"Çağırış"
və başqa şeirlər
Aleksandr Səlimov
(Aleksandr Azim oğlu Səlimov) - Amerika şairi,
yazıçısı və ədəbiyyatşünasıdır;
filologiya elmləri doktoru, Delaver Universiteti Senatının
prezidenti və professorudur. "Çağırış və
başqa şeirlər" (Desafio y Otros Poemas) şeir toplusuna
görə Viktoriya Urbano ədəbiyyat mükafatına layiq
görülüb. Şeir və məqalələri
İspaniya, ABŞ, Kanada, Cənubi Koreya və Azərbaycanda dərc
edilib.
Aleksandr Səlimov
1963-cü ildə ziyalı ailəsində anadan olub.
Əslən
azərbaycanlı olan Aleksandr Səlimov 1986-cı ildə
Dağıstan Universitetini bitirib və 1986-1989-cu illərdə
Kuba Silahlı Qüvvələrinin beynəlxalq əlaqələr
şöbəsində hərbi tərcüməçi kimi
çalışıb. 1990-cı ildə Delaver Universitetinin
(ABŞ) magistraturasına daxil olub, oranı bitirdikdən sonra
Pensilvaniya Universitetinin aspiranturasında təhsilini davam
etdirib, 1996-cı ildə ispan dili və ədəbiyyatı
üzrə fəlsəfə doktoru dərəcəsini
alıb. Hazırda Delaver Universitetində ispan və Latın
Amerikası ölkələri ədəbiyyatlarından dərs
deyir. 2008-2010-cu illərdə Delaver Universitetinin Senatoru
seçilib, 2010-2012-ci illərdə Delaver Universiteti
Senatının Prezidenti olub.
Amerika Pen
təşkilatı, Amerika Şairlər Akademiyası, Boliviya
Yazıçıları və Sənətkarları
İttifaqının üzvüdür. YUNESKO-nun Fəxri Mədəniyyət
Səfiridir.
Professor Səlimov
eləcə də Delaver Demokratlar Partiyası Koordinasiya Komtəsinin
üzvü, Nyu Kastl qraflığından deputatlığa
namizəddir.
Aleksandr
rus dilindəki ilk poetik tərcümələrini yeniyetməlik
illərində qələmə alıb. Kuba Respublikasında
hərbi xidmətdə ikən isə ispan dilində şeir
yazmağa başlayıb. Əgər ilk dövr ispandilli
yaradıcılığında şeirlər onun yeganə
dinclik yeri, şəxsi duyğularını, Qafqazla
bağlı yaşantılarını qürbətdə ifadə
etmək üçün yeganə vasitə idisə, illər
keçdikcə Latın Amerikası və ispan dili onun
üçün doğmalaşmış,
yaradıcılığı keyfiyyətcə yenilənmişdi.
Artıq ispan dilli yazıları onun üçün
yalnız mühacir baxışını ifadə eləmək
demək olmayıb, yeni mühitdəki təzə
yaşantılarıyla yanaşı, bütün
keçmiş həyatına baxmağın həqiqi
üfüqlərini müəyyən edən imkan idi.
Aleksandrın
ispan dilli ədəbiyyatı çap edən öncül
"Verbum" nəşriyyatında işıq üzü
görən, beş hissədə toplanmış şeirlərdən
ibarət "Özgə bədənlərə pəncərə"
(Ventanas a otros cuerpos) kitabı ədəbi
mühitdə geniş əks-səda doğurmuş, görkəmli
ədəbiyyatşünas və ədəbi tənqidçi
Anxel Esteban və Kuba şairi Amauri Qutyeres tərəfindən
yüksək dəyərləndirilmişdi. Aleksandr
"müasir ispandilli poeziyanın yeni və həqiqi poetik səslərindən
biri" kimi qiymətləndirilmişdi: "Doktor Aleksandr Səlimovun
poeziyası krizis və sülh, yoxluq və varolma,
keçmiş və indi, "sən" və
"öz-özün" arasında hərəkət edir.
Biz ispan dilində yazılan müasir poeziya səhnəsinin ən
autentik səsinin varlığının şahidiyik ki, bu
faktın digər müstəsnalığı şairin
öz doğma köklərinə çox yad olan ispandilli
poetik özünəməxsusluğa və mədəni
mühitə sonradan və uğurla büsbütün
inteqrasiya olunmasıdır...".
"Post
Factum" kitabı İspaniyanın "Legados" nəşriyyatında
çap edilib. Üç hissədən ibarət, zəngin
lüğət və yeri gəldikcə sadə poetik dil və
təhkiyə ilə yazılmış mətnlər olduqca
maraqlı obrazlarla zəngindir. Süjet xəttində
"Preludio" hissəsi - 1980-ci illərin sonunda Kubada xidmət
etmiş sovet tərcüməçisinin xatirələrindən
ibarətdirsə, "Post Factum" və "Edenes"
bölümləri İspaniya və ABŞ-dakı həyatla,
təcrübələrlə bağlıdır.
Aleksandr Səlimovun
"Müəllif uğurunun şərtləri" Bakıda
"Kitabçı" jurnalında çap edilib.
Xocalı
soyqırımının günahsız qurbanlarına həsr
olunmuş şeirlərin də yer aldığı
"Çağırış və başqa şeirlər"
(Desafio y Otros Poemas) kitabına şairin müharibə əleyhinə
şeirləri toplanıb. Bu gün biz həmin kitabdan bəzi
şeirləri təqdim edirik.
Səlim Babullaoğlu
Ədəbiyyat qəzeti.- 2019.- 6
aprel.- S.9.