"Mənim peşəm dərd çəkməkdir..."

 

Bakıda - əksəriyyəti peşəkar və istedadlı şairlərdən, nasirlərdən ibarət olan sağlam ədəbi mühitdə hər yazdığı şeirdən tərif, təltif, şöhrət,  sərvət umanlar da az deyil.

Belələriylə bir zamanda Azərbaycanın kiçik əyalət şəhərində heç bir iddiası olmayan zərif bir qadın yaşayır və heç kəsin yazmadığı ecazkar təşbehlər  yaradır:

"Yuxular çıxır qınından", "öpür ayağımı yorğun ləpirlər. Gedər gəlməzlərdən qayıdım deyə", "macəra axtarır veyil küləklər, tökür kal tutları ağacdan yerə". "Sən yox idin, sənsizlik də yox idi, sənsizliyi sən gətirdin ömrümə..." "Yenə divarlarla  qaldıq təkbətək, Hər yanı gecədir bu dörd divarın". "Gizlənpaç oynayır ərköyün günəş, Dolu buludları tutub üzünə", "Həsrət yumağı tək uzanan yollar. Dolanır zamanın biləklərinə". "Əlimin sığalında ağrılar mürgüləyir".

Onlarca belə deyilməmiş deyimlərin, ifadələrin müəllifi Sabirabadda yaşayan şair, nasir Nisə Bəyimdir. İddiasız şairənin gileyi də həzindir, kövrəkdir:

 

Hələm-bələ ağlamazdım

itirməzdim başımı

İndi sanki kövrəlmişəm

Dəymə-düşər olmuşam

Yaxınlardan - uzaqlardan

İnciməyə bir bəhanə gəzirəm

İçim-çölüm sınıq-sınıq

ağrılar-acılardan

Bulud kimi dolmuşam.

 

Bir neçə maraqlı nəsr əsərinin müəllifi Nisə Bəyim zənnimcə, ilk növbədə şairdir, bənzərsiz şairdir və cəsarətlə deyə bilərəm ki, zənnimcə, bugünkü çağdaş şeirimizin ən parlaq nümayəndələrindəndir.

Şairənin bu günlər oxuduğum son şeir kitabı "Miraj" adlanır. Kitaba 2015, 2016, 2017-ci illərdə yazılmış şeirləri toplanmışdır. Bu üç ilin poeziyası yaralı bir qəlbin etirafıdır. Nisə Bəyim kədər şairidir. Şeirlərinin dəyəri də kədərin ən müxtəlif çalarlarını ifadə etmək məharətindədir.

Yaxşı şeirdən yazmaq çətindir, çünki şah misraları onlara bərabər sözlərlə izah etmək zor işdir. Belə olduqda yalnız o misraları gətirməklə  onlardan aldığın zövqü oxucularla bölüşmək qalır.

TƏNHALIQ, XATİRƏLƏR, PAYIZ, YAĞIŞ, AYRILIQ, GECƏ, AĞRI, ÖLÜM Nisə Bəyimin ən çox işlətdiyi sözlərdir.

 

 Mənim peşəm dərd çəkməkdir

hər zaman iş başındayam.   

 Çəkdiyim acılar hər gecə ölür

 hər səhər dirilib quşa çevrilir.

 Payıza yolun düşsə, darıxdığımı söylə,

de ki ayrılıqları uzun çəkdi  bu dəfə

Mən   tənhalığın uzaqlığında,

çırpınan yaralı qanad kimiyəm

Bütün rüzgarları içinə yığmış,

gah dolan, gah yağan bulud kimiyəm

Sənə söylədimmi darıxdığımı,

dedimmi kimsəsiz liman kimiyəm

Yalqız yelkən açan ayrılıqların,

boynuna sarılan duman kimiyəm.

Bir ayrı  dünyanın adamlarıyıq,

nağıldan düşmüşük  bu yer üzünə.

Ən yaxşı öyrəndiyim  həyat dərsim - tənhalıq

Tənhalıq diksinib oyandı qəmdən,

yuxulu-yuxulu kədərə baxdı

Payızın üstə köklənir uzaq-yaxın xatirələr

Yağışa qarışıb yağır axın-axın xatirələr

Dünyada hər kəsdən məhrəmdir mənə 

ağır dərdlərimi gizlədən gecə

Çəkir sinəsinə  ağrılarımı

Sabahı mənimlə gözləyən gecə

Gecə qəfil qapım çala, açıb görəm yuxum gəlib

Bax bu imiş tənhalıq öz-özünə qısılmaq

Ömrün dar ağacında  sənsizlikdən asılmaq.

Tənhalıq ölüm kimidi  heç kəslə paylaşılmır.

 

Belə və buna bənzər  misraları sitat gətirdikcə gətirmək istəyirsən, amma onda gərək kitabın azı yarısını bura köçürəsən.

Bu şeirləri oxuduqca düşünürdüm: görəsən, sovet vaxtı olsaydı, belə şeirlər yazıla bilərdimi?                                                                                                                                                                                          

Bəlkə də... Olsun ki, bir tərki-dünya zamanla hesablaşmadan, öz tənhalığının hücrəsinə çəkilib ancaq özü üçün xəlvət şeirlər yaza bilərdi. Təbii ki, onların çapından söhbət gedə bilməzdi. Amma gəlin fantastik bir fərziyyə irəli sürək. Hansısa bir redaktor siyasi sayıqlığını itirərək, sinfi  səhlənkarlığı ucbatından bu şeirləri üzə çıxaraydı. Nəinki  şeirlər, ayrı-ayrı misralar belə dərhal SOSrealizm tənqidçilərinin  yaylım atəşinə tutulardı: Pessimizm, bədbinlik, mürtəce burjua əhval-ruhiyyəsi, işıqlı  həyatımıza qara böhtan, şən, xoşbəxt yaşayışımızı inkar edən  küskünlük, düşkünlük, bezarlıq, azarlıq və s. və i.a.

Amma Nisə Bəyim dediyi kimi:

 

"Həqiqətdə xoşbəxtlik yox,

xoşbəxtlikdə həqiqət"

 

SOSrealizm deyilən təlimə tapınanlar onu başa düşmək istəmirdilər ki, ən bədbin şeirlər də - əgər onlar doğurdan da əsl şeirdirlərsə, - insanlara bədbinliyi təlqin etmir, onlara təsəlli verir. Eyni hissləri keçirən hansısa oxucu bu kədərli sətirlərlə tanış olarkən öz yalqızlıq dərdlərinə həmdərd, öz kədərinə ortaq tapır və acılarını bu şeirlərlə ovudur.

Nisə Bəyimin şeirlərində kədərin müxtəlif çalarları varsa, müxtəlif səbəbləri də var. Bütün  duyan, düşünən insanlara xas olan bir  qüssə - həyatın ötücülüyü, ən uzun ömrün belə qısalığı haqqında fikirlərdən doğur.

 

Əlim ayağım belə şişib üzümə durur

Yaşımın keçdiyini Ömür üzümə vurur.

 

Xəstəliyin fəsadları - yuxusuz gecələrin ağrılarıyla bərabər, şairənin  acıları başqa şərtlərlə də bağlıdır. Ailəsinə aid həzin  misralar:

 

Heyif məndən, heyif məndən, ay ana

Heyif mənim ürəyimdən

Başındakı qovğanın hamısı məndən keçdi

Sənə düşmən olanlar mənim qanımı içdi

Unudub haqqı-sayı azıb haqdan döndülər

Diriykən ikimizi bir məzara gömdülər

 

yaxud:

 

Ömür beş daş oynayan  ağılsız bir uşaqdı

sellər aldı apardı,

Anam mənə beş qardaş doğmuşdu         

ellər aldı apardı.

 

Şairənin həssas qəlbi nəinki yaxınlarının dərdini çəkir, hətta arvadını itirib dul qalmış qonşuları Mirzağa dayının da yalqızlıq nisgilini paylaşır.

Bu şəxsi itkilərlə yanaşı, Nisə Bəyimi  daha böyük ictimai faciələr  - Xocalı soyqırımı, Şuşanın itirilməsi də yandırıb yaxır.

 

Biz elə özümüz dərdin özüyük

Yazıb üstümüzdə Şuşa, Xocalı...

Konkret hadisələrdən həyat dərsləri  çıxır:

Bir gün üstünə cəhalət yürüyəcək

Daşqalaq edəcəklər sevgilərini

Ən böyük daşı

ən çox yaxşılıq etdiyin adam atacaq.

Bəs nicat  nədədir?

Bu ciddi suala şairə zarafatla cavab verir:

Adamın çox pulu ola

Pul verib adamlıq ala

Ya adam  kimi yaşaya

ya da ki biryolluq  ola.

Təəsüf ki, bu da mümkün deyil.

 

Fəqət bu kədərli kitabdan ümidsizliklə ayrılmırsan, çünki:

 

Səni tərk etsə də, yadlar doğmalar

üzülmə

dünyanın sonu deyil ki...

 

Bu fani dünyada əbədi qalmağın bir yolu da sənətə, şeirə, poetik sətirlərə çevrilmiş duyğulardır.

O cümlədən, Nisə Bəyimin yaratdığı sətirlər:

 

Öldürüb torpağa deyil, məni sözümə basdırın

- deyir şairə və  haqlı olaraq inanır ki:

Ruhumun məskəni nə xatirələr

Nə torpaq, nə məzar, nə təndir mənə

Məni xatırlayan bütün könüllər

Yaşadan sevgilər vətəndir mənə.

 

Nisə Bəyimin ölümə münasibətində həm mistik, həm də elmin yeni fərziyyələriylə bağlı qəribə bir ümid yeri var - Ölümdən sonrakı həyata ümid... Bu fərziyyə onun maraqlı nəsr əsərində "Onlayn" romanında da əks olunub, şeirində də:

 

Öləsən...

sənə məktub yazalar

ölməmiş kimi

yerini-yurdunu bilməmiş kimi

səni axtaralar  başqa dünyada

başqa adam kimi, başqa vaxt kimi

Dünyanın üstündə hər kəs qocala

ölüm də qocala ölməmiş kimi

sənsə  gənc qalasan vaxtın gözündə

heç nə dəyişməmiş, olmamış kimi.

Kim bilir? Bəlkə doğrudan da belədir... Kim insanı bu fikirdən, bu ümiddən, bu təsəllidən daşındıra bilər ki?

Və niyə də daşındırsın?     

Nisə Bəyimin şeirlərindən gətirdiyim sitatlar deyəsən, elə mənim öz  mətnimdən çox oldu. Olsun! Bəlkə bu başqa oxucuları da istedadlı şairənin  kədər və ümid dolu kitabını alıb oxumağa həvəsləndirdi.

 

30 mart 2019

 

ANAR

 

Ədəbiyyat qəzeti.- 2019.- 6 aprel.- S.8.