Xocalı

 

Yaddaşım-ağrım inlər,

dili, kürsüsü.

Dayanar qarşı-qənşər:

Göz deşər kor tüstüsü.

 

Zülmətin doğurduğu

Mənim sonsuz əzabım,

Dualarla yuyundum,

Amma qalmayıb tabım.

 

Ey külək, məni apar

O yerə, o dağlara,

Yuxuma yağıb o qar -

Qovtək yanır... ağlaram.

 

Soyuq fevral gecəsi...

Xocalım - ağrım aman...

Kimsəsizdik...çarəsiz...

Dağılmadı sis-duman...

 

Qarabağ

 

Yadımdadır, rəqs edərdin:

yumruq göyə... əllər yana açılardı.

Sən qurd idin, qartal idin, bəbir idin,

Təbillər lap ucadan çalınardı.

 

Güllələrin cırmaq yeri divarlardan

pəncərələr oyuq-oyuq,

            kor göz kimi baxır indi.

Qayçılayır kənd yolunu dəli tanklar,

Duman-tüstü... İndi burda

            ölü quşlar yuvaların sakinidi.

 

Öz evini qoruyarkən

həyətinə girən yerdə yıxıldın sən.

Bu dünyada gülüş ilə,

            ümid ilə yoldaş oldun,

gülə-gülə yox oldun sən.

 

Savaş

 

Xaraba divarların arasında

Yırtıq dizlikdəki körpə,

Əlində oyuncaq ayı balası:

başını yaralamış qəlpə.

 

Xaraba divarların arasında

oğlu qalıb kiminsə,

Dönməz ki, bir geri

bu uzaq-yaxın eldən...

 

Sarayevo

 

Pəncərəyə yaxınlaşdı qızcığaz

Qarayanız gəlincik qucağında,

Sübh şəfəqi qaranlığı yarınca

Qışqırdılar, ey Fatimə, qaç ordan!

 

Yorulmuşdu qaranlığa baxmaqdan:

İşıq, işıq gərəkdi gəlinciyə.

Şüşə gözlər zillənmişdi uzaqdan,

Cavab kimi əl uzandı tətiyə.

 

Qaçqınlar

 

Əlimdə

qızın rəsmi

titrəyir,

Günəş qan rəngində -

əriyir.

Bu ağrını

dilləndirmir - kiritmir

yazılarım,

Ovutmur

bu ağrını

yuxularım.

 

Yuxu

 

Uca Qafqaz dağlarıdır qarşımda,

Qanadlarım çıxır, budur, uçuram,

Bu inadkar məğrurluğum axırda

Zirvələrə çırpılır, yıxılıram.

 

Yıxılıram, yıxılıram dərəyə,

Boğuluram, boğuluram sularda.

Qayaları sevindirir qələbə,

Külək əsir, sığallanır sular da.

 

Aleksandr Səlimov

 

Tərcümələr təqdimat: Səlim Babullaoğlu

 

Ədəbiyyat qəzeti.- 2019.- 6 aprel.- S.9.