Xəncər kimi söz
saplanır köksümə,
Diri-diri ölmək
deyil, bəs nədir?
***
Kədərimə lələk saldı
durnalar,
Nalə nədir, fəryad nədir, səs nədir?
Xəncər kimi söz saplanır köksümə,
Diri-diri ölmək deyil, bəs nədir?
Bu sevginin yaşı hanı, əfəndi,
Başa
düşən daşı
hanı, əfəndi?..
Ruhsuz sözəm,
nəşim hanı, əfəndi? -
Sənsiz
bu nəş dünyalarda nəsnədi...
Yer üzünə İlahidən
pay adam,
Bahar adam, payız
adam, yay adam.
Yaxşıların yaxşısısan,
ay adam,
Bilirsənmi yaxşı nədir, pis nədir?
Yağ ey yağış, yu dünyanın kirini,
Əs ey külək - xəyalların sərini...
Daşlar
bilər yüzillərin
sirrini,
Dağlar bilər duman nədir, sis nədir.
Qayıtmaram mən bu yolu yarıdan,
Yüz il keçə,
min il keçə aradan.
Səni
mənə yar eləyən Yaradan,
Söyləməzmi umu nədi, küs nədi?
Bir təzada bürünmüşəm
həyatda,
Saniyədə, dəqiqədə, saatda...
Gəl yenidən yarat məni bu adda,
Sənin hüsnün İlahinin hüsnüdü.
Şeirlərim - misra-misra intizar,
Şeirlərim - min illərin yükü
var...
Şeirlərim zülmkardı, zülmkar,
Şeirlərim - bir gözəlin rəsmidi.
Torpaq Faiq, hava Faiq,
su Faiq,
Günahını sevgi ilə yu, Faiq...
Ruhu ilə ədədidir bu Faiq,
Od içində yanan onun cismidi.
***
Mən xəyal qurmadım bir ömür boyu,
Mənim
qurduqlarım xəyaldan
böyük...
O hansı arzudu, Allah eşqinə,
İşığa yol gedən amaldan böyük?
Gəl,
ey dinim mənim, imanım mənim,
Ömrüm-günüm mənim, zamanım mənim.
Əhli-hal olmuşam, gümanım
mənim,
Hal varmı məndəki
bu haldan böyük?
Səslə yox olmuşam, sözlə gəlmişəm,
Bu boyla-buxunla, üzlə
gəlmişəm.
Sevgi tanımışam, eşqi
bilmişəm
Zinətdən, dövlətdən, cəlaldan böyük...
Bilir bilənlər də, bilir sonradan,
Əvvəldən olanlar ölür
sonradan...
Məcnunluq zirvəsi gəlir
sonradan,
Bu dərddən-qüssədən, məlaldan böyük.
Hərdən şəkər ola, qənd ola, sözdü,
Hərdən zəhərə də
bənd ola,
sözdü...
Anama, atama and ola,
sözdü,
Nisədən balaca, Bilaldan böyük.
Kimdi doğma sanan yadı özündən,
Adı özgəsindən, dadı
özündən...
Böyükdür Tanrının adı
özündən,
İnsanı alçaldan, ucaldan
Böyük...
Uç
da bu səmada,
İnsan, ucal da,
Qoyma təbiətin
səni qocalda.
Nələr yaratmısan bu dar macalda? -
Fürsətin hanı bu macaldan
böyük?
Axşam
həmin axşam, həmin səhərdi,
Həyat
bir təzaddı: baldı, zəhərdi...
Sən böyak adamsan, adın şəhərdi,
Bu kənddən-kəsəkdən, mahaldan böyük.
Qoy Tanrı qorusun yar olanları,
Yolları sis-duman, qar olanları.
İstəsə yox edər var olanları,
Nəsildən-nəsilə çoxaldan Böyük.
Min ildi tək çəkir
bu ahı adam,
Göylərə aparır pənahı
adam.
Tanıya
bilmədi Allahı adam,
Hüsnü, gözəlliyi camaldan böyük.
***
Üzün Allah nişanıdı,
Üzündə Allah var sənin.
Səsin
sədadı göylərdən,
Sözündə Allah var sənin.
Həsrətindən doyan adam,
Sözlə günah yuyan adam.
Yüz yerə can qoyan adam,
Yüzündə Allah var sənin.
Bu ruhun, adın Allahın,
Kiminsən, qadın?
Allahın?
Atdığın addım Allahın,
İzində Allah var sənin.
Odur əvvəl, Odur axır,
Və sairə, və ilaxır...
Gözlərindən Allah baxır,
Gözündə Allah var sənin.
Sahilmisən, adamısan?
Sən bu cana odamısan?
Özün Allah adamısan,
Özündə Allah var sənin.
***
Çıxdım dinimdən-donumdan,
Şeytanın-cinin xətrinə.
Sevdim səni Allah kimi,
Eşq adlı
dinin xətrinə.
Öldür bu baxışla
məni,
Tufanla, yağışla
məni.
Sən
Allah, bağışla məni,
Bağışla, sənin xətrinə.
Yad idim, "öz"ə dönürəm,
Bir idim, yüzə dönürəm...
Yenidən sözə dönürəm,
Bu yolun, yönün
xətrinə.
Bir də gördün, çarxdı, döndü,
Pozuldu şahın
yazısı.
Bir savabın üstə gəldi,
Min bir günahın
yazısı.
Can qayıdır, cana
dönür,
Candı da, insana dönür.
Dağlarda dumana dönür,
Çəkdiyim ahın yazısı.
Xəbər verin mələklərə,
Qanım çıxıb lələklərə.
İşarətdi ürəklərə,
Bu qibləgahın yazısı.
Bir az da məndən boy atır,
Qiblədən, yöndən boy atır;
Sözdü - dünəndən boy atır,
Sözdü sabahın yazısı.
***
Unutmağa nə var ki,
Xatırla hərdən məni.
Agah elə Eşq adlı,
Sehrdən-sirdən məni.
Rəhm
elədin bu cana,
Adın
düşdü hər
yana.
Özün qoru şeytana,
Şərə əsirdən məni.
Bir az fikrimi
qatdın,
Hərdən qəmlərə atdın.
Torpaqdanmı yaratdın,
Yoxsa... dəmirdən
məni?
Qayadır, dağdır önüm,
Sabaha yetmir ünüm.
Ölmüşəm, ömrüm-günüm,
Gəl, götür
yerdən məni.
***
Önündə diz çökənin,
Başa çıxan vaxtıdı.
İlan
kimi dəridən,
Haşa...
çıxan vaxtıdı...
Ömrün ağa dirənən,
Ağ bayrağa dirənən,
Yolun dağa dirənən,
Daşa çıxan vaxtıdı.
Ömür baha, gün baha,
Ümid varmı sabaha?
Günəşin Ayla daha,
Qoşa çıxan vaxtıdı.
Gördüm Tanrının əlin,
Qoydu Yerin təməlin...
İllər ötür, əməlin
Yaşa çıxan vaxtıdı.
***
Söz də üşüyür
daha,
Əllərin də soyuqdur.
Ayların, günlərin də,
İllərin də soyuqdur.
Soyuyur bu dünyada,
Küləklər də soyuyur.
Fələklərə qoşulub,
Mələklər də soyuyur.
Soyuyur qızıl Günəş,
Gərək yoxdu altuna.
Nə varsa yaxınlaşır,
Getdikcə buz qatına.
Hər yer dərin qaranlıq,
Kim ömrümü uzadar?
Mənə bir işıq göstər,
Düşdüyüm bu fəzada.
***
Div çıxardı qarşıma
Nağıllarda hər dəfə.
Min ildi yol gedirəm
İşıq gələn tərəfə.
Varmı
bu yolun sonu,
İşığa çatacaqmı?
Cırtdan-cırtdan arzular,
Bu axşam yatacaqmı?
İt hürən qaranlığın
Sabahı varmı görən?
Sevgilərin kitabda
Günahı varmı görən?
Söz-söz vuruldum sənə,
Vuruldum sənə, əfv et.
Yaşada
bilmədinsə,
Nə olar, məni məhv et.
Yox et məni, çəkilim,
Soyuyum torpaq kimi.
Sakit, səssiz-səmirsiz,
Uyuyum torpaq kimi.
Sən də yaşa ömrünü,
Qismətinlə barışma...
Div çıxardı hər
dəfə
Nağıllarda qarşıma...
Hönkür-hönkür ağlayır,
İçinə qısılan Söz.
Məhbus
ömrü yaşayır,
Varaqda... yazılan
Söz.
Peyğəmbərə dərs verir,
Şairə həvəs verir...
Güzgüyə nəfəs verir,
Məzarı qazılan Söz.
Ömür də bir yarışdı,
Gah küsdü, gah barışdı...
Yuxu kimi qarışdı,
Yüz yerə
yozulan Söz.
Kim verdi bu
öyüdü? -
Dünya
gidi, nə gidi...
Mənəm sənin igidin,
Saçından asılan Söz.
***
Mərhaba, xoş gəlmisən,
Qədəmlərin mübarək!
Dünya
kədərnən dolu,
Sitəmlərin mübarək!
Fələk qəmə qəm
bükür,
Ömürdü... hərdən ürkür.
Tapdığına min şükür,
İtənlərin mübarək!
Yaş üstünə yaş gəlib,
Hərdən əliboş gəlib.
Gələnlərin xoş gəlib,
Gedənlərin mübarək!
Sözlə agah olan kəs,
Söz deyilsə,
nədir bəs?
Olanların müqəddəs,
Ötənlərin mübarək!
Faiq HÜSEYNBƏYLİ
Ədəbiyyat qəzeti.- 2019.-
6 aprel.- S. 6.