Ruhumuz göylərdə darıxır yəqin

 

Şair, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü Hüseyn Bağıroğlu 1961-ci ildə Babək rayonunun Nehrəm kəndində anadan olub. 1987-ci ildə Xarkov şəhərində Kənd Təsərrüfatı İnstitutunu bitirib. Uzun müddət Naxçıvan Dövlət Teleradio Komitəsində redaktor, aparıcı-müəllif işləyib. Şeirləri ölkəmizlə yanaşı, Türkiyə İranda da dərc olunub. "Adam kölgəsinə səsləmə məni" (1998), "Mən çiynimdən yerə qoydum dünyanı" (2001), "Başımda qar olur, ayağımda yaz" (2010) adlı kitabları oxucuların rəğbətini qazanıb. Şeirlərinə mahnılar bəstələnib.

 

Ruhumuz göylərdə darıxır yəqin

 

Ruhumuz göylərdə darıxır yəqin,

Yerdən göy üzünə baxmağa gəlir.

Bəlkə əyninə bir bədən geyib

Güzgüdə özünə baxmağa gəlir.

 

Bir gözündə sevinc, birində kədər,

sevinc hədərdi, qəm hədər.

Şeytanın toruna düşənə qədər

Allahın sözünə baxmağa gəlir.

 

Demə mənası açıb-solmağın,

Bu qəmli-kədərli Yerə qonmağın.

Gəlir dadın görsün insan olmağın,

Bir barmağa üzük taxmağa gəlir.

 

Orda bir axşamı, səhəri yoxdu,

Qonşuyla arada çəpəri yoxdu...

Ölüm qorxusundan xəbəri yoxdu,

Burda ölümündən qorxmağa gəlir.

 

Ahım uçdu dağda duman olmağa

 

Hardan gəldi, hara getdi, İlahi?

Bu ömürün ömrü bir anlıq kimi.

Qəmlər qəddimizi əyməsin deyə

Yedik ümidləri yavanlıq kimi.

 

Güman varmı bir cavan olmağa?

Ahım uçdu dağda duman olmağa.

Mən gəlmişəm sənə qurban olmağa,

Sən bükmə boynunu qurbanlıq kimi.

 

Göylər sığal çəkər, Yer didər səni,

Pis gündə xoş söz incidər səni.

Qocalıq dərd olub göynədər səni,

Qəfil əldən çıxan cavanlıq kimi.

 

Oxumaq öyrənsən, özünü oxu

 

Divanə olmadıq ağıllılardan,

Ağıllı deyilik divanələrdən.

Axır ki qurtardıq bu ağlı dardan,

Əbədi vaz keçdik bəhanələrdən.

 

Eşq bizi aynada görənə kimi,

Bir gözəl hörüyün hörənə kimi,

Bu şamlar nəfəsin dərənə kimi

Gör nələr öyrəndik pərvanələrdən.

 

Ayağım altından çay keçir, könül,

Başımın üstündən Ay keçir, könül,

Hər gecə könlümdən mey keçir, könül,

De, necə keçməyək meyxanələrdən?

 

Oxumaq öyrənsən - özünü oxu,

Yerin altın, göyün üzünü oxu...

Abadlıq içində zay oldu çoxu,

Gör abad çıxdıq viranələrdən.

 

Heç hörmət qoymadı dünya özünə,

Qapı açdı hər yetənin üzünə.

Ehtiram gözləmə şair sözünə,

Tanrı kəlamına biganələrdən.

 

...Dünya qum dənəsidi

 

Qarğış yağır yenə

Duasız dodaqlardan.

Sanki xəzəl tökülür

Qurumuş budaqlardan.

 

 

Kimi özündən çıxır,

Kimi imandan, dindən.

Hər kəs bəhanə tapıb

Küsür öz taleyindən.

 

Yenə naşükür bəndə

Sevə bilmir Allahı.

Hər tərəfə kor baxır,

Görə bilmir Allahı.

 

Yaşamaq istəyən yox

Günləri bayram kimi.

Bu ilahi meyi

İçirlər ayran kimi.

 

Qəlbi sıxan qəm-kədər

Dünyanın hədəsidi,

Tanrının göylərində

Dünya qum dənəsidi.

 

Sənin gileyin

 

Qışdı hər adamın sevməyən üzü,

Hər adamın sevən üzü bahardı.

İndi ad verim bu ömrə-günə?

Bu həyat səninlə məna tapardı.

 

Gör bir nələr yandı döndü külə,

Durdun tamaşaya sən gülə-gülə,

Deyirlər, eradan əvvəl elə

Könlü olmayanlar könül qırardı.

 

İtirdin səmtini səmt küləyində,

Görmədim mən səni qəm köynəyində.

Yuva bağlasaydı eşq ürəyində

Quşlar da başında yuva qurardı.

 

***

 

Allahdan da öz payını

Utana-utana istədin.

Özünə heç ummadın,

Hər şeyi Vətənə istədin.

 

***

 

Bir az mən danışdım,

Bir az da o danışdı.

Çəkdiyimiz

papirosun tüstüsü

Təpəmizdən çıxan

tüstüyə qarışdı.

 

Hüseyn Bağıroğlu

 

Ədəbiyyat qəzeti.- 2018.- 27 yanvar.- S.31.