» Cəmiyyəti Rəyasət Heyətinin sədri, xalq yazıçısı Elçin İlyas oğlu Əfəndiyev seçildi. Bu seçim çox düzgün seçim idi və cəmiyyətin gələcək işlərinin davamlı, düzgün qurulmasını özü-özlüyündə ehtiva edirdi.

O zaman ölkədə «yenidənqurma», «aşkarlıq» kimi şüarlar səslənirdi ki, bu da sonda sovetlərin dağılmasına gətirib çıxardı. Elə müstəqillik qazanan respublikaların çoxsaylı problemləri o şüarlar səslənən vaxtlardan başlandı. Azərbaycan Respublikası da 1980-ci illərin sonlarına yaxın ağlagəlməz problemlərlə üz-üzə qaldı. Qarabağ Bəxtiyar və Əli – ilk şəhidlərini verdi. Göz görə-görə insanların hüquqları pozulur, yandırılır və şərlənərək güllələnirdilər. Bakı və Sumqayıtda ixtişaşlar baş alıb gedirdi.

Ölkə ictimai-siyasi hadisələrin içində çalxalanır, çeşidli problemlər arasında vurnuxurdu. Bax, belə bir vaxtda «Vətən» Cəmiyyəti öz fəaliyyətinə, ənənəsi olmayan bir işə başladı. Tezliklə əməkdaşlar, təcrübə keçməkdən ötrü Moskva – «Rodina»ya, Daşkəndə – «Vaton», Miniskə – «Radzima» cəmiyyətlərinə ezam olundular. Paralel olaraq cəmiyyət bina ilə təmin olundu və maddi-texniki bazası çətinliklərlə qarşılansa da yaradıldı. «Vətən» Cəmiyyətinin orqanı olan «Odlar Yurdu» qəzeti başqa qəzetlərdən fərqli olaraq yeni format və yeni məzmunda nəşrinə başladı. Üç əlifba ilə nəşr olunan qəzetin tirajı 250 mindən çox idi. Qəzet əldən-ələ gəzirdi. Partiyanın qoyduğu qadağalar qəzetin səhifələrində əriyirdi. M.Ə.Rəsulzadə və onun məsləkdaşları, Azərbaycan Cümhuriyyəti barədə səhih məlumatları məhz oxucular Azərbaycan sovet mətbuatı tarixində ilk dəfə «Odlar Yurdu»nun səhifələrində oxudular. Qəzet həm də araşdırıcı subyekt idi. Rusiya Federasiyası və Ermənistana nisbətdə bizdə xarici ölkələrdə yaşayan soydaşlarımız haqqında təsəvvür belə yox dərəcəsində idi. Daha doğrusu bu əlaqələr obyektiv səbəbdən yaradılmamışdı.

Cəmiyyət yarandığı gündən qarşısına ciddi məqsədlər qoydu. Əsas məsələ taleyin amansız hökmü ilə müxtəlif səbəblər ucbatından ayrı-ayrı ölkələrə gedib çıxmış həmvətənlərimizi müəyyənləşdirmək, onlarla müntəzəm əlaqələr yaratmaq, Azərbaycanı dünyaya tanıtmaq, ölkəmizə qarşı yaranan informasiya blokadasını aradan qaldırmaq idi. Haqqında söhbət gedən soydaşlarımızın dünya ölkələrinə səpələnməsi məhz XX əsrdə baş vermişdir. 1920-1930, 1937-1938, 1948-1953, 1988-1993-cü illərin bir sıra hadisələri, sosialist inqilabi, repressiyalar, deportasiyalar, müharibələr və sair. Bütün bunların nəticəsində ölkəmizin minlərlə vətəndaşları Azərbaycanı tərk etməli olublar. Eyni zamanda Cənubi Azərbaycanda yaşayan soydaşlarımız da ölkədə rejimlərin dəyişməsi nəticəsində təqiblərindən baş götürüb ölkələrindən qaçmaq məcburiyyətində qalıblar. «Vətən» cəmiyyəti dünyanın müxtəlif ölkələrinə səpələnmiş soydaşlarımızın say və ünvanları barədə təsnifat apardı.

25 oktyabr 1988-ci ildə M.F.Axundzadənin 175 illik yubileyinə «Vətən» Cəmiyyəti yenicə işə başladığı aylarda xarici ölkələrdə yaşayan çox nüfuzlu, ziyalı həmvətənlərimizi Azərbaycana dəvət etdi. İngiltərədən Turxan Gənceyi və Səbri Təbrizi, Fransadan Rza Diqqəti, Əyyub və Davud İmdadian qardaşları, Sərvər Tanıllı, İren və Şirin Məlikovalar, Türkiyədən Yusif Gədikli, Əli Yavuz və Fatma Akpinarlar, ABŞ-dan Şapur Ənsari, İrandan Əhməd Azərlu, AFR-dan İldırım Dağyeli və Yucel Feyzioğlu, İraqdan Əbdüllətif Bəndəroğlu «Vətən» Cəmiyyətində oldular. Onları cəmiyyətin Rəyasət Heyətinin sədri Elçin qəbul etdi. Tədbirdə iştirak edən tanınmış elm, mədəniyyət, incəsənət və ədəbiyyat xadimləri qarşısında cəmiyyətin sədri çox maraqlı və geniş nitq söylədi. Nümayəndə heyətinin görüşündə ziyalılarımızdan Bəxtiyar Vahabzadə, Anar, Vilayət Quliyev, Lütfiyar İmanov, Polad Bülbüloğlu, Fərhad Xəlilov və başqaları iştirak edirdilər. Bu görüş həmvətənlərlə gələcək əməkdaşlıq və işbirliyi üçün önəmli bir hadisə idi.

Proqrama əsasən yubileyə gələn nümayəndə heyəti M.F.Axundzadənin abidəsini ziyarət edib, önünə tər çiçəklər qoydular. EA-nın iclas salonunda və Nizami adına Azərbaycan Ədəbiyyatı Muzeyinin konfrans zalında elmi simpozium keçirildi. Oktyabrın 28-də yubiley iştirakçıları M.F.Axundzadənin vətəni Şəkidə oldular. S.Rəhman adına Şəki Dövlət Dram Teatrında yubiley gecəsi keçirildi.

Oktyabrın 29-da nümayəndə heyəti Bakının görməli yerləri ilə tanış oldular və bir sıra müəssisələri gəzdilər, məktəblərdə görüş keçirildi. V.İ.Lenin adına Sarayda – hazırda Heydər Əliyev Sarayı – M.F.Axundzadənin yubileyinə həsr olunmuş təntənəli gecədə iştirak etdilər.

Əvvəldə qeyd etdiyim kimi «Vətən» Cəmiyyəti xaricdəki soydaşlarımızın say və tərkiblərini, ünvanlarını dəqiqləşdirib onlara – 20 ölkəyə o cümlədən 787 ünvana «Odlar Yurdu» qəzeti ilə yanaşı istəklərinə uyğun Azərbaycanda nəşr olunan jurnallar, bədii ədəbiyyat nümunələri, elmi nəşrlər, görkəmli bəstəkarlarımızın nota köçürülmüş əsərləri və s. göndərilirdi. Eyni zamanda «Vətən» Cəmiyyətinin xəttilə görkəmli elm, mədəniyyət, ədəbiyyat, incəsənət xadimləri həmvətənlərimizin yaşadıqları ölkələrə ezam olunurdular. Onlar soydaşlarımıza Azərbaycan reallığı, Dağlıq Qarabağ problemi, ermənilərin ölkəmizə təcavüzü və digər məsələlər barədə obyektiv məlumatlar verirdilər ki, bu da onlarda ölkəmiz haqqında ilkin fikri formalaşdırırdı.

«Vətən» Cəmiyyəti ayrı-ayrı ölkələrdə yaşayan soydaşlarımızla məktub və telefon əlaqələri yaratdı. Qarşılıqlı gediş-gəlişlər təşkil etdi. Xaricdəki həmvətənlərimizdən ibarət çoxsaylı nümayəndə heyətlərini vətənə dəvət etdi. Eyni zamanda Azərbaycanın tanınmış ədəbiyyat və incəsənət, elm və mədəniyyət xadimləri öz qan qardaşları ilə görüşmək məqsədi ilə xaricə ezamiyyətə göndərildi. Cəmiyyətin səyləri nəticəsində azərbaycanlıların mühacirət tarixi və sosial tərkibi öyrənildi. Onların təşkilatlanması, Azərbaycanın xaricdə yardımçısı olması, respublikamızın ətrafında yaranmış informasiya blokadasının yarılmasına cəlb edilməsi istiqamətində konkret addımlar atıldı. Doğma yurddan uzaq düşmüş azərbaycanlılarda Vətən, millət, torpaq təəssübkeşliyi hissi gücləndirildi. Onlara xalqımızın dilini, mədəniyyətini, ədəbiyyatını, incəsənətini, tarixini, ölkəmizin coğrafiyasını öyrətmək, onların gücü ilə əcnəbilər arasında Azərbaycanı təbliğ etmək, xaricdə nüfuzlu Azərbaycan diasporunu və lobbisinin yaradılmasına nail olmaq üçün çox mühüm işlər görüldü.

Gənc həmvətənlərimiz Azərbaycanda təhsil almaq arzularını «Vətən» Cəmiyyətinə bildirdilər. İlk müraciət edənlərdən biri də Həkimi Şivə İbrahim qızı və Busə Zəhra Musa qızının sənədləri SSRİ Təhsil Nazirliyindən – Moskvadan alınaraq «Vətən» Cəmiyyətinə çatdırıldı.

Sənədlərin əldə edilməsinə görə cəmiyyətin sədri Elçin Moskvayla ciddi və uzun söhbətlər apardı. Yeddi nəfərin adı yazılmış siyahıdan iki nəfərin icazəsi güclə alındı.

Təhsil Nazirliyində sənədləri almaqdan ötrü «Vətən» Cəmiyyətinin əməkdaşını (bu sətirlərin müəllifini) otaqdan-otağa ötürüb boş bəhanələrlə süründürməçiliyə yol verən nazirlik işçiləri nəhayət dörd gündən sonra iki nəfərin razılıq sənədini verdilər.

Cəmiyyətin sədrinin köməyi sayəsində qızlar Tibb İnstitutuna daxil oldular, «Vətən» Cəmiyyəti onların təhsilinə, eləcə də sosial durumlarına hamilik etdi. Sonradan cəmiyyət bu yöndə uğurlu işlər gördü.

«Vətən» Cəmiyyəti həmvətənlərimiz ilə birlikdə ölkəmizə qarşı düşmən və barışmaz rəqib mövqeyində dayanan erməni əkstəbliğatı ilə mübarizəni xeyli gücləndirmiş, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün mahiyyətini dünyaya çatdırmaq, onun nəticələrini aradan qaldırılması üçün dünya azərbaycanlılarının səylərini birləşdirmək yönümündə çalışırdı. 1988-ci ildə 200 min azərbaycanlını – əslində 250 min. Moskvanın şəxsən M.S.Qorbaçovun göstərişi ilə bu rəqəm azaldılaraq 200 min göstərildi – Ermənistandan qovulması, 20 Yanvar faciəsi haqqında dünya ictimaiyyətini ilk məlumatlandıran mənbələrdən biri «Vətən» Cəmiyyəti oldu.

Sözsüz ki, «Vətən» cəmiyyətinin fəaliyyəti, onun gördüyü işlər Moskvanın eynini açmırdı. İş o yerə çatdı ki, cəmiyyətin fəaliyyəti Sov.İKP MK-nın Politbüro iclasında müzakirə edildi və SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri Andrey Qromıko «Vətən» Cəmiyyətinin əleyhinə çox kəskin çıxış etdi. Bu azmış kimi cəmiyyətin fəaliyyətinə xaricdə və daxildə böhtan, yalan, şayiələr yayanlar tapıldı. Bunlar hər vəchlə «Vətən» Cəmiyyətinin haqq işinə kölgə salmaqdan ötrü bütün vasitələrə əl atırdılar.

1988-ci ildə «Vətən» Cəmiyyətinin işində daha bir önəmli hadisə baş verdi. Ankaradakı Azərbaycan Milli Mərkəzinin və Ankaradakı Azərbaycan Kültür Dərnəyinin baş katibi, vaxtı ilə M.Ə.Rəsulzadə ilə çiyin-çiyinə işləmiş, onun məsləkdaşı Məhəmməd Kəngərli «Vətən» Cəmiyyətinin dəvətilə ilk mühacir lider kimi Azərbaycanda oldu. Bu dəyərli Vətən oğlunun respublikamıza gəlişi əsl sensasiya yaratdı və şübhəsiz ki, onun gəlişi rəsmi dairələri narahat etməyə bilməzdi. Axı M.Kəngərli o mühacirətlərdən idi ki, işi-gücü, gecə-gündüz əks Sovet təbliğatı ilə məşğuldu.

Aradan çox keçmədi ki, Elçini «KQB» sorğu-suala çəkdi:

- Necə olur ki, «Vətən» Cəmiyyətinin sədri SSRİ-nin düşmənini ölkəyə dəvət edir, üstəlik onunla ziyalıların görüşünü keçirir və doğulduğu rayona səfər etdirir?!

- Mən onu həkim kimi tanıyıram və Sovetin düşməni kimi deyil, həkim bilib dəvət etmişəm.

Elçin müəllimin cavabı qarşısında «KQB»-nin yüksək məmuru söz tapmayıb susur.

Sonradan cəmiyyətin sədri M.Kəngərlini Türkiyəyə yola salanda təhlükəsizliyini nəzərə alaraq ona əməkdaşlarından birini (bu sətirlərin müəllifini) təhkim etdi. Tapşırıq belə oldu ki, Moskvada M.Kəngərlinin şəhərdə gəzintisinə yol verməmək, yeməyini otaqda vermək və onunla bir otaqda gecələməli, Şeremetovo (o zaman Türkiyəyə uçmaq Moskva üzərindən idi) hava limanından keçənə qədər onunla bir yerdə olmaq.

Bu dialoqdan bir il ötmüş məlum meydan hadisələri pik həddinə çatdı.

Ölkənin düşdüyü vəziyyət həmvətənlərimizi narahat edir hər zaman Azərbaycanın yanında olmaq, dərdlərinə şərik çıxmaq istəklərini «Vətən» Cəmiyyətinə bildirirdilər. Belçikadan Bülənd Gürcam, İspaniyadan Cəlal Erkin, Türkiyədən Nihad Çətinqaya, Məhəmməd Kəngərli (2-ci dəfə), Əhməd Qaraca, Cəmil Ünal, Yəhya Qaşdələn, İsveçdən Əlirza Ərdəbilli, Əjdər Tağızadə və bir çox ürəyi Azərbaycanla döyünən soydaşlarımız «Vətən» Cəmiyyətində oldular. «Amerikanın səsi» radiosunun rəhbəri Həsən Cavadi və radionun əməkdaşı Bulud Mehmandarlı da hadisələrdən kənarda qalmayıb efir vasitəsilə Azərbaycan ziyalılarından, qaçqın və köçkünlərdən aldıqları müsahibələri dünya ictimaiyyətinin diqqətinə çatdırırdılar. Rəyasət heyətinin sədri Elçin müəllim gündəlik olaraq cəmiyyətin əməkdaşları Heydər Məmmədəliyev, Elxan Ələsgərov, Tofiq Kərimov - sədr müavinləri, şöbə müdirləri Faiq Bağırov, Hüseyn Heydərov, Əkrəm Məmmədov - sonradan sədrin müavini, Sabir İslamov, məsul katib Çingiz Əzimov, «Odlar yurdu» qəzetinin redaktoru Ramiz Əskər, redaktor müavini Abid Tahirlini (sonradan Amerika – Avropa ölkələri şöbəsinin müdiri) və digər məsulları təlimatlandırıb, hər günün sonunda işlərinin nəticəsi olaraq hesabatlarını dinləyirdi. Bu işlərdə hər bir əməkdaşdan ciddiyyət tələb olunurdu.

 

Davamı gələn sayımızda

 

Əkrəm Qaflanoğlu

 

Ədəbiyyat qəzeti.- 2018.- 27 yanvar.- S.27.