"Həyatda
heç bir məna yoxdur və olmayıb da"
Xalq
yazıçısı Elçin: "İnsanlar
illüziyanın içərisində
yaşayırlar
və dünyada əbəs yerə məna axtarırlar..."
"Sevdiyim əsər" layihəsində
yazarların, elm, sənət adamlarının çox sevdikləri
əsərlər haqqında söhbət açırıq. Budəfəki həmsöhbətimiz
xalq yazıçısı Elçindir.
Elçin müəllimin
sevdiyi əsər Migel de Servantesin "Lamançlı Don
Kixot" romanıdır.
- Migel de Servantesin
"Lamançlı Don Kixot" romanı hansı məziyyətlərinə
və bədii keyfiyyətlərinə görə sizin
sevdiyiniz əsərdir?
- Fərid,
mən məziyyət, yaxud keyfiyyət ölçüləri
ilə "Don Kixot" əsərinə yanaşmağı,
onu qiymətləndirməyi doğru hesab eləmirəm. Çünki o, sənin dediyin həmin məziyyətlər
və keyfiyyətlər meyarından çox-çox
yuxarıda dayanır. Bu meyarlarla adi əsərləri
qiymətləndirmək olar, mənim aləmimdəki "Don
Kixot" isə həmin "adilikdən" yüksəkdə
dayanan bir əsərdir.
- Sizcə, Don Kixot niyə məhz cəngavərlik
romanları oxumaqdan ağlını itirir və
döyüşçü olmaq qərarına gəlir?
- Yox,
burda söhbət ağlını itirməkdən getmir. Sən
hesab edə bilərsən ki, kimsə ağlını itirib,
amma həmin adam üçün onun
düşüncələri çox normal ola bilər. Yəni "Don Kixot" dəli və ya
ağıllı, qüvvətli, yaxud zəif olmağın sərhədlərini
müəyyən etməyən bir əsərdir, onun dahiyanəliyi
də elə bundadır.
Bir dəfə
iclasımız gecəyə qədər uzandı,
iş qurtarandan sonra istədim bir az piyada gəzim, gəzə-gəzə
də İncəsənət Muzeyinin yanında xətrini istədiyim
görkəmli bir yazıçımızla rastlaşdım. Onunla yaxşı münasibətimiz var idi, hal-əhval
tutandan sonra soruşdum ki, xeyli vaxtdır görünmürsən,
haralardasan? Dedi ki, burda yox idim. Soruşdum
ki, hara getmişdin? Cavab verdi ki, səndən
həmişə müsbət dalğalar gəlir, ona görə
də sənə deyə bilərəm. Tam səmimi və
ciddi şəkildə barmağını göyə
uzadıb dedi ki, Merkuridə idim. Eşitmişdim
ki, o, bəzən qəribə şeylər
danışır, ona görə də bir söz demədim,
başqa məsələlərdən danışdıq və
sağollaşıb ayrıldıq. Gecə
bağa getdim, rəhmətlik İlyas Əfəndiyev bizdə
idi, oturub ordan-burdan söhbət elədik, soruşdu ki, şəhərdə
nə var, nə yox, kimləri görürsən? Dedim
bayaq filan yazıçını gördüm. O saat
soruşdu ki, necədi, deyirlər, bir az qəribə
olub. Dedim ki, hə, bayaq mənə də deyirdi ki, Merkuriyə
getmişdim. İlyas Əfəndiyev heç nə
demədi, sonra da başqa söhbətə keçdik.
Bir azdan yatmağa gedəndə, birdən dayanıb
gülümsəyərək: "Bura bax, - dedi, - nə bilirsən,
bəlkə, o, elə düz deyir?". Bu söhbət ona görə yadıma
düşdü ki, ağlı itirmək şərti bir məsələdir,
xüsusən də bu ifadəni Don Kixota şamil eləmək,
mənə görə düzgün deyil. Don
Kixot ağlını itirmir, o, etiraz edir - həyata,
yaşayışa, ümumiyyətlə, həyatın
özünə, mənasına qarşı protest edir. Həyatın yaxşı və pis cəhətinə
yox, ümumiyyətlə, həyatın özünə
qarşı.
- Əsərin parodiya kimi qələmə
alınması məsələsinə münasibətiniz necədir?
- XV-XVI əsrlərdə
İspaniyada cəngavərlik romanları yazmaq dəb idi. Həmin romanların çoxu aşağı səviyyəli
idi. Bu günə gəlib
çatmayıb, yəni tarixin sınağından
çıxmayıblar. Tədqiqatçıların
çoxu deyir ki, "Don Kixot" həmin əsərlərə
parodiya kimi yazılıb, ancaq mənim aləmimdə bu roman
parodiya deyil. Düzü, mən fikirləşirəm
ki, Servantes heç özü də bilməyib ki, o, necə
bir əsəri qələmə alıb, ona elə gəlib
ki, sadəcə, romanlara parodiya yazıb.
- Sizin müsahibələrinizdən
birində oxumuşdum ki, "Don Kixot"u başqa planetə
"göndərmək istəyirsiniz...".
- Bir dəfə
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət
Universitetində mənimlə görüş keçirirdilər.
Onda rəhmətlik Aslan Aslanov həmin
universitetin rektoru idi. Orda mənə sual
verdilər ki, siz başqa bir planetə getsəydiniz, yer
üzündəki həyatı əks etdirən hansı əsəri
özünüzlə aparardınız? Cavab verdim ki,
"Don Kixot"u. Çünki həyat nədir, sevinc nədir,
insan kimdir, yaşamağın mənası nədir, xoşbəxtlik
nədir, bədbəxtlik nədir, xəyanət, sədaqət,
məhəbbət və sair nədir? - "Don
Kixot" bu suallara cavab verir: həyat mənasız bir
şeydir. "Don Kixot" deyir ki, bu həyatda
nə varsa, sevincindən tutmuş kədərinəcən
hamısı nisbi şeylərdir, insanlar illüziyanın
içərisində yaşayırlar və dünyada əbəs
yerə məna axtarırlar, çünki həyatda heç
bir məna yoxdur və olmayıb da. Yəni
yaşayış bünövrədən mənasız bir
şeydir. Ona görə də deyirəm
ki, Servantes özü də bilməyib ki, nə yazıb,
hansı bəşəri suallara cavab verib. Fikir ver, əsərdə insana aid nə varsa,
hamısı saxtadır - sevgi, qəhrəmanlıq, sevinc, məğlubiyyət
- hər şey.
- Elçin müəllim, sizcə, əsərdə
Don Kixotun ən böyük məğlubiyyəti
hansıdır?
- Don Kixotun ən böyük məğlubiyyəti
ölüm ayağında yenidən özünə gəlməsi
və adi bir insana çevrilməsidir. Bu fikir, əlbəttə,
"mənim Don Kixotum"a aiddir. Mariana
Svetayevanın məşhur məqaləsi vardı: "Mənim
Puşkinim". Həmin əsərdə
Svetayeva hər kəsin tanıdığı Puşkindən
fərqli bir Puşkindən danışır. Mənim də "Don Kixotum" kiminsə nəzərindəki
"Don Kixot"a uyğun gəlməyə bilər, bu
çox normaldır. Yeri gəlmişkən, Mixail
Bulqakovun "Don Kixot" adlı dramı var. Bulqakov
böyük yazıçıdır, söz yox, ancaq o da roman
haqqındakı ümumi fikirdən kənara çıxa bilməyib,
çoxları kimi parodiyalarla bağlı məşhur məsələdə
ilişib qalıb. "Don Kixot" haqqında
yazılan elə bir bədii əsərə rast gəlməmişəm
ki, xoşuma gəlsin. Amma "Don Kixot" barədəki
musiqi əsərlərini bəyənirəm, xüsusən
Ştrausun "Don Kixot" haqqında simfonik poemasını,
bir də Qara Qarayevin "Don Kixor qravürləri"ni. Qara Qarayev əvvəl o əsəri
Qriqori Kozintsevin "Don Kixot" filmi üçün bəstələmişdi,
sonra onu ayrıca işlədi.
- Maraqlıdır, niyə bədii ədəbiyyatda
yox, musiqidə "Don Kixot"a müraciətlər sizi sənətkarlıq
baxımından qane edir?
-
Çünki Don Kixot aləminə konkret yanaşmaq
mümkün və düzgün deyil. Mənə
görə "Don Kixot"u məhz qeyri-konkretlik səciyyələndirir.
Musiqi dinləyicinin improvizasiyası
üçün imkan yaradır. Don Kixotun çoxlu
şəkillərini çəkiblər, mən çox rəssamların
bu mövzuda işləri ilə tanışam, amma onların
- həmin rəsm əsərlərinin heç biri mənim aləmimdəki
Don Kixot deyil, Çünki Don Kixotun qeyri-konkret obrazını
tapmaq lazımdır, onun bir qəhrəman, personaj və insan
kimi mahiyyətində qeyri-konkretlik var.
- Sizcə, Don Kixot bütün
etdikləri ilə nəyə nail olmaq istəyir?
- Don Kixot insanları mənasızlıqdan xilas etmək
istəyir və arzusuna da çatmır. Və insanlar
yenə də şərti sevinc və şərti kədərləri
ilə yaşayıb, ölüb, çıxıb gedirlər.
- Bu yaxınlarda dövri mətbuatda
sizin tərcümə və təqdimatınızda Frans
Kafkanın "Don Kixot" barəsində "Sanço
Pansa haqqında həqiqət" adlı
miniatürünü oxudum. Miniatürdə vurğulananlara
münasibətinizi bilmək istərdim...
- Həmin
miniatürdə Kafka yazır ki, "Axşam və gecə
saatları onu rısarlardan, quldurlardan bəhs edən romanlarla
əyləndirərək, heç vaxt da bununla öyünməyən
Sanço Pansa, gələcəkdə Don Kixot
adlandıracağı bu əcinnəsini illər boyu o qədər
özündən uzaqlaşdırdı ki, həmin Don Kixot bir-birinin
ardınca divanə hərəkətləri törətməyə
başladı və sevilib-seçilmiş bir hədəfi olmadığı üçün - həmin hədəf
isə məhz Sanço Pansa olmalı idi - bu hərəkətlərlə
heç kimə bir zərəri dəymədi. Azad
bir insan olan Sanço Pansa, görünür, hansısa bir məsuliyyət
hissinə görə Don Kixotun gəzib-dolaşmaqlarında
onu maraqlı və xeyirli bir qəziyyə kimi son günlərinəcən
müşayiət etdi". Kafkanın
fikrincə, Don Kixotu Sanço Pansa yaradıb. Sanço Pansa kimdir? O, qarınqulu, aciz,
boş-boş şeylərdən həzz alan,
adi şeylərdən kədərlənən ibtidai biridir. Bu cür bəsit birinin Don Kixotu yaratmasını
iddia etmək çox təəccüb doğuran, ancaq, eyni
zamanda maraqlı olan bir fikirdir.
- Norveç Kitab Klubu "Ədəbiyyat
tarixinin 100 ən yaxşı əsəri"ni
müəyyən etmək üçün sorğu
keçirib. Sorğuda 50-dən artıq ölkəni
təmsil edən 100-dən çox tanınmış yazar
iştirak edib. O cümlədən Orxan Pamuk, Salman
Rüşdi, Milan Kundera da rəylərini bildiriblər. Səslərin yarıdan çoxunu dahi ispan
yazıçısı Migel de Servantesin "Don Kixot" əsəri
toplayıb, birinci yeri qazanıb. İstərdim
ayrı-ayrı zövqlərin eyni nöqtədə birləşməsinin
səbəbindən danışasınız...
- Mən
şübhə eləmirəm ki, o seçimi edənlərin
hərəsinin özünün ayrıca bir "Don
Kixot"u var. Onlardan biri bu əsəri yaxşı parodiya
nümunəsi kimi, digəri hansısa başqa bir, sənin
dediyin həmin məziyyətə, keyfiyyətə görə
qiymətləndirib. Mənim üçün
"Don Kixot" səmavi kitablardan sonra ən böyük əsərdir.
- Cəmiyyət cəngavərlərdən
qurtulsun deyə (həm də) "Don Kixot" yarandı. Bəs Don Kixotlardan qurtulmaq üçün necə
bir qəhrəman yaranmalıdı?
- Fərid,
səninlə mənim Don Kixotlarımız bir-birindən fərqlidir.
Mən Don Kixotluqdan xilas olmaq haqqında
düşünmürəm və dünyanın da "Don
Kixot" həqiqətindən qaçası yeri yoxdur.
- Don Kixot hərdən
Sanço Pansaya deyir ki, çalış, çox fərman
vermə, fərmanın çoxluğu dövlətin zəifliyindən
irəli gəlir. Bu müdrik sözləri
deyən Don Kixot çaxır tuluğunu div bilib deşir,
qırmızı çaxır yerə dağıldıqca isə
elə hesab edir ki, axan divin qanıdır. Yaxud
karvansaranı qəsr sayıb özünü hidalqo - ispan zadəganı
kimi aparır. Bu paradoksal nümunələrin
sayını artırmaq da mümkündür. Əsərdə
əvvəldən axıracan elə bil, müdrikliklə sadəlövhlüyün
mübarizəsi gedir...
-
Sadaladığın məqamlarda söhbət müdriklik və
sadəlövhlükdən getmir, mənim fikrimcə,
reallıq və irreallıqdan gedir. Don Kixotun iki
adı və iki dünyası var - real və irreal. Sonda o, irreal dünyadan real dünyaya qayıdır və
başa düşür ki, onun bütün zəhməti
heç imiş. Və o bunu -
dünyanın puç olmasını bizə öz taleyinin
timsalında göstərir.
- Sizə görə, Don Kixotluq nədir:
İçində olduğu cəmiyyəti tanımadan onu dəyişdirmək?
Görmədiyi qadına vurulmaq? Arzuları hesabına özünü fəda etmək?
Ona pislik edənlərə təmənnasız
yaxşılıq etmək? Bəlkə,
bunların hamısını özündə ehtiva edən bəşəri
bir dəyər?
-
Sualında sadaladıqlarının heç biri mənim
üçün Don Kixotluq deyil. Xüsusən də
sualının sonunda vurğuladığın "bəşəri
dəyər"i Don Kixot qəbul etmir. Don Kixotluq dərində
gizlədilmiş təhtəlşüur protestdir: insanın
özünü aldatmasına, hisslərin
saxtalığına, dəyərlərin mənasızlığına
qarşı.
- Bütün məğlubiyyətlərə
rəğmən nikbinliyi zərrəcə əskilməyən
bu əsərin sonunda Don Kixot ölür. İstərdim,
aqibətin labüdlüyündən və ölümün əsərdəki
nikbinliyin sonuna nöqtə kimi qoyulmasından danışaq.
- Don Kixot ölmür, ölən Alonso Kexanodur. Əsər
Alonso Kexanonun Don Kixota çevrilməsiylə başlayır və
Don Kixotluqdan yenidən Alonso Kexanoya qayıdır. Don Kixot məğlub olur, ancaq ölmür, ölən
Alonso Kexanodur.
- Xorxo Luis Borxesin "Don Kixot
haqqında magiya" essesində belə bir sual var: nəyə
görə Don Kixotun "Don Kixot"un
oxucusu olması, Hamletin isə "Hamletin"
tamaşaçısı olması bizi həyəcanlandırır?
Görünür, mən səbəbini tapmışam: bu tip
fikirlər belə bir qənaətə gəlməyimizə
kömək edir ki, uydurma personajlar oxucu və ya tamaşaçı
ola bilərlərsə, onlarla müqayisədə
oxucu və ya tamaşaçı olan bizlər də, bəlkə,
uydurmayıq". Elçin müəllim, Borxesin Don Kixot
haqqındakı bu fikrinə münasibətinizi bilmək istərdim...
- Borxesin
"Magiyalar" silsiləsindən yazdığı o esse
çox məşhurdur və "onun Don Kixotu" "mənim
Don Kixotuma" nisbətən yaxındır. "Don
Kixot"u "Hamlet"lə müqayisə etməsi təbiidir,
çünki onların arasında yaxınlıq var.
- Bu əsərdə çoxlu səyahətlər
təsvir edilir, ancaq müəllif romanı həbsxanada qələmə
alıb...
- Bu,
prinsipial məsələ deyil, həbsxanada belə, azadlıq
haqqında ən gözəl əsəri yazmaq olar. 10-15 il əvvəl çox yorğun idim, məzuniyyətə
çıxıb Kislovodska getdim ki, həm bir az dincəlim, həm
də müalicə alım. Və birdən-birə
başladım silsilə hekayələr yazmağa, özü
də məcburi köçkünlərin həyatı
haqqında. "Bayraqdar"ı, "Qarabağ şikəstəsi"ni yazdım. Onların sonunda
yazdığım məkanı qeyd eləmişdim. O
vaxt mətbuatda qaragüruh kampaniyası başladı ki,
Elçinə baxın, özü Kislovodska gedib sanatoriyada
dincələ bilir, ancaq qaçqınların həyatından
yazır. Halbuki normal məntiq deyir ki, Azərbaycan
yazıçısı, hətta müalicəyə gedəndə
də qaçqınlar haqqında düşünür,
onların həyatından yazır.
- "Bütün
dünyada bu əsərdən dərin və qüvvətli əsər
yoxdur, bu, hələlik insan fikrinin son və ən
böyük sözüdür. Bu,
insanın ifadə edə biləcəyi ən acı kinayədir...
...insan dühasının yaratdığı bütün əsərlər
içərisində ən böyük və ən kədərli
kitabdır". Bu fikirləri Dostoyevski "Don Kixot"
əsəri barədə deyirdi...
-
Dostoyevski "Don Kixot"u ona görə sevirdi ki, hər ikisi
- həm Don Kixot, həm də Dostoyevski dünyada baş verənlərin
tənqidlə düzələcəyinə inanmırdı. Onlar bu baxımdan eyni bədii-fəlsəfi yolun
yolçularıdır. Servantes yox ha, Don Kixotla
Dostoyevski.
- Rejissorlardan bəziləri "Don
Kixot"da azadlıq məsələsini qabardır, digərləri
insanın reallıq hissini itirməsi məsələsini. Siz bu əsərin ekran və səhnə həyatında
hansı rakursun qabardılmasını vacib hesab edirsiniz?
- "Don Kixot" haqqında çəkilən filmlərin
arasında və gördüyüm tamaşalarda "mənim
Don Kixotum" olmayıb.
- Yazıçı olaraq Don Kixotun
yaradıcılığınıza təsirini hiss etmisinizmi?
- Bunu
konkret olaraq deyə bilmərəm ki, "Don Kixot"dan təsirlənib
nəsə yazmışam, ancaq təhtəlşüurumda, yəqin
ki, hansısa təsiri var. Xüsusən "Baş"
romanımda və son hekayələrimdə "Don Kixot"la
yaxınlıq hiss edirəm.
- Don Kixotun romantik məhəbbət
etiraflarına Dulsineya alma zərbələri
ilə cavab verir. Sizcə, müəllif niyə alma simvolundan istifadə edir?
- Bu
çox maraqlı sualdır. Mən bu əsəri
tez-tez vərəqləyirəm, amma 2-3 ildən bir yenidən
oxuyuram. Sonuncu dəfə - 4-5 il əvvəl
"Don Kixot"u yenidən oxuyanda fikrimdən keçdi ki, Həvva
Adəmi alma ilə aldadıb. Servantes, bəlkə də, alma məsələsini düşünərək
yazmayıb, təhtəlşüurun gücü ilə
yazıb, istedadı, fəhmi onu həmin məqama aparıb
çıxarıb.
- Servantes zamanında İspaniyada
zadəganlar üç əsas təbəqəyə
bölünürdülər. Yuxarı təbəqə -
senyorlar, orta təbəqələr kabalyerolar və
aşağı təbəqələr - hidalqolar. Sizcə, müəllif niyə qəhrəmanını
hidalqolar arasından seçib?
- Ola bilər
ki, türməyə düşməsi, qolunun kəsilməsi,
hətta casusluq da etməsi bunda müəyyən rol
oynayıb. Servantes macərapərəst bir adam
olub və ona görə də əsas qəhrəmanı
özünə bab sinifdən seçib.
- Sizcə, "Don Kixot" əsərinin
meydana çıxması ilə, intibahın sevgi, qəhrəmanlıq
ideyalarının süquta uğraması arasında əlaqə
varmı?
- "Don Kixot" renessansa da yüksəkdən baxan bir
əsərdir.
Don Kixotun nəzərləri ilə renessansa
baxanda, o da illüziyadan başqa bir şey deyil. İnsanın ən üst mərtəbəyə
qalxması, yaxud ən gözəl dövrdə yaşaması
hələ hər şey demək deyil. İnsan
o aldanışların fövqündə dayana bilmir, ona
görə də qədim zamanlardan insanın sevinci həmin
sevinc, kədəri həmin kədərdir və bütün
zamanlarda belə olub. Yəni nə dünən bu
gündən yaxşı idi, nə sabah bu
gündən yaxşı olacaq, nə də bu gün dünəndən
və sabahdan gözəldir.
- Siz "Şekspir" pyesində
yazırsınız ki, yalanla həqiqətin, dəliliklə
ağlın qəti sərhədini çəkmək
mümkün deyil, bunu müəyyən edən meyar,
ölçü yoxdur. Bu əsərinizi Don
Kixot ideyalarının davamı kimi başa düşmək
olarmı?
- Mən
"Şekspir"ə "Don Kixot"un
davamı deməzdim. "Şekspir"ə "mənim Don
Kixotum"un dünyagörüşünə
uyğun ideyaların daşıyıcısı demək daha
düzgün olar.
- İkibaşlılıq,
qeyri-müəyyənlik daha çox postmodernist
düşüncəyə məxsusdur, "Don Kixot"
romanındakı ikibaşlılıq və qeyri-müəyyənlik
onu postmodernist bir əsər saymağa əsas verirmi?
-
Bütün "izm"lərin, mənim aləmimdə, məhdud
dövrü yoxdur. Həmin "izm"lərin
izini klassik ədəbiyyatda görmək olar. Bu mənada, postmodernizm, bəlkə də,
özünü "Don Kixot"da daha çox ifadə edir, nəinki
müasir postmodernist əsərlərdə.
Söhbətləşdi: Fərid
Hüseyn
Ədəbiyyat qəzeti.- 2019.- 6 aprel.- S.4-5.