Mətnin hiss edilməsi

 

 Araşdırmada mətnin hiss edilməsi ən başlıca məsələdir. Mətn nə qədər təbii şəkildə hiss edilərsə, onunla bağlı təhlillərdə qurulan sxem də bir o qədər sadə və uyğun olar. Əslində, hər bir filoloji tədqiqat  artıq ən azı bir dəfə araşdırmaya məruz qalmış, filoloji mətnə onun ətəklərində  yazılmış şərhlərdir. Çünki sənin təhlilə çəkdiyin mətni müəllif həm də, sövq-təbii bir filoloq kimi nəzərdən keçirmişdir və artıq bunu onun təsdiq etməsinə və bu barədə danışmasına heç bir ehtiyac yoxdur (bir ifadədə deyildiyi kimi, "mətn dünyaya çatdırılmış və müəllif sükut içində qalmışdır..."). Dünyanın, gerçəkliyin bu şəkildə şərhi orijinal mətnlə ətək yazıları arasındakı maqnit dalğalarının batini gücündən asılıdır. Ona görə də bu iki mətn arasındakı gizli-aşkar mübahisə və dilləşmə başqa, tam fərqli bir gerçəyə qapı açmaq anlamını daşıyır. Müəllifin müəyyənləşdirdiyi konsepsiya, bu aralıqdan görünən dünya ikinci yanaşmada sual altına alınmalıdır. Təhdid və aqressiyadan uzaq sual. Əks halda həm tənqid, həm də filoloji araşdırma publisistika səviyyəsində "danışır" (monoloq-!). Və tənqid idrak etmir, inkar eləyir. Bu məqamda bir fikri yada salmaq münasib olardı: "Yunan mifinə uyğun olaraq, məhz allahların carçısı Hermes insanlara dili və yazını bəxş etmişdi. Ancaq allahların verdiyi hər bir bəxşişdə olduğu kimi, burada bir hiylə, məkr də olmamış deyildi. Çünki danışmaq, mətnlər yaratmaq bacarığı təkcə xeyir deyil, həm də şərdir, təkcə dost deyil, həm də düşməndir; insan dilin köməkliyi ilə təkcə dünyanı mənimsəmir, əldə etmir, həm də ən acısı - çox bic və hiyləgər tələlərə düşür. Mətnlər mədəniyyətin cismidir..."

Burada başqa bir məşhur ifadəyə də istinad eləmək olar "... necə olur ki, pis şair yaradıcı yazan hesab olunur, lakin yaxşı elmi əsər yazan yox?"

Adını çəkdiyimiz ixtisas sahəsini nəzərdən keçirdikdə hansı təəssürat yaranır? Eləsi var, təhlillərdə ancaq və ancaq cümlə səhvləri tutur və çox halda bu yerinə düşür və müəllif bunu hökmən nəzərə almalıdır. Müəlliflərdən bunu nəzərə alan və qarşılığında təşəkkür edənlər də tapılır. Ancaq bu həm də araşdırmaçının uzağı yaxşı görməməsi ilə şərtlənir, əksər sürücülərdə olduğu kimi. Bədii mətnə şagird dəftəri kimi yanaşır, qırmızı karandaşıyla səhvləri tutur, qiymət qoyur və şagirdə başarılar diləyir. Eləsi də var, mətni barmaqlarının ucuna alıb onu guya gedəcəyi yerə qədər uzadır (aparır-! .... əlindəki malların kataloqlarıyla firma-firma gəzən kommivoyajor kimi...), biletləri yoxlayan konduktor kimi xəyalən mətni bir qırağından işarələyib cırır, yəni artıq kimsə bu biletlə gedə bilməz; bu təhlilçi yazdığının son olduğuna inanır, ancaq həmin biletin qırağını kəsəndə bir balaca şübhəyə düşür, bəlkə...

Mətni hiss etmək vacib və önəmli məsələdir, bunsuz nə desən, nə yazsan, bacadan bir-birinə yol vermədən keçən tüstü burumları kimi olacaq, his evə dolub səni ordan qovacaq. Şeirimizin və nəsrimizin bu günkü durumunu göz önünə gətirin. Sizə onlarla mətndən nümunə gətirərəm, hər şey, lap incəliyinə qədər hər şey yerindədir, orda hər şey var, yazan adamın özündən başqa (yəni, nə əsər dünyaya çatır, nə müəllif sükut içində qalır və beləcə, saxta sükut "istehsalçılarının" sayı durmadan artır...).

Yazmaq səni buna məcbur eləyən həvəsin, şövqün, ehtirasın özünə yiyələnməkdir, ona çevrilmək və ondan böyük olmaqdır, bu, kimdə varsa, dünyanı bizdən fərqli biçimdə görür, şeir, yazdığı istənilən mətn onun adından, çarpan damarı, xarakteri kimi danışır. Şeir, bədii mətn səndən onun kimi hiss etməni istəyir, indiyəcən yazılmış ən uğurlu mətnlər elə insan kimidir. Ayrılığı, hicranı, hicrət və fərağı şeirə çəkən mətnlər var, suyun üzüaşağı axıb, yumurlanıb, damcı kimi yarpaqdan süzülməyini də görürsən, can candan ayrılır, deyildiyi kimi, hər şey çox gözəldir, ancaq bu olsa-olsa təsvirdir, can ağrısı, iztirab, bunu çəkən kimsə yoxdu o mətndə. "Can nənə, bir nağıl de" şeiri niyə indiyə qədər bizim üçün əzizdir, çünki o uşaq hələ də o şeirdədir, onun üçün müharibə hələ bitməyib. O uşaq hələ nənəsinin sinəsinə qısılıb müharibəni, dünyanı yuxudan oyadan vəhşəti yuxu kimi görür. Uşaq nağıllara inanır, xoşbəxt sonluğa inanır, kədərin, dərdin bitəcəyini gözləyir, ancaq dərd uzun qış gecəsinə bənzəyir, Məcnunun gözünü açıb düşdüyü səhraya bənzəyir, itiyin tapılmayacağını əvvəlcədən bilsən də, o səhranı dolaşmağa məhkumsan.

"Can nənə, bir nağıl de" şeirində uşaq gerçək həyatda, həm də dünyanın, zamanın ən ağır, məşəqqətli dönəmində nağıl və əfsanə tülünə bürünüb. Bunun belə olması təbiidir, ətraf nə qədər zalım olsa da, uşaq nağılla böyüyür, boy atır, onun ruhuna bu kimi şeylərin nüfuz etməsi mümkünsüzdür. Külək güclənir, yel qarı sovurur, qapı silkələnir, şaxta-sazaq küləyin qalxmasıyla daha da şiddətlənir. Uşaq üçün ən canlı şey, daha doğrusu ən real olan nəsnə elə nağılın özüdür, daha doğrusu, onu nənəsinin dilindən eşidib yuxuya getməsidir.

- Ay nənə, bir nağıl da de!

- Ömrüm-günüm, yat daha,

Hamısını indi desəm, nağıl qalmaz sabaha.

- Can nənə, de birini də.

- Ağrın alım, sözə bax.

Evimizdə səndən savay, gör heç varmı bir oyaq?

Gecə keçib, ev soyuyub, hənir gəlmir ocaqdan;

Taxt üstündə məstan pişik, odur,

                            yatıb bayaqdan.

Ört üstünü, dərdin mənə, bax, eşikdə yel əsir...

Nağıl mətni reallıqdan güclüdür və həqiqidir. Dünyada inanılmaz şeylər baş verib, müharibə acı həqiqətləriylə dam-daşı yerindən oynadıb, bütün inanılan dəyərləri yerindən laxladıb, bəşəriyyət gözünü açdıqda imanla etiqad elədiyi şeylərin süpürülüb atıldığının şahidi olur. Uşaqlar xəyallarda bəslənilən, hər gün bir buğda boyu böyüən nəsnələri yanında görmək istəyirlər, alınmadıqda, ən çox inandıqları, həqiqət hesab etdikləri şeyi-nağıl dinləmək istəyirlər. Nağıl, özü də nənənin dilindıən səslənən nağıl uşaq üçün müharibəyə, zalımlığa, bütün naqisliklərə qalib gələn bir gücdür. Nağılın mifik, ölçüyəgəlməz gücü məhz uşaqların xəyalında dünyanın əvvəlki, daha gözəl düzümünü bərpa edir, dünyanın əslində bunun üzərində nəfəs alıb duruş gətirməsi heç bir müharibənin qalib gələ bilməyəcəyi bir enerji mənbəyidir.

- Qar yağırmı?

- Elə yağır... sazaq qılınctək kəsir.…

Belə yağsa, qar sübhəcən yolu-izi örtəcək;

Kirpiklərin lap qovuşub, cırtdan bala, yat görək.

Nənə yığır düyünçəyə iynəsini, sapını,

Külək hərdən taqqıldadır pəncərəni, qapını.

Körpə çəkir təzə, güllü yorğanını üzünə,

Gözlərini yumur... amma yuxu getmir gözünə.

- Ay nənə, o kimdir elə pəncərəni bərk vurur?

- Heç kim deyil, yat, ay bala,

                   yeldir, qarı sovurur...

Bir gizilti duyur uşaq vücudunda bu ara,

Həsrət qonan gözlərini zilləyərək divara,

Çarpayının baş ucunda öz əliylə asdığı

Şəklə baxır, fikrə gedir, qucaqlayıb yastığı...

Çöldə qar-sazaq, küləyin getdikcə şiddətlənməsi... hər şey bəlkə də gerçəkdə baş verən, at oynadan zalımlığın bəlirtisidir, bu kimi şeyləri göstərən bir nəsnədir, buna paralel şəkildə başqa bir aləm yaranıb-formalaşır, taxtın üstündə xumarlanan məstan pişik də həmin aləmin bir parçasıdır, o da uşağın dinləmək arzusunda olduğu bir nağıl personajıdır, nənənin səsi hər gün danışdığı nağılın gücünü mənimsəyib, onunla nəfəs alır, belə olduqda danışan adam vasitəsi ilə nağıl mətni fəsillərin ixtiyari yerdəyişməsini həyata keçirir, nağıllardakı insanın ürəyini isidən, ona təpər verən keyfiyyətlərin gerçəkləşməsinə təkan verir.

- Bəs ay nənə, atam indi haradadır, görəsən?!

- Bıy başıma nələr, oğul, yatmayıbsan hələ sən?!

- Axı, nənə, heç demirsən atam haçan gələcək,

İndi onu səngərdə bəs üşütmürmü qar, külək?

- Ömrüm-günüm, körpə quzum,

                   qurban olum adına,

Niyə köks ötürürsən o düşəndə yadına?

Atan yazır: hələ xoşdur bu tərəfdə havalar.

Deyir oğlum darıxmısan, görüşərik bu bahar.

Bağçalarda çiçək açar gülöyşə nar, yasəmən,

Qaranquşla bir zamanda qayıdaram kəndə mən...

Heç darıxma, dərdin alım, atan gələr, o zaman

Sənə çoxlu nağıl deyər əsgərlikdən, davadan!

Şeirdə ilk oxu zamanı nəzərə çarpan birinci görüntü elə bayaqdan təsvir edilən detallardır. Mətn şeir dili və avazıyla elə ixtiyari şəkildə, həm də heç bir sistematikliyə riayət edilmədən təsvir edilib ki, hər şey düşünülmədiyi kimi qaydasında, yerindədir. Şeirdə təsvir edilən əşya-detalları mətndən çıxarıb yerinə qoymaq çox asandır, taxtın üstündə xumarlanan məstan pişik, uşağın üstündən atdığı güllü yorğan, soyuq divarın üstündəki foto, nənənin iynə-sap qabı və sair. Müəllif oxucunun gördüyü şeylərin adını çəkir, yəni, oxucunun indi, bu dəqiqə həmin əşyalara tamaşa etdiyinə inanır. ( Bu təhkiyə strategiyası E.Heminqueydə də var, yazıçı oxucunun gördüyünə əmin olduqdan sonra hər hansı mənzərəni təsvir edir.)

Di yat, indi gecə keçir…

- Onda, nənə, ay nənə!

Qoy kəsməyək toğlunu, qalsın atam gələnə.

- Yaxşı, bala, qoy bağlarda çiçək açsın nar, ərik,

Sağlıq olsun, toğlunu atan üçün kəsərik.

Mən eyvana xalı sallam, anan evi bəzəyər,

El qaydası süfrə açar, qohum-qonşumuz gələr.

Sən atanı qucaqlar, üz-gözündən öpərsən,

Qoca baban saz kökləyib,

                   nağıl deyər sübhəcən…

Körpə güldü... həsrət qonan

                   gözlərindən uçdu qəm,

Öpdü onun xəyalını indi özgə bir aləm;

Qaranquşlar uçub gəldi, açdı çiçək, güldü yaz...

Qucaqladı atasını, sonra kimsə çaldı saz...

Körpə özü hiss etmədən, onu yuxu apardı,

Çöldə isə bütün gecə külək tufan qopardı...

Bir də sonsuzluğa, daha doğrusu, dəhşətə uzanıb gedən yol, bu yolun görünməyən tərəfindən şiddətli külək əsir, külək hər şeyin amanını kəsib, qarı elə sovurub qapıya çırpır ki, içində danışılan nağılın bütün dörd divarı silkəlınir, yer-yerdən danışılan nağılın səsi bu dəhşətin təsiriylə kəsilir, səslər eşidilmir, dünyanın qulağı karlaşır, tutulur, bu dünyada bir nağıl eşitmək istəyən uşaq, bir nənə, bir də məstan pişik var, bir də divarda, soyuq divardan asılan şəkil - şaxtanın qılınc kimi kəsdiyi səngərdə, dünyanın harasındasa əlində tüfəng düşməni gözdən qoymayan atanın fotosu, ata bu fotodan baxıb gülümsəsə də indi olduğu yerdə tüfəngin nişangahında olan hər şeyi vurub salmaqdan vaz keçir, gözləyir ki, dünya min illərdi intizarında olduğu ağ bir sükuta bələnsin, pisliklər dünyadan köç edib getsin.

Analar su səpdi siz gedən yola,

Bəlkə izləriniz göyərdi deyə...

 Bu, Nüsrət Kəsəmənlinin şeirindəndir. Əhməd Cəmilin şeirindəki nağıl elə yollara səpilən su kimidir, bu nağıl burda-dörd divar arasında səslənsə də, onu heç şübhəsiz ki, səngərdə qara bələnmiş halda düşməni gözləyən ata da eşidir, dinləyir və onu da həmin səngərdə saxlayan bu səsdir, bir də gözləri divardakı fotoya köçən oğlunun istəyi: Can nənə, bir nağıl de.... Nağıl hər şeyə qadirdir, istəsə atanı da çəkib gətirər bura.

Nüsrətin şeiriylə Əhməd Cəmilin şeiri belə bir meridianda görüşür və birləşirlər. Bir də Cəfər Cabbarlının şeiri:

...Gərək günəş dağları aşıb sönməyəydi!

Gərək mənim dönmüş taleyim dönməyəydi!

Gərək mənim istədiyim gidi fələk

Açılmadan qara torpağa gömməyəydi!

Bu, artıq nağıldan sonrakı səhnədir, nağılı danışan adamın içindəki həqiqətin çiliklənməsi, bütün acı həqiqəti gözləri ilə görməsi və hər şeyi bir an içində seyr edən adamın gözlərinin tutulmasıdır. Kor çalğışı... müharibə haqqında mətnlərdə bu ifadəyə tez-tez rast gəlinir. Müharibənin gətirdiyi "şikəstlik" poetik mətnlərə də özünü hopdurur, bu adda şeirlərin yazılmasına təkan verir.

Əslində, Əhməd Cəmilin şeirinin içində bir şey də var. Dənizdə, yaxud nəhayətsiz okeanda üzən gəminin kapitanı gəminin bir azdan batıb sulara qərq olacağını bildiyindən son vasitəyə əl atır, olacaq şeyləri bir kağız parçasına yazıb dənizə tullayır. Şüşənin içində qalan məktubu kimsə tapar, kimsə oxuya bilər. Sahildə. Bu, sonuncu ümiddir və heç zaman ölmür. Uşaq, nənə, məstan pişik və atanın fotosu var gücüylə çalxanan dənizin ortasındadır, nağıl tufan qopmuş dənizin qoynunda üzən şüşənin içindəki məktubdur. Biz yaşayırdıq, nəfəs alırdıq, biz sevirdik, biz gözləyirdik...

"Mətn butulkanın içindəki məktub kimidir" (U.Eko). Alimin fikrincə, faktiki oxucu ondan öz məqsədləri üçün istifadə edir, bədii mətni oxuya-oxuya onun üzərində öz xəyallarını qurur, mətn gerçəkliyində uzaqlaşıb ona yaxınlaşma aramsız və amansız vurnuxmalara şərait yaradır, beləliklə, oxuduğun mətn bu kimi saysız-hesabsız xəyali mətnlərlə aşıb-daşır, dolub-boşalır, aralıq, oxucunun ruhundan süzülərək gələn fraqmentlər bütün hazır şərhləri yuyub aparır, oxucunu ona təklif edilən  şərhlərdən uzaqlaşdırır və qoruyur. Bunun əsasında hansı mexanizm durur? Sənə təsir edən, oxumağa sövq edən mətnə onun üzərində xəyallar qurmaqla təsir etmək imkanı qazanırsan. Ancaq bunun əksi də baş verir. Mətn də səni fəth etməyə çalışır, sənin üzərində xəyallar qurmaqla səni faktiki oxucudan nümunəvi oxucuya çevirmək istəyir. Düz yolla aparır, çaşdırır, qatar yolunda olduğu kimi, yolu dəyişdirir, çıxmaza dirəyir və sair. Beləliklə, sənin qurduğun xəyallar "yoldəyişdirənin" tələsinə düşür, orda puç olur, ya da gerçəklik formasına, qəlibinə düşür. Bədii mətn oxucuya və onun daşıdığı informasiya kütləsinə qəribə şəkildə nüfuz edir, öz işini bəlli rejimlərdə yeraltı təşkilat, bir gizli qurum kimi həyata keçirir. Bunun gerçəkləşməsində ilk addım, şübhəsiz ki, səni cəlb etmək, güclü maraq çənbərinə salmaqdır, "Don Kixot" romanını xatırlayın. Bu romanın şərhinə yüzlərlə cild filoloji araşdırma həsr edilib. Tədqiqatların birində elə belə də yazılır: "Mais si l'on est d'accord sur le merite de l'ouvrage, on a beaucoup discute sur le sens cache que renferme la fiction, sur le but ou tendait l'auteur et des centaines de volumes ont ete ecrits a ce sujet." (Yəni, əgər əsərin bədii məziyyəti ilə razılaşsalar da, onun içində qıfıllanan gizli məna, müəllifin güddüyü məqsədlə bağlı xeyli mübahisələr aparılıb və yüzlərlə cild tədqiqat əsəri meydana gəlib.) Bəzi tənqidçilərin fikrincə, Don Kixot V Karlın nəhəng təsisatlarını yerlə-yeksan eləyən bir parlaq satira nümunəsidir; digər tənqidçilərin fikrincə bu, III Filipin sevimlisi olan hersoq Lermanın administrasiyasının tənqidiydi. XVIII əsrdə Servantesi patriotizmin yoxluğuna və İspan  zadəganlığına güldüyünə görə tənqid edirdilər. Sonra başqa bir tənqidçi - Butervek 1803-cü ildə sübut eləməyə çalışırdı ki, Don Kixot idealla real, qəhrəmanlıqla  comərdlik arasında əbədi mübarizəyə əsaslanıb. Bir də Servantesin gülüş hədəfinə çevirdiyi cəngavərlik romanları. Və bir də romanın içində Servantesin özünün olması, kompozisiya boyu addım səslərinin eşidilməsi və sair....

Bu romanda ayrı-ayrı təsvirlərin üslubi-tematik elementə çevrilməsi sanki anidən baş verir, məkanın, onun üzərində tikilən şəhərin bir anlığa başıaşağı vəziyyətdə durması və anidən kadrdan çəkilməsi "Don Kixot"u bütün dövrlərin şah əsərinə çevirir. Gerçəklik hər iki dünyanın bir-birinə qarışdığı xəlitə kimi verilir. Məhz belə olduğu üçündür ki,  mətn plastlarında faciəviliklə komiklik eyni bir nəsnənin rəngində özünü göstərir, bu nəsnə gülüşün faciə, faciəninsə gülməli olması anlamını daşıyır. Don Kixot bu mənada ən qədim mətnləri xatırladır - gülüşdən göz yaşına keçid şəffafdır, ən müdrik rəvayətin anidən gülməli ton qazanması potensialı həmişə oyaqdır. Belə bir statusu itirmiş nəsnə, deyək ki, gülüş, özü də satirik gülüş həmişə ən amansız tənqidin nişangahında olur və onun insanların üstündən keçərək özünə yol açmaqdan başqa şansı, çarəsi qalmır. Böyüklüyün qarşısında durub ona nəsihət vermək  ədası hər iki tərəfi gur projektor altında göstərir...

Bir də, bizim çağdaş romanlarımızın içindən seçdiyim bir cümlə: adam var, səssiz cinayət daşıyır...

 

Cavanşir YUSİFLİ

 

Ədəbiyyat qəzeti.- 2018.- 27 yanvar.- S.28-29.