Nərgiz Paşayeva: "İdrakın
ilhamı
mənəvi impulslardan güc alır"
Martın 25-də M.V.Lomonosov adına
Moskva Dövlət Universitetində (MDU) "Universitetlər, cəmiyyət
və bəşəriyyətin gələcəyi"
mövzusunda beynəlxalq forum keçirilib. 1500-ə yaxın
iştirakçı və qonağın - Rusiyanın və
xarici ölkələrin aparıcı universitetlərinin
rektorlarının və prezidentlərinin, elmi təşkilatların,
akademik dairələrin, dövlət orqanları təmsilçilərinin,
tanınmış alimlərin və ictimai xadimlərin
iştirak etdikləri tədbirdə MDU-nun rektoru, akademik Viktor
Antonoviç Sadovniçi,
Rusiya Rektorlar İttifaqının vitse-prezidenti, Privoljsk
Federal Dairəsi Ali Məktəblər Şurasının sədri,
N.İ.Lobaçevski adına Nijni Novqorod Dövlət
Universitetinin prezidenti Roman Qriqoryeviç Strongin, Bolqarıstan
Elmlər Akademiyasının sədri, Sofiya Universitetinin rektoru
Blaqovest Sendov, Yaponiyanın
keçmiş Baş naziri, siyasətçi, fəlsəfə
doktoru Yokio Xatoyama və digər nüfuzlu elm və təhsil
adamları çıxış edib.
M.V.Lomonosov adına
MDU-nun Bakı filialının rektoru, AMEA-nın vitse-prezidenti,
akademik Nərgiz Paşayevanın forumdakı plenar məruzəsi
iştirakçılar tərəfindən maraq və rəğbətlə
qarışılanıb.
Təhsil məsələləri çoxcəhətlidir,
birmənalı deyil. İlk baxışdan belə
görünür ki, tədris prosesinin idarə
olunmasının bütün reseptləri artıq
yaradılmışdır. Belə
düşünmək olar ki, hər şey tamamilə
aydındır və sadədir - biz bilikləri toplamalı,
ötürməli və qiymətləndirməliyik. Bəs,
əsas nəticəyə - qazanılan biliklərin insanın
şüur və təfəkkürünü zənginləşdirdiyi
və maarifləndirdiyi pozitiv dönüş nöqtəsinə necə yetişməli?
Axı, sonra məhz şüur aparıcı olacaq və
yalnız o, biliyi
bu və ya digər yolla aparacaqdır. Başqa sözlə,
sadəcə, yalnız konkret mütəxəssis hazırlamaq
deyil, mənəvi-əxlaqi
prinsiplərə və
yüksək məziyyətlərə sahib olmaq üçün insanı necə
öyrətməli, necə savadlandırmalı? Bu məsələni
tarix kontekstində nəzərdən keçirsək, tarixən ilkin
impulsun və bazanın yalnız bilik deyil, həm də səbatlı
vicdan, dərrakənin gücü və əxlaqın
olduğu proseslərin fərqini aydın görə bilərik.
Sovet dönəmində bizlər - filoloqlar illərlə
süni sosrealizm metodologiyasından istifadə etmişik. "Sovet ədəbiyyatının
optimizmi" prinsipi nəinki saxta elmi formulu, doktrinanı ehtiva
edirdi, həmçinin, bir çox hallarda bu ştamp gənc
insanın beynini pozur, köhnə düşüncə
sistemində yaşayan insanları barışmaz edirdi. O
zamanlar fərqli düşünən və fərqli yazan
insanların qarşısında hələ çox maneələr
dururdu. Çünki təhrif edilmiş nəzəri
biliklərin doğurduğu aləm ədəbiyyatşünaslıq
dərslikləri ilə məhdudlaşmır, onlarla bitmirdi.
Vaxtilə bu qəbildən olan biliklər milyonların
şüurunu təhrif etmişdi və heç kimin poza bilmədiyi
tarazlığı yalnız ideoloji ehkam, göstəriş və
metodologiyalardan real şəkildə azad olan sələf alimlərin həlledici
təsiri bərqərar edirdi.
XXI əsrdə bilik və təhsil vasitəsilə
kütlələrin şüurunu düzgün idarə edə
biləcəyikmi? Heç də sadə olmayan bu sualın
cavabı, şübhəsiz, müsbət olmalıdır.
Əks halda, biliklər əsas missiyasından -
cəmiyyətin ləyaqətini, asayişini, rifahını və
inamını təmin etməkdən məhrum olacaqdır.
Dünyanın cari durumunda skeptiklər bu ali
prinsipləri sadəlövh və səmərəsiz
adlandıra bilərlər. Sirr deyil ki, bəzən
belə dayaz düşüncələr bütöv bir həmfikirlər
ordusu toplaya bilir. Təhsil prosesində ən
çətin məsələ müasir tədrisin
dağıdıcı, etinasız praqmatizmə və praktisizmə
yuvarlanmasına yol verməməkdir. Qəlb,
insan təbiəti, şəxsiyyət təhsil sistemində
bu çətin prosesin keyfiyyətinə,
etibarlılığına və funksionallığına zəmanət
verilməsinə təsir edən əsas amillərdir.
İstənilən insan erkən uşaq
yaşlarından real həyati olayların və durumların
heç də birmənalı olmaması, bəzən isə
ağır olması faktı ilə əvvəlcə nəzəri,
sonra isə real şəkildə üzləşir. Və bu və ya digər situasiyada
fərdin hərəkət və əməllərinin
özünütəşkilin və şəxsi intizamın
hansı meyarları ilə şərtlənəcəyini
heç kim deyə bilməz. İdealda, məhz məktəbdə atılan ilk
addımlar, daha sonra isə biliklərin əldə
olunmasına aparan yol, ən müsbət keyfiyyətlərə
şövqləndirməklə insanı böyük aləmə
hazırlamalıdır. Bu mərhələdə
yalnız kitablardakı müdrik fikirlər deyil, bu və ya
digər biliklərin daşıyıcısı olan insanlarla
şəxsi təmas da çox önəmlidir; onların həyat
fəlsəfəsi, baxışları, daxili aləmləri və
prinsipləri çox önəmlidir; təhsil mühitinin
özü və onun atmosferi, biliklərin gücünə
inamın ruhu, energetikası önəmlidir.
İnnovasiya əsri olan hazırkı dönəmdə
məhz humanitar elmlər, sosial dəyərə malik elmlər
qlobal miqyasda böyük əhəmiyyətə malikdir. Dəqiq elmlərin, innovativ
layihələrin istənilən nailiyyətləri və ya
uğursuzluqları gec-tez humanitar tərkibli və müxtəlif
problemlərlə
üzləşir, kəsişir. Hətta dahi bir əqlin
eyforiyası ali yönümlü
qadağanı pozmaq cazibəsi qarşısında duruş gətirmədikdə,
humanitar təlimlərin etik, əxlaqi və mənəvi
ehkamları, humanitar elmlərin qiymətləndirmə
meyarları, dəyər şkalaları əyləc rolunu
oynayır.
Bilirik ki, mütləq şəkildə hamı
üçün ümumi olan ideyalar mövcud deyil. Bizə o da məlumdur ki,
biliklər anadangəlmə olmur, deməli, mənəvi-əxlaqi
prinsiplər də anadangəlmə ola bilməz.
Yeni dövr fəlsəfəsində sensualizm
konsepsiyasının müəllifi, XVII əsr ingilis alimi və
mütəfəkkiri Con Lokk yazırdı: "Kimdəsə
anadangəlmə ideyalar varsa, həmin şəxsdən
onların necə və nə qədər olduğunu öyrənməyə
şad olardım". Yəni onlar anadangəlmə ola bilməz. Çox vaxt
çılğın dərk etmə, duyma istəyi, biliklərə
meyil hissiyyatı təcrübə, sensual qavrama sayəsində
meydana çıxır. Aristotelin fikrincə, "ağıl qavramağa
başlayanda ideyaları kəsb edir". Fikrimizcə,
qavrayışın, ideyaların və mənəvi-əxlaqi
qaydaların ümumiliyi müasir təhsil prosesinin əməli
müstəvisində daha fəal və dərin təzahürünü
və tətbiqini tələb edən mühüm
platformadır. Qlobal baxımdan, ümumbəşəri
intellektual mühit, məktəblər və universitetlər,
elmi müəssisələr müasir dünyanı bir
çox təhdidlərdən qoruyan adekvat və xilasedici
buferin qorunub saxlanmasını təmin edən qüvvələrdir,
möhkəm bazalardır. İnsanlar kin-küdurətdən,
qətllərdən və beynəlxalq intriqalardan beziblər.
Fikrimcə, mənəviyyat yolu ilə
saflaşdırılan şüura və ağıla
inamın bilik vasitəsilə dəstəklənməsi
müasir təhsil və elmin əsas vəzifəsidir. Qlobal aləmdə
bir-birimizlə müasir elm və təhsil mühiti vasitəsilə
dialoq apara bilib-bilməməyimiz isə özümüzdən
asılıdır. Biz istəməzdik
ki, gələcək nəsillər humanitar qavramanın və əldə
olunan biliklərin mənəvi dərkinin önəmi barədə
mücərrəd və dumanlı təsəvvürlərə
malik olsunlar. Bəzən kitablarda da səhvlər ola bilər. Müəyyən mərhələdə
biliklərin də bu və ya digər dərəcədə
yanlış olması mümkündür. İndi bəzən elektron texnikayla davranmağı
uşaqlar bizə öyrədir. Lakin mənəvi,
yüksələn dəyərlərin ötürülməsi
prosesi şəxsiyyəti, gələcək nəsilləri
maarifləndirməyi, onlara təhsil verməyi özünə
vəzifə seçmiş insanların üzərinə
düşməlidir. Xəyali səcdəgaha
çıxarılmış bu sakral fikri baş verəcək heç
bir yüksək texnoloji inqilab durdura bilməz. Çünki
idrakın ilhamı mənəvi impulslardan güc alır.
Daha çox mənəvilik, estetik tərbiyə, kreativlik,
mücərrəd təfəkkür, təxəyyül,
sosial açıqlıqdan keçən ağıl fantaziyaları,
həyat sevgisi harmonik şəxsiyyətin formalaşmasına
yardımçı ola bilər. O zaman
Diogenin gün işığında yandırdığı fənər
axtarışda olanı tapacaq.
Bəli,
biz bilirik ki, bütün yollar Məbədə doğru getmir,
lakin ona doğru aparan, Göy ilə Yer qarşısında bəraət
qazanmış Yol bizi bura -
Moskva Dövlət Universitetinə gətirdi!
***
Xatırladaq
ki, bu il fevralın 27-də MDU-nun Bakı
filialının rektoru Nərgiz Paşayeva Rusiya Təhsil
Akademiyası üzvlərinin ümumi toplantısında
Lomonosov adına MDU-nun rektoru akademik Viktor Sadovniçinin təqdimatı
ilə yekdilliklə akademik (əcnəbi üzv) seçilib.
4 il əvvəl - 2015-ci ildə isə 26
yanvar MDU-nun 260 illiyinin qeyd olunması zamanı Nərgiz
Paşayevaya universitetin fəxri professoru adı
verilmişdi. Nərgiz xanım
bu münasibətlə demişdi: "Mən özümü
yalnız öz sahəmin mütəxəssisi deyil, müəllim,
təhsilə xidmət edən bir insan hiss edirəm. Moskva Dövlət Universitetinin professoru adı
qürurla səslənir, çünki qlobal akademik dairələrdə
MDU kifayət qədər yüksək yer tutur".
Nərgiz Paşayeva
Ədəbiyyat qəzeti.- 2019.- 6 aprel.- S.2.